Qızıl Aypara “aclıq” mifini dağıtmağa gedib

post-img

Bakıdan Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan ermənilərin ehtiyaclarını ödəmək üçün humanitar yardım yola salınıb. İlkin mərhələdə humanitar yardım 40 ton undan ibarətdir.

Əslində xoşniyyətli, sülhməramlı yardım karvanı belə olur. Azərbaycan hakimiyyəti Qızıl Aypara Cəmiyyətinin eqidası altında gerçəkləşdirdiyi bu hü­manist addımı ilə həm də Qarabağın erməni sakinlərinə sahib çıxmağa ha­zır olduğunu nümayiş etdirdi. Axı Azər­baycan özünün suveren ərazisində – Qarabağ iqtisadi rayonundakı on min erməni silahlısını bombalamaq fikrinə düşməyib. Bunun tamamilə əksinə ola­raq, Bakı doğma Qarabağ bölgəsində yaşayan, amma bizim vətəndaşlarımız olmayan erməniləri ehtiyac duyduqlaru ilkin tələbat malı ilə – çörəyə çevriləcək unla təmin etmək niyyətindədir. Burada hansısa alt niyyət axtarmağın yeri var­mı? Əlbəttə, yoxdur. İndi həmin Qərbdə özünün suveren ərazisində ölkə və bey­nəlxalq qanunvericiliyə və milli maraqla­rına tam uyğun şəkildə hərəkət etməyə haqqı olan Azərbaycanı qınamağa ki­min cürəti çatar?!

Əgər Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərin ərzağa eh­tiyacı varsa, onlar Azərbaycanın gön­dərdiyi humanitar yardımdan istifadə etməlidirlər. Bunu elementar məntiq deyir. Yox, onların humanitar yardım­dan yararlanmaq niyyətləri yoxdursa, deməli, Xankəndi və ətraf rayonlardakı ermənilərin Hayastandan göndərilən qida məhsullarına da ehtiyacı yox imiş. Nəticədə hamıya məlum olacaq ki, onla­rın son səkkiz ayda Laçın yolunun bağ­lanması, “blokada”, “humanitar böhran” və aclıqdan əziyyər çəkmələri ilə bağlı apardığı kampaniya siyasi məqsəd­li şoudan savayı bir şey deyilmiş. Media mənsublarının diqqətini çəkən maraqlı məqam isə humanitar yardımın daşındığı yük maşınlarının seriya nöm­rəsi olub. Yəni Xankəndiyə istiqamət götürən yük maşınlarının seriya nöm­rəsində “44” rəqəminin yazılması ermə­nilərə xüsusi mesaj kimi nəzərdə tutul­duğu iddia edilib. Hamıya bəllidir ki, 44 rəqəmini Azərbaycan üçün doğma edən əsas amil Vətən müharibəsinin bu qədər müddət davam etməsi və şanlı ordumu­zun cəmi 44 gün ərzində erməniləri diz çökdürərək Zəfər qazanmasının, Qara­bağı işğalçılardan azad etməsinin rəm­zidir.

Xankəndidəki separatçıların, eləcə də İrəvandakı daşnak-revanşistlərin nə düşünəcəklərindən, Bakının bu xeyriy­yəçilik jestini qəbul edib-etməyəcəklə­rindən asılı olmayaraq, həmin addım atılır. 

“Biz bölgədə baş verən prosesləri diqqətlə izləməkdə davam edəcəyik. İnanıram ki, atdığımız bu addım həm ictimaiyyət, həm beynəlxalq birlik, həm də Xankəndidə yaşayan erməni əsilli əhali tərəfindən müsbət qəbul edilə­cək”. Bu sözləri mediaya açıqlamasın­da söyləyən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan onu da qeyd edib ki, siyasətdən uzaq qeyri-hökumət təşkilatı kimi Qızıl Aypara Cəmiyyəti hansısa siyasi prosesə və ya cərəyana qoşulmayıb, indi də qoşulmur, gələcəkdə də qoşulmayacaq: “Ümid edirəm ki, bizim bu fəaliyyətimiz bütün müstəvilərdə normal qarşılanacaq. Son­ra qiymətləndirmə aparılacaq və zərurət yaranarsa, Qarabağa daha bir yardım karvanı yola salınacaq”. Təşkilat rəhbə­rinin sözlərinə görə, cəmiyyətin rəhbər işçiləri, o cümlədən könüllüləri Ağdam–Xankəndi yoluna doğru irəliləyəcəklər. 

* * * 

Dünən axşam saatlarında “Re­port”un humanitar karvanı müşayiət edən əməkdaşının verdiyi xəbərə görə, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağda yaşayan erməni əsilli şəxs­lərin ehtiyaclarını ödəmək üçün Bakıdan yola salınan yük maşınları Ağdama ça­tıb. Məlumatda qeyd olunur ki, içərisində 40 ton un məmulatları olan iki avtomaşın Ağdam–Xankəndi istiqamətində hərəkət edir.

Oxucularıa xatırladaq ki, 2023-cü il avqustun 21-də Azərbaycan Qızıl Ay­para Cəmiyyəti İdarəetmə Şurasının qərarı ilə cəmiyyət öz Nizamnaməsinə, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Azərbaycan Respublikası Qanununa, Cenevrə konvensiyalarına və Sevilya razılaşmasına uyğun ola­raq, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərə humanitar yardım göstərməyə hazır olduğu barə­də bəyanatla çıxış etmişdi. Qeyd olu­nan qanunvericilik aktlarına, eləcə də Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatının humanizm, qərəzsizlik, bü­tövlük prinsiplərinə əsasən, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaş­ları, mobil könüllü dəstələrindən ibarət heyətlə Ağdam- Xankəndi marşrutu ilə nəzərdə tutulmuş 2 yük maşınında hu­manitar yardımın erməni sakinlərə çat­dırılması məqsədilə dünən yola düşdü. N. Aslan açıqlamasında onu da bildi­rib ki, humanitar yardımın vaxtında və problemsiz ünvana çatdırılacağına ümid edirlər. Maşın karvanı “Qızıl Xaç və Qızıl Aypara emblemlərindən istifadəsi və on­ların müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq Qızıl Aypara bayraqlarının və emblem­lərinin müşayiəti ilə hərəkət edəcək: “Ümid edirik ki, bu addım Xankəndidə yaşayan ermənilər və beynəlxalq ictima­iyyət tərəfindən müsbət qarşılanacaq. Gələcəkdə qiymətləndirmə prosesini həyata keçirə bilsək, onların digər eh­tiyacı olduğu ləvazimatları da çatdıra bilərik”. Hayastanın və Qarabağdakı se­paratçıların vəkilləri rolunda çıxış edən beynəlxalq “ekspertlərin” hüquqi cəhət­dən nə cür komik vəziyyətə düşdüklə­rini təsəvvürünüzə gətirməyə çalışın. Məsələnin digər tərəfini qeyd etməyi va­cib sayırıq ki, Azərbaycanın Qızıl Aypara Cəmiyyətinin həyata keçirdiyi humanitar aksiyasına BQXK-nın İrəvan şöbəsinin heç cür müdaxilə etmək imkanı yoxdur. Söhbət o BQXK-dan gedir ki, uzun illər Qarabağ separatçılarına “daydaylıq” edib, son vaxtlar isə saxta “humanitar fəlakət” şousunun tirajlanmasında bir­başa iştirak edir. Bu azmış kimi, Bakı və Qarabağ erməniləri arasında dialoq prosesini monopoliyaya almaq və si­yasiləşdirmək cəhdlərində bulunurdu. Ağdamdan 23 kilometr məsafədə yer­ləşən Xankəndidə isə etiraz aksiyaları davam etdirilir. Azərbaycanın göndər­diyi undan bişirələcək çörəyi yeməklə, guya, Bakıya reinteqrasiya olacaqlarını qəbul etməyən daşnak-separatçılar bu­nunla “blokada”, “aclıq təhlükəsi” kimi feyk-təbliğatlarının da sabun köpüyünə dönəcəyini yaxşı bilirlər. 

Aldığımız son məlumatlara görə, Azərbaycan Qızıl Aypara Cəmiyyə­ti Xankəndidəki erməni əsilli sakinlərə 40 ton humanitar yardım aparılması ilə bağlı Azərbayanın Qarabağ iqtisadi ra­yonuda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarına məlumat verilib. Bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş katibi Ceyhun Mirzəyev jurnalist­lərə açıqlamasında deyib. Onun sözlə­rinə görə, məram və məqsədləri barədə Rusiya sülhməramlılarının komandirinə məlumat veriblər: “Onlar da öz növbə­sində rəhbərliyə məruzə etdilər. Bundan sonra onlar rəhbərliyin verəcəyi qərarı bizimlə bölüşmək üçün vaxt istədilər. 

Verilən son məlumata görə, Qızıl Aypara Cəmiyyətinin nümayəndələri ge­cələmək üçün çadır quraşdırıblar. 

Amma günün əsas qərarını Qarabağ erməniləri verməlidirlər. Əslində bunun­la da əsl həqiqətin üzə çıxacağı gözlə­nilir. Bu həqiqət isə Qarabağ erməniləri­nin Bakının uzatdığı yardım əlini qəbul, yoxsa ondan imtina edəcəkləri ilə bağlı qərarından sonra görünəcək. Seçim öz əllərindədir...

İmran BƏDİRXANLI, “Xalq qəzeti”





Siyasət