Ay Haccə, bizə nömrə gəlmə yaxud ermənipərəst Lhəbibin “dəsmal diplomatiyası”

post-img

Azərbaycanda belə bir atalar sözü var: “Düzəlmişdi hər yarağımız, qalmışdı saqqal darağımız”. Bu günlərdə Belçikanın Xarici işlər naziri Haccə Lhəbibin Cənubi Qafqaz regionuna səfərindəki təfərrüatlara diqqət yetirərkən, məhz həmin atalar sözü yada düşür. Əlbəttə, kobud şəkildə deyə bilərik ki, ay Belçika, get işinlə məşğul ol. Amma nəzakət xatirinə demirik. Üstəlik, xanım Lhəbibin paytaxtımıza gəlməsi, Xarici İşlər Nazirliyində keçirdiyi görüş onu deməyə əsas verir ki, diplomatik etiketləri gözləyirik. Bəlkə, gözləniləsi deyil. Yəni, belə nəzakətli davranışımız Belçikanın xarici işlər naziri üçün həddindən artıqdır. 

Birincisi, Belçika höküməti hara, Azərbaycan–Ermənistan münasibətləri hara? Paytaxt Brüsseldə bir sıra vacib beynəlxalq təşkilatların baş ofislərinin yerləşməsi hələ o demək deyil ki, ölkə dünyada, o cümlədən, Cənubi Qafqaz regionunda baş verən hadisə və pro­seslərdə söz demək imtiyazına malik­dir. Belçika, ilk növbədə, gedib sözünü buyruğu ilə oturub-durduğu Fransaya desin. Bacarırsa, onun kurasiyasından çıxsın. Sanki regiona səfər reallaşdıran Belçikanın deyil, Fransanın xarici işlər naziri idi. Birincinin proqramı ikincidən heç nə ilə fərqlənmirdi... 

İkincisi, tutalım dünyada hansısa qlobal dəyişiklik baş verib, Belçika söz sahibinə çevrilib. Hətta, belə olsa da, belə ölkənin Xarici işlər naziri İrəvanda peyda olarkən və bölgədə sülhün ya­ranmasını arzuladığını bildirərkən, heç bir halda tərəflərin hansısa birində qı­cıq doğuran hərəkətlərə yol verməmə­lidir. Ancaq xanim Lhəbib bunu etdi. Gedib saxta “erməni soyqırımı” qur­banları üçün ucaldılmış şərəfsizlik abi­dəsinə baş çəkdi. Belə sülh istəyi olar? Axı, Lhəbib Fransanın xarici işlər naziri Katrin Kolonna deyil. Bilirik ki, xanım Kolonna İrəvana gedəndə sözügedən mənfur abidəyə baş çəkməsə, allergi­yası tutur. Bunu başa düşürük. Belçika­nın XİN rəhbərini nə üçün başa düşək? Yəni, onu da başa düşək? Başa düşək ki, ermənipərəstlərin sayı artsın? 

Nəhayət, hansı səbəbdən Belçi­kanın Fransadan daha böyük ermə­nipərəst olmaq arzusunu anlayışla qarşılayaq? Hər halda, Roma papasın­dan daha artıq katoliklik heç kəsə xeyir gətirməyib. Belçika da ermənipərəst ol­mağı düşünməsin və deməsin ki, Azər­baycan Laçın dəhlizini açmalıdır, ay nə bilim, insan hüquqları, filan. 

Hələ xanım Lhəbib daha incə məqamlara, sarı simlərə toxunur. Onun sözlərindən belə anlaşılır ki, Azərbay­can uzun illər məhrumiyyət yaşayıb, indi erməniləri başa düşsün. Bir qədər kövrək adam həmin an cibindən dəs­mal çıxarıb XİN rəhbərinə uzadardı ki, gözünün yaşını silsin. Gələcəyə doğru beləmi baxılır? Xanım Lhəbib İrəvana gedib saxta soyqırımı abidəsini ziyarəti proqrama daxil edirsə, Bakıda Xocalı abidəsinə baş çəkmirsə, bu, gələcəyə baxmaq olur? 

Azərbaycan iki ildən artıqdır Ermə­nistana jest edir. Ölkənin durumu an­laması, vəziyyətlə barışması, ədalətli olması üçün şans da yaradır. Bunu İrə­van rəsmiləri anlayırlarmı? Yox! Kral­lığın XİN rəhbəri başa düşə bilmir ki, Ermənistan iqtidarını Qarabağ ermə­nilərinin taleyi qətiyyən maraqlandırmır. Onu düşündürən Qarabağ işğalının davamıdır. Ən pisi isə budur ki, lahbib­lər, corclar və digərləri bu “davamlılığı” leqallaşdırmağa girişiblər. 

Bakıda Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovla birgə keçir­diyi mətbuat konfransında “Sizin övlad­larınız sizi bu jestinizlə xatırlayacaq” –deyir xanım Lhəbib. Yəni, ermənilərə güzəştə gedin, imkan verin, Laçın yo­lunu açıq qapı eləsinlər, istədikləri vaxt oradan gəlib-getsinlər, əlbəttə, sərhəd filan da olmasın. Görəsən, bircə dəfə avropalıların yadına düşürmü ki, o yol­dan Azərbaycan vətəndaşının, sıravi azərbaycanlının keçib İrəvana getmək imkanı yoxdur? 1988-1991-ci illərdə Ermənistandan, öz doğma yurd-yava­larından, evlərindən didərgin salınmış soydaşlarımızın da, həmçinin. Xanım XİN başçısı bunu İrəvanda olarkən, di­linə gətirdimi? Yox! İndi durub Bakıda sentimentallıq havasına köklənib. Yox bir, jest edəcəkmişik. Biz nə vaxt er­məni qövmünə jest etmişiksə, itirmişik. 1918-ci ildə jest etdik, İrəvanı itirdik, 1920-ci ildə jest etdik, Zəngəzurla vi­dalaşdıq. Yumşaq davrandıq, Qaraba­ğı əldən verdik. İndi də güzəştə gedək ki, bir on ildən sonra oradakı separatçı rejim güclənib üstümüzə gəlsin! Yəqin, Belçikanın Xarici işlər nazirinin “dəsmal diplomatiyası” buna hesablanıb. 

Bu, nə yanaşmadır? Bu, nə mənə­vi oyunbazlıqdır xanım Lhəbib çıxarır? Qətiyyən anlamaq olmur. Bəlkə, adam heç nazir deyil, hansısa humanitar yö­nümlü qeyri-hökumət təşkilatının rəh­bəridir və onu səhvən nazir kimi təqdim ediblər? Bəlkə, əlahəzrət kral, Belçika hökuməti nəyisə səhv salıb? Yəni, bir vəzifəli şəxs necə bu qədər mənasız söz danışa bilər? Mənasız danışmağı bir yana, adam beynəlxalq hüquqa da bələd deyil. Bilmir, yaxud bilmək istə­mir ki, Qarabağ Azərbaycanın suveren ərazisidir. Azərbaycan rəsmilərinin Qa­rabağda humanitar böhran adı ilə bey­nəlxalq ictimai rəyə sırınan erməni şou­suna reaksiyasından da xəbəri yoxdur? 

...Ağdam–Xankəndi yolu. Axı, bu yolla bağlı Bakı ilə İrəvan arasında va­sitəçilik missiyasını yerinə yetirən Av­ropa İttifaqı Şurasının prezidenti Şarl Mişel dəfələrlə söz açıb. Bir neçə gün əvvəl də bu barədə fikirlərini bölüş­müşdü. Yəqin, həmin vaxt xanım Lhə­bibin başı “erməni soyqırımı” abidəsi önünə hansı gülləri alıb qoymaq kimi “qlobal əhəmiyyətli” vəzifəyə qarış­mışdı. Başqa nə düşünək? Deyirik ki, Qarabağdakı separatçı rejim Ağdam–Xankəndi yolunun işə düşməsinə, böl­gə əhalisinə yardım göstərməyimizə imkan vermir, durub gözlərini döyürlər. Hələ bəziləri sırtıqcasına üzümüzə qa­yıdır ki, bəs, Ağdam – Xankəndi yolu Laçın yoluna alternativ ola bilməz. Niyə? Nə üçün? Yenə qanmaz-qanmaz üzümüzə baxırlar. Əslində, çox yaxşı qanırlar hər şeyi...

Belçikanın xarici işlər naziri deyir ki, tarixdə müharibələr olub, amma sülh əldə edilib, burada (Azərbaycanla Ermənistan arasında – red.) müxtəlif formatlar müzakirəyə çıxarıla və dis­kussiyalar açıla bilər. Görəsən, o, belə danışarkən, öz dediklərinə inanır? Yəni, həqiqətən, inanır ki, Ermənistan dövləti və başıpozuq erməni cəmiyyəti format və diskussiyanın nə olduğunu bilir? Əmin deyilik ki, Haccə xanım sa­dəlövhdür. Sadəcə,“dəsmal diplomati­yası”nda sabun köpürtmək üzrə mahir­dir. Nə deyək, bəlkə bilməmişik, Cənubi Qafqaza Lhəbib yox, sülh ilahəsi Afina özü gəlibmiş? 

Ölkəmizin XİN rəhbəri Ceyhun Bay­ramov sözügedən mətbuat konfran­sında belçikalı həmkarına replika kimi ikili standartlar məsələsini çox yerində xatırlatdı. Çünki Lhəbibin İrəvanda­kı və Bakıdakı danışıqları həmin ikili standartlar siyasətinin saxta humanizm sentimentallığı ilə maskalanmasından başqa bir şey deyildi. Nə isə...

Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

Siyasət