Avqustun 25-də Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Belçika Krallığının xarici işlər, Avropa işləri, xarici ticarət və federal mədəni institutlar naziri Haccə Lhəbibin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “XQ”-yə verilən məlumata görə, görüşdə Sahibə Qafarova parlamentlərarası əlaqələri Azərbaycanla Belçika arasında ikitərəfli münasibətlərin əsas komponentlərindən biri adlandırıb.
Hazırda ölkəmizdə və regionda mövcud olan vəziyyət barədə qonağa məlumat verən Milli Məclisin Sədri diqqətə çatdırıb ki, 2020-ci ildə Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində öz torpaqlarının Ermənistan tərəfindən 30 il davam edən işğalına son qoyub və ərazi bütövlüyünü bərpa edib. Hazırda məcburi köçkünlərimizin öz doğma torpaqlarına qayıtmasını nəzərdə tutan Böyük Qayıdış proqramına start verilib.
Sahibə Qafarova görüşdə, həmçinin Belçika parlamentində son 3 ildə Azərbaycanla bağlı qəbul olunmuş 5 birtərəfli və qərəzli qətnaməni kəskin tənqid edərək, vurğulayıb ki, bu qətnamələr regionumuzdakı vəziyyəti düzgün əks etdirmir. O, eyni zamanda, belçikalı deputatların yalnız Ermənistana səfər etməsinin region ölkələrinə münasibətdə balansı pozduğunu bildirib.
Nazir Haccə Lhəbib Azərbaycanla Belçika arasında qarşılıqlı səfərlərin önəmini diqqətə çatdıraraq, bu səfəri çərçivəsində bir çox məsələlər haqqında müzakirələr apardığını bildirib. Belçikalı nazir regionda sülhün və təhlükəsizliyin təmin olunmasının, o cümlədən, ərazilərin minalardan təmizlənməsinin vacibliyini vurğulayıb. O deyib ki, ölkəsi yalnız sülhü və bu ərazilərin yenidən bərpasını təşviq etmək niyyətindədir. Haccə Lhəbib vurğulayıb ki, 30 il ərzində bu ərazilərdə çoxlu dağıntılar baş verib.
“Xalq qəzeti”

