Separatçılar çıxılmaz durumda

post-img

Onlar Azərbaycanın yaratdığı yeni reallıqlarla barışmalıdırlar

 

Azərbaycanın Qarabağ iqtisadi rayonunun Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan hissəsində baş verən proseslər ölkə ictimaiyyətinin diqqət mərkəzindədir. Prosesləri izlədikcə hayların buradakı separatçı rejiminin başçılarının çıxılmaz vəziyyətə düşdüklərini artıq aydın görmək olar. Onlar ötən ilin dekabr ayından bəri, guya, blokadada olmaları barədə haray-həşir qaldıraraq beynəlxalq ictimaiyyətin gözündə özlərinin yazıq, miskin obrazlarını yaratmağa çalışırlar. Ancaq indi 1980-ci illərin sonu, 1990-cı illərin əvvəlləri deyil. Həmin vaxt ölkəmiz bir sıra çətinliklərlə yanaşı, həm də informasiya blokadasında idi. Hazırda isə Azərbaycan tərəfi ermənilərin bütün yalanlarını anındaca ifşa edir. Bu baxımdan, hayların dediklərinə indi yalnız özləri və onların pul kisəsindən asılı olan şəxslər inanırlar.

Gün keçdikcə dünyada daha çox insan əmin olur ki, Qarabağda hansısa blokadadan söhbət gedə bilməz. Qeyd etdiyimiz kimi, bu isə separatçı rejimin “qlavarları”nın çıxılmaz duruma düşmə­sini şərtləndirir. Eyni zamanda, Azər­baycanın aprelin 23-də yaratdığı “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsin­dən gediş-gəlişin intensivləşməsi də dünyanın, necə deyərlər, gözü önün­dədir. Ölkəmizi tənqid edən dairələr də insanların buraxılış məntəqəsindən sərbəst hərəkət etdiklərini görürlər. Elə dünən yüzdən artıq şəxs Qarabağı tərk edərək Ermənistana gedib. Ümumilik­də isə son bir neçə gün ərzində 500-ə yaxın şəxs məntəqədən sərbəst keçib.

***

Qeyd edək ki, iyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda keçirilən Şuşa Qlobal Media Forumunun açılış mərasimində Gürcüstandan Gela Vasadzenin sualını cavablandıran Prezident İlham Əliyev bildirmişdi ki, Qarabağda hakimiyyəti ələ keçirmiş xunta Rusiya sülhməram­lı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə yaşayanları girov götürüb. Döv­lət başçımız qeyd etmişdi ki, ona görə indi yenidən inteqrasiya məsələsi Qa­rabağın erməni sakinlərinin bax bu yan­lışlardan, onları girov götürən, qul kimi istismar edən xuntadan nə vaxt qurtula biləcəyindən asılıdır: “İndi də istismar edirlər, çünki ekofəallar Laçın–Xankən­di yoluna çıxanda, Xankəndidəki sözdə “erməni rəhbərliyi” sadə vətəndaşlara bu yoldan istifadə etməyə icazə ver­mirdi. Onlar blokpost qoyaraq, bizi blo­kadada ittiham edirdilər. Bu gün onlar yenə Ağdam–Əsgəran yolunda beton plitələr qoyublar. Siz “Nə üçün ərzaq məhsulları başqa ölkədən gətirilməli­dir? Axı “Qarabağ Azərbaycandır” dedi­niz. Elədirmi? Bunu hamı təsdiq edir? Hamı təsdiq edir. Kimsə bunun belə olmadığını deyirmi? Yox! Onda niyə yüklər başqa ölkədən gətirilməlidir? Bu, məntiqə sığmır. Lakin bu jesti qəbul et­mək əvəzinə, orada beton bloklar qo­yulur. Kim-kimi bloklayır? Ona görə də bütün məsələ bundadır”.

Azərbaycan Prezidenti tamamilə haqlıdır. Qarabağda yaşayan erməni sakinlər xunta rejiminin girovluğunda­dır. Erməni əhaliyə öz fikrini ifadə et­məyə imkan verilmir, əhali narazılığını bildirən kimi zorakılığa məruz qalır. Bunun örnəyi bu günlərdə Xankəndi­də yaşanıb. Qarabağ ermənisi David Minasyan bildirib ki, o, Xankəndidə meydana çıxıb ərzağın əhali arasında düzgün bölüşdürülmədiyini bəyan etdi­yi üçün “polis bölməsi”nə aparılaraq dö­yülüb. Minasyan deyib ki, heç bir siyasi qüvvənin təmsilçisi deyil. Onun çağırı­şından sonra bir qrup insan meydana çıxıb. Onlar qondarma “dqr”in başçısı Arayik Arutyunyanın “istefasını” və dü­kanlara ərzaq çatdırılmasını tələb edib­lər. Minasyanın sözlərinə görə, əslində, Qarabağda anbarlarda ərzaq ehtiyatı­nın olduğu barədə onun əlində faktlar var. Çünki helikopterlərlə Qarabağa ər­zaq daşınmasının dayanmadığını bilir. Amma həmin ərzaq adi, sıravi insan­lara çatmır. “Hökumət”ə yaxın adamlar isə həmin ərzaqdan istifadə edə bilir. O qeyd edib ki, evində ərzaq qurtarsa da, Qarabağa daşınan ərzaqdan ala bilmir.

David Minasyan deyib ki, qondar­ma polislər onu meydanda saxlamaq istəsə də, aksiya iştirakçıları buna im­kan verməyib. Amma sonradan evinin yaxınlığında UAZ markalı maşından 6 nəfər düşərək onu saxlayıb. Saxlanma­sını belə əsaslandırıblar ki, o, meydan­da söyüş söyüb. Dediyinə görə, onun başına torba keçiriblər. Maşında da, “Əsgəran polis şöbəsi”ndə də “polislər” onu döyüblər. Onu döyənlər arasında “Əsgəran polis şöbəsinin rəisi” də olub. Bir gecə şəraitsiz yerdə saxlayıblar.

Qondarma Əsgəran polis şöbəsinin rəhbəri isə “Azadlıq” radiosunun ermə­ni xidmətinə bidirib ki, Minasyan yalan danışır. Nə o, nə də başqa “polislər” Mi­nasyana əl qaldırmayıb.

Qeyd edək ki, David Minsayan axır vaxtlar həm də eynək taxıb, qalstuk əvəzinə yaxasından corab asıb qon­darma rejimin başçısı Arayik Arutyun­yanı yamsılayırdı. Deyib ki, heç nəyə baxmayaraq, bu işə davam edəcək. Çünki Arutyunyanın ətrafı adı camaat kimi pis yaşamır.

***

Ermənistan ordusunun ehtiyat­da olan polkovniki, hərbi ekspert Ayk Naqapetyan isə Ağdam-Xankəndi yolu barədə danışarkən bildirib ki, Qaraba­ğın qapılarını içəridən açmağa cəhd edilir. Aysor.am saytına videomüsahibə verən Naqapetyan deyib ki, Xankən­diyə Ağdam vasitəsilə humanitar yük gələrsə, bu qapılar açılmış olacaq: “Ağ­dam–Xankəndi yolu humanitar dəhliz rolunu oynamağa başlayanda Laçın yolunu unutmaq olar. Hazırda bu qa­pının içəridən açılması prosesi gedir, bütün müqavimətlərə baxmayaraq, qapı açılacaq. Onu da deyim ki, Qara­bağdakı “hakimiyyət” bu anı yaxınlaş­dırır. Əvvəla, bu, o deməkdir ki, onlar vəziyyəti adekvat qiymətləndirməyib, ərzaq təhlükəsizliyinin qayğısına qal­mayıblar. Yaxud da ərzaq var, amma qəsdən kritik vəziyyət yaradılıb ki, çıxış yolu yoxdur, yeganə seçim Ağdam yo­ludur. Digər tərəfdən, özünü könüllülə­rin komandiri adlandıran şəxsin peyda olması Ağdam-Xankəndi yolundan isti­fadə etmək üçün hərəkətlərdən biridir. Bununla rəqibləri qorxutmağa çalışırlar ki, Ağdam yolunun açılmasına mane ol­masınlar”.

Ayk Naqapetyan deyib ki, bu, mütəşəkkil, əlaqələndirilmiş prosesdir, onun yeganə məqsədi Ağdam-Xankən­di yolunu açmaqdır: “Arayik Arutyunyan öz siyasi komandası ilə müəyyən təmi­natlara malik olaraq, Qarabağın qapıla­rını açmağa hazırdır və o, bu təhlükə­sizlik zəmanətlərini Nikol Paşinyanın vasitəçiliyi ilə Qərbdən alıb”.

Ancaq gəzən söz-söhbətlərə bax­mayaraq, qondarma rejimin rəhbərliyi Ağdam-Xankəndi yolunun açılmasına razılaşdığı haqda yayılan xəbərləri tək­zib edib. A.Arutyunyanın “mətbuat kati­bi” Lusine Avanesyan deyib ki, düzdür, rejim başçısı müxtəlif “dövlət, siyasi və ictimai dairələrlə” müzakirələr aparıb. Görüşlərdə humanitar vəziyyət, təh­lükəsizlik məsələləri müzakirə edilib, amma hər hansı qərar qəbul edilməyib. L.Avanesyan onu da deyib ki, müza­kirələr davam edir: “Arayik Arutyunyan tezliklə şəxsən vəziyyətlə bağlı açıqla­ma verəcək, öz yanaşmasını açıqlaya­caq”.

Müxalifətdə olan “Ədalət parti­yası”nın başçısı da A.Arutyunyanla görüşdə iştirak edib. Partiyanın “de­putatı” Metakse Akopyan deyib ki, Ağ­dam-Xankəndi yolunun açılması ilə bağlı təzyiqlər var. A.Arutyunyan da bu görüşləri ona görə keçirir ki, məsələ ilə bağlı axırda öz qərarını açıqlasın. Qondarma deputat deyib ki, “Ədalət partiyası”nın başçısı Ağdam yolunun açılmasına mənfi münasibətini Arut­yunyana çatdırıb. Bununla belə kom­promis məsələləri də müzakirə etməyə hazırdırlar. Amma hesab edirlər ki, bu məsələlər şifahi razılaşdırıla bilməz və sənəd imzalanmalıdır.

Göründüyü kimi, Qarabağ separat­çıları ciddi çaxnaşma içindədirlər. On­lar vəziyyətdən çıxmaq üçün müxtəlif yollar arayırlar. Aparılan müzakirələr də bunun bir göstəricisidir. Ümid edək ki, onların müzakirələri regionda yaran­mış yeni reallıqların dərk edilməsinə gətirib çıxaracaq. Nəhayət, anlayacaq­lar ki, müxtəlif instansiyalar, qonşular­dan başlayaraq uzaqda yerləşən bəzi ölkələrə qədər müraciət edikləri ünvan­lar onların dərdinə əlac etməyəcəklər. Dövlət başçımızın dediyi kimi, ağlı ba­şında olan heç kim Azərbaycanın əra­zisində bizimlə döyüşməyəcək. Ona görə də onlar sonda bu reallıqları başa düşməli və barışmalıdırlar.

Şair RAMALDANOV, 
ehtiyatda olan polkovnik

– Vətən müharibəsindən ötən üç ilə yaxın dövr ərzində Azərbaycan əsgərinə, dinc əhalisinə qarşı Qara­bağ iqtisadi rayonundan atəş açılıb, atəşkəs dəfələrlə pozulub. Azərbay­can bununla bağlı “Fərrux”, “Qisas” kimi əməliyyatlar keçirib adekvat ca­vab verərək düşməni yerində oturda bilib. Daha sonra separatçıların La­çın yolundan qanunsuz silah-sursat daşıdıqları aşkarlandı. Bunun qar­şısını almaq üçün Azərbaycan sər­həd keçid məntəqəsini yaratdı. Hələ də Azərbaycanın postuna qumbara atan terrorçunun aqibəti bilinmir.

Bundan əlavə, logistik yollar hələ işləmir. Ağdam–Xankəndi yolu Azər­baycan üçün bağlıdır. Burada Ru­siya sülhməramlılarının da üzərinə böyük öhdəlik düşür. Reinteqrasiya məsələsi sülhməramlı qüvvələrin sə­lahiyyətinə aiddir. Ancaq onlar bu işə nəinki kömək edir, əksinə Qarabağ­dakı ermənilərin Azərbaycanla əlaqə qurmalarına mane olurlar. Azərbay­can Qarabağın erməni sakinlərinə heç bir təhlükə yaratmayıb və ya­ratmayacaq, ancaq Rusiya sülh-məramlıları ermənilərin yaxınlığında müdafiə mövqeləri yaradır və ora terrorçuların yerləşdirilməsinə göz yumur, onları müdafiə edirlər. Həmin terrorçuların silahı isə Azərbaycan əsgərinə və dinc əhalisinə yönəldilib. Ona görə də Azərbaycan cəmiyyəti onların Qarabağdakı fəaliyyətini sor­ğulayır. Ölkəmiz Qarabağın erməni əhalisinin hüquqlarını və təhlükəsiz­liyini təmin edəcəyini bəyan edib. İndiyədək verdiyimiz bir söz belə ha­vada qalmayıb. Qarabağ erməniləri edilən çağırışları qulaqardına vur­mamalı, canlarını xunta rejimindən qurtararaq Azərbaycan cəmiyyətinə yenidən inteqrasiya etməlidirlər.

 

Səxavət HƏMİD,

“Xalq qəzeti”



Siyasət