Xarici ölkələrdə fəaliyyət göstərən 15 koordinasiya şurası və 38 ölkədəki Azərbaycan diaspor təşkilatı Cənubi Qafqaz bölgəsində yaranmış vəziyyət və Azərbaycanın sülh səylərinin dəstəklənməsi ilə bağlı beynəlxalq ictimaiyyətə bəyanatla müraciət edib.
Birləşmiş Millətlər Təşkilatına və digər beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda Azərbaycanla Ermənistan arasında 2020-ci ildə baş vermiş müharibədən sonrakı vəziyyətlə bağlı qalmış aktual problemlərə diqqət cəlb edilib.
Ermənistanın 30 il ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında dəhşətli dağıntılar və ekoloji terror törətdiyini bir daha xatırladan diaspor təşkilatları bəyan ediblər ki, erməni tərəfinin əsassız iddialarına baxmayaraq, Qarabağla bütün kommunikasiya yolları açıqdır.
Azərbaycanın yeganə tələbinin öz ərazilərində, o cümlədən nəqliyyat-kommunikasiya yolları üzərində suverenliyini qorumaq olduğu və bu tələbin beynəlxalq hüququn normalarına tam uyğun gəldiyi, Qarabağ bölgəsində irimiqyaslı bərpa-yenidənqurma işləri aparan ölkəmizin münaqişədə və yeni iğtişaşlarda maraqlı olmadığı diqqətə çatdırılıb.
Diaspor təşkilatları beynəlxalq ictimaiyyəti iki ölkə arasında münasibətlərin gərginləşdirilməsinə deyil, konstruktiv dialoqun təşkilinə yardım göstərməyə çağırıb.

