“Azərbaycanın sərhəddə öz postunu qurmağa haqqı var”

post-img

Erməni cəmiyyəti yalnız yekcins və monoton düşüncəli haylardan ibarət deyil. Fakta, beynəlxalq hüquqa, ən başlıcası isə reallığa və məntiqə əsaslanıb danışan ermənilər də var. Sayları hələlik az olsa da, onların səsi tez-tez sosial şəbəkədən, internet kanallardan, interaktiv platformalardan, xarici portallardan gəlir. 

Ermənistan–Azərbaycan münasibətləri, Qarabağ məsələsi ilə bağlı soyuq müha­kimə yürütməyə üstünlük verən belələrindən biri İrəvan press-klubunun rəhbəri Boris Navasardyandır. “Caliber.Az” saytı onun “UKRLIFE.TV”yə müsahibəsində səsləndirdi­yi, sağlam məntiqə söykənən mülahizələrini dərc edib. Mövzunun aktuallığını nəzərə alaraq, həmin müsahibənin bir hissəsini ekspert şərhi ilə birgə oxucularımıza təqdim edirik.

“Bu gün Ermənistan tərəfi bütün bə­yanat və müraciətlərində, o cümlədən BMT Təhlükəsizlik Şurasına ünvanla­dığı məktubun mətnində Qarabağda “humanitar böhran” barədə məsələyə baxmağa çağıranda da “sərhəddə qey­ri-qanuni nəzarət-buraxılış məntəqəsi” ifadəsindən istifadə edir. Axı o məntəqə niyə qeyri-qanuni sayılmalıdır? Məgər Azərbaycanın qonşu dövlətlə sərhə­dində nəzarət-buraxılış məntəqəsini yerləşdirməyə ixtiyarı yoxdur?”.

Revanşist-daşnak xislətli separat­çılara ünvanladığı hüquqi cəhətdən olduqca məntiqli sualına Navasardyan belə cavab verir: “Yəni buna bənzər ifadənin motivini, o cümlədən rəsmi sənədlərdə hansısa hüquqi əsaslan­dırmasını mən görmürəm. Üç həftə­dən artıqdır ki, 24 “tır” Həkəri sərhəd nəzarət-buraxılış məntəqəsinin yaxın­lığında dayanıb. Həmin yük maşınları Qarabağ ermənilərinin qida məhsulları, dava-dərman və s. ilə bağlı humanitar problemlərini qismən həll etmək üçün düşünülüb. Amma o yük maşınları İrə­van və Bakı arasında hər hansı dialoq olmadan sərhəd postuna yaxınlaşıb. Onlar nəyə görə həmin əraziyə gedib­lər? Açığını deməliyik ki, Ermənistan hakimiyyəti bir çox məsələlərdə o qə­dər də səriştəli davranmır və səlahiyyət yetkililərinin hərəkətləri heç də həmişə məntiqi və konstruktiv qiymətləndirilə bilməz”. 

* * *

30 il ərzində Qarabağ bölgəsinin sərvətini bir ovuc erməninin taladığını deyən politoloq Yeganə Hacıyevaya görə, ümumiyyətlə, işğal dövründə İrə­van nə qədər qazanıb sualının cavabı Ermənistan dövlətinin xeyrinə deyil. Politoloq bu qara biznesdə yalnız bir neçə erməninin əlinin olduğuna diqqəti yönəldib: 

“İstər Azərbaycana, istərsə də Tür­kiyəyə qarşı ərazi iddiaları kimi sərsəm ideologiyanı beyinlərinə pərçimləmiş bir qrup erməni dünyadakı bütün hay­ları özlərinə qulluqçu, nökər hesab edir və onlardan istifadə edirlər. Həmin zən­gin beş-on erməninin işi-gücü sözdə “milli mənafedən” danışmaq, əməldə isə hər şeyi özlərinin iqtisadi maraqla­rına qurban verməyə hazır olmaqdır. Yəni, onların məqsədi soydaşlarını istismar etməkdir. Qarabağda, yaxud dünyanın başqa bir yerində yaşayan erməninin problemini onlar öz prob­lemləri hesab etmirlər”.

Ağlı başında olan erməninin Azər­baycanla normal münasibətlər qur­maq barədə düşünməli olduğunu önə çəkən Y. Hacıyeva bu konteksdə güc amilinin kənara qoyulmasını məntiqi hesab edir: 

“Öz xalqının gələcəyini fikirləşən erməni artıq başa düşməlidir ki, Qara­bağda yaşayan ermənilər Azərbaycan cəmiyyətinə reinteqrasiya etməlidirlər. Bunu nə qədər tez etsələr, yalnız öz­lərinin xeyrinə olacaq. Paralel olaraq Ermənistan dövlətinin bütövlüyü, hət­ta mövcudluğu məhz bundan asılıdır. Əgər proseslər belə davam edərsə, biz Hayastanın üzləşəcəyi acınacaqlı du­rumun şahidi olacağıq. Suriya Ermə­nistanın yanında yalan olacaq”. 

Ermənistanla müqayisədə Azər­baycan cəmiyyətinin, onun ordusunun yalnız inkişafından və uğurlarından da­nışa biləcəyimizə əminliyini ifadə edən politoloq sülhə gəlməyən qarşı tərəfdə bu proseslərin tamamilə əks istiqamət­də gedəcəyini bildirib: 

“Bəli, kənar qüvvələrin istədiklə­ri hər şeyi edə bildiyi “arxa bağça”ya çevrilmiş Ermənistan Suriyanın taleyini təkrarlamağa başlayıb. İndi ağlı ba­şında olan hər bir erməni üçün aydın olmalıdır ki, bu yolun sonu yoxdur və yersiz inadkarlıq İrəvana heç nə qa­zandırmayacaq. Həm də bəziləri məhz bu səbəbdən məlum mesajları verirlər. Yəni Qarabağdakı ermənilər Bakı ilə dialoqa və Azərbaycana reinteqrasi­yaya nə qədər tez başlasalar, onların xeyrinə olacaq. Eyni zamanda İrəva­nın da rəsmi Bakı ilə sülh danışıqları­nın sürətindən onun Cənubi Qafqazda mövcudluğu birbaşa asılıdır. Bu xarak­terli mesajları verən, reallığı olduğu kimi qəbul edən ermənilər az da olsa, var”.

Fərdi və korporativ maraqlarını gü­dən, sıravi ermənilərdən “əlcək” kimi yararlanan oliqarx haylardan bir fayda gəlməyəcəyini anlayanlar məhz Bo­ris Navasardyan kimi düşünməlidirlər. Əslində, Ermənistan adlı dövlətin, elə­cə də erməni millətinin qurtuluşu belə sağlam, rasional düşünən, çılpaq real­lığı olduğu kimi qəbul etməyi bacaran insanların çoxalmasına və birləşmə­sinə bağlıdır. Utopik daşnak ideyaların, revanşist təmayüllərin hay cəmiyyəti­ni yalnız və yalnız yeni fəlakətlərə və məhrumiyyətlərə sürükləyəcəyini an­lamaqdan ötrü elə də böyük ağıla və dərin təfəkkürə ehtiyac duyulmur. Sa­dəcə, iki vur iki qədər sadə və dürüst həqiqəti qəbul etmək kifayətdir. 

İ.HƏSƏNQALA, “Xalq qəzeti”





Siyasət