Fransız və alman veteran hərbçi-polislərin durbinləri heç də hər şeyi doğru-dürüst göstərmir
Tərkibi əsasən ehtiyatda olan alman və fransız hərbçi-polislərindən ibarət Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası ilə bağlı rəsmi İrəvanın daha bir təxribatı baş tutmadı.
Söhbət avqustun 15-də Ermənistan Müdafiə Nazirliyinin missiyanın patrul aparan avtomobillərinin, guya, Azərbaycan hərbçiləri tərəfindən atəşə tutulması barədə hazırlanmış təxribatdan gedir. Hadisələrin xronoloji ardıcıllığına baxdıqda, bunun planlı təxribat olduğunu aydın görmək mümkündür.
Əvvəlcə, Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilib ki, həmin gün saat 12:20 radələrində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi istiqamətində patrul aparan Aİ müşahidəçilərini və onların avtomobilini, guya, odlu silahlardan atəşə tutub. Qeyd olunub ki, ölən və yaralanan yoxdur.
Bundan sonra Aİ-nin missiyası tərəfindən hayların müdafiə qurumunun bu yalanı təkzib edilib. Missiyanın “X” sosial şəbəkəsində yaydığı məlumatda bildirilib: “Aİ-nin missiyasının heç bir patrulu atışmanın hədəfi olmayıb. Biz Ermənistan-Azərbaycan sərhəd rayonlarında patrul xidməti həyata keçiririk və Brüsselə hərbi inkişaflar, o cümlədən məsuliyyət daşıdığımız ərazidə atışma insidentləri barədə məlumat veririk”.
Ancaq üstündən bir neçə saat keçdikdən sonra missiya yeni açıqlama ilə çıxış edib. Həmin açıqlamada qurumun mövqeyi əvvəlkindən köklü şəkildə fərqlənib. Budəfəki açıqlamada deyilib: “Biz təsdiq edirik ki, Avropa İttifaqının Ermənistandakı missiyasının patrulu bizim məsuliyyət zonamızda baş verən atışma hadisəsi zamanı orada olub. Missiyanın heç bir üzvü zərər çəkməyib”.
Bundan sonra Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayaraq, Ermənistanın yaratdığı hay-küy kampaniyasını arqumentlə, necə deyərlər, darmadağın edib. Bildirilib ki, avqustun 15-də saat 12:20 radələrində Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisində, guya, Avropa İttifaqının müşahidəçiləri və onların avtomobili istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılması barədə erməni informasiya resurslarında yayılan məlumat həqiqətəuyğun deyil və qarşı tərəfin növbəti dezinformasiyasıdır: “Bildiririk ki, Avropa İttifaqının müşahidəçilərinin Ermənistanda şərti sərhəd istiqamətində səfərlərinin vaxtı, onların hərəkət marşrutu, ərazidəki koordinatları, eləcə də avtomobillərin markası və nömrə nişanları Azərbaycan tərəfinə əvvəlcədən təqdim edilir. Azərbaycan Ordusunun bölmələri missiyanın səfərləri barədə məlumatlıdır. Bu səbəbdən də Ermənistan müdafiə nazirliyinin iddia etdiyi belə bir halın baş verməsi nəzəri və praktiki baxımdan qeyri-mümkündür”.
***
Həmin günün sonuna doğru Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın fransalı həmkarı Ketrin Kolonna ilə telefon danışığında da bu məsələyə toxunulub. Telefon danışığı ilə bağlı hər iki ölkənin xarici işlər nazirlikləri açıqlama yayıblar. Maraqlıdır ki, Ermənistan tərəfinin açıqlamasında Aİ missiyasının “atəşə məruz qalması” ilə bağlı heç bir məqam yoxdur. Fransa Xarici İşlər Nazirliyinin açıqlamasının sonunda isə bununla bağlı bir cümlə var: “Nəhayət, hər iki nazir Aİ missiyasının patrul xidməti zamanı bu gün (avqustun 15-də-S.H.) Ermənistan sərhədində baş verən atışmalara da toxunub. Nazir Kolonna bu hadisələrdən narahat olduğunu bildirib və Avropa missiyasına hərtərəfli dəstək verib”.
Ancaq Prezident İlham Əliyevin hələ 2004-cü ildə irəli sürdüyü informasiya müharibəsində müdafiədən “hücum diplomatiyası”na keçilməsinin şərtlərinə uyğun olaraq, fransız-erməni yalanına Azərbaycan tərəfinin reaksiyası özünü çox gözlətməyib. Xarici İşlər Nazirliyinin avqustun 16-da yaydığı açıqlamada deyilib ki, fransız nazirin rəsmi İrəvanın saxta təbliğatına inanaraq, Avropa İttifaqının Ermənistandakı missiyası tərəfindən də yanlış olaraq dəyərləndirilən, guya, missiyaya atəş açılması barədə dezinformasiyaya öz açıqlamasında istinad etməsi Fransanın bölgədə sülh və sabitliyin bərqərar olmasında maraqlı olmadığını bir daha sübut edir: “Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatında qeyd olunduğu kimi, Avropa İttifaqının nümayəndələrinin hərəkət marşrutu Azərbaycan tərəfinə əvvəlcədən təqdim olunur. Təqdim edilmiş həmin marşruta əsasən, beynəlxalq müşahidəçilərin qeyd edilən günə təyin olunmuş istiqamətə səfərinin heç bir insident baş vermədən həyata keçirilməsinə Azərbaycan tərəfi xüsusi nəzarət edib. Missiyanın səfərinin baş tutduğu ərazi heç də Ermənistanın insident baş verdiyi iddia edilən rayonda deyil, şərti sərhədin fərqli istiqamətində olub. Son günlər şərti sərhəddə və Qarabağ iqtisadi rayonunda yeni təxribatlara zəmin yaradan Ermənistan tərəfi ənənəsinə sadiq qalaraq, böhtan xarakterli məlumat yaymaqla dünya ictimaiyyətinin diqqətini yayındırmağa və bu məqsədlə Avropa İttifaqını alətə çevirməyə çalışır. Fransa tərəfinin də bu kampaniyanın alətinə çevrilməsi təəssüf doğurur”.
Beləliklə, Azərbaycanın həm müdafiə, həm də xarici işlər nazirlikləri Aİ missiyası ilə Ermənistan Müdafiə Nazirliyinin birlikdə düzüb-qoşduqları daha bir təxribatın baş tutmasına imkan vermədilər. Xüsusilə, Müdafiə Nazirliyinin bununla bağlı arqumentlə, faktların dili ilə danışması hayların və onların havadarlarının əl-qolunun, necə deyərlər, bağlanmasına səbəb oldu. Əslində isə bu hadisə ermənilərin mahiyyətcə dəyişməməsinin, yaxud, dəyişə bilməməsinin göstəricisidir. Bununla bağlı bir məqamdan da bəhs etmək, zənnimizcə, yerinə düşər. Hələ 2015-ci il fevralın 7-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Ukraynadan əlavə: Avropada həll olunmamış münaqişələr” mövzusunda panel müzakirəsi keçirilmişdi. Paneldə Prezident İlham Əliyev çıxış etmiş və sualları cavablandırmışdı. Dövlətimizin başçısı Ermənistan nümayəndəsinin qərəzli sualına cavab olaraq demişdi: “Ermənistan nümayəndəsinin atəş açılması ilə bağlı sualına cavab olaraq bildirim ki, əslində, həmişə günahı bizim üstümüzə atmaq Ermənistan tərəfinin taktikasıdır. Onlar bizim torpaqlarımızı işğal ediblər, beynəlxalq hüquq normalarını pozublar, Xocalıda soyqırımı törədiblər, tarixi və dini abidələrimizi məhv ediblər və bizi günahlandırırlar. Sual isə ondan ibarətdir ki, işğal olunmuş ərazilərdə Ermənistan əsgərlərinin nə işi var? Erməni əsgərinin Ağdamda nə işi var? Əgər o ölmək istəmirsə, onda qoy Ağdama getməsin, olduğu yerdə qalsın, İrəvanda, Gümrüdə, öz ölkəsində qalsın. Sizin özünüz üçün ölkənizdə kifayət qədər yeriniz var. Ermənistanda o qədər də çox insan qalmayıb. Sizin Ağdamda, Füzulidə nə işiniz var?”
Bəli, Prezident İlham Əliyevin hələ 2015-ci ildə dediyi “əslində, həmişə günahı bizim üstümüzə atmaq Ermənistan tərəfinin taktikasıdır” fikri bu gün də öz aktuallğını itirməyib. Bu gün də Ermənistan Azərbaycanı ona dəxli olmayan məsələlərdə ittiham etməkdədir. Fərq ondadır ki, İrəvan öz yalanlarına Avropa İttifaqı kimi mötəbər, dünyada sayılıb-seçilən qurumu cəlb edir. Avropa İttifaqı, o cümlədən onun Ermənistandakı missiyası öz nüfuzunu qorumalı, adına xələl gəlməsinin qarşısını almalıdır. ATƏT və onun Minsk qrupu ilə bağlı acı təcrübə göstərir ki, gözdən, nüfuzdan düşənin, etimadı itirənin yenidən nüfuz, etimad qazanmaq səyləri heç bir nəticə vermir.
Rizvan HÜSEYNOV,
siyasi şərhçi
– Təəssüf ki, Avropanın bir sıra dairələri tam ermənipərəst mövqedən çıxış edirlər. Biz buna dəfələrlə şahidlik etmişik. Hətta Ermənistana elə dəstək verirlər ki, bu dəstək olmasaydı, rəsmi İrəvan çoxdan daha effektiv danışıqlar aparar və Azərbaycanla sülhə gələrdi. Aİ missiyasının bu oyuna alət olmasına ehtiyac yox idi. Dəfələrlə Azərbaycan Müdafiə Nazirliyi foto və videogörüntülər yayaraq, Ermənistan ordusunun sərhəd boyunca hərəkət etdiyini bildirmişdi. Bu dəfə isə Qarabağdakı qanunsuz hərbi birləşmələrə Rusiya sülhməramlılarının dəstəyi ilə silah-sursat daşınması faktları qeydə alınıb. Hətta yeni hərbi hissə inşa olunur. Aİ missiyası bu haqda niyə danışmır? Bura Azərbaycanın suveren ərazisidir. Üçtərəfli bəyanatın şərtlərinə görə onlar Qarabağı çoxdan tərk etməli idilər.
Avqustun 16-da BMT Təhlükəsizlik Şurasında iclas keçirilib. İclas ərəfəsində Azərbaycana edilən hücumlar bir mərkəzdən idarə olunub. Bura Aİ missiyasını da əlavə etmək olar. Missiya yaydığı açıqlama ilə BMT Təhlükəsizlik Şurasının iclası ərəfəsində ölkəmizə hücumlar üçün əlavə əsaslar yaratmaq, İrəvanın mövqelərini gücləndirmək istəyib. Buradan bir nəticə çıxır ki, BMT-dəki müzakirə heç də Ermənistanın səyi və gücü deyil. Bəzi Avropa ölkələri, elə Aİ missiyasına himayədarlıq edən Fransa bu işdə çox canfəşanlıq edir. Onlar Rusiya ilə əlbir olaraq bu və digər metodlarla ölkəmizə təzyiq etməyə çalışırlar. Həmin maraqlı tərəflər əllərindən gələni etmək istəyirlər ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmasın.
Burada rəsmi İrəvan siyasi subyekt deyil. Sadəcə olaraq, obyektdir. Yəni, kim istəyirsə, o da istifadə edir. Bu məsələdə Nikol Paşinyan hakimiyyəti özünü çox zəif göstərir, sülh prosesini xarici qüvvələrin maraqlarına qurban verir.
Ermənistan Müdafiə Nazirliyinin yaydığı dezinformasiya isə informasiya müharibəsinin tərkib hissələrindən biridir. Şübhə etmirəm ki, Azərbaycanın müvafiq dövlət qurumları Qərbdə və Rusiyada bu oyunların arxasında hansı qüvvələrin dayandığını çox yaxşı bilirlər. Əminəm ki, Azərbaycanın tərəfdaşları və müttəfiqləri Ermənistanın yalanlarının ifşa edilməsi və əsl həqiqətlərin çatdırılması üçün bundan sonra da əllərindən gələni edəcəklər.
Səxavət HƏMİD, “Xalq qəzeti”


