Bakı Limanı vasitəsilə yükdaşımaların həcmi 15 faiz artıb
Qazaxıstanın sənaye və infrastruktur inkişafı naziri Marat Karabayevin rəhbərlik etdiyi və Aktau, Kurık limanları müdiriyyətinin də daxil olduğu nümayəndə heyətinin ölkəmizə səfəri zamanı respublikamızla davamlı ticarət axınının reallaşması diqqət mərkəzində olub. Keçirilən görüşlərdə ildən-ilə əhəmiyyəti kəskin artan Orta Dəhliz daxilində əlaqələrin sistemli şəkildə qurulması, habelə ekoloji davamlılığın gerçəkləşməsi ilə bağlı məsələlər də müzakirə olunub. Danışıqlarda cari ilin 7 ayı ərzində Bakı Limanı vasitəsi ilə Qazaxıstan üzərindən yükdaşımaların həcminin 1 milyon tondan çox artdığı, bunun isə 2021-ci ilin analoji dövrünün göstəricisindən 219,1 faiz çox olduğu vurğulanıb.
Səfərin sonunda Bakı Limanı ilə “Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti arasında əməkdaşlıq barəsində memorandum imzalanıb. Bu sənədə əsasən Asiya–Avropa transkontinental marşrutlar üzrə multimodal daşımaların daha da artırılması, nəqliyyat və logistika sahəsində innovativ həllərin tətbiq edilməsi ilə sürətli yükdaşımalarının artırılmasında qarşılıqlı işgüzar əməkdaşlığın inkişafı məsələləri barəsində bir sıra razılıqlar əldə olunub.
Qeyd edək ki, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Strateji planlaşdırma və inkişaf departamentinin müdiri Xudayar Həsənlinin verdiyi məlumata əsasən, Qazaxıstan istiqaməti üzrə vaqon aşırılmasının artım tempi 3 dəfəyə yaxındır. Eyni zamanda artım tempi bu ölkə marşrutu ilə hərəkət edən TIR aşırılmasında da iki dəfə artıb.
Qazaxıstan istiqamətində 2021-ci ilin 4 ayında təqribən 5 min TEU konteyner aşırılmışdısa, 2022-ci ilin 4 ayında konteyner aşırılması 10 mini aşıb. Ekspertlər tərəfindən bu, geosiyasi vəziyyətin dəyişməsinin ilkin simptomlarının nəticəsi kimi dəyərləndirilib.
Xatırladaq ki, Bakı Limanı Ələtdə iki əsas nəqliyyat dəhlizinin– Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşir. Bakı Limanının inkişafı 2 mərhələ üzrədir. 2019-cu ildə birinci mərhələnin inkişafı başa çatdırılıb və sonra bu limanda ümumi yükaşırma imkanı artaraq 15 milyon ton ümumi yük və 100 min TEU-ya qədər konteyner olub. İkinci mərhələdə isə liman kompleksinin tikintisinin ikinci mərhələsinin başa çatdırılması ilə Bakı Limanının ümumi yükaşırma imkanı artaraq 25 milyon ton ümumi yük və 500 min TEU-ya qədər konteyner olacaq.
“Xalq qəzeti”

