Gürcüstanda erməni təxribatı

post-img

Gürcüstanda fəaliyyət göstərən, ermənipərəst mövqedə olan bir neçə qeyri-hökumət təşkilatı Ermənistan səfirliyi vasitəsilə "Qarabağın erməni sakinləri humanitar böhranla üzləşib" adlı bəyanat yayıblar. Bu bəyanatdan istifadə edən daha 6 qeyri-hökumət təşkilatı – “Sosial Ədalət Mərkəzi”; "Qafqaz evi"; "İnsan Hüquqları Mərkəzi"; "Sülh və Vətəndaş İnkişaf Mərkəzi" (CPCD); “Demokratiya Araşdırmaları İnstitutu” (DRİ); "Müsbət Dəyişiklik üçün İcma" təşkilatı Azərbaycan əleyhinə bəyanat imzalayıblar. 

Ermənipərəst təşkilatların ağ yalanla dolu bəyanatı isə Gürcüstanda fəaliyyət göstərən və sülhü dəstəkləyən QHT-lər və azərbaycanlı ziyalılar, həmçinin saytlar tərəfindən kəskin tənqid olunub. Gürcüstan parlamentinin sabiq deputatı Azər Süleymanov Ermənistan səfirliyi vasitəsilə yayılan bəyanata sərt müna­sibət bildirib. O, sənədi sərsəm təxribat adlandırıb və qeyd edib ki, bölgədə sülh müqaviləsinin bağlanmaq üzrə olduğu bir vaxtda bu təşkilatlar Azərbaycana qarşı mənfi imic yaratmağa çalışırlar.

Azərbaycandilli saytlar ölkəmizə mənfi münasibət səsləndirən bəyanatın gözə kül üfürmək olduğunu bildiriblər. Qeyd olunub ki, istər Ermənistanda, istərsə də Gürcüstanda yaşayan ermə­nilər yaxşı bilirlər ki, Ağdam-Xankən­di yolu vasitəsilə humanitar yüklərin daşınmasının qarşısının alınmasında başqa məqsədlər var. Məhz buna görə istər Ermənistan iqtidarı, istərsə də Qarabağdakı qondarma rəhbərlik əhali arasında cürbəcür əhvalatlar uydurub Azərbaycan Prezidentinin irəli sürdüyü sülh müqaviləsinin imzalanması tək­lifinə bilərəkdən mane olmağa cəhd göstərirlər.

Gürcüstan hakimiyyəti isə dəfələrlə Ermənistan və Azərbaycan nümayən­də heyətləri üçün Tbilisidə görüş təyin etmək və bölgədə əmin-amanlıq yarat­maq məqsədilə hər iki ölkə arasında sülh yaratmağa çalışıb.

Azərbaycan Prezidenti İlham Əliyevin “Euronews” televiziyasına mü­sahibəsində bu məsələlərə düzgün və cəsarətli cavabları dünyada əks-səda doğurub. Prezident ona verilən sualları cavablandırarkən bildirib ki, biz mühari­bə istəmirik, biz sülhün tərəfdarıyıq. Heç bir ölkənin torpaqlarında bizim gözümüz yoxdur.

Buna baxmayaraq, Ermənistan Azərbaycan Prezidentinin səsləndirdiyi sülh təkliflərini düzgün qiymətləndirmir. Təəssüf ki, Azərbaycanın sülh yaratmaq təşəbbüsünü qəbul etməyən Ermənis­tan Azərbaycan sərhədlərində yenə də hərbi təxribatlara əl atır. Gürcüstanda ermənipərəst QHT-lərin yaydığı bəya­nat isə bu təxribatların müdafiə olunma­sından xəbər verir.

Bütün dünya yaxşı bilir ki, Azərbay­can işğal olunmuş ərazilərini 44 gün­lük Vətən müharibəsində qalib gələrək azad edib. Tbilisidə erməniyönümlü təşkilatların yaydığı bəyanatda isə sülh müqaviləsinin imzalanmasının ləngidil­məsi təbliğ olunur.

Belə çıxır ki, Ermənistan, eləcə də Qarabağda yaşayan ermənilər 44 gün­lük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin Qələbəsini hələ də həzm edə bilmirlər. Onlar gənc nəsli başqa cür tərbiyə edir, işğaldan azad olunmuş Azərbaycan ərazilərini Ermə­nistan torpağı sayırlar.

Qeyd edək ki, Gürcüstanda Ermə­nistan səfirliyinin yaydığı bəyanat da kəskin tənqid olunub. Gürcüstanda fəa­liyyət göstərən "Gürcüstan-Azərbaycan Münasibətlərinin İnkişafı Fondu", "Tats­reli" Fondu, "Gürcüstan - Qafqaz Stra­teji Araşdırmalar İnstitutu", "Beynəlxalq Münasibətlər və Siyasi Elmlər Akademi­yası", "Qələbə – Tərəfdaşlıq Alyansı", "Mülki Müdafiə Liqası" və "Gürcüstan Veteranlar Federasiyası" yaydıqları bir­gə bəyanatda Azərbaycanı dəstəkləyib­lər. Bəyanatda qeyd edilib ki, Gürcüstan iki qonşu ölkə arasında tezliklə sülh müqaviləsinin imzalanmasında maraq­lıdır.

Nizami MƏMMƏDZADƏ,
Əməkdar jurnalist

Siyasət