Qisasın Qiyamətə qalmayacağı fikri bir daha təsdiqini tapır
İyulun 29-da Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən 1991-ci ilin dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı törətməkdə və onları deportasiya etməkdə ittiham olunan Vaqif Xaçatryanın saxlanılması illərin sınağından çıxmış bir sadə həqiqəti yenidən təsdiqlədi.
Bu da törədilən cinayətin cəzasız qalmayacağı həqiqətidir. Bir daha sübut edildi ki, üstündən neçə il keçməsindən asılı olmayaraq, ədalət gec-tez öz yerini tapır.
Ancaq haqq-ədalətin gec-tez öz yerini tapacağı düşüncəsinə qapılıb, əl-qolunu yanına sallayıb oturmaq da olmaz. Cinayətkarı cəzasına çatdırmaq üçün hərəkətə keçmək lazımdır. Əgər Azərbaycan dövləti güclü olmasaydı, ordu quruculuğuna, iqtisadiyyatın güclənməsinə, gənclərin yüksək vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi önəm verilməsəydi Vətən müharibəsində Qələbə qazana və bu gün hərbi canilərin mühakiməsindən danışa bilməzdik.
Bütün bunlar olmasaydı, təcavüzkar yenə də torpaqlarımızda at oynadar, təbii sərvətlərimizi talan edər, qanunsuz məskunlaşardı. Qarabağ kimi əsrarəngiz təbiətə malik qədim yurd yerimiz narkotik qaçaqmalçılığı üçün tranzit rolunu oynayar, Laçın yolu, necə deyərlər, açıq qapı olaraq qalardı. Üstəlik, Nikol Paşinyan başının dəstəsi ilə həftə səkkiz, mən doqquz Şuşaya, Xankəndiyə, Kəlbəcərə, Laçına səfərlər edər, oradan fotolar, videolar paylaşaraq bizə acıq verərdi. Bütün bunlara Ali Baş Komandanın rəhbərliyi altında güclü ordumuz, xalqın öz liderinin ətrafında sıx birləşməsi son qoydu.
***
Vaqif Xaçatryanın həbsi İkinci Dünya müharibəsinin başa çatmasından sonra nasist Almaniyasının bir sıra hərbi cinayətkarlarına qarşı 1945-46-cı illərdə keçirilən və Nürnberq tribunalı adını alan məhkəmə proseslərini yada salır. Həmin məhkəmə Almaniyanın Nürnberq şəhərindəki Ədalət sarayında baş tutub. Bu, tarixdə cinayətkarları – təcavüzkar müharibələr hazırlamaqda, qızışdırmaqda və aparmaqda təqsirkar olan dövlət xadimlərini, milyonlarla günahsız insanı məhv etmək üçün cinayət planlarının təşkilatçılarını və icraçılarını ədalətli və layiqincə cəzalandıran ilk beynəlxalq məhkəmə idi.
Oktyabrın 18-də tribunalın rəsmi iqamətgahında – Berlində ilk texniki iclas keçirilib. Bu zaman məhkəmənin əsas hərbi cinayətkar German Gerinq başda olmaqla, 24 nəfəri mühakimə edəcəyi məlum olub. İlk açıq məhkəmə iclası isə 1945-ci il noyabrın 20-də Nürnberqdə başlayıb. Anti-Hitler koalisiyasının dörd ölkəsini təmsil edən səkkiz hakimdən ibarət Beynəlxalq Hərbi Tribunalda nasist Almaniyasının keçmiş liderlərinə ittiham elan olunub. ABŞ, Böyük Britaniya, SSRİ və Fransanın prokurorluq qrupları tərəfindən hazırlanan ittiham aktında dörd maddə var idi: sülh əleyhinə cinayətlər, insanlıq əleyhinə cinayətlər, müharibə qanunlarının pozulması (müharibə cinayəti) və bu cinayət əməllərini reallaşdırmaq üçün sui-qəsdlərin törədilməsi. İttiham tərəfi ilk dəfə olaraq rəsmi sənədə “soyqırımı” adlı yeni termin daxil edib.
Prokurorların çıxışlarında, xüsusən də açılış nitqləri zamanı qalib ölkələrin dörd nümayəndəsi İkinci Dünya müharibəsi hadisələri ilə bağlı öz baxışlarını açıqlayıb. Beynəlxalq Hərbi Tribunala sənədlər və şahidlər təqdim etməklə prokurorluq Holokost və işğal altıda yaşayan insanların həyat hekayələrinin şişirtmə olmadığına dair şübhələri aradan qaldıra bilib. Maraqlıdır ki, müdafiə zamanı müttəhimlər kütləvi cinayətlər törətməkdə təqsirli olduqlarını inkar ediblər. Onlar sübut etməyə çalışıblar ki, müttəfiq dövlətlərin hökumətləri də oxşar şəkildə davranıblar və Üçüncü Reyx hakimiyyəti tərəfindən sanksiya verilən bütün cinayətlərə görə artıq həyatda olmayan Adolf Hitler, Henrix Himmler və Reynhard Heydrix məsuliyyət daşıyır. Təqsirləndirilən şəxslər, həmçinin bu cinayətlər və onların miqyası barədə tam məlumatlı olmadıqlarını və ya tamamilə xəbərsiz olduqlarını iddia ediblər.
Beynəlxalq Hərbi Tribunalın hakimləri çoxlu fikir ayrılıqlarını aradan qaldıraraq, 1946-cı ilin oktyabrın 1-dək prosesin əsas hüquqi prinsipləri və ayrı-ayrı şəxslər üçün konkret hökmlər barədə ümumi mövqe formalaşdıra biliblər. Təqsirləndirilən şəxslərin bəziləri 10 ildən 20 ilədək azadlıqdan məhrum edilib, üç nəfərə ömürlük, 12 nəfərə isə asılmaq yolu ilə edam cəzası verilib. Edam cəzaları oktyabrın 16-da icra edilib.
***
Nasist Almaniyasının rəhbərliyinə daxil olan 24 nəfər üzərində Nürnberq məhkəmə prosesindən əlavə, XX əsrin 70-80-ci illərinədək, yəni müharibənin başa çatmasından 35-40 il sonra da ayrı-ayrı ölkələrdə və şəhərlərdə çoxsaylı məhkəmə prosesləri keçirilib. Beləliklə, cinayət törətmiş şəxslər öz cəzalarına çatdırılıb. Çünki dünyanın əksər ölkələrinin cinayət qanunvericiliyinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddəti sülh və insanlıq əleyhinə, müharibə cinayətlərinə şamil edilmir. Yəni, üstündən neçə il keçməsinə, cinayət törədənin hansı yaşda olmasına baxmayaraq, şəxs müttəhimlər kürsüsünə çıxarılır.
Görünən odur ki, belə məhkəmə prosesləri tezliklə Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlılara qarşı hərbi cinayətlər törətmiş şəxslərlə bağlı da keçiriləcək. 24 nasist üzərində Nürnberq Tribunalı başlanğıc olduğu kimi, Vaqif Xaçatryanın məhkəməsi də Qarabağda cinayətlər törətmiş şəxslər üzərindəki ilk məhkəmə olacaq. Vaqifin yaşının neçə olması, xəstəliyi burada rol oynamır. Onun Bakıda tibb müəssisəsinə yerləşdirilməsi, zəruri tibbi yardım alması da təmin edilib. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin ona baş çəkməsinə şərait yaradılıb. Xaçatryan sağaldıqdan sonra törətdiyi əməllərinə görə cavab verəcək.
Baş Prokurorluğun saytında yerləşdirilmiş Qarabağda qanunsuz fəaliyyət göstərən erməni silahlı hərbi birləşmələri və Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə, habelə ağır və xüsusilə ağır cinayətlərin xronologiyası bölməsində Meşəli soyqırımı barədə deyilir: “Erməni silahlı dəstələrinin üzvləri 1991-ci il dekabrın 22-də saat 07 radələrində iri çaplı odlu silahlardan, zirehli transportyorlardan və piyadaların döyüş maşınından, pulemyotlardan, oqnemyotlardan, avtomatlardan intensiv atəş açaraq Xocalı rayonunun Meşəli kəndinə daxil olub və səhər yuxudan oyanmayan kənd əhalisini öz evlərində, küçədə atəşə tutub və nəticədə 25 nəfər azərbaycanlı qəsdən öldürülüb, 14 nəfərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, 2 nəfər girov götürülüb. 41 yaşayış evi, dövlət, ictimai idarə, müəssisə və təşkilatların binaları yandırılıb. Kənd sakinlərinin və kolxozun mal-qarası, taxıl və digər ərzaq məhsulları, dövlət və şəxsi nəqliyyat vasitələri, 80 ton taxıl və ehtiyat hissələri yerləşən anbarlar, kənd mağazası qarət edilib. Kəndə, ümumilikdə, 5 milyon 496 min manat dəyərində maddi ziyan vurulub, 358 nəfər kənd sakini deportasiyaya məruz qalıb”.
Təəssüf ki, Meşəli faciəsi tariximizdə tək deyil. Erməni quldurları Birinci Qarabağ müharibəsində Kərkicahan, Bağanis-Ayrım, Cəmilli, Malıbəyli, Quşçular, Qaradağlı, Xocalı, Ballıqaya, Başlıbel kimi yaşayış məntəqələrimizdə də Meşəlidəki kimi cinayətlər törədiblər. Bu cinayətləri törədənlərin də cəzasına yetişəcəyi gün uzaqda deyil. Artıq Qarabağdakı canilərin canına vəlvələ düşüb. Son günlərini yaşayan separaçı rejimin “ilk müdafiə naziri” Samvel Babayanın bugünlərdə verdiyi müsahibədə səsləndirdiyi fikirlər buna misal sayıla bilər. Deyib ki, Azərbaycanın siyahısında 300-dən çox şəxsin adı var. Maraqlıdır ki, separatçılar arasında Azərbaycanla razılığa getməyə ilk çağırış edən də S.Babayan olub. O, bir müddət öncə qeyd etmişdi ki, qarşılıqlı etimada nail olmaq üçün azərbaycanlılarla danışıq aparmaq, dialoqa başlamaq lazımdır. Babayan bundan sonra da oxşar sürprizlərlə üzləşəcəklərini qeyd edib. Əlavə edib ki, onun başçılıq etdiyi “siyasi partiya”nın hazırlayıb Arayik Arutyunyana təqdim etdiyi 45 bənddən ibarət layihədə Azərbaycandan amnistiyanın alınmasına nail olunması bəndi də var idi.
***
Xaçatryanın həbsi İsrailin kəşfiyyat xidməti “Mossad”ın nasist hərbi canisi, “Holokostun memarı” kimi tanınan Adolf Eyxmanın Argentinada saxlanılaraq İsrailə gətirilməsini özündə ehtiva edən “Final” əməliyyatını yada salır. Elə bugünlərdə sosial şəbəkələrdə bu iki həbs barədə tez-tez yazılır, paralellər aparılır. Əməliyyat 1960-cı ilin mayında qeyri-rəsmi həyata keçirilib, yəni, Argentina tərəfinin xəbəri olmayıb. İsrail bunu İkinci Dünya müharibəsi zamanı Avropa yəhudilərinin soyqırımının təşkilində bilavasitə məsuliyyət daşıyan Eyxmanın misli görünməmiş cinayətləri ilə əsaslandırıb. Argentina sonradan nasistlərə sığınacaq verdiyinə görə Holokost qurbanlarından rəsmən üzr istəyib.
İsrail üçün Eyxman axtarışda olan nasistlər siyahısında bir nömrəli idi və onun tutulması prinsipial əhəmiyyət daşıyırdı. Eyxman “yəhudi məsələsinin yekun həlli” (yəni, Avropa yəhudiliyinin məhv edilməsi) haqqında qərarların həyata keçirilməsində əsas rol oynayıb. İkinci Dünya müharibəsi zamanı Avropa yəhudilərinin ölüm düşərgələrinə göndərilməsi üzrə bütün əməliyyatlara məhz o rəhbərlik edib. Eyxman 1945-ci ildə faşist Almaniyasını məğlub edən müttəfiq ölkələrin məxfi xidmətlərindən qaça bilib. O, 1950-ci ildə Argentinaya köçüb və Buenos-Ayresdə Rikardo Klement adı altında məskunlaşıb. Eyxman 1962-ci il iyunun 1-də məhkəmənin hökmü ilə İsrailin Ramla şəhərində edam edilib.
V.Xaçatryanın törətdiyi cinayətlərə və bəzi ermənipərəst dairələrin ölkəmizə ittihamlarına baxmayaraq, Azərbaycan onu qaçırmayıb və oğurlamayıb. Xaçatryan beynəlxalq və yerli qanunvericilik əsasında mühakimə olunacaq. Onunla əlbir olan, soyqırımı aktlarının əsas təşkilatçıları və icraçıları olan Robert Koçaryan, Serjik Sarkisyan, Seyran Ohanyan, Samvel Babayan, Arkadi Qukasyan, Bako Saakyan və Zori Balayan kimilər hələ ki, azadlıqdadır. Növbənin onlara yetişəcəyi gün isə uzaqda deyil. Xaçatryanın aqibətinin adları çəkilən neofaşitləri də gözlədiyi artıq heç kimdə şübhə doğurmur.
Səxavət HƏMİD,
“Xalq qəzeti”


