Azərbaycanın işğaldan azad edilmiş rayonlarına səfər çərçivəsində bir qrup amerikalı jurnalist və media eksperti Füzuli rayonunu ziyarət edib.
Füzuliyə gedərkən qonaqlar yolboyu erməni barbarlığının təcəssümü olan dağıdılmış, viran qoyulmuş kəndləri, qəsəbələri seyr edib və Merdinli kəndindəki məscidə baxıblar. İşğal illərində Qarabağ ərazisində yerləşən bir çox məscidlərin erməni vandalları tərəfindən dağıdıldığı, onların bir qismindən başqa məqsədlər üçün istifadə olunduğu, bəzi məscidlərdə, o cümlədən Merdinli kənd məscidində mal-qara və donuz saxlanıldığı diqqətə çatdırılıb.
Daha sonra Zəngilan rayonunun Ağalı kəndinə gedən qonaqlara məlumat verilib ki, “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış bu yaşayış məntəqəsinə Böyük Qayıdış Proqramına uyğun olaraq əhali köçürülüb və bu proses davam etməkdədir.
Amerikalı jurnalistlərə müsahibəsində kənd sakinlərindən biri deyib ki, işğal zamanı Zəngilanı tərk edərkən 20 yaşı olub. Rayon azad edildikdən sonra isə 50 yaşında ailəsi ilə birlikdə Ağalı kəndinə qayıdıb. Qeyd edib ki, artıq 8 aydır doğma yurdunda yaşayır, çalışır və dövlətimizin Ağalı sakinləri üçün yaratdığı şəraitdən çox razıdır.
Q.QASIMOV, “Xalq qəzeti

