Fərid Səfərli barədə məlumat Xarici İşlər Nazirliyinə daxil olan gündən etibarən vətəndaşın aqibətinin və sağlamlıq vəziyyətinin öyrənilməsi istiqamətində həm Xarici İşlər Nazirliyi, həm də ölkəmizin Təbriz şəhərindəki Baş konsulluğu tərəfindən müvafiq iş aparılıb.
Bu barədə Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Fərid Səfərlinin ailəsi və özü ilə əlaqə saxlanılıb. Təbrizdəki Baş konsulluğumuz tərəfindən Fərid Səfərli ilə görüşlər keçirilib, demək olar, gündəlik əsasda onunla telefon vasitəsilə əlaqə saxlanılıb. Fərid Səfərlinin valideyni ilə telefon əlaqəsi saxlamasına imkan yaradılıb.
Bununla yanaşı, İran tərəfinə məhkəmə iclaslarının keçirilmə tarixləri və Baş konsulluğumuzun rəsmilərinin iclaslarda iştirakı barədə sorğu ünvanlansa da, tərəfimizdən edilmiş bu müraciətlər İran tərəfindən cavablandırılmayıb və məhkəmə iclaslarında iştirak mümkün olmayıb. Bununla yanaşı, müraciətlərimizə baxmayaraq, təqsirləndirilən şəxs tərcüməçi ilə də təmin olunmayıb.
Eyni zamanda, müəyyən edilib ki, 19 iyul tarixində keçirilmiş məhkəmə iclası zamanı F.Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.
Fərid Səfərlinin valideyninin oğlunu ziyarət etməsi üçün hazırda iş aparılır.
“Xalq qəzeti”

