Hindistan Ermənistanı silahlandırır, İran ona imkan yaradır

post-img

İranın Nurdüz sərhəd-buraxılış məntəqəsindən Ermənistana avtomobil karvanının hərəkəti qeydə alınıb. 

Bu barədə Caliber.az saytı videogö­rüntülər yayıb. Kadrlardan görünür ki, da­şınan yük görünməməsi üçün çadırla ör­tülüb. Sayt iki müstəqil mənbəyə istinadla dəqiqləşdirib ki, silahların tədarükçüsü Hindistandır. 

Bu ilin mayında Hindistanın yeni sə­firi Sridxaran Madhusudhananın etimad­naməsini qəbul edən Prezident İlham Əliyev onun diqqətinə çatdırıb ki, bu gün Ermənistanda ölkəmizə qarşı ərazi iddi­alarını davam etdirən revanşist qüvvələr baş qaldırır. Ermənistanın sürətlə silah­lanmasının yeni təhlükələr yaratdığını bildirən dövlət başçısı qeyd edib: “Əgər doğrudan da Ermənistan Azərbaycan ilə sülh istəyirsə onda nə üçün 100 milyonlar­la dollar dəyərində silah alır?” Azərbaycan Prezidenti vurğulayıb ki, bu siyasət bölgə üçün yeni təhdidlərə gətirib çıxara bilər. 

Sayt qeyd edir ki, Yeni-Dehlidə bunun hansı nəticələr doğuracağını anlama­ya bilməzlər: Ermənistana silah-sursat, ölümcül silahlar, o cümlədən “Pinaka” ze­nit-raket sisteminin və uzaqmənzilli silah­ların tədarükü hətta sərhəd bölgəsindən uzaqda yerləşən dinc Azərbaycan şəhər­lərinə birbaşa təhlükə yaradır...

Məqalədə deyilir: “Hindistan gur səslə beynəlxalq hüquqdan danışır, lakin Cənu­bi Qafqazda açıq-aşkar hərbi münaqişə­nin qızışdırılması və ölkələrin ərazi bütöv­lüyünə hörmətsizlik siyasətini dəstəkləyir. Eyni zamanda, o, bütün bunların Bandunq konfransının və Hindistanın da üzvü oldu­ğu Qoşulmama Hərəkatının prinsiplərinə zidd olduğunu da nəzərə almır. Bundan başqa, axı məhz Nehru QH-nin yaradıl­masının təşəbbüskarlarından biri olub...” 

Tədarüklərin İrandan keçməsinə gəl­dikdə, sayt qeyd edir ki, cənub qonşusu artıq çoxdandır ki, Azərbaycana münasi­bətdə öz riyakarlığı, ikiüzlülüyü və düş­mənçiliyi ilə bizi təəccübləndirmir: “Uzun­saqqallı fanatiklər 45 ildir bağırırlar ki, bütün dünyada müsəlmanların maraqla­rının müdafiəçiləri qismində çıxış edirlər, Azərbaycanla qardaşlıq əlaqələrindən danışırlar, amma artıq çoxdan Ermənis­tanla ağız-ağıza veriblər və bu səbəbdən heç bir şübhə yeri qoymadan öz ərazisini xaricdən silah göndərilməsi üçün təqdim edirlər”. 

“Xalq qəzeti”

Siyasət