İrəvanın iflasa məhkum “beynəlxalq kampaniyası”

post-img

Hayastan rəhbərliyinin Avropada və okeanın o tayındakı tərəfdaşlarının yardımı və təhriki ilə başladığı yeni “diplomatik kampaniya”nın konturları görünməkdədir. Məqsəd aydındır: özünə sərfəli variantı sülh danışıqları masasına daşımaq, dialoqun müxtəlif aspektləri üzrə Bakı ilə “kəllə-kəlləyə” gələ bilmək cəsarətini əldə etmək. Bundan ötrü Ermənistan son vaxtlar nüfuzlu beynəlxalq təşkilatların, yaxud belə institutların “patronajları” ilə danışıqlara baş vurur, onların ofislərinin yerləşdiyi ölkə və şəhərlərə səfərlər edirlər. Son otuz ildə Azərbaycana qarşı həyata keçirdikləri işğala, hər cür qanunsuzluqlara, tutduğu ədalətsiz mövqeyinə indi, quyruğu qapı arasında qalanda, “haqq qazandırmağa” çalışan hayların əli hər yerdən üzülüb. İndiyə qədər sal qaya kimi söykəndiyi şimallı “patronu” da indi ona yiyə durmaqdan vaz keçir. Bu da təbiidir. Üzləşdikləri hazırkı situasiyanın ssenari müəllifi məhz İrəvanın özüdür və o, indiki mərhələsində yalnız özündən küsməlidir. 

Hesab edirik ki, bu mənada ötən il tərəflər arasında sülh dialoqunda ciddi dəyişikliklərə səbəb olmuş bir olayı oxu­culara xatırlatmaq yerinə düşər. 2022-ci ildə Soçi görüşündən sonra danışıqlar prosesində yaranan fasilə məhz Kremlin “fəaliyyətinin” bəhrəsi idi. Keçən il bu for­matda aparılan görüşləri və sülh danışıq­larını uğurlu hesab edən ekspertlər hətta ilin sonlarında sülh müqaviləsinin imzala­nanacağını proqnozlaşdırırdılar. Rusiya­nın Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVIII konfransına qədər hadisələr Bakının irəli sürdüyü şərtlər çərçivəsində cərəyan edirdi. Məhz həmin konfransda Vladimir Putin Nikol Paşinyana xitabən “Siz Vaşinqton varian­tına razılıq verməklə Qarabağı Azərbay­canın tərkib hissəsi kimi qəbul edirsiniz”, – dedi. Əslində, bununla o, yalnız Paşin­yana deyil, bütün ermənilərə xəbərdarlıq etmiş oldu. Rusiya liderinin həmin “isma­rıcından” sonra sülh danışıqlarında fasilə yarandı. Bununla da ikitərəfli sülh danı­şıqlarının, sadəcə, formatı deyil, həmçi­nin məzmunu dəyişikliyə məruz qaldı. 

Yalan həqiqət qiyafəsində 

İrəvan bu dəstəyi əldə etməkdən ötrü son vaxtlar həm daxildə, həm də xaricdə diplomatik fəaliyyətini xeyli gücləndirib. Bu fəaliyyəti bir növ “gücləndirilmiş re­jimli diplomatik kampaniya” da adlandır­maq mümkündür. İçəridə və çöldə təşkil etdikləri siyasi təmaslar da birbaşa bu kampaniyanın qaydalarına görə təşkil olunur. Hayastan Milli Assambleyasının vitse-spikeri Ruben Rubinyanın İrəvan­da səfərdə olan Almaniya XİN-in Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asi­ya ölkələri üzrə idarəsinin siyasi direkto­ru Matias Lütenberqlə görüşü də elə bu qəbildən sayılmalıdır. Hayastan parla­mentinin sədr müavini alman diplomatla görüşdə Azərbaycanın “Laçın dəhlizini qanunsuz bloklaması” nəticəsində “Dağ­lıq Qarabağda” əmələ gələn təhlükəsizlik və humanitar xarakterli “çətinliklərə” toxu­nub. Bu “problemlərin” BMT Beynəlxalq Məhkəməsinin məcburi icra qüvvəsinə malik qərarında da yer aldığını alman diplomatın nəzərinə çatdırıb. 

Daha sonra Almaniya XİN rəsmisi­ni Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan qəbul edib. Həmin görüşdə də Qriqoryan yüksək qonağın diqqətinə “Dağlıq Qarabağ ətrafında yaranmış böh­ranı” çatdıraraq bu bölgədə “etnik təmiz­ləmənin qarşısını almaq üçün beynəlxalq ictimaiyyətinin səylərini birləşdirməyin” vacibliyini xüsusi qeyd edib. Hayastan rəsmisi, həmçinin Avropa İttifaqının mülki missiyasının Ermənistandakı fəaliyyətini, onun regional təhlükəsizliyin saxlanma­sında xidmətlərini yüksək qiymətləndirib.

Dünən isə Hayastanın xarici işlər naziri Ararat Mirzoyan Vyanaya işgü­zar səfərə gedib. O, burada avsriyalı həmkarı ilə görüşəcək, ardınca mətbuat konfransı keçirəcək. Mirzoyanın əsas görüşləri beynəlxalq təşkilatların Avropa­dakı nümayəndələri ilə planlaşdırılıb. Elə səfərin əsas məqsədi də beynəlxalq insti­tutların rəhbərləri ilə görüşmək, onlardan sülh danışıqlarında Ermənistanın yanın­da olmalarını xahiş etməkdir. 

Kampaniyaya hərbçilər də cəlb olunub

Bəlkə İrəvanın məlum kampaniyada hərəkətverici qüvvəsi rolunda Rusiya XİN-in Bakıya ünvanladığı son bəyanatı çıxış edib. Axı həmin ziddiyyətli bəyanat­da haylara “siyasi gediş ismarıcını” verən belə bir məqam da var: “Rusiya tərəfi “Dağlıq Qarabağın” (?) normal həyatını bərpa etmək üçün beynəlxalq ictimaiyyə­tin səylərinə fəal töhfə vermək niyyətini təsdiqləyir”. Baş separatçı Arayik Arut­yunyanın Paşinyanın poçtalyonluğunu etdiyi Şarl Mişelə ünvanlanmış məktu­bunda nə yazdığını təxmin etmək olar: “humanitar böhran”, “etnik təmizləmə”, “120 min erməninin acından ölmək təh­llükəsi” və bu qəbildən “əzabkeş xalqın” miskin obrazının təqdimatı. Timsahın göz yaşlarını tökməklə problemlərini həll et­məyə uğursuz cəhdlər edən hayları dün­ya artıq yaxşı tanıyır və onların saxta göz yaşlarına inanmır. Qərbin bəzi aktorları artıq bunu açıq şəkildə büruzə verməyə başlayıblar. İrəvan isə əsl simalarının hələlik tam ifşa olunmadığı okeanın o tayından nələrisə ummağa girişib. İyulun 17-18-də Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi, müdafiə nazirinin bi­rinci müavini Edvard Asryanın ABŞ-a işgüzar səfəri bu mənada maraqlı asso­siasiyalar doğurur. Asryan Vaşinqtonda Amerika Milli Qvardiyasının tərəfdaşlıq proqramının 30 illiyinə həsr olunmuş kon­fransda iştirak edib. Tədbir çərçivəsində E.Asryan ABŞ Milli Qvardiyası bürosu­nun rəisi general Daniel Hokanson, ABŞ-ın Avropa Komandanlığının strategiya, planlaşdırma və siyasi məsələlər üzrə direktoru, general-mayor Daniel Lasik, eləcə də Kanzas ştatının general-adyu­tantı, Milli Qvardiyanın komandiri, briqa­da generalı Maykl Venerdi ilə görüşlər keçirib. Həmin görüşlərdə Ermənistan-A­BŞ əməkdaşlığının hazırkı səviyyəsi və inkişafın perspektivləri müzakirə edilib. Əlbəttə, hərbi və məxfi xarakter daşıyan İrəvan-Vaşinqton təmaslarının Amerika­dakı güclü erməni lobbisinin yaxından yardımı ilə təşkil olunduğunu güman et­mək olar. Hər halda Hindistandan istədiyi silah-sursatı ala bilmədiyi deyilən Hayas­tan iqtidarının bu məsələni Vaşinqtonla müzakirə edə biləcəyi də istisna olunmur. 

Qatar hələ keçməyib 

İndi isə qayıdaq Cənubi Qafqaza, daha doğrusu, burada söz sahibi ol­maq hüququnu əlində möhkəm tutmağa çalışan Rusiya amilinə. Kremldən ötrü Ermənistan-Azərbaycan münasibətlə­rinin nizamlanması, eləcə də sülh danı­şıqlarının müsbət sonluğa qovuşması kənar vasitəçilərin təşkil etdiyi platfor­malarda, masalarda mümkün deyildir. Üstəlik, Moskva bir daha sülhün hələ tez olduğunu rəsmən bəyan etdi, “Dağ­lıq Qarabağ ermənilərinin təhlükəsizliyi, statusu” barədə açıq söylədi. Ətrafında diskussiyası səngiməyən Rusiya XİN-in bu bəyanatının hansı zərurətdən doğ­duğu bəlli olsa da, onu indiki mərhələdə yetişdirən amillər maraq doğurur. Krem­lin bu bəyanatı bəlkə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO-nun Vil­nüs Zirvəsində 2025-ci ildə Rusiyanın Qarabağı tərk etməsi ilə bağlı verdiyi açıqlamaya cavabdır? Ola bilər. Biz artıq Qərbin məqbul təşəbbüslərindən sonra Kremlin belə siyasi jestlərinə adət et­mişik. Ukrayna müharibəsi ilə əlaqədar Cənubi Qafqaza diqqəti azalan Rusiya əlini hələ bu bölgədən çəkməyib. Onun niyyəti 2030-cu ilədək Qarabağda qal­maqdır. Əslində zəfərimizlə başa çatan 44 günlük müharibədən sonra onun bu­günədək apardığı “antisülh missiyası”nın nüvəsində bu amil dayanır. Moskva üçün “qatar hələ keçməyib”, amma hər şeydən göründüyü kimi, əvvəl-axır Qafqaz eşolo­nu onun əlindən çıxacaq.

Sərsəm başların çarəsi...

İndi özlərinə dəstəkçi aradıqları Qər­bin bir çox dövlətlərinin, eləcə də bey­nəlxalq təşkilatların son iki-üç ildə hay­ları necə varsa, eləcə tanımaq imkanları oldu. Yalana, böhtana, təhrifə dövlət sə­viyyəsində rəvac verən İrəvanın döydüyü qapılardan əliboş dönməsinin əsas səbə­bi də məhz budur. Qərbin ikiüzlülüyün­dən gileylənən, “Bəs biz Qarabağı otuz il necə saxladıq?”– deyə təəccüblənən ABŞ-ın Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan Ermənis­tan rəhbərliyini bu cür ittiham edir: “Əgər Ermənistanın kadastr şəhadətnaməsi olmadığını düşünürdünüzsə, niyə beş il əvvəl hakimiyyətə gəldiniz. Bu adamlar müharibəni, sülh danışıqlarını, korrupsi­yaya qarşı mübarizəni iflasa uğratdılar, demokratik ölkə qura bilmədilər. Demok­ratik ölkədə məmur vətəndaşın üzünə tüpürməz, ölən hərbçilərin valideynlərinə belə qəddar münasibət göstərilməz. Son 105 ildə erməni xalqı belə ağır vəziyyət­də olmayıb. Cəmiyyətimizin davranışı da anlaşılmazdır. Xalqımız sanki narkotikin təsiri altındadır”.

Amerikalı erməni alimin gəldiyi son qənaət Hayastan cəmiyətinin hazırkı ic­timai-siyasi, sosial-psixoloji mənzərəsini tam çılpaqlığı ilə təsvir edir. Onun soy­daşlarının təsirinə məruz qaldığı “natko­tik”in adı isə iki əsrdir beyinlərini yuyan şovinizm, daşnakçılıq, “miatsumizm”, qonşularına qarşı torpaq iddiaları kimi mərəzlərdir. Bunun müalicəsini isə dün­yanın dörd tərəfində axtarmağa dəyməz. Pozulmuş başlarının çarəsəni özləri tap­malıdırlar... 

Fərhad MƏMMƏDOV,
politoloq

Azərbaycan sülh danışıqlarında Er­mənistanın destruktiv mövqeyindən geri çəkiləcəyini gözləyir. Bu, beynəlxalq sə­viyyədə tanınmış sərhədlər, o cümlədən beynəlxalq hüquq çərçivəzində normal prosesdir. Liderlər səviyyəsində aparı­lan danışıqların əsas leytmotivi budur və misal üçün, Brüssel formatında faktiki hər mövzunu müzakirə etmək mümkün­dür. Ermənistan hökuməti “Dağlıq Qara­bağ (?) problemini” müxtəlif beynəlxalq platformalarda müzakirə predmetinə çe­virməyə cəhdlər göstərir. Azərbaycan isə deyir ki, yaxşı, siz bizim 86,6 min kvad­ratkilometrlik ərazimizdən danışırsınız, amma öz hərəkətləriniz ilə bəyanatınızı gözdən-nüfuzdan salırsınız. Dediyinizə müvafiq olaraq, əslində, belə hərəkətlərə son verməməlisiniz. Ya da biz sizi buna son qoymağa məcbur edəcəyik. Prinsip etibarı ilə Bakı bunun bir addımlığında­dır. 

Qərb ictimaiyyəti nəyə görəsə belə düşünür ki, Ermənistan rəhbərliyi əlin­dən gələni edib. Bu zaman onlar əsas arqument kimi Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasını göstərirlər. Hesab edirəm ki, Bakı bu nəticəyə da­nışıqlar vasitəsilə deyil, güc tətbiqi ilə nail olub. Əgər keçən ilin sentyabrında Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatı olmasaydı, Paşinyan Praqada məlum etirafı etməzdi. İndi onlar vaxt qazanmaq, müxtəlif üsullara əl atmaq istəyirlər. Qarşıdakı beş-altı ayda real nəticə əldə olunmalıdır.

 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”



Siyasət