Rusiyalı politoloqlar separatizmi körükləyirlər

post-img

Azərbaycan Xarici İşlər Nazirliyinin iyulun 15-də yaydığı bəyanat Rusiyadan və Ermənistandan olan bəzi ekspertlərin kürkünə birə salıb. Onlar bəyanatda əksini tapan tənqidi məqamlardan nəticə çıxarmaq əvəzinə, ölkəmizi ittiham edirlər. Rusiyalı ekspertlər Moskvanın 2020-ci ilin payızında Cənubi Qafqazda qan tökülməsini dayandırmaq istiqamətində xüsusi səy göstərdiyini, müharibədən sonra humanitar problemlərin həllində mühüm rol oynadığını, indi isə iki ölkə arasında sülh sazişinin imzalanmasına çalışdığını vurğulayırlar. Ancaq onların nə deməsindən asılı olmayaraq, fakt faktlığında qalır.

Fakt isə bundan ibarətdir ki, regi­onda sülh və əmin-amanlığın yaran­masında Rusiya səmimi deyil. Moskva 2020-ci ilin noyabrında imzalanmış üç­tərəfli Bəyanatın şərtlərinin yerinə ye­tirilməsindən, xüsusilə onun dördüncü maddəsinin (erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması) icrasından indiyədək yayınır. Məqsəd aydındır: Qarabağ məsələsində istənilən dəyi­şiklik, Ermənistan–Azərbaycan müna­sibətlərinin yaxşılaşmasına yönələn bütün təşəbbüslər Rusiyanın ürəyincə deyil. Əgər Rusiya 2020-ci ilədək möv­cud olan münaqişə ilə bağlı status-kvo­nun qalmasında maraqlı idisə, hazırda 2020-ci ildən sonrakı vəziyyətin dəyiş­məz olaraq qalmasının tərəfdarıdır.

Rusiyanın müəyyən dairələri Qarabağ er­mənilərinin Azərbaycana reinteqrasiyasının qarşısını almaq üçün Ruben Vardanyan adlı cibində rus xalqından oğurladığı milyardlar olan dələduzu Xankəndiyə göndərdi. Düzdür, Bakının israrlı tələblərindən sonra Vardan­yan bu ilin fevralında separatçıların “dövlət naziri” vəzifəsindən “istefa” verməyə məc­bur oldu, ancaq, o, yenə də bölgədə qalaraq pozucu rolu oynamaqdan əl çəkmir. Burada da ona arxa-dayaq olan Rusiya sülhməramlı kontingentidir. Yeri gəlmişkən, sülhməram­lı adı ilə bölgəyə yerləşdirilmiş hərbi qüvvə Rusiyanın burada mövcudluğunun əsas ele­mentidir.

Üçtərəfli bəyanatda onun qalma müddə­tinin 5 il olduğu göstərilib. O da qeyd olu­nub ki, əgər müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hansısa biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır. Aydın məsələdir ki, Moskva bu müddətin uzadılmasını istəyəcək. Bölgədə ona ehtiyacın olduğunu bəyan edəcək. Ru­siyanın Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinə imkan verməməkdə əsas niyyətlərindən biri də sülh­məramlıların qalma müddətini uzatmaq üçün əsaslar yaratmaqdır.

Qeyd etdiyimiz kimi, Azərbaycan XİN-in bəyanatı Rusiyada narazılıqla qarşılanıb. Politoloq Mixail Aleksandrov bildirib ki, Azərbaycanın Rusiyanı 2022-ci ilin fev­ralında Moskvada imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə əməl etməməkdə suçlaması Rusiya XİN-in yüksək qeyri-peşəkarlığını göstərir. Onun fikrincə, guya, Laçın yolunda “blokada” tət­biq edərkən üçtərəfli bəyanatın müddəalarını ilk pozan Azərbaycan olub. Politoloq fikrini bununla əsaslandırıb ki, Rusiya dərhal Azər­baycanı üçtərəfli bəyanatı və Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməni pozmaqda ittiham etməli idi: “Laçın yolunun “blokadası” təkcə Qarabağa və İrəvana deyil, həm də Rusiyaya qarşı yönəlmiş hərəkətdir. Dərhal demək lazım idi ki, Azərbaycan müt­təfiqlik bəyannaməsinə əməl etmir, Rusiya Xarici İşlər Nazirliyi isə susur. Nəticədə Bakı Rusiyanı bəyannaməyə əməl etməməkdə təq­sirləndirir, baxmayaraq ki, onu birinci özü pozub. Bu da ondan irəli gəlir ki, Moskva ilə Bakı arasındakı ziddiyyətləri hər cür yum­şaltmağa, Rusiya ictimaiyyətini çaşdırmağa çalışan Rusiya Xarici İşlər Nazirliyində azər­baycanpərəst lobbi fəaliyyətini davam etdirir. Ona görə də Rusiyanın böyük dövlət statusu­na uyğun gəlməyən kifayət qədər ziddiyyətli və dişsiz bəyanatlar verilir”.

Rusiyalı politoloqun azərbaycanpərəst lobbi ilə bağlı dedikləri müdrik atalarımızın dediyi “adımı sənə qoyum, səni də yana-ya­na” zərb-məsələni xatırladır. Məsələ ondadır ki, Rusiyada, eləcə də ABŞ-da, Fransada və dünyanın digər böyük dövlətlərinin parla­ment və hökumətlərində, media orqanlarında güclü erməni lobbisi fəaliyyət göstərir. Otuz il ərzində bizim haqq səsimizin dünyaya çat­masına imkan verməyən, haqlı olduğumuz halda bizi haqsız çıxaran, əleyhimizə qət­namələr və digər sənədlər qəbul etdirən məhz erməni lobbisi olub. İndi rusiyalı politoloqun Moskvada, guya, Azərbaycanın lobbisinin fəaliyyət göstərdiyini iddia etməsi heç bir qəlibə sığmayan fikirdir. Özünü politoloq adlandıran şəxs gərək, bu dərəcədə yalan da­nışmasın. Görünür, Mixail Aleksandrov özü erməni lobbisindən, hayların pul kisəsindən asılıdır, indi isə öz adını başqalarına qoyur.

***

Bununla belə, Rusiyada prosesləri rasio­nal şərh edən ekspertlər də var. Bu istiqamət­də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Xalq Araşdırmaları Mərkəzinin aparıcı elmi işçisi, politoloq Nikolay Silaye­vin fikirləri diqqəti cəlb edir. O bildirib ki, rəsmi İrəvan Qarabağı Azərbaycan ərazisinin bir hissəsi kimi tanıyıb və bu, Ermənistan rəhbərliyinin işidir. Bununla belə, bu tanınma 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatın şərtlərini dəyişir.

Onun sözlərinə görə, belə şəraitdə Qara­bağın erməni əhalisinin taleyi üçün məsuliy­yəti üçüncü ölkələrin üzərinə atmaq olmaz. “Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıdıqdan sonra elə bir vəziyyət yaran­dı ki, bu vəziyyətdə Rusiya ofsaydda qaldı. Buna rəğmən, Ermənistanın dövlət təbliğa­tında Qarabağ əhalisinin bütün bəlalarında Moskvanı ittiham etmək xətti açıq-aşkar görünür. Rusiya Xarici İşlər Nazirliyinin bə­yanatı bu cür ittihamları dəf etmək məqsədi daşıyır”.

Bu arada Rusiya Xarici işlər nazirinin sabiq müavini, hazırda parlamentin yuxarı palatası – Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin Milli Məclisin deputatı Qüdrət Həsənquli­yevin bəyanatına münasibət bildirib. Qeyd edək ki, Q.Həsənquliyev Rusiya XİN-in 15 iyul tarixli bəyanatına cavab olaraq deyib ki, Moskva Cənubi Qafqazda sülh istəmir, həm­çinin Azərbaycan və erməni xalqları arasın­da qanlı münaqişənin davam etdirilməsində maraqlıdır. Parlamentari Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını tələb edib.

Q.Karasin cavabında yenə Rusiyanın, onun rəhbər şəxslərinin bölgədə oynadığı barışdırıcı rolundan bəhs edib. Qeyd edib ki, 2020-ci ilin payızında bölgədə axan qan Rusiya Prezidentinin şəxsi vasitəçiliyi ilə dayandırılıb, Moskvanın iştirakı ilə Ermənis­tan–Azərbaycan münasibətlərinin normallaş­masının əsasını təşkil edən ən yüksək səviy­yədə üçtərəfli saziş hazırlanıb. “Ümid edirəm ki, bu cür anti-Rusiya hücumları Bakının rəs­mi mövqeyini əks etdirmir. Onların Azərbay­can parlamentində də dəyərləndirilməsi vacib olardı”, – deyən sabiq nazir müavini əlavə edib ki, Qarabağda münaqişənin bütün mər­hələlərində əsasən Rusiyanın səyləri nəticə­sində hərbi əməliyyatları dayandırmaq, tərəf­ləri danışıqlar masası arxasına əyləşdirmək və kompromislərə getmək mümkün olub.

Nəhayət, Q.Karasin sözünün “musta­fasını” deyib. Rusiyalı sülhməramlıların Qarabağ erməniləri üçün görmüş olduqları işləri sadalayaraq (?) minnət qoyan senator onların Qarabağa sülh gətirdiklərini (?) iddia edib: “Bizim sülhməramlılarımız Qarabağ ermənilərinə və azərbaycanlılara sülhün gün­dəliyini müzakirə etmək şansı verdilər. Biz Rusiya kontingentinin çıxarılması ilə bağlı tələbləri tamamilə məsuliyyətsiz hesab edi­rik”.

Beləliklə, Rusiya təmsilçisi açıq-aydın bildirir ki, onlar Qarabağdan çıxmaq niy­yətində deyil. Ancaq onlar indiyədək başqa fikirlər də söyləyirdilər. Sülhməramlıların qalma müddətinin başa çatmasına iki il dörd ay vaxt qalıb. O vaxtadək çox sular axıb du­rulacaq. Azərbaycan isə qarşısına qoyduğu hədəflərə doğru addım-addım irəliləyir. Pre­zident İlham Əliyevin mayın 28-də Laçın şəhərinə qayıdan əhali ilə görüş zamanı dedi­yi kimi, Vətən müharibəsinin başa çatmasın­dan ötən iki il yarım ərzində bütün planları­mız ardıcıllıqla, tədricən həyata keçdi və biz öz planlarımızın son addımlığındayıq. Cənab İlham Əliyev qeyd etdi ki, o addım da atıla­caq və buna şübhə etmir. Bəli, Azərbaycan qarşısına qoyduğu bütün məqsədlərə nail ola­caq. Buna yaxın-uzaq xaricdə heç bir qüvvə şübhə etməməlidir. 

Rizvan HÜSEYNOV,
hərbi-siyasi şərhçi

– Rusiyalı ekspertlər, əsasən sözü­gedən ölkənin xarici siyasət idarəsinə yaxın şəxslərdir. Moskva bu bölgəni iti­rir. Bunu Kremldə hakim zümrə də an­layır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Rusiya sülhməramlılarının 2025-ci ildə Qarabağı tərk edəcəyini açıqlayıb. Fikir verin ki, cənab Ərdoğan bu sözü NATO-nun Vilnüs Sammitində jurnalistlərlə söhbətində deyib.

Bundan başqa Brüssel görüşünün vaxtı dəyişdirilərək bir həftə tez keçiril­di. Bu onu göstərir ki, Rusiya buradakı əsas təsir vasitəsini itirir. Onun əsas tə­sir vasitəsi də sülhməramlı kontingent idi. Rusiya üçtərəfli bəyanatın yalnız dördüncü bəndindən yapışıb. Həmin bənddə sülhməramlıların yerləşdirilməsi əksini tapıb, ancaq onların erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şə­kildə yerləşəcəyi də qeyd olunub. Ancaq bu bənd icra olunmur. Noyabrda bu bən­din havadan asılı qalmasının 3 ili tamam olacaq. Deməli, bu icra olunmayıbsa, sülhməramlıların Qarabağda qalmasına da Azərbaycan heç bir əsas görməyəcək. Bunu da Azərbaycan bildirib. Kremldəki bəzi dairələr bunu anlayırlar. Amma Xa­rici İşlər Nazirliyi bunu anlamaq istəmir. Ona görə də bu gərginliyi yaradırlar.

 

Səxavət HƏMİD, “Xalq qəzeti”



Siyasət