Brüssel formatı: Mişelin nikbinliyi Cənubi Qafqazda “buzları əridir”

post-img

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla iyulun 15-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilmiş görüşünün yekunları ilə bağlı Şarl Mişel tərəfindən səslənmiş açıqlamanı təhlil edərkən, bir sıra məqamların üzərində dayanmaq mümkündür. 

Əvvəla, Aİ Şurasının Prezidentinin Azərbaycan və Ermənistan liderlərinin müzakirələrinin səmimi, dürüst və məzmunlu olduğunu bildirməsindən söz açaq. Bu, son dərəcə vacibdir. Ehtimal etmək mümkündür ki, daha pozitiv nəticələr də var, sadəcə onlar hələlik gündəmə gətirilmir... 

Ş.Mişel bildirdi ki, özünün vasitəçiliyi ilə reallaşmış görüş Ermənistan və Azərbaycan liderlərinin, baş nazirlərinin müavinlərinin və xarici işlər nazirlərinin mayın əvvəlindən Brüsseldə, Kişineuda, Vaşinqtonda və Moskvada reallaşmış, intensiv və məhsuldar məcraya malik yüksək səviyyəli görüşlər silsiləsinin davamı oldu. Burada diqqət çəkən cəhət Mişelin tərəflərin Moskva və Vaşinqtondakı təmaslarından söz açmasıdır. 

Məlumdur ki, Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri iyunun 27–29-da Birləşmiş Ştatların paytaxtında bir araya gəlmişdilər. Deməli, bir daha vurğulanır ki, Vaşinqton prosesi kollektiv Qərb tənzimləməsinin tərkib hissəsidir. Moskvaya gəlincə, Rusiya vasitəçilik xəttinin yada salınmasını, Aİ Şurasının Prezidentinin kiçik balans jesti kimi qiymətləndirmək mümkündür. Başqa sözlə desək, Qərb Kremlin vasitəçilik missiyasını nəzərə alır və həmin missiya çərçivəsindəki anlaşmaları da Cənubi Qafqazdakı münaqişəli durumun aradan qaldırılmasına dəstək elementi qismində dəyərləndirir. Əlbəttə, Rusiya element olmaq istəmir. Bu ölkənin Xarici İşlər Nazirliyinin Azərbaycan və Ermənistan liderlərinin 15 iyul Brüssel görüşü əsnasında yaydığı bəyanat da bunun təsdiqidir. 

Kremlin xarici siyasət üzrə baş idarəsinin bəyanatından hiss olunur ki, Moskva 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmanı, sanki, ehkamlaşdırır və onun qeyri-müəyyənliyə əsaslanmış ritorikasını saxlamaq niyyətindədir. Rusiya öz mövqeyini Azərbaycan və Ermənistan liderləri Brüsseldə görüşdüyü gün açıqlayıb və göstərib ki, əldə olunacaq nəticələri tanımayacaq. Azərbaycan Xarici İşlər Nazirliyinin cavabı da bu məqamın nəzərə alınması ruhundadır. 

Rusiya XİN-in bəyanatının Azərbaycanla bu ölkə arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə zidd olduğunun vurğulandığı cavabda Kreml rəhbəri Vladimir Putinin Qarabağ bölgəsi daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən çıxışlarının xatırlanması tam yerindədir. Ölkəmizin əsas xarici siyasət idarəsinin cavab bəyanatındakı bu məntiq də tutarlıdır: "Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin 30 ilə yaxın müddətdə ərazilərimizi işğal altında saxlayan Ermənistanın Baş nazirinin Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıması faktı kontekstində şərh etməsi və şərtləndirməsi qəbuledilməzdir”.

Digər tərəfdən, Rusiya üçtərəfli Bəyanatı ehkam kimi qəbul edirsə, həmin sənədə əsasən, Azərbaycan ərazisində mövcud olan erməni silahlı qüvvələrinin qalıqlarının tam çıxarılması təmin edilməyib. Qarabağdakı rus sülhməramlılarının həmin silahlılar üçün patronajlığını da az görməmişik. Belə nəticəyə gəlirik ki, indiki halda Rusiya özünü Azərbaycan–Ermənistan münasibətlərinin yaxşılaşdırılmasına xidmət ampluasında təsəvvürə gətirmir. Halbuki, Ş.Mişel ölkənin adını həmin kontekstdə çəkmişdi. 

Elə isə Aİ Şurasının Prezidentinin məlum açıqlamasındakı digər məqamlara diqqət yetirək. “Biz Ermənistan ilə Azərbaycan arasında danışıqların ən əhatəli və mürəkkəb mərhələlərindən birini keçirik”, - deyən Ş.Mişelin liderlərin prosesə sadiqliklərini xüsusi vurğulaması da adi məsələ deyil. Ancaq “mən onları normallaşma yolunda qəti və dönməz irəliləyişi təmin etmək üçün daha cəsarətli addımlar atmağa çağırdım”. 

Aİ Şurasının Prezidenti liderlərin 15 iyul görüşünün regionda gərginliyin artması fonunda baş tutduğunu vurğuladı. Maraqlıdır ki, gərginlik artır, ancaq Ş.Mişel siyasi müzakirələrdə və səylərdə mühüm irəliləyişin olduğundan danışır. Sual yaranır: siyasi müzakirələrdə irəliləyiş varsa, üstəlik, əvvəldə də diqqətə çatdırdığımız kimi, görüşdəki müzakirələr səmimi, dürüst və məzmunlu alınıbsa, gərginlik nə üçün yaranır? Necə olur ki, Laçında, Həkəridəki sərhəd nəzarət-buraxılış məntəqəsində Azərbaycan hərbçilərinə atəş açılır? Niyə Qarabağa qaçaqmalçı daşımalar həyata keçirilir? Nəhayət, Azərbaycan ordusunun mövqeləri hansı səbəbdən atəşə tutulur? Bunu edən Ermənistan deyilmi? – Ermənistandır. 

Belə olan halda Mişelin gərginliyi siyasi müzakirələrdəki irəliləyişlə əvəzləməsi maraq doğurur. Gəldiyimiz qənaət: Qərb bölgədə baş verən və baş verəcək istənilən mənfi presedent fonunda özünün vasitəçilik missiyasından dönməyəcəkdir. Əslində, Aİ Şurasının Prezidentinin vurğuladığı budur. Yeri gəlmişkən, Rusiyanın üçtərəfli Bəyanat eykamçılığı qarşısında belə bir dönməzliyin nümayişi prinsipial məsələdir. 

Bəli, Qərb öz vasitəçiliyinə, Ş.Mişel isə daşıdığı missiyaya son dərəcə ciddi yanaşır. Mövcud yanaşma Azərbaycan–Ermənistan münasibətlərinin tənzimlənməsi üzrə gündəlikdə duran bütün məsələlərin hər birindən söz açılmasını rəhbər tutur. Maraqlıdır ki, bu məqam Aİ Şurası Prezidentinin vasitəçiliyi ilə indiyədək keçirilmiş görüşlərdə əhatəli ifadə olunmamışdı. Başlıca olaraq iki Cənubi Qafqaz ölkəsi arasında sülhün yaradılması səyləri əsas götürülmüşdü. Rusiya buna cavab olaraq tərəflər arasında həll edilməyən problemlərin qaldığını qabardır və müəyyən mənada haqlı  görünürdü. 

Amma onu da vurğulayaq ki, Moskvanın haqsızlığı bilavasitə üçtərəfli Bəyanat üzərinə fokuslanmasıdır. Çünki həmin sənəd mahiyyət etibarilə sülh üçün yalnız yarımçıq preambuladır. Nəzərə alaq ki, 44 günlük müharibəyə son qoyan, prinsip etibarilə atəşkəsi təmin edən bəyanatda dəqiq müəyyənləşdirilmiş cəhətlər də var ki, yuxarıda onlardan ən mühümünə əməl olunmadığını diqqətə çatdırdıq. Yəni, Azərbaycan ərazisində qeyri-qanuni erməni hərbi birləşmələri qalmaqdadır. Belə olan halda Rusiya nədən danışır? Daha doğrusu, nəyin vasitəçiliyini edir? 

Bəli, Moskvanın himayəsi altında Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərindən ibarət komissiya fəaliyyətdədir. Ancaq sözügedən qurumun hansısa məsələdə konkret nəticəyə gəldiyinə dair real fakt yoxdur. Bu durumda Qərb vasitəçiliyinin Azərbaycan–Ermənistan sülh prosesinə haqqında söz açdığımız kompleks yanaşmasını görürük. Mişel açıqlamasında həmin yanaşmanın ayrı-ayrı elementlərini sadalayır. Məhz bu əhatəlilik Aİ Şurası Prezidentinin təmsil etdiyi sülh nizamlaması xətti üzrə yenilik sayılmalıdır.

Yanaşmadan və yenilikdən söz düşmüşkən, Mişelin açıqladığı suverenlik və ərazi bütövlüyü məsələsi üzərində dayanaq və vasitəçinin mövcud xüsusda bildirdiklərinə nəzər salaq. O deyir: “Ermənistan və Azərbaycan liderləri Ermənistanın 29,8 min kvadratkilometr, Azərbaycanın isə 86,6 min kvadratkilometr olmaqla ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşdıqlarını bir daha qəti şəkildə təsdiqlədilər”. Bu, ilk baxışdan, əvvəl də də vurğulanıb. Ancaq nəzərə alaq ki, bölgədə gərginliyin müşahidə olunması fonunda tərəflərin bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşdıqlarını təkrar dilə gətirmələri vacibdir. Axı, gərginliyin yaranmasında maraqlı qüvvələr var. Mişelin açıqlaması həmin qüvvələrə, bir növ, subliminal mesajdır. Əlbəttə, Qərb vasitəçiliyi üçün Azərbaycan və Ermənistan liderlərinin götürülmüş kursa sadiqliyi əminlik baxımından vacibdir. Aİ Şurasının Prezidenti isə həmin əminliyi öz missiyasına dividend olaraq görməkdə haqlıdır. 

Ş.Mişelin üzərində dayandığı növbəti məqam sərhədlərin delimitasiyası ilə bağlı idi. O bildirdi ki, hər iki lider delimitasiya üçün siyasi çərçivə kimi 1991-ci il “Alma-Ata Bəyannaməsi”nə birmənalı sadiqliklərini bir daha təsdiq etdilər. Bu isə o deməkdir ki, sabiq SSRİ Müdafiə Nazirliyinin Baş Qərargahının ötən müddətdə haqqında söz açılmış 1975-ci il xəritəsi və mövcud xüsusdakı digər məsələlər Qərb vasitəçilik xətti, indiki halda Azərbaycan və Ermənistan arasındakı tənzimləmə müstəvisində aktual deyil. Üstəlik, Mişel hər iki ölkənin baş nazirlərinin müavinlərindən ibarət sərhəd komissiyasının 12 iyul tarixli iclasını alqışladığını diqqətə çatdırır və bildirir ki, qurumun sərhədlərin müəyyənləşdirilməsinin əsasları ilə bağlı müzakirələrində irəliləyiş əldə edilib. 

Qeyd edək ki, Mişel sözügedən komissiya ilə bağlı ilk açıqlamasını ötən il aprelin 6-da Azərbaycan və Ermənistan lidelərinin görüşü sonrası bəyanatında səsləndirmişdi. O, Birgə Sərhəd Komissiyasının mandatının Ermənistanla Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası, sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətini təmin etməkdən ibarət olacağını vurğulamışdı. Deməli, Qərb məsələdəki ardıcıllığını möhkəmləndirir. Elə buna görə Ş.Mişel hazırkı açıqlamasında deyir: “Ən mühümü isə odur ki, liderlər komissiyaların işini intensivləşdirmək və sürətləndirmək barədə razılığa gəliblər”.

Aİ Şurası Prezidentinin 15 iyul görüşü ilə bağlı açıqlamasındakı daha bir məqam kommunikasiyalarla bağlıdır. O, tərəflərin bu istiqamətdə də irəliləyişə nail olduqlarını vurğulayıb. Maraqlıdır ki, irəliləyiş son iki ayın məhsulu kimi diqqət çəkməkdədir və cənab Mişel də bu məqamı dilə gətirir. Ən əsası isə o bildirir: “Biz suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsiplərinə cavab verən gələcək nəqliyyat razılaşmalarının şərtlərini müzakirə etdik”.

Diqqət yetirək, nə vaxt ki, ölkələr bir-birilərinin ərazi bütövlüklərini tanıdılar, o zaman kommunikasiyaların açılması ilə bağlı müzakirələrdə irəliləyiş qeydə alındı. Ona da diqqət yetirək ki, Ermənistanın və Azərbaycanın qarşılıqlı şəkildə bir-birilərinin ərazi bütövlüyünə hörmət göstərmələri regionun gələcək inkişafı baxımından önəmlidir. Deməli, birinci tanınma olmalıdır, sonra əməkdaşlıq. Əslində, məntiqi olan da budur. 

Müqayisə üçün diqqətə çatdıraq ki, Rusiya nizamlama xətti ilk növbədə, kommunikasiyaların açılmasını, sonra münasibətlərin tənzimlənməsini istəyir. Bununla da Kreml faktiki olaraq, Qarabağda, ümumən, bölgədə özünün jandarm funksiyasını davam etdirməyi düşünür. Yəni bölgədəki komminikasiyalar üzərində təhlükəsizliyi özü təmin etmək istəyir ki, istənilən an tərəflərə təzyiq göstərə bilsin. Onu da nəzərə alaq ki, bu təzyiq yalnız tərəflərə deyil, bütövlükdə, Cənubi Qafqazda iqtisadi əməkdaşlıqda maraqlı olan qütblərə ünvanlanıb. İndi belə görünür, Qərb işi təminat altına almaq istəyir. Ona görə kommunikasiyaların açılmasında ərazi bütövlüyü məsələsini əsas götürür. Deməli, faktiki olaraq, Rusiya amili nəzərə alınmır. Əlbəttə, Azərbaycan və Ermənistan müstəqil dövlətlərdirlərsə, o zaman Moskva bu trayektoriyada olmalı deyil. Daha doğrusu, bölgədə mövcudluğun əməkdaşlıq tərəflərini düşünməlidir, zorbalığı və hegemonluğu yox...

Əməkdaşlığa gəlincə, Ş.Mişel bu istiqamətdə konkretdir. O bildirir ki, dəmir yolu xəttinin tikintisinə dərhal başlanılmalıdır və buna Avropa İttifaqı maliyyə töhfəsi verməyə hazırdır. Deməli, Qərb nəticə istəyir və loru dildə desək, bu işə pul xərcləməyə də hazırdır. Ancaq cənab Mişel bunu da deyir: “Bəzi detallar hələ də aydınlaşdırma tələb edir, lakin bu mövzuda indi mövqelər yaxınlaşır və variantlar fəal şəkildə araşdırılır”.

Aİ Şurası Prezidentinin liderlərin 15 iyun görüşü sonrası açıqlamasının “Humanitar yardımlar” bölümü də önəmlidir. Mişel bildirir ki, 15 iyul görüşündə Qarabağın erməni əhalisinin durumunu, Laçın dəhlizi ətrafındakı situasiyanı nəzərdən keçiriblər. “Aydındır ki, mövcud vəziyyət dayanıqlı deyil və heç kimin marağına uyğun gəlmir. Vəziyyətin normallaşmasına kömək üçün mümkün konkret addımları da müzakirə etdik”, - deyən vasitəçi əlavə edir ki, Laçın yolunun açılmasını vacib sayır. 

Burada diqqət çəkən məqam onun “Azərbaycanın Ağdamdan humanitar yardımları təmin etmək istəyini də qeyd etdim” deməsidir. Nəzərə alaq ki, bunun özü də yenilikdir. Deməli, Ş.Mişel bölgənin hüquqi sahibinin yerli əhalinin qayğısına qalmalı olduğu düşüncəsini beynəlxalq ictimai rəyə daşıyır. Əlbəttə, Aİ Şurasının Prezidenti diplomatikliyini qoruyur və istəmir ki, haqqında söz açdığı mətləbi böyütsün. Yəni, o, “ərazi Azərbaycanındırsa, öz əhalisini təmin etməli olan tərəf də Azərbaycandır” deyə bilərdi. Ancaq demir və bildirir ki, hər iki variantı vacib sayır və əhalinin ehtiyaclarının təmin olunması üçün hər iki tərəfdən humanitar yardımların çatdırılmasını dəstəkləyir. 

“Yerli əhalinin, ilk növbədə, hüquqlarının və təhlükəsizliyinin təmin olunmasına ehtiyacı var”, - deyən Ş.Mişel bu kontekstdə Avropa İttifaqının Bakı ilə Qarabağda yaşayan ermənilərin nümayəndələri arasında birbaşa dialoqu dəstəklədiyini diqqətə çatdırır. Bu dialoqun çox vacib əhəmiyyət daşıyan etimadı təmin etməli olduğuna diqqət çəkir. Göründüyü kimi, cənab Mişel “erməni nümayəndələr” ifadəsini işlədir. Deməli, kollektiv Qərb Ermənistan hakimiyyəti tərəfindən irəli sürülən “Bakı–Xankəndi” dialoqu kimi siyasi avantüranın yalnız “dialoq” tərəfi üzərində dayanır. Qarabağdakı separatçı rejimi nəzərə almır. Hesab edirik ki, mövcud məqam da ölkəmiz adına kifayət qədər böyük diplomatik uğurdur. 

Qərbin Azərbaycan–Ermənistan münasibətlərinin tənzimlənməsinə kompleks yanaşmasını səciyyələndirən məqamlardan biri də Ş.Mişelin açıqlamasında əksini tapmış və “Saxlanılanlar” kimi adlandırılmış məsələdir. Söhbət ehtiyatsızlıqdan qarşı tərəfə keçən şəxlərin, o cümlədən hərbçilərin azad olunmasından gedir. Məlum olduğu kimi, ölkəmizin iki hərbi qulluqçusu bir neçə ötən aylarda yolu azaraq qarşı tərəfə keçib. Onlar saxlanıldıqdan sonra nalayiq rəftara, alçaldıcı hərəkətələrə məruz qalıblar. Üstəlik, barələrində cinayət işi də açılıb, saxta məhkəmə də keçirilib, hətta qondarma qərar da çıxarılıb. Ancaq hərbçilərimizdən fərqli olaraq, Ermənistanın ifşa olunmuş diversiya qrupunun Azərbaycan ərazisində məqsədli fəaliyyət göstərdiyi sübuta yetirilib. 

Belə olan halda Ş.Mişel liderlərin haqqında söz açdığı alicənablığının nədən ibarət olduğuna aydınlıq gətirməyib. Hər bir halda müzakirəyə çıxarılmış məsələ önəmlidir. Həm də ona görə ki, onun tərkibində itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinə dair vacib element də var. 

Daha bir mühüm əhəmiyyət daşıyan məsələ isə minatəmizləmə üzrə əməkdaşlığın genişləndirilməsidir. “Mən bir daha tərəfləri mümkün qədər çox məlumat mübadiləsi aparmağa çağırdım”, - deyən Aİ Şurasının Prezidentinin Qarabağı və işğaldan azad edilmiş torpaqlarımızı nəhəng mina meydançasına çevirmiş Ermənistan rəhbərliyinin səmimiyyətinə inanması təəccüb doğurur. Çünki bu ölkə düzgün mina xəritələri təqdim etməkdən boyun qaçırır. 

Əvvəldə də vurğuladıq ki, Qərb vasitəçilik xəttində ardıcıllıq var. Sonda Aİ-nin yüksək ranqlı təmsilçisinin fikirləri kontekstində bu məqamın üzərinə yenidən qayıtmaq istərdik. Ş.Mişel bildirir ki, “Biz razılaşdıq ki, komandalarımız bu gün müzakirə olunan məsələlərin daha sonra konkret inkişafını təmin etmək üçün sıx təmasda olacaqlar”. Digər tərəfdən, o, Ermənistan və Azərbaycan liderlərinə yaydan sonra Brüsseldə növbəti görüşə dəvət etmək niyyətini çatdırdığını deyir. Bundan əlavə, “Avropa siyasi birliyi”nin növbəti  Zirvə toplantısı çərçivəsində Qranadada Fransa və Almaniya liderlərinin də iştirakı ilə beştərəfli görüş təklifindən də söz açır.

“Real inkişaf yaxın gələcəkdə atılmalı olan növbəti addımlardan asılıdır. Əsas prioritet isə odur ki, sülh və normallaşma danışıqlarına lazımi şəraiti təmin etmək üçün zorakılıq və sərt ritorika dayandırılmalıdır”, - deyən cənab Mişel haqlıdır. Ancaq o, bəzi spesifik məsələləri nəzərdən qaçırır. Zorakılıq deyil, sərt ritorikaya üstünlük verən Azərbaycandır. Nəzərə alaq ki, bu gün Qərb vasitəçilik xəttinin Azərbaycan–Ermənistan nizamlamasında az-çox uğuru varsa, bu, həmin ritorikaya görədir. 

Başqa sözlə desək, Bakı İrəvanın anladığı dillə danışır. Hələ belə danışmağımıza rəğmən Ermənistan silahlı qüvvələri mövqelərimizi atəşə tutur, çeşidli təxribatlar törədir, ölkə rəsmiləri isə anti-Azərbaycan təbliğatına ara vermir, müxtəlif manipulyasiyalara baş vurur, özlərindən yeni reallıqlar qondarmağa cəhd göstərirlər. Azərbaycan və Ermənistan liderlərinin iyulun 15-də keçirilmiş görüşü və görüşlə bağlı Ş.Mişelin verdiyi açıqlama göstərdi ki, əsas danışıqlar masasında İrəvanın diqqətə çatdırdığımız manevr məqsədli cəhdləri hansısa uğur qazana bilməyib. Bu isə şübhəsiz ki, Azərbaycan Prezidenti İlham Əliyevin səriştəsinin, müstəsna diplomatik bacarığının, ümumən, ölkəmzin hərbi və siyasi qüdrətinin bariz nəticəsi və göstəricisidir. 

 

Əvəz CAHANGİROĞLU, 
“Xalq qəzeti”

 



Siyasət