“Sahar TV”nin teoloji-ideoloji zəhəri

post-img

İranda dini-ideoloji dəyərlərin “alovlu təbliğatçısı” rolunda çıxış edən “Sahar” telekanalı öz efirindən pozuculuq fəaliyyəti üçün gen-bol istifadə edir. Azərbaycan cəmiyyətində inanca və dövlətçiliyə qarşı yad təmayülləri yaymağı və formalaşdırmağı hədəfləyən bu “şər mikrofonu” iki qonşu xalq və dövlət arasında nifaq salmaq istəyir. Hər zaman olduğu kimi, vətəndaşlarımızı mövcud quruluşa qarşı qaldırmaq “niyyəti” güdür. 

Bəli, 1992-ci ildə fəaliyyətə başlamış “Sahar TV” son vaxtlar bütün hədləri aşa­raq, ölkəmizə münasibətdə aşağılayıcı ritorika ilə müşayiət olunan təxribatlarını daha da genişləndirib. Onun verilişlərini izləyəndə tamaşaçıda elə təsəvvür yara­nır ki, bu televiziya kanalı Azərbaycanın müstəqilliyinə düşmən kəsilib. Telekanal Vətənimizdə baş verən müsbət dəyişik­likləri həzm edə bilmir. Ölkəmizin dön­məz inkişaf və tərəqqi yoluna qədəm qoyması, beynəlxalq müstəvidə söz sa­hibinə çevrilməsi, sanki, kal armud kimi ilişib qalıb boğazında. “Sahar”in Azər­baycana münasibətdə mənşəyi və səbə­bi bəlli qısqanclıqları, xüsusən, 44 günlük müharibədəki Zəfərimizdən sonra daha da çoxalıb. Dövlətimizin ünvanına sax­ta ittihamları, yalanları, şər-böhtan dolu hədyanları sıralamaqdadır. 

Müstəqillik illərində Tehranla Bakı arasında münasibətlərin normal məc­rada getdiyi, nisbətən soyuduğu və bəzi səbəblərdən diplomatik münaqişə həddinə çatdığı zamanlar olub. Amma bütün bu trayektoriyanın media orqanı­na, böyük ölçüdə aidiyyatı yoxmuş kimi görünür. Telekanal ənənəvi “ampluasın­dadır”. Yəni, “Sahar TV” ideoloji zəhər saçmağındadır. Bununla bağlı misallar yetərincədir. 

Barışığa pəl vuran mikrofon 

Çox uzağa getmədən bir faktın üzə­rində dayanaq. Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının iclasında iştirak etmək üçün Bakıya gəlmiş İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahianı qəbul edərək, onunla bir saatdan artıq söhbət apardı. İki ölkə arasındakı gərginlik doğurmuş mövzu­ların səmimi şəkildə müzakirə olunduğu görüşdə, Azərbaycanın Tehrandakı səfir­liyinə qarşı törədilmiş terror aktının İranın məhkəmə və hüquq-mühafizə orqanları tərəfindən çox ciddi şəkildə araşdırıldığı­nı deyən nazir ali diplomatik missiyamı­zın fəaliyyətinin tezliklə bərpa olunacağı­na ümid bəslədiyini bildirdi. 

Dövlətimizin başçısı da, öz növbə­sində, terror aktında müqəssir şəxslə­rin layiqli cəza alacaqlarına inandığını vurğuladı. Jurnalistlərə açıqlamasında məmnunluğunu ifadə edən cənab Ab­dullahian iki ölkənin aidiyyəti nümayəndə heyətlərinin yaxın vaxtlara planlaşdırılan təmasını da müsbət hal kimi qiymətlən­dirdi. 

“İranın iki ölkə arasında fikir ayrılıqla­rını aradan qaldırmaq üçün ciddi addım atmaq niyyətini görürük və hiss edirik. Belə olan təqdirdə, Azərbaycan tərəfi də adekvat addımlar atacaq”. Bunu isə Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov deyib. Ümumən, xoş mərama söykənmiş, qarşılıqlı etimadın, eləcə də iki ölkə arasında soyumuş diplomatik münasibətlərin bərpasının müjdələndiyi bu mənzərəni Azərbaycanın aparıcı me­dia qurumları səxavətlə tirajladılar. Bəs, “Sahar TV” nə etdi? 

Təsəvvür edin ki, yüksək səviyyəli gö­rüşdən cəmi üç gün sonra – iyulun 8-də “Axşam rubrikaları”nın efirindən oxuduğu xəbəri “Nazim Bəydəmirlinin həbsi vic­dan üzərinə növbəti hücumdur” başlığı ilə anonslayan aparıcı şərhçi qonaqla canlı əlaqə qurur. Özünü siyasi ekspert sayan neobolşevik xislətli Qəhrəman Nu­rani adlı biri mövzuya dair açıqlamasın­da Azərbaycan hakimiyyətinin, Qafqaz Müsəlmanları İdarəsinin ünvanına şər-böhtan yağdırır. Heç bir məntiqə və əndazəyə sığmayan ibarələrdən istifadə edən psevdo-ekspert çıxışında faktlara deyil, şəxsi mülahizələrinə, təxəyyülünə “istinad” edir, Azərbaycanı təhlükə mən­bəyi kimi göstərməyə çalışır. 

Bəli, “Sahar”çıların təfəkkürlərininin mücərrəd güşəsini ölkəmizə qarşı qəzəb və hiddət zəbt edib. Onlar üçün müstəqil Azərbaycan “təxribatçı” ölkədir. Dünya­nın dörd tərəfində yaşayan 50 milyonluq xalqımız bu psevdomedia qurumunun gözünə qorxunc qüvvə kimi görünür. Bəsit və “kustar” studiyasından Azərbay­can tamaşaçısına ünvanladığı böhtan və həqarət dolu xəbərləri, ölkəmizlə bağlı açıq düşmənçilik təbliğatı məhz həmin “potensial təhlükənin” yaratdığı xofdan qaynaqlanır. 

İctimai şüurda şübhə toxumları səp­məyi hədəfləyən “Sahar TV”nin “Səhər sabahları”, “Axşam rubrikaları” xəbər bu­raxılışlarında, “KOMPAS” “dəyirmi masa” söhbətlərində ölkəmizə və xalqımıza qarşı səslənən tezislərin, milli kimliyimi­zi aşağılayan hədyanların haradan qay­naqlandığını güman etmək çətin deyil. Təlimatlarını ağalarından alan telekana­lın zombiləşmiş aparıcılarının, proqrama dəvət olunan, onlayn qoşulan ekspertlə­rin suveren Azərbaycanın ünvanına üfür­dükləri bəzi “teoloji-ideoloji nümunələri” diqqətə çatdıraq.

Ekspert hansı bağlardan danışdığının fərqində deyil 

“Axşam rubrikaları” (4 iyul 2023-cü il. Xəbər proqramının adı belə savad­sızlığın, efir dilinə diletant yanaşmanın göstəricisidir - İ.B.) buraxılışının aparıcısı Azərbaycan mətbuatından bir xəbəri iq­tibas edir: “Bakıda İrana casusluq edən şəxs saxlanılıb”. Onun səsinə studiyaya canlı bağlanan həmin Qəhrəman Nurani bu cür hay verir: “Azərbaycanda müsəl­man birliyi hərəkatı kimi sağlam qüvvələr hədəfə alınıb. Məqsəd cəmiyyətdə İran İslam Respublikasına olan rəğbəti sön­dürmək və şiəlik amilinə son qoymaqdır. Halbuki, bu məzhəb Azərbaycan xalqının qanındadır. İrana, sağlam düşüncəli in­sanlara qarşı böhtan xarakterli kampa­niyaya rəvac verilərsə, bu, bir o qədər əks-effektə səbəb olacaqdır. Yəni, insan­ların dinə, əhli-beytə olan eşqi və rəğbəti artacaqdır. Eyni zamanda, İranla dərin tarixi, dini, mədəni bağlar da güclənəcək­dir. Bu bağları qırmaq, sadəcə olaraq, mümkün deyil...”

İslamın dünyəvi və ülvi dəyərlərini, saf əxlaqi mahiyyətini deyil, ayrı-seçki­liyi, məzhəbçiliyi təbliğ edən telekanal bununla bir milyarddan çox müsəlma­nın, o cümlədən Azərbaycan türklərinin dini heysiyyatı ilə oynamağı qarşısına məqsəd qoyub. Müsəlmanlar arasında təfriqəçilik, bölücülük toxumları səpməyə xidmət edən “Sahar”ın başabəla eksperti çıxışında suveren Azərbaycan vətən­daşlarının İrana rəğbətindən dəm vurur. Əlbəttə, o bu rəğbətin ünvanının güneyli soydaşlarımız olduğunu çox gözəl bilir. 

Bəli, onun dediyi dərin tarixi, dini, mədəni bağlar bizi hansısa rejimlə yox, məhz Arazın o tayındakı qan qardaşla­rımızla bir-birimizə bağlayır. İrana ca­susluq ittihamı ilə həbs edilən şəxslərə gəldikdə isə onların kamera qarşısında acı və miskin etiraflarını, yəqin, ağayi Nuraninin özü də izləyib. Heç şübhəsiz, təlimatlandırılmış ekspertin məlum casus şəbəkəsinin dini-siyasi pozuculuq fəaliy­yəti barədə müvafiq dövlət qurumlarımı­zın fakt və sübutlara söykənmiş rəsmi açıqlamalarından da xəbəri var.

Qucaqlaşmaq üçün səmimiyyət

“İshaq Hersoqun Bakıya səfərindən sonra sionistlərlə bazarlığın fəsadları hər gün bir şəkildə üzə çıxır. İsrail Prezidenti Bakıdan gedəndən sonra bir sıra tapşı­rıqlar verib. Azərbaycan XİN iranofobiya ruhlu bəyanat səsləndirib”. Bu hədyanı “Sahar TV”nin “Kompas” verilişinin (26 iyun 2023-cü il tarixli yayım) qonağı olan İranın Azərbaycandakı sabiq səfiri Möh­sün Pakayin deyib. Rəsmi Bakının təkcə bölgədə deyil, Qərblə, dünya ölkələri ilə münasibətlərdə tam müstəqil siyasət ye­ritdiyini, beynəlxalq qurumlarda söz sahi­bi olduğunu kim bilməsə də, sabiq səfir yaxşı bilməlidir. 

Suveren respublikamızın İsraillə qar­şılıqlı əməkdaşlığına, Təl-Əvivdə səfir­liyimizin açılmasına, eləcə də Prezident İshaq Hersoqun ölkəmizə rəsmi səfərinə aşkar qıcıq nümayiş etdirən telekanalın aparıcısı isə Bakını hədələməkdən belə çəkinmir: “Azərbaycanı İslam Əməkdaş­lıq Təşkilatından çıxarmaq, ya da üzvlü­yünü dayandırmaq lazımdır”. 

Bəli, Azərbaycan hökuməti vətən­daşlarımızı zərurət olmadığı təqdirdə İrana getməkdən çəkinməyə çağırıb. Deməli, ortada vətəndaşlarımızın təh­lükəsizliyi ilə bağlı narahatlıq doğuran məqamlar var və bunu iranofobiya kimi qələmə vermək sağlam məntiqlə bir ara­ya sığmır. Məgər hər bir dövlətin vəzifəsi – istər daxildə olsun, istərsə də xaricdə – vətəndaşının təhlükəsizliyini təmin et­mək deyilmi? 

Amma sabiq səfir Pakayinin son vaxt­lar İran–Azərbaycan münasibətlərində yaranmış soyuqluğu isitməkdən ötrü “Sa­har TV”nin efirindən irəli sürdüyü “diplo­matik” təklif maraqlıdır: “Son otuz ildə yolumuz bəzən yumşaq, bəzən sərt olsa da, sonda qucaqlaşmışıq. Düşünürəm ki, indi də belə olacaq”.

Gözəl arzudur, yaxşı təklifdir. Amma qucaq açıb bağrına basmaq üçün ortada həqiqətə sədaqət və səmimiyyət olmalı­dır. Biz bu məqamı hər zaman düşünmü­şük, buna can atmışıq, ərazi bütövlüyünü təmin etmişik, vətəndaşlarımızın qayğı­sına qalmışıq. Eyni zamanda, ummuşuq. Amma...

Səbr çox müşküllərin açarıdır

Məzhəbindən asılı olmayaraq, müsəl­manların məsciddə bir yerdə vəhdət na­mazını qıldıqları Azərbaycan Respublika­sı tolerantlığın nümunə göstərildiyi ölkə adını əbəs yerə qazanmayıb. Möhkəm tarixi köklərə, milli ənənəyə söykənən bu ilahi həmrəyliyi “Sahar TV” kimi dini-eks­tremist media “feyk-mikrofonu” heç vaxt poza bilməz. Onun dövlətçiliyimizə və milli kimliyimizə qarşı apardığı təbliğatın heç bir təsiri olmayacaq, eləcə də təkcə biz azərbaycanlıların deyil, dünya müsəl­manlarının inancına vurmaq istədiyi məzhəbçilik yamağı qəti yapışmayacaq. İslami dəyərlərdən danışan bu telekana­lın cəmiyyət daxilində dini nifaq salmaq, məzhəb qarşıdurması yaratmaq cəhdləri də fiaskoya uğrayacaq. O səbəbdən ki, biz halallıq məbədi sandığımız ədalətə sığınan, səmimi qəlbdən sitayiş etdiyimiz Haqqa tapınan millətik. Bizim daim qo­ruduğumuz və riayət etdiyimiz bu sakral dəyərlər nəinki yamaq, heç cüzi ləkə də götürməz. 

Məram və məqsədi bir çox hallarda rəsmi Tehranın mövqeyi ilə tərs-mütə­nasib gələn telekanalın Azərbaycana qarşı kin-küdurəti heç bir sərhəd tanı­mır, püsgürdüyü yalanlar, hədyanlar, yersiz və məqamsız siyasi təşbihlər, ironiyalı bənzətmə və müqayisələr sa­dəcə ürək bulandırır. Onun efirdən ic­timai rəyə sırımağa çalışdığı bəd niy­yətlərin heç bir nəticəsi olmayacaq. Çünki Azərbaycan Respublikasının xa­rici siyasətində İran İslam Respublika­sı ilə münasibətlər hər zaman prioritet istiqamətlərdən olub. 

Əvvəldə vurğuladığımız kimi, za­man-zaman Bakı-Tehran əlaqələrində anlaşılmazlıq və fikir ayrılıqları baş versə də, tərəflər müvafiq fəaliyyətlə qarşılıqlı əməkdaşlığı kifayət qədər yüksək səviy­yədə saxlamağı bacarıblar. Bu gün də növbəti sınaq dövrünü yaşayan Azərbay­can – İran münasibətlərinin tezliklə arzu­edilən səviyyəyə çatacağına da münbit zəmin və inam var. “Sahar”ın məqsədi bu inamı sarsıtmaqdırsa, güman edirik ki, məsələyə İran hakimiyyəti də reaksiya verməlidir...

Bu ideologiyanın Azərbaycanda zəmini yoxdur

İki qonşu ölkə və xalq arasında “Sa­har TV”nin həqiqi İslamdan uzaq, təxri­batçı təbliğatının fəsadlarının, bu elekt­ron tribunadan ictimai şüura səpilən ədavət toxumlarının təmizlənməsi üçün, şübhəsiz, müəyyən vaxt tələb olunacaq. Qənaətimiz budur ki, bu “qılaflı mikro­fon” özünün ictimai rəyi manipulyasiyaya yönəlik, orta əsrlər dini düşüncəli teo­loji-ideoloji küfr informasiya siyasəti ilə Azərbaycana qarşı planlı təxribatlarını həyata keçirməkdən ötrü bundan son­ra da fürsət axtarışında olacaq. Fəqət, onun “lümpen proletariata”, sıravi mö­minlərə hesablanmış ideoloji pozuculuq info-ritorikası Azərbaycan cəmiyyətində, heç bir halda, öz inikasını tapmayacaq, yalnız əks-təsirə səbəb olacaq. Ona görə ki, siyasi avantüristlərin, “ura-patriotların” son sığınacaq yeri demokratiya olduğu kimi, reallığı deformasiyaya uğratmağa çalışanların arsenala aldığı vasitə də de­zinformasiya, şər-böhtandır, primitiv söz oyunudur. 

“Sahar TV”nin, əslində, “vicdansız­lıq üzərindən hücum” xarakteri daşıyan xəbərçilik “siyasətini” iki qonşu ölkənin yumşalmağa doğru yön alan münasibət­lərinə arxadan vurulan namərd zərbəsi kimi dəyərləndirmək lazımdır. Azərbay­canın xüsusi xidmət və hüquq-mühafizə orqanlarının ayıq-sayıqlığı sayəsində casus şəbəkəsi üzvlərinin, narkoticarətlə məşğul olan cinayətkarların ifşasına və həbsinə dini rəng qatmağa çalışan tele­kanalın efirdən çilədiyi zəhər sonda özlə­rinin tuluğuna düşəcək. Dinimizdə qına­nılan yalanın, bəd niyyətin aqibəti məhz bu cür olmalıdır. 

Müqəddəs kitabımız “Qurani-Kərim”in ayələrində insanlar Yer üzündə mərhəmətin, şəfqətin, səmimi münasibə­tin və sülhün yarana və yaşaya biləcəyi model olaraq məhz İslam əxlaqına ça­ğırılır. “Əl-Bəqərə” surəsinin 208-ci ayə­sində Allah-taala belə buyurmuşdur: “Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (İslama) gəlin! Şeytanın yolu ilə getmə­yin, çünki o, sizin açıq düşməninizdir!” 

Azərbaycan öz yolunu seçib. Bu yol Rəbbimizin buyurduğu düzgün və halal yoldur. Bu yolda bizimlə yanaşı addımla­yan hər kəslə dost və qardaşıq!

 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”

Siyasət