Fransanın yeni müstəmləkəçilik siyasəti qəbuledilməzdir

post-img

Jan-Viktor Kastor, 

Fransa Milli Assambleyasının Fransız Qvianasından olan deputatı 

– Azərbaycana ilk dəfədir səfər edirəm. Burada ilk günlərim olmasına baxmayaraq, əminliklə deyə bilərəm ki, Bakı şəhəri Parislə müqayisədə çox təmiz, modern və gözəl şəhərdir. Qoşulmama Hərəkatının nazirlər görüşü Azərbaycanda çox gözəl təşkil olunub. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında Fransanın müstəmləkə siyasəti ilə bağlı danışdı, bu ölkənin müstəmləkələri ilə bağlı fikirlər söylədi. Bütün bunlar həqiqəti əks etdirir və biz də bunu təsdiqləyirik. Bizim ölkəmiz də Azərbaycan, Braziliya, Venesuela kimi neft və qaz ehtiyatına malikdir. Bütün bunlara baxmayaraq, Fransada olan qanunlara görə ölkəmiz təbii sərvətlərindən istifadə edə bilmir, əksinə, fransızlar onlardan yararlanır.

Torpaq bizimdir, lakin ölkəmizlə bağlı qərarlar Parisdə qəbul olunur. Fransanın Qvianada rəsmi nümayəndəsi var və bütün qərarlar onun tərəfindən verilir. Biz ölkəmizdə kollec, məktəb, bağça tikməyimiz üçün də Parisdən rəsmi olaraq icazə almalıyıq. Onların icazəsi olmadan təəssüf ki, heç nə edə bilmirik.

Hər hansı bir qərara etiraz bildirilərkən Fransa Qviananın qarşısını müxtəlif yollarla kəsir. Onlar bizi əsasən iqtisadi cəhətdən çökdürürlər. 2017-2022-ci illərdə Fransanın bu amansız siyasətinə görə Fransız Qvianasında yoxsul təbəqə 30 faizdən 54 faizədək artıb. İllər keçdikcə Fransa bizi hər bir sahədə daha da zəiflədir. Fransada son seçkilərdə Emannuel Makronun prezident seçilməsindən sonra hər kəs bilirdi ki, bu ölkə tənəzzülə doğru gedir. Makronun islahatları müsbət effekt vermədi. Bu gün Fransaya getsəniz görərsiniz ki, tələbələr, kasıb ailələr aşağı büdcəli yemək almaq üçün növbələr yaradır, uzun sıralar əmələ gətirirlər. Səhiyyə, təhsil və digər sahələrdə hər şey mənfiyə doğru gedir. Hazırda insanlar Parisdə üsyan edirlər. Fransa hazırda vaxtilə yürütdüyü müstəmləkə siyasətinin cəzasını çəkir. Bu gün orada baş verən hadisələr Fransa üçün “əkdiyini biçmə zamanı” olduğunu göstərir.

***

Ella Tokoraqi, 
Tahiti nümayəndəsi

Azərbaycan Prezidenti İlham Əliyevin iclasda çıxışı, səsləndirdiyi fikirlər səmimi idi. Fransa Prezidenti Emmanuel Makronda bu səmimiyyət yoxdur.

Hər şeydən öncə Azərbaycana dəvəti üçün təşəkkür edirəm. Buraya ilk gəlişimdir və çox gözəl qarşılandıq. Prezident İlham Əliyevin çıxışı zamanı Fransanın müstəmləkə siyasəti və bunun acı reallıqlarını mən bu gün öz ölkəmdə yaşayıram. 2 iyul 1966-ci ildə ilk dəfə Fransa Tahitidə ilk nüvə silahını sınaqdan keçirib. Bugünə qədər 193 sınaq həyata keçirilib. Təsəvvür edin bu sınaqlar ölkəmdə hansı problemlərə yol açıb. Bugün xəstə doğulan uşaqların hesabını itirmişik. Xalqımız xərçəng xəstələyinin müxtəlif növləri ilə üz-üzədir. Fransanın müstəmləkəçilik siyasəti bu fəlakətlərə gətirib çıxarır. 

 

***

Xanım Maqalie Tinqal,  
Yeni Kaledoniyanın Sosialist və milli KANAK azadlığı cəbhəsinin BMT-dəki nümayəndəsi 

Yeni Kaledoniya xalqı adından Azərbaycan Prezidenti İlham Əliyevə bu gün səhərki bəyanatına görə təşəkkür etmək istərdim. Bu, çox güclü və çox doğru bəyanat idi.

Fransa çox ikiüzlüdür. Azərbaycan Prezidentinə bizim vəziyyətimizlə bağlı bəyanatına görə təşəkkür edirəm. Biz bu gün Yeni Kaledoniyada çox böyük problemlərlə üzləşirik. Yeni Kaledoniyanın müstəqilliyi ilə bağlı 2021-ci ilin 12 dekabrında keçirilmiş referendum pandemiya dövründə təsadüf etdi. Ona görə də biz bunun təxirə salınmasını istədik. Lakin Fransa referendumu saxladı, nəticədə Yeni Kaledoniya əhalisinin 57 faizi referendumda iştirak edə bilmədi. Fransanın bu referendumu saxlaması ikiüzlülükdür. Biz öz hüquqlarımız uğrunda mübarizə aparacağıq. Ona görə də bu məsələni Beynəlxalq Ədalət Məhkəməsində qaldıracağıq.





Siyasət