Həkəri sərhəd-keçid məntəqəsində ölkəmizin hərbçilərinə atəş açılması onu göstərir ki, Ermənistan Azərbaycanla normal münasibətlərin qurulmasında maraqlı deyil. Ümumi olaraq, məsələyə bu cür qiymət vermək mümkündür. Amma burada xüsusi vurğulanmalı məqamlar da var.
Birinci, sözügedən istiqamətdə Azərbaycan hərbçilərinin atəşə tutulması Həkəri sərhəd-buraxılış məntəqəsinin işinin pozulmasına yönələn akt idi. Deməli, Ermənistan belə bir məntəqənin mövcudluğunu qəbul etmir. Nəzərə alaq ki, son iki yüz ilə qədərki müddətdə həmin istiqamətdə sərhəd olmayıb. Qarabağ erməniləri burada istədiklərini ediblər. Sanki Ermənistan ərazisindədirlər. Belə yanaşmanın sonradan erməni avantürist millətçilərini Azərbaycanın torpaqlarını işğal etməyə həvəsləndirdiyi isə faktdır. Bu baxımdan separatçı rejimin formalaşmasını da vurğulaya bilərik.
İkinci. Həkəri sərhəd-keçid məntəqəsinin mövcudluğu Azərbaycanın ərazi bütövlüyünün bərpası deməkdir. Ermənistan baş naziri Nikol Paşinyan ölkəmizin Qarabağ da daxil olmaqla, 86,6 kvadratkilometr ərazidə suveren hüquqlarını tanıdığını bəyan etsə də, görünən budur ki, deyimdə səmimilik yoxdur. Məlum insident məhz bunun nəticəsi idi.
Üçüncü. Məlumdur ki, Ermənistan rəhbərliyi Həkəri sərhəd-buraxılış məntəqəsi qurulduqdan sonra bunu da Qarabağ ermənilərinin blokadasının dərinləşməsi kimi qiymətləndirdi. Yada salaq ki, İrəvan azərbaycanlı ekofəalların və qeyri-hökumət təşkilatları təmsilçilərinin Laçın-Xankəndi yolunun Şuşa ərazisində ötən ilin dekabrından bu ilin aprelinədək davam etmiş aksiyasına da eyni müstəvidə yanaşırdı. Lakin Azərbaycan məntəqənin fəaliyyətində səmərəliliyi təmin etdi. Erməni sakinlər çox rahat şəkildə Ermənistana gediş-gəliş imkanları qazandılar. Bunu dünya gördü. Mövcud vəziyyət isə erməni hakim siyasi dairələrinə sərf eləmədi. Ona görə Həkəri təxribatını törətdilər ki, Qarabağın erməni əhalisi də həmin məntəqənin təhlükəsizliyinə şübhə ilə yanaşsın.
Dördüncü. Sərhəd təxribatı onu göstərdi ki, Ermənistan Qarabağ ermənilərini düşünmür, yalnız onlara fokuslanıb avantürist fəaliyyət həyata keçirməyi prioritet seçir. Yəni, İrəvan üçün insan amili yoxdur, yalnız ambisiya var. Əks halda, niyə atəş açılsın ki? Bir halda ki, sərhəddən keçib Ermənistana gedənlər azərbaycanlılar deyil, yəni məntəqə ermənilər üçün açılıbsa, lazım idi ki, bu, Azərbaycanın jesti kimi qiymətlənləndirilsin. Nəzərə alaq ki, hazırda ölkəmizin digər dövlətlərlə quru sərhədləri bağlı ola-ola, yalnız Ermənistana gediş-gəliş var idi.
Beşinci. Sərhəd-buraxılış məntə-qəsinin mövcudluğunun Qarabağ ermənilərinin, guya, blokadaya alınması kimi qiymətləndirilməsinə yenidən diqqət yetirək. Mövcud xüsusda Ermənistan hakimiyyəti, eləcə də erməni siyasi dairələri və onların xaricdəki havadarları “humanitar fəlakət” və bu sayaq digər ifadələrdən yararlanırlar. Azərbaycan isə hərəkətləri ilə bunun əksini sübuta yetirirdi. Belə bir məqamda sərhəddə təxribat lazım idi ki, məntəqənin iş rejimi pozulsun və Qarabağ ermənilərinin “blokada dramatizmi” dərinləşsin. Bu mənada erməni avantüristlərinin “istəklərinə” çatdıqlarını söyləmək mümkündür.
Altıncı. Şərti sərhəddə məntəqənin qurulması, eyni zamanda, psixoloji mahiyyət daşıyırdı. Sərhəd məntəqəsi varsa, deməli, oradan keçid də olmalıdır. Bu isə Ermənistanın Qarabağ avantürası üçün arzuolunmaz məntiqdir. Yəni, əvvəllər bölgədəki erməni silahlılarına hərbi dəstək rahat reallaşırdısa, sərhəd məntəqəsinin varlığı o demək idi ki, kənardan hansısa torpaq yollarla Qarabağa silah-sursat daşımasının qarşısı alınacaqdır. Mövcud istiqamətdə özbaşınalıq olmayacaq. Sərhəddə təxribatın məqsədi həm də buna qarşı psixoloji müqavimət göstərmək idi. Məntəqənin işini pozmaqla təxminən, belə demək istəyirlər: haradan istəyirik, oradan keçəcəyik. Başqa sözlə ifadə etsək, tipik erməni həyasızlığı.
Yeddinci. Azərbaycan–Ermənistan sülh danışıqlarının intensivləşdiyi hazırkı durumda böyük təxribat sülhdən yayınmaq üçün bəhanədir. Bu, danışıqlar prosesində yeni reallıq yaratmaq istəyidir. Ermənistan çalışır ki, həmin prosesə qatmağa çalışdığı Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı məsələ daha da qabarıq şəkildə özünü göstərsin.
Səkkizinci. Ermənistan təxribata görə özünü günahkar görmür. Əvəzində Rusiyanın qınamaq yolunu tutur. Rusiyanın Ermənistandakı səfirinin ölkənin Xarici İşlər Nazirliyinə çağırılması və ona rəsmi etirazın bildirilməsi də bundan qaynaqlanır. Beləliklə, sərhəd təxribatı, eyni zamanda, Moskvanın bölgədəki rolunu azaltmaq, Rusiya sülhməramlı kontingentinin səmərəsizliyini vurğulamaq məntiqindən qaynaqlanmaqdadır.
Doqquzuncu. Ermənistan Həkəridə təxribat törətməklə, belə təxribatları davamlı şəkildə reallaşdıracağının da mesajını vermiş oldu. Ölkə onu da yaxşı bilir ki, Azərbaycan vəziyyəti məhz qeyd etdiyimiz tərzdə qəbul edəcəkdir. Buna görə də məsuliyyəti öz boynundan atır. Bir növ, xaos mühitinin təşəbbüskarı qismində çıxış edir. Nəticədə ölkəmiz sərt tədbir gerçəkləşdirir, sərhəddən keçidi məhdudlaşdırır və ya tam dayandırır. Yəni, Bakı təhlükəsizlik təminatının özü üçün ön planda olduğunu göstərir. Bu, prinsipial məsələdir. Əgər bu addım atılmasa, analoji halların təkrarlanması sərhəd məntəqəsinin lazımsızlığına dair faktiki rəy formalaşacaqdır.
Onuncu. Azərbaycan Həkəridən gəliş-gedişi məhdudlaşdırır və bununla da Qarabağdakı separatçı rejim əndişəyə düşür. O rejim ki, Ermənistan hakimiyyəti ilə arasının pis olduğu aşkardır. O rejim ki, onun dayağı qismində Rusiyadakı müəyyən siyasi qüvvələrin çıxış etdikləri də bəllidir. Deməli, hazırkı durumda Ermənistanın istəyi həm də həmin dairələrin Azərbaycana qarşı sərt tədbirlər görməsinə şərait yaratmaqdır. Sərhəd təxribatının məqsədlərindən biri də budur.
On birinci. Burada Azərbaycanın sərhəd təxribatı fonundakı əks hücumuna diqqət yetirək. Dediyimiz kimi, sərhəddə təhlükəsizlik bizim üçün önəmlidir və buna görə ölkəmiz atəşə görə məsuliyyət məsələsini ciddi qoyur, sərhəddə gediş-gəlişi məhdudlaşdırır. Bu durumda Qarabağ erməniləri üçün yeganə yol qalır – Azərbaycanın hakimiyyətini qəbul etmək. Yaxud da bölgəni tərk edib getmək. Çox güman, təxribata görə məsuliyyətin müəyyənləşmədiyi hazırkı dövrdə sərhəddən ərazini tərk etmək istəyənlərin istifadəsinə maneçilik törədilməz. Əlbəttə, indiki şəraitə görə onların bir daha geri qayıtmaması şərtilə.
On ikinci. Ermənistanın sərhəd təxribatı Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyanı da pozmağa yönəlmiş hərəkətdir. Təsəvvür edin, onlar hər gün məntəqədən istifadə edərək, Ermənistana gedib-gəlirlər. İstər-istəməz tərəflər arasında ünsiyyət yaranır, zaman-zaman formalaşdırılmış azərbaycanlı mənfi obrazı sıradan çıxır. Sərhəddən keçib gedən və geri qayıdan Qarabağ ermənisi gedib gördüklərini danışır. İrəvan təxribat törətməklə, məhz bunun qarşısını almağı düşünür.
Sonda qeyd edək ki, sərhəd təxribatı fonunda baş verən proseslər Ermənistanın və erməni avantürizminin əleyhinə işləyəcəkdir. Hazırkı durumda Qarabağ ermənilərinə təminat məsələsi var ki, bunu Azərbaycanın gerçəkləşdirməsi üçün tam imkanlar yaranıb. Bu təminat isə digər məsələlərin reallaşmasına da yol açacaqdır.
Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”