Qərbi Azərbaycandakı abidələrimizin ziyarətinə icazə verilməlidir

post-img

Dünyanın müxtəlif yerlərində yaşayan, o cümlədən Ermənistan vətəndaşı olan minlərlə erməni rahatlıqla Türkiyəyə səfər edərək Ani xarabalıqlarını, Axtamar adasını və özlərinin olduğunu iddia etdikləri kilsə, məbəd və digər abidələri rahatlıqla ziyarət edir. Sonra da sosial mediada "Qərbi Ermənistanın filan ərazisindəyik" başlığı ilə paylaşımlar edirlər. Bəs biz necə, Qərbi Azərbaycandakı Pir Hüseyn türbəsini, Urud abidələr kompleksini, Yerəruyk məbədi, Şirvancıq məbədi, Madərə məbədi, Üçkilsə, Yağverdi məbədləri və s. ziyarət edə bilirmi? Xeyr!

Bu sözləri “Xalq qəzeti”nə “Demokratik Azərbaycan Naminə" İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud bildirib.

QHT sədri bildirib ki, Azərbaycan və Türkiyə 2021-ci ilin 15 iyununda imzalanmış Şuşa Bəyannaməsi ilə rəsmi olaraq müttəfiqdir: "Dövlətlərimiz münasibətlərin bütün sahələrdə bu müttəfiqliyə adekvat olmasına çalışır. Şuşa Bəyyannaməsi iki qardaş dövlətin strateji xarakter daşıyan münasibətlərini dərinləşdirərək regionun siyasi mənzərəsində Azərbaycan və Türkiyənin mövqelərini önəmli ölçüdə gücləndirmişdir”. 

Bu baxımdan, E.Behbud strateji müttəfiqlərin Qərbi Azərbaycanla da bağlı vahid mövqedən çıxış etməsinin vacibliyini vurğulayıb.

O deyib ki, Ermənistanda hakimiyyətdə olan siyasi qüvvələr dəyişsə də, faşist düşüncədən irəli gələn türk nifrəti sabit olaraq qalır. Ona görə də heç bir azərbaycanlı babalarının yüzillər, minillər boyu yaşadığı torpaqlara baş çəkə, hətta məzarlıqları ziyarət belə edə bilmir. Təklif edirəm ki, Türkiyənin Turizm Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Qərbi Azərbaycanla bağlı məlumat xarakterli çap məhsulları hazırlanaraq erməni turistlərə paylanılsın. Bununla da, erməniləri onlara aşılanılan saxta tarixin əksinə olan gerçək tarixlə üz-üzə qalmağa məcbur etmiş olarıq. Eyni zamanda, Türkiyə dövləti ərazisindəki erməni abidələrini Ermənistan vətəndaşı olan ermənilərin ziyarət etməsinə izn verməyəcəyini də bəyan edə bilər. Rəsmi Ankara çox yaxşı olardı ki, Ermənistandan Azərbaycan Respublikası vətəndaşlarının Qərbi Azərbaycandakı türk-müsəlman abidələrini ziyarət etməsinə icazə verməsini tələb etsin. Əks halda analoji addımlar atacağını bildirsin. Bu, Qərbi Azərbaycanla bağlı tarixi haqlarımızın minimal şəkildə də olsa bərpası baxımından Ermənistana effektiv təzyiq vasitəsi olardı.

Anar ƏLİ,

“Xalq qəzeti”

Siyasət