Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur

post-img

Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.

Düz 30 il əvvəl ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə gələrək Azərbaycan xalqını, dövlətini və millətini parçalanmaqdan xilas edib.

Heydər Əliyev 1993-cü il iyunun 15-də Milli Məclisin iclasındakı çıxışında Azərbaycan dövlətçiliyinin gələcək inkişafının yeni strategiyasını elan etdi və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.

Bu gün xalqın tələbi ilə Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdıb, Ali Sovetin sədri seçilib. Beləliklə, uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas oldu. Milli qurtuluş fəlsəfəsi Azərbaycanın varlığını, müstəqilliyini təmin etdi və bu, ölkə tarixində ən böyük nailiyyət oldu.

Müstəqilliyin əldə edilməsi birinci şərt idisə, ikinci mühüm məsələ ümummilli liderin iradəsi sayəsində mümkün olan suverenliyin qorunub saxlanılması və inkişafı idi. O, Azərbaycan dövlətçiliyinin milli konsepsiyasını yaratmışdır. Bütün maneələrə baxmayaraq, ölkədə ictimai-siyasi sabitlik ən qısa zamanda bərpa olundu.

Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün 1993-cü il iyunun 20-də Heydər Əliyev yerli və xarici jurnalistlər üçün brifinq keçirdi, iyunun 21-də bir sıra ölkələrin diplomatları ilə görüşdü. Bu sahədə aparılan siyasət respublikanı informasiya blokadasından çıxardı, dünyada Azərbaycanla bağlı fikirləri müsbət istiqamətdə dəyişdi. Məhz belə ağır siyasi şəraitdə Heydər Əliyevin nəhəng potensialı Azərbaycanın müstəqilliyinin təminatına çevrildi. Ümummilli liderin şəxsiyyəti, siyasi idarəçilik qabiliyyəti, qətiyyəti və xarizması siyasi böhrana son qoydu, Azərbaycanın dünya birliyinə inteqrasiyası başladı.

1997-ci ildə deputatlar 15 iyunun Azərbaycanda Milli Qurtuluş Günü elan edilməsi təklifi ilə çıxış etdilər və parlament bu təklifi təsdiqlədi. O vaxtdan Heydər Əliyevin hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd olunur.

Prezident İlham Əliyevin davam etdirdiyi siyasət sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.

Atasının vəsiyyətini layiqincə yerinə yetirən Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusu 30 ildir Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan dədə-baba Azərbaycan torpaqlarını işğaldan azad etdi və bununla da BMT-nin qətnamələrini yerinə yetirdi.

"Xalq qəzeti"

Siyasət