Azərbaycana qarşı “silah sindikatı” – Fransa–Ermənistan–İran–Hindistan oxu

post-img

Son vaxtlar Ermənistanın xaricdən külli miqdarda silah alması ilə bağlı məlumatlar yayılmaqdadır. Məsələn, ötən ay Fransanın bu ölkə üçün silah tədarükünə başlamaq niyyətində olduğu və söhbətin 50-yə yaxın zirehli transportyordan, gələcəkdə isə “Mistral” zenit-raket komplekslərindən getdiyi bildirildi. 

Halbuki, əvvəllər erməni siyasilər Fransanın gerçək dəstək göstərmə­diyini deyib şikayətlənir, onun NATO ölkəsi kimi Rusiyanın hakim rol oy­nadığı Kollektiv Təhlükəsizlik Təş­kilatında təmsilçiliyə malik dövləti silahlandırmasının mümkünsüzlüyü arqumentini, az qala, məsxərə pred­metinə çevirirdilər. Hətta, onu da bildi­rirdilər ki, Parisin söz yığınından ibarət bəyanatları Ermənistan hakimiyyətinin illüziyalara qapılıb Azərbaycana qarşı çıxmasına səbəb olur. Onların fikrin­cə, bu, nəticə etibarilə ölkənin yeni ərazilər itirməsinə gətirir. Deməli, belə düşünmək mümkündür ki, prezident Makronun administrasiyası indi yanaş­masını dəyişib. 

“Caliber.Az” saytı Fransadakı er­məni diasporu ilə geniş əlaqələri olan mənbənin məlumatına istinadən bildi­rib ki, tezliklə Parisin köməyi və rəsmi icazəsi ilə hazırda istehsalı lokallaşdı­rılmış “Trayan” silahları Hindistandan Ermənistana gətiriləcək. Fransanın hərbi-siyasi rəhbərliyinin və şəxsən prezident Emmanuel Makronun razı­lığına əsasən, bu təşəbbüsün maliy­yələşməsini yerli erməni diasporunun öz üzərinə götürdüyü də vurğulanır. Daha maraqlısı isə odur ki, 155 mm/52 kalibrli silahlar birbaşa uçuşlarla da­şınmır, əvvəlcə İrana gətirilir, sonra quru yolla Ermənistana çatdırılır. 

Əvvəllər Ermənistanın əsas silah tədarükçüsü Rusiya idi. Moskva İrə­vana bunu ya güzəştli şərtlərlə, ya da pulsuz edirdi. Elə 44 günlük müharibə­də də Ermənistan məhz həmin müftə silahlardan yararlandı. Lakin ölkə uğ­radığı acınacaqlı məğlubiyyətdən son­ra, cəbhədə mənfi reputasiyaya malik rus silahlarından imtina qərarına gəldi. Səbəb kimi həmin silahların təsirsizliyi önə çəkildi.

***

Bəli, Azərbaycan–İran münasibət­lərindəki gərginlikdən istifadə edən İrəvan Tehranı Hindistandan hərbi təc­hizat sxeminə cəlb edib. Fransa–İran–Hindistan triosu əvvəllər Ermənistanı dəstəkləsə də, hazırda görünən budur ki, üçlük Azərbaycana dost olmayan dövlətlərin ittifaqı kimi birləşib. İrəvanı silahlandırmağın, mövcud istiqamət­dəki davamlı və sistemli təchizatın qayəsini təşkil edən də məhz bu amil­dir. 

Yeri gəlmişkən, İranın Azərbay­cana qarşı aqressiv ritorikası ordu­muzun 2020-ci il müharibəsindəki möhtəşəm qələbəsi fonunda yarandı. Müharibədən sonra Cənubi Qafqaz­da geosiyasi vəziyyətin dəyişməsi cənub qonşumuzu təşvişə saldı və o, dərhal Ermənistanın silah-sursatla təminatına başladı. Budur ölkəmizə qarşı İranın pilotsuz uçuş aparatla­rından istifadə edilir. Nəzərə alaq ki, ötən ay (mayın 11-də) Azərbaycan–Ermənistan şərti sərhədindəki silahlı qarşıdurmada qarşı tərəf mövqeləri­mizi onların köməyilə atəşə tutmuş­du. Hərçənd, Ermənistan hakimiyyəti bu faktı təkzib edir. Ölkənin müdafiə naziri Suren Papikyan bildirir ki, or­dusunun arsenalında İrana məxsus PUA-lar yoxdur. 

Onu da xüsusi vurğulamalıyıq ki, Rusiyanın Ukraynanın enerji infrast­rukturuna hücumda istifadə etdiyi PUA-lar da İrəvanın yardımı ilə İran­dan Rusiyaya daşınır. Proses o qədər intensivdir ki, ABŞ Ermənistana İran və Rusiya ilə sıx hərbi əlaqələrinin nə­ticələri barədə xəbərdarlıq edib. Özü də dəfələrlə. Görünür, baş nazir Nikol Paşinyanın administrasiyası Birləşmiş Ştatların çağırışını qulaq ardına vur­mağı üstün tutur, nəinki nəticə çıxar­mağı.

***

Qeyd edək ki, Azərbaycanın 44 günlük müharibədəki qəti qələbəsi yalnız İranı narahat etməyib. Yeni si­yasi deyimlərə Ermənistanın “bacı”sı kimi düşən Fransa da əndişələnmiş durumdadır. Ən çox da ölkənin aşkar ermənipərəst mövqe tutan senatı. Bu baxımdan, 2020-ci ilin noyabrında qurumun Qarabağdakı separatçı reji­min müstəqilliyinin tanınması ilə bağlı qətnamə çıxardığını, 2022-ci ilin no­yabrında isə Azərbaycana qarşı sank­siyaların tətbiqini, həmçinin ölkəmizin qoşunlarının Ermənistandan çıxarıl­masını tələb edən absurd qətnaməsini yada salmalıyıq. 

Şübhəsiz, bu “sənədlər” Fransa­dakı zəngin və nüfuzlu erməni lobbi­sinin təşəbbüsü ilə hazırlanıb. Rəsmi səviyyədə Paris Azərbaycanın ərazi bütövlüyünü qəbul etsə də, Qaraba­ğın “müstəqilliyini” tanımasa da, Laçın yolu, o cümlədən, bu yolda ölkəmizin sərhəd nəzarət-buraxılış məntəqəsi­nin qurulması, Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları müstəvisin­dəki erməni avantürizminə açıq dəstək verməkdədir. Hələ siyahıya missiya məntiqini də əlavə etmək mümkündür. Söhbət Avropa İttifaqının Azərbay­can–Ermənistan sərhədinin Ermənis­tan tərəfində göndərilən və tərkibində fransız jandarmlarının da yer saldığı mülki missiyasından gedir. Yəni, Paris hər vəchlə ermənilərin yanında oldu­ğunu ortaya qoymaqdadır. 

Aydındır ki, Makron başda olmaq­la, Fransa ilk növbədə öz məqsədlə­rini – Cənubi Qafqaza çıxış əldə et­məyi güdür. İstəyi strateji əhəmiyyət daşıyan regionda möhkəmlənməkdir. İndi də məhz bu məramla iki ölkə ara­sındakı danışıqlarda vasitəçiliyə can atır. Lakin Makron, çıxardığı bütün oyunlara rəğmən, Azərbaycan–Ermə­nistan münasibətlərinin tənzimlənməsi üzrə Avropa formatında fəal rola malik deyil. Bu yerdə rəsmi Parisin İrəvanın revanşist istəkləri fonunda, Ermənis­tanla Azərbaycan arasında növbə­ti münaqişəni qızışdırmağa maraq göstərdiyini də vurğulamalıyıq. “Niy­yətini” isə məhz İranın və Hindistanın köməyilə gerçəkləşdirmək fikrindədir. Deməli, ölkənin Ermənistana silah tə­darükündəki canfəşanlığının səbəbi aydındır.

***

Onu da vurğulayaq ki, Bakı İrəva­nın silahlanmasını onun sülh danışıq­ları gündəliyindən uzaqlaşmaq cəh­di kimi qiymətləndirir. Ölkəmiz haqlı olaraq Ermənistanın hərbiləşdirilmə­sinin məqsədyönlü xarakter daşıdığı­nı, bunun bütövlükdə Cənubi Qafqaz üçün gözlənilməz nəticələrə səbəb ola biləcəyini önə çəkir. Prezident İlham Əliyev mövcud məqama bu günlərdə Hindistanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudxananın etimadnaməsini qəbul edərkən də toxundu. Dövlətimizin başçısı bildirdi ki, Ermənistanda revanşist qüvvələrin baş qaldırması və ölkəmizə qarşı əra­zi iddialarının davam etməsi səbəbsiz deyil. 

Bəli, Azərbaycan Prezidenti eyham vurdu ki, kimsə mənfəəti naminə özü üçün yad regionda eskalasiyaya töhfə verməməlidir. “Töhfə” isə nəinki var, habelə, faktlarla isbatlanır. Məsələn, Hindistanın “The Economic Times” nəşri açıq şəkildə etiraf edib ki, Ermə­nistan Hindistandan silahların, konkret olaraq, 214 mm-lik “Pinaka” reaktiv yaylım atəşi sistemlərinin alınması üçün bu ölkə ilə dəyəri 250 milyon dol­lardan çox olan müqavilə imzalayıb. Müqaviləyə, həmçinin, raketlərin, tank əleyhinə raket sistemlərinin və bəzi döyüş sursatlarının alınması da daxil­dir. 

Ümumən, Hindistan silahlarının Ermənistana ixracı ilk dəfə deyil ki, baş verir. 2020-ci ildə Dehli ölkəyə, təxminən, 44 milyon dollar dəyərinə malik 4 ədəd “Swathi” radar sistemi­ni təhvil verib. Bu radarlar artilleriya mərmiləri, minaatan və raketləri aş­kar etmək, eləcə də buraxılış qurğu­larının yerini və artilleriya mövqelərini müəyyənləşdirmək təyinatlıdır. Ermə­nistanın sürətlə silahlanmasının yeni təhlükələr yaratdığını vurğulayan döv­lətimizin başçısı buna dəstək göstərən İrana və Hindistana, ümumən, dünya ictimaiyyətinə xəbərdarlıq edib.

Sonda bir qədər əvvəl vurğuladığ­mız məqama yenidən qayıdaq. Bildir­dik ki, İran, Hindistan və Ermənistan Azərbaycana dost olmayan dövlətlə­rin ittifaqı kimi birləşib Ölkəmizə dost ölkələrin isə Türkiyə və İsrail olduğu məlumdur. Güman edirik, əlavə şərhə ehtiyac yoxdur.

P.S. Yazının hazırlanmasında “Caliber.az” saytına istinad edilib.

 

Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

Siyasət