Ölkəmiz özü bilər

post-img

Belə çıxır ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin ölkəmizin vətəndaşlarının başqa məmləkətə səfərlərinə məhdudiyyət qoymalarının vacibliyi ilə bağlı çağırış yayması düzgün deyilmiş. Burada söhbət heç də yalnız ondan getmir ki, çağırış İrana səfərlə bağlı idi. Yəni, İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasser Kannaninin özünün sosial şəbəkə hesabında yazdıqlarının məntiqini anlamaq çətindir. Nəhayət, haranı öz vətəndaşı üçün təhlükəli görməsi Azərbaycan XİN-in öz işidir. Nəzərə alaq ki, qurumun açıqlamasında səbəblər də sadalanmaqdadır. Üstəlik, Azərbaycan vətəndaşı olan tələbə gəncin İranda qanunsuz saxlanılması və ona cinayət işi açılması faktı var. Amma məsələ təkcə bu deyil.

Əlbəttə, N.Kannaninin etiraz haqqına sözümüz yoxdur. Hərçənd, onun başqa dövlətin rəsmi qurumunun öz vətəndaşla­rına səslənməsindən narahatlıq keçirməli olmadığı düşüncəsindəyik. Həm də o dü­şüncədəyik ki, İran kimi ölkənin xarici si­yasətindən məsul şəxsin söylədikləri köh­nə stereotiplərə əsaslanmamalıdır. Hansı köhnə stereotiplərə, bu barədə söz aç­mazdan əvvəl bildirək ki, İran XİN-in rəs­mi nümayəndəsinin fikirlərində xoş niyyət ifadəsinə oxşayan məqamlar da var. 

Məsələn, Kannani bildirir ki, İslam Respublikası qarşılıqlı hörmət çərçivə­sində dostluq xarakteri daşıyan siyasətini davam etdirmək niyyətindədir. Onun möv­cud xüsusda vizanın ləğvi və azərbay­canlı bacı-qardaşlara qucaq açmaq kimi müsbət ritorikasını təqdir etmək mümkün­dür. Ancaq o deməməlidir ki, “Azərbaycan xalqı sivil islami İrandan deyil, İsrail reji­mindən qorxmalıdır”. Niyə belə deməmə­lidir, çünki Azərbaycan XİN-in açıqlama­sında kifayət qədər konkretlik var. Yaxşı olardı ki, İran rəsmisi bu konkretliyə reak­siya verəydi. O zaman daha səmimi təsir bağışlayardı. İndilik isə onun mövqeyi sə­mimi yox, qıcıq ehtimalı olan hərəkət kimi qiymətləndirilməkdədir.

***

Azərbaycan dövləti öz vətəndaşları­nı zərurət olmadığı təqdirdə, İrana səfər etməməyə çağırmaqla, vurğunu bu il yanvarın 27-də Tehranda səfirliyimizə olunmuş silahlı basqının üzərinə qoyur. Məlum olduğu kimi, sözügedən terror aktı zamanı İran vətəndaşı Yasin Hüseynzadə əlindəki avtomat silahla ali diplomatik mis­siyamızın binasına daxil olmuş, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə ye­tirmişdi. Hadisə nəticəsində daha bir şəxs yaralanmışdı. Yalnız mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyevin cəsarəti - yalın əllə silahlı terrorçunu zərərsizləşdirmə­sindən sonra hücumun qarşısı alınmışdı. Həmin vaxt səfirliyimizin binasının qarşı­sında dayanmış İran polisinin terrorçuya loyal yanaşması, sərbəst şəkildə qapıdan içəri girməsinə göz yumması diqqət çək­mişdi. Bunu təhlükəsizlik kameraları da qeydə almışdı.

Azərbaycanın XİN-in məlumatı bir məqamın üzərinə yenidən qayıdılmasını zəruriləşdirməkdədir. Əlbəttə, məlum ter­ror aktından əvvəl də İranın Ermənistan təəssübü, eləcə də ölkədəki bəzi siyasi dairələrin anti-Azərbaycan çıxışları səbə­bindən, Bakı ilə Tehran arasında gərgin­lik hökm sürürdü. Lakin sözügedən qanlı olay gərginliyi daha yüksək səviyyəyə qaldırdı desək, yanılmarıq. Hətta, müəy­yən beynəlxalq dairələrdə ölkəmizlə İslam Respublikası arasında müharibə riskinin yarandığı da vurğulanmağa başlandı. Bu sayaq mülahizələr fonunda terrorçunun, bir növ, kultlaşdırılması, eləcə də onun barəsində zəruri hüquqi ölçü tədbirinin götürülməməsi, guya psixi problemlərinin olduğu önə çəkilib məsuliyyətdən uzaq tu­tulması əsəbləri bir qədər də tarıma çəkdi. 

Nəhayət, Azərbaycanın İrandakı səfir­liyi fəaliyyətini dayandırdı. Diplomatik mis­siyamızın əməkdaşları və onların ailələri xüsusi reyslə ölkəmizə gətirildi. Hazırda səfirliyin missiyasını Təbrizdəki konsul­luğumuz yerinə yetirməkdədir. Azərbay­can XİN həm də buna görə İrana səfərə getməməyi tövsiyə edir. Nəzərə alaq ki, Təbrizdəki konsulluq məhdud təmsilçi­lik deməkdir və onun vətəndaşlarımızın hüquqlarının qorunmasında aktiv iştirak edə bilməməsi anlaşılandır. Axı İran bö­yükdür və kiçik diplomatik missiya ölkənin hər yerində təsirə malik deyil. 

Azərbaycan XİN-in açıqlamasındakı vacib xüsuslardan biri də İrana məcburiy­yət qarşısında səfər edənlərin yüksək eh­tiyatlılıq nümayiş etdirmələrinin vacibliyi­nin vurğulanmasıdır. Nazirlik bunu kəskin şəkildə tövsiyə edir. Qurumun məlumatın­da, həmçinin, İslam Respublikasında olan vətəndaşlarımıza mühafizə və təhlükə­sizlik qaydalarına riayət etmək də tələb olunur ki, bu da özlüyündə diqqətçəkən məqam sayıla bilər. Görünür, cənab Kan­nanini bu da narahat edir. 

Yazımızda Azərbaycan cəmiyyətini İrandan narazı salan məqamları açıq­ladıq. Yaxşı olardı ki, ölkənin XİN rəs­misi həmin məqamlardan da danışaydı. Məsələn o, bildirə bilərdi ki, Azərbaycan səfirliyinə hücum faktı araşdırılır. Təd­birlər görülür ki, nəinki azərbaycanlılar, digər dövlətlərin vətəndaşları da terror xofundan uzaq dursunlar, İranda özlərini təhlükəsiz mühitdə hiss etsinlər. Yəni, cə­nab Kannani bunları deyə, daha doğrusu, yaza bilərdi. Yazmadı və İranın Azərbay­can dövlətinə ittihamındakı ənənəvi İsrail xəttini əsas götürdü. Bu isə onun fikirlə­rindəki xoş məqamları da ikinci plana ke­çirdi. İndi biz neynəyək? İran-Ermənistan sarsılmaz qardaşlığının “İslamdan irəli gələn ən böyük məziyyət olduğunu tiraj­layaq? Bildirək ki, İrəvana qucaq açmaq Tehran üçün həyati vacib məsələdir? İstə­mirik axı, belə şeyləri yada salıb qan qa­raldaq. Arzu edərdik ki, cənab Kannani də bunu düşünsün. 

 

R.ƏVƏZ. “Xalq qəzeti”

Siyasət