Utilizasiya ölkənin avtomobil parkını yeniləşdirəcək

post-img

Dünyanın inkişaf etmiş ölkələrində nəqliyyat parkının yenilənməsi məqsədilə istismar müddəti keçmiş avtomobillər utilizasiya prosesinə cəlb edilir. Artıq bu sahədə beynəlxalq təcrübə də formalaşıb. Hətta köhnə avtomobillərin utilizasiyası ilə məşğul olan iri şirkətlərin sayı 200-ü ötüb. 

Son illər ölkəmizdə də bu məsələ getdikcə aktuallığını artırır. Belə ki, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”n­da ölkəmizdə yol hərəkətinin təhlükə­sizlik səviyyəsini yüksəltmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yer­li avtomobil istehsalını stimullaşdırmaq məqsədilə köhnə, texniki-təhlükəsizlik və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin utilizasiya proqramının ha­zırlanması və tətbiqi nəzərdə tutulub. Bundan əlavə, “Azərbaycan Respubli­kasının 2022-2026-cı illərdə sosial-iqti­sadi inkişaf Strategiyası”nda istismarı ekoloji cəhətdən zərərli sayılan fiziki və mənəvi cəhətdən köhnəlmiş nəqliyyat vasitələrinin idxalının və istifadəsinin məhdudlaşdırılmasına dair tədbirlərin görülməsi qeyd olunur. 

Milli Məclisin iyunun 6-da keçirilən iclasında “İstehsalat və məişət tullantı­ları haqqında” qanuna dəyişikliklər mü­zakirəyə çıxarılıb. Dəyişikliklərdə Azər­baycanda istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobilləri üçün uti­lizasiya haqqının müəyyənləşdirilməsi, köhnə avtomobillərin utilizasiyası fon­dunun yaradılması, köhnə avtomobil­ləri utilizasiyaya verən şəxslərə yeni avtomobil alan zaman güzəşt tətbiq edilməsi, avtomobillərin utilizasiyaya verilməsi prosedurunun müəyyənləşdi­rilməsi, avtomobillərin utilizatorlarının reyestrinin aparılması və s. nəzərdə tu­tulur. Xatırladaq ki, qanun layihəsi səs­verməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. Dəyişikliklər isə 2024-cü il sentyabrın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, layihəyə əsasən, “Tullantılar haqqında” qanunla müəy­yənləşdirilmiş qaydada utilizasiyaya verilməzdən əvvəl nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Bu məqsədlə nəqliyyat vasitəsinin sahibi və ya sərəncam ver­mək hüququ olan digər şəxs tərəfindən aidiyyəti orqanlara müraciət edilir. Mü­raciət qəbul edildikdən sonra 3 iş günü müddətində həmin orqan tərəfindən araşdırma aparılaraq nəqliyyat vasitə­sinin dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılması və ya səbəblər göstə­rilməklə dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmasından imtinası barə­də qərar qəbul edilir və müraciət edən şəxsə bu barədə yazılı məlumat verilir. 

Eyni zamanda, “İstehsalat və məişət tullantıları haqqında” qanuna edilən dəyişiklikdə Azərbaycanda güzəştin və birdəfəlik ödənişin maliyyələşdirilməsi, habelə nəqliyyat vasitələrinin utilizasi­yası üzrə tədbirlərin stimullaşdırılma­sı və təşviqi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəqliyyat vasitələrinin utilizasiya fondunun ya­radılması nəzərdə tutulur. Yeri gəlmiş­kən, nəqliyyat vasitələrinin utilizasiyası fondu məqsədli büdcə fondu sayılır. Fondun utilizasiya haqqı, kreditlər və qrantlar, hüquqi və fiziki şəxslərin kö­nüllü ianələri, beynəlxalq təşkilatların və digər donorların ayırmaları, eləcə də qanunla qadağan olunmayan di­gər mənbələr kimi müstəqil mədaxil mənbələri hesabına maliyyələşəcəyi nəzərdə tutulur. Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin forma­laşdırılması və istifadə qaydasını mü­vafiq icra hakimiyyəti orqanının müəy­yən etdiyi qurum müəyyən edəcək. 

Bununla belə, Milli Məclisin deputa­tı Vüqar Bayramov hesab edir ki, ölkə­mizdə utilizasiya ilə bağlı ayrıca qa­nunun qəbul olunmasına ehtiyac var. İstehsalat tullantılarının utilizasiyası ilə maşınların utilizasiyasının fərqli proses olduğunu düşünən deputat bildirib ki, ABŞ və Avropa ölkələrində utilizasiya prosesi 12 il müəyyən edildiyi halda, bizim layihədə bu, 4 il nəzərdə tutulur. Bunun əsaslandırılmasına ehtiyac du­yulduğunu vurğulayan deputat bildirib ki, müddətin az götürülməsi idxal avto­mobillərinin xərclərini də artıracaq.

Ərşad HÜSEYNOV,
nəqliyyat üzrə ekspert

Utilizasiya müasir dövrdə isti­fadəyə yararsız avtomobillərin yı­ğışdırılmasının texnoloji qaydalara uyğun mədəni bir prosedurudur. Qabaqcıl ölkələrdə yararsız avto­mobillərin dövriyyədən çıxarılması, onun müəyyən materiallarının tək­rar emal edilməsi və onlardan imkan daxilində yenidən istifadə olunması üçün belə bir üsul tapılıb. Utilizasi­yanın əsas hədəfi odur ki, həm yol hərəkətinin təhlükəsizliyi, həm də ekoloji baxımdan istismara yararsız avtomobillər dövriyyədən çıxarılsın. Onların müəyyən materialları: me­tal, polimer və plastik materialdan olan hissələri, təkərləri, şüşələri tək­rar emala yönəldilsin, yaxud da ətraf mühit üçün zərərsiz hala gətirilsin.

Ölkəmizdə avtomobilləşmə pro­sesi sürətlənməkdədir. Ona görə də köhnə, istismara yarasız avtomo­billərin sayı artdıqca utilizasiyaya ehtiyac yaranır. Artıq bu ehtiyacın qarşılanması üçün müəyyən hüquqi addımların atılmasına başlanılıb. Prinsipcə utilizasiya könüllü bir pro­sesdir. Utilizasiya xüsusi ayrılmış subyektlər, yəni utiluzator tərəfindən həyata keçirilməlidir. Utilizatorun əsas funksiyası isə köhnə, istismara yararsız avtomobilləri təhvil almaq, onları imkan daxilində təkrar emal etməkdən ibarət olacaq. Bundan başqa, utilizasiya könüllü proses olmaqla yanaşı, onun həyata keçiril­məsində müəyyən bir inzibatçılıq və həvəsləndirmə tədbirlərinin də tət­biqi nəzərdə tutulur. Həvəsləndirmə tədbirləri isə ondan ibarət olacaq ki, özünün köhnə, yararsız avtomobili­ni utilizasiyaya verən vətəndaş təs­diqləyici sənəd əldə edəcək. Həmin sənəddə də utilizasiyaya verilmiş avtomobilin əvəzində avtomobil sa­hibinə müəyyən güzəşt nəzərdə tu­tulacaq. Güzəştin məbləğini isə Pre­zidentin müəyyən etdiyi orqan təyin edəcək. Böyük ehtimalla bu orqan Nazirlər Kabineti olacaq. 

Vətəndaşlara ödəniləcək güzəşt utilizasiya fondunun vəsaitləri he­sabına təmin ediləcək. Bunun üçün Nazirlər Kabineti müəyyən qaydalar qəbul edəcək. Utilizasiya fondunun vəsaitləri isə, avtomobil sahibləri tərəfindən edilmiş ödənişlər he­sabına formalaşdırılacaq. İstehsal olunduğu vaxtdan 4 ildən çox müd­dət keçmiş avtomobillər istər ölkəyə gətirilərkən, istərsə də ölkə daxi­lində istismar olunarkən utilizasiya fonduna ödənişlər edilməlidir. Yeri gəlmişkən, xaricdən idxal olunan avtomobillərə görə utilizasiya fondu­na ödəniş gömrük rəsmiləşdirilməsi, daxildə dövriyyədə olan avtomobil­lərə görə utilizasiya fonduna ödəniş isə texniki baxış zamanı ediləcək. 

Bütövlükdə isə, utilizasiya ilə bağlı lazımi təbliğat və təşviqat işlə­ri aparılsa, həvəsləndirmə tədbirləri qaydasında olsa, ölkənin avtomobil parkında istismara yararsız, ömrünü başa vurmuş maşınların dövriyyə­dən çıxarılması xeyli asanlaşacaq. Bu da ölkənin ayrı-ayrı yerlərini köhnə avtomobillərin qəbristanlı­ğına çevirməkdən xilas edər. Yeri gəlmişkən, bu problem planetimizin hər yerində olduğu kimi, ölkəmizdə də müşahidə olunur. Düzdür, bizdə əhali sayı o qədər də çox deyil, av­tomobilləşmə səviyyəsi cəmi 13-14 faiz təşkil edir. Amma planetimizdə 1 milyarddan artıq minik avtomobili var. Bununla yanaşı, hər il 80-100 milyona yaxın yeni minik avtomo­bili istehsal olunur. Təsəvvür edin, utilizasiya olmasa, bir neçə ildən sonra milyardlarla avtomobil hara­lardasa yığılıb qala bilər. Ölkəmizdə bu məsələ, hələlik, ciddi narahatlıq yaratmasa da, yaxın illərdə vəziy­yət dəyişə bilər. Düşünürəm ki, uti­lizasiya könüllü və digər prinsiplər əsasında ədalətli şəkildə həyata keçirilsə, köhnə, istismara yararsız avtomobillərin küçələrdən, yollardan yığışdırılması işi rahat olar.

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”



İqtisadiyyat