Rəqəmsallaşmaya keçid məhsuldarlığı artırır

post-img

Ötən əsrin 90-cı illərindən start götürən rəqəmsallaşma prosesi cəmiyyətin yüksək tərəqqisi üçün yeni imkanlar yaradıb. Xatırladaq ki, rəqəmsallaşma kağız daşıyıcılarındakı məlumatların elektronlaşdırılması, internet resursuna çevrilməsidir. Artıq dünya ölkələri “Dördüncü Sənaye İnqilabı” prosesində lider mövqeyinə yüksəlmək üçün innovativ texnologiyaların, elektronlaşmanın bütün imkanlarından maksimum yararlanmağa çalışırlar. 

Son illər dünya iqtisadiyyatına in­teqrasiya yolunu seçmiş Azərbaycan Respublikası da mühüm enerji və nəqliyyat-logistika layihələrinin təşəb­büskarı və əsas iştirakçısı kimi bütün sahələrdə rəqəmsallaşmaya keçid mərhələsinə qədəm qoyub. Hazırda ölkəmizdə rəqəmsal texnologiyalardan istifadəyə daha çox üstünlük verilir, bu istiqamətdə mühüm tədbirlər həya­ta keçirilir. Məhz bunun nəticəsidir ki, ölkəmizdə rəqəmsal iqtisadiyyatın qu­rulması, innovasiyaların tətbiqi getdik­cə daha çox aktuallıq kəsb edir. 

Müasir neft-qaz sənayesini inno­vativ texnologiyalardan ayrı təsəvvür etmək çətindir. Artıq beynəlxalq təcrü­bə də bu sahədə əldə olunmuş yüksək uğurlardan xəbər verir. Belə ki, bir sıra qabaqcıl konsaltinq şirkətlərinin araş­dırmaları sübut edir ki, rəqəmsallaşma neft-qaz sahəsində 100 milyard dolla­radək vəsaitə qənaət etməyə imkan verə bilər. Bununla yanaşı, audit və konsaltinq xidmətləri göstərən tanın­mış beynəlxalq şirkətlərin analitikləri də hesab edirlər ki, hazırda bazarda təm­sil olunan rəqəmsal həllərin əksəriyyəti məhz neft-qaz sənayesində əməliyyat xərclərinin azalmasına xidmət edir. Neft və qaz sənayesində rəqəmsal keçid istehsal gücünün artması, vaxta və vəsaitlərə qənaət, daha təhlükəsiz əməliyyatlar, eləcə də resursların rasi­onal idarə olunmasına imkan yaradır. Eyni zamanda, süni intellektə qoyulan investisiyaların neft və qaz sahələrində məhsuldarlığı artırmağa imkan verəcə­yi də bu üstünlüklər sırasındadır. 

Azərbaycanın karbohidrogen eh­tiyatlarının xarici şirkətlərlə birgə iş­lənməsini nəzərdə tutan neft-qaz sa­zişlərinin işlək platformaya çevrilməsi ilə əlaqədar ölkəmizə mütərəqqi tex­nologiyaların, qabaqcıl təcrübələrin axını xeyli güclənib. Belə bir şəraitdə ölkəmizin neft-qaz sənayesi də rəqəm­sal texnologiyalara keçid etməyə baş­layıb. Elə mayın 31-də neft, qaz və enerji sektorunda əhəmiyyətli bir plat­formaya çevrilmiş Bakı Enerji Həftəsi çərçivəsində keçirilmiş “Neft və qaz sənayesində rəqəmsallaşma və avto­matlaşdırma sahəsində innovasiyalar” mövzusunda xüsusi panel müzakirəsi­nin keçirilməsi də təsadüfi deyildi. 

Məlum olduğu kimi, bir neçə il əvvəl Azərbaycan Dövlət Neft Şirkəti (SO­CAR) rəqəmsal transformasiya pro­seslərinin idarə olunması üçün Xəzər İnnovasiya Mərkəzini (CIC) təsis edib. Artıq CIC SOCAR-da istifadə olunan bütün proqram təminatını ətraflı təh­lil edib və optimallaşdırmaya ehtiyac olan sferaları müəyyənləşdirib. Mərkəz 2018-ci ildən isə kəşfiyyat və hasilat sahəsində rəqəmsal layihələrin reallaş­dırılmasına başlayıb. Hazırda çoxsaylı risk və qeyri-müəyyənliklərin mövcud olduğu qazma sektoru tamamilə SAP ERP platformasına arxalanır. Burada bütün proseslər, o cümlədən planlaş­dırma, qazma və buruqların istismara verilməsi prosesləri avtomatlaşdırılıb. 

2021-ci il aprelin 9-da “SOCAR Tower”də istehsalat əməliyyatlarının vahid rəqəmsal mərkəzdən idarə olun­ması, ixtisaslaşmış sahələr üzrə xü­susi toplantıların keçirilməsi, iri həcm­li və kritik layihələr üzrə müzakirələr aparılması, operativ qərarların qəbul edilməsi, eləcə də böhran vəziyyətləri və fövqəladə halların idarə olunması funksiyalarının yerinə yetirilməsi üçün nəzərdə tutulmuş Vizualizasiya Mərkə­zi istifadəyə verilib. Bundan əlavə, ar­tıq uzun illərdir ki, SOCAR-da biznes proseslərinin avtomatlaşdırılması ilə yanaşı, korporativ rəqəmsal idarəetmə platformasının yaradılması da uğur­la davam etdirilir. Bu proses hazırda şirkətin bütün əsas fəaliyyət sahələrini əhatə edir. Yeri gəlmişkən, şirkətin Neft Mədən Korporativ Verilənlər Bazasın­da Azərbaycanın neft-qaz sənayesi tarixində indiyədək qazılmış, hazırda istismarda olan və istismar fondundan çıxarılmış 44 min quyunun 50 faizdən çoxu artıq rəqəmsallaşdırılıb. Hazırda mütəxəssislər həmin bazadan istifadə edərək interpretasiya proqram təminatı vasitəsilə yataqların modelini qura bi­lirlər.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İnformasiya Texnologi­yaları İnstitutunun şöbə müdiri, dosent Yadigar İmamverdiyev hesab edir ki, rəqəmsallaşma ilə neftvermə əmsalı­nı 45-50 faizə çatdırmaq mümkündür. Hazırda ölkəmizə yüksək texnologiya­ların həm “Əsrin müqaviləsi”nin iştirak­çısı olan şirkətlər, həm də Azərbaycan Dövlət Neft Şirkəti vasitəsilə gətirildiyini xatırladan Y. İmamverdiyev SOCAR-ın bəzi neft yataqlarında ağıllı neft-mədən konsepsiyasının həyata keçirilməsini təqdirəlayiq addım hesab edir. Onun fikrincə, real proseslərin rəqəmsal plat­formada onlayn rejimdə əks olunması insan faktorunu minumuma endirməklə risklərin azalmasına gətirib çıxarır. 

İlham ŞABAN,
Neft Araşdırmaları Mərkəzinin rəhbəri

Hazırda köhnə neft yataqları­na kapital qoymaqdansa yenilərini axtarmaq daha məqbuldur. Amma Azərbaycanın yerli istehsalçı şirkəti GL-in rəhbəri Asif Zeyna­lovun fikrincə, karbohidrogen ya­tağı özü canlı orqanizm kimidir. Hər insanın sağlamlığının bərpası tibbi nöqteyi-nəzərdən individual xarakter daşıdığı kimi, yataqla­rın neftverimliyinin artırılması da onun xüsusiyyəti və geoloji xarak­terinə bağlıdır.

Ona görə də yeni yataq axtarışı və ya köhnəsinə kapital yatırımı sırf yerin təkində müəyyən limitlənmiş hissədə baş verənlərlə əlaqəlidir. A.Zeynalov buna misal kimi “Sal­yan Oil” əməliyyat şirkətindəki yataqlarda davamlı olaraq 21 illik hasilat azalmasının GL-in quyula­rın mənimsənilməsinə tətbiq etdiyi innovativ həllər hesabına artım nü­mayiş etdirdiyini diqqətə çatdırıb. 

Yeri gəlmişkən, bir məqamı da diqqətə çatdırım ki, innovasiya işçilər arasında qorxu, hürkü ya­radan amil kimi də özünü göstərir. Çünki onun əsasında yenilik var və bir çoxları hesab edirlər ki, yenili­yin tətbiqi ilə iş yerlərini itirə bilər­lər. “Neft-qaz sənayesində avto­matlaşdırma və rəqəmsallaşdırma” mövzusunda moderatorluq etdi­yim paneldə SOCAR-ın baş geo­loqu Arzu Cavadova bu məsələyə toxunaraq bildirdi ki, rəqəmsal texnologiyalar, ilk növbədə, əmək məhsuldarlığının artırılmasına he­sablanıb. O isə insan kapitalına bağlı məfhumdur. Yəni xəsarətsiz iş şəraiti, minimum boşdayanmalar və nəticədə gəlirlik artır. Hətta bu halda iş yerini kimsə itirsə belə, gə­lirlərin artması hesabına məşğulluq imkanları genişlənir.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”



İqtisadiyyat