Kreml Bakı və İrəvanı alternativ axtarmamağa çağırır

post-img

Rusiya XİN-in rəsmisi Mariya Zaxarova ənənəvi həftəlik birifinqdə üçtərəfli bəyanatların Bakı ilə İrəvan arasında barışıq üçün alternativsiz “yol xəritəsi” olduğunu bəyan edib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçü­sü Mariya Zaxarovanın bu açıqlaması­nı əslində Vaşinqtonda sülh dialoqunun növbəti raunduna hazırlaşan İrəvan və Bakıya xəbərdarlıq mesajı kimi qəbul et­mək lazımdır. Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının əsas vasitəçi misiyasını boynuna götürən Kreml XİN rəsmisinin dili ilə barışığın onun iştirakı olmadan, kənar təşəbbüskarların dəstəyi ilə əldə olunmasının mümkünsüzlüyünü bir daha tərəflərin diqqətinə çatdırır. “Ru­siya üçtərəfli bəyanatları Azərbaycan və Ermənistan arasında barışıq prosesi üçün alternativi olmayan “yol xəritəsi” hesab edir”, – deməklə Zaxarova həmçinin sülh danışıqlarının Brüssel və Vaşinqton plat­formalarının heç bir nəticə verməyəcəyini da vurğulamağa çalışır. 

“Biz dəfələrlə bəyan etmişik ki, üç­tərəfli formatda - Rusiya, Ermənistan və Azərbaycan arasında münasibətlərin nor­mallaşdırılması üzərində işləyirik. Biz üç­tərəfli bəyanatlar toplusunu proses üçün alternativsiz “yol xəritəsi” hesab edirik. Bu işin öz trekləri, danışıqlar prosesinin dina­mikası, formatları və əlavə alətləri var. Biz heç nəyə məcbur etməyə çalışmırıq, pla­na əməl edirik”, – deyə xanım Zaxarova vurğulayıb.

XİN rəsmisinin sözlərinə görə, Azər­baycan və Ermənistanın mövqelərində yanaşmaların yaxınlaşması Rusiya üçün həmişə prioritet olaraq qalır. 

Moskvanın sülh danışıqlarının inten­sivləşən indiki mərhələsində təşəbbüsü okeanın o üzündəki ortaq vasitəçilərə ver­mək istəməməsi başadüşüləndir. Amma artıq həm Bakı, həm də İrəvan sülh pro­sesini məntiqi sonluğa çatdırmaqda qə­rarlıdırlar. Bunu Moskvanın arzulamadığı məkanda baş verməsi isə onun öz proble­mi idi. Zamanında bu gedişatı görməli idi. 

“Xalq qəzeti”

Siyasət