ABŞ Azərbaycanın separatçılara amnistiya məntiqini alqışlayır

post-img

"Biz Ermənistan və Azərbaycan arasında danışıqların davam etdiyini görməkdən məmnunuq". Bu fikirlər ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerə məxsusdur. Cənab Millerin sözlərinə görə, dövlət katibi Blinkenin dediyi kimi, Cənubi Qafqazda sülh əldə etmək olar.

Əvvəla onu bildiririk ki, M.Millerin açıqlamasından Birləşmiş Ştatların Azərbaycan Prezidenti İlham Əliyevin mayın 28-də Laçında, rayonun öz doğ­ma yurd-yuvalarına qayıtmış sakinləri ilə görüşündə səsləndirdiyi sərt fikirlər­dən narahatlıq keçirdiyi duyulmaqdadır. Narahatlıq həm də bu gün Azərbaycan və Ermənistan liderlərinin Avropa İtti­faqı Şurasının rəhbəri Şarl Mişelin va­sitəçiliyi, Fransa Prezidenti Emmanuel Makronun və Almaniya Kansleri Olaf Şoltsun iştirakı ilə Moldovanın paytax­tı Kişineuda baş tutacaq Avropa Siyasi Sammiti çərçivəsindəki görüşünün po­zitiv ovqatının korlanması ehtimalı ilə bağlıdır. Vaşinqtonun görüşü, ümumən isə Qərb vasitəçiliyini sığortalamaq niy­yəti aşkardır: “Ermənistan və Azərbay­can liderləri bu həftə Kişineuda avropalı tərəfdaşlarımızla görüşəcəklər və ümid edirik ki, görüş zorakılıq yolu ilə deyil, danışıqlar masası arxasında məsələlə­rin həlli istiqamətində məhsuldar addım olacaq”.

Millerin açıqlamasındakı ikinci məqam Azərbaycan və Ermənistan ara­sında eskalasiyaya qarşı xəbərdarlığın ifadə olunması ilə əlaqədardır. O bildi­rib ki, aqressiv ritorika yalnız keçmişin zorakılığını davam etdirə bilər. Həm ic­timai, həm də xüsusi konstruktiv dialoq isə sülh, yeni imkanlar və ümid yaradır: “Birləşmiş Ştatlar davamlı və layiqli sülh sazişi bağlamaq üçün hər iki tərəfin səylərini dəstəkləməyə hazırdır”.

ABŞ rəsmisi açıqlamasında, həm­çinin, ölkəsinin bu yaxınlarda Ermənis­tanın baş naziri Nikol Paşinyana sülhə sadiqliyinə görə təşəkkürünü bildirdi­yini xatırladıb. Onun üzəridə dayandı­ğı başlıca məqam isə Prezident İlham Əliyevin məlum çıxışında Qarabağ se­paratçılarına amnistiya elan edilməsi ilə bağlı fikirlərinin alqışlanmasıdır. 

Yeri gəlmişkən, dövlətimizin başçısı bildirmişdi ki, əgər qondarma rejim özü­nü buraxdığını elan etsə, o zaman onun “məmurları” Azərbaycan dövlətinin hu­manist yanaşmasından faydalana bilər­lər. Təbii ki, bu yanaşma onların heç də hamısına şamil edilməyəcək. Cənab İlham Əliyevin vurğuladığı kimi: “Onlara amnistiya düşürmü, düşmürmü? Mən isə deyirəm ki, buna baxmaq lazımdır”. 

Hesab edirik ki, Millerin bəyanatın­dakı sonuncu məqam onun söylədiklə­rinin ümumi mahiyyəti barədə təsəvvür yaratmaq baxımından, kifayət qədər, həssas notlara köklənməkdədir. Bəli, məlumdur ki, Ağ Ev Cənubi Qafqaz siyasi akvatoriyasında sabitliyin tərəf­darıdır. Millerin də yada saldığı kimi, Birləşmiş Ştatların Dövlət Departamen­tinin rəhbəri Antoni Blinken Azərbay­can və Ermənistan arasında vasitəçilik edib. Bu baxımdan mayın 1-dən 4-dək davam etmiş Vaşinqton və Arlinqton da­nışıqlarının önəmini xüsusi vurğulamaq lazımdır. Nəzərə alaq ki, bu danışıq­lar ötən ilin oktyabrından ölü nöqtəyə yuvarlanmış nizamlama prosesinin Qərb seqmentinin aktivləşməsi nöqte­yi-nəzərdən mühüm rol oynadı. 

Birləşmiş Ştatların sülh gündəli­yinə həssas yanaşmasındakı başlıca məqam Prezident İlham Əliyevin səs­ləndirdiyi amnistiya məntiqidirsə, Va­şinqton Qarabağdakı separatçılığın sıradan çıxmasının tərəfdarı kimi çıxış etməkdədir. Deməli, bunu Azərbaycan–Ermənistan nizamlanması baxımından əsas götürməkdədir. Bu mövqe həm də onu göstərir ki, mövcud istiqamətdəki spekulyasiyalara yer yoxdur. 

Ancaq Ermənistanın siyasi rəhbər­liyi yenə öz “ampluasındadır”. Söhbət Qarabağdakı separatçılığın tarixin arxi­vinə gömülməsindən gedirsə, separatçı rejimin dayağı qismində çıxış edən qa­nunsuz erməni hərbi birləşmələrinin də ərazini tərk etmələri mütləqdir. Azərbay­can Prezidentinin humanist yanaşma meylinin mövcud olduğu, bunun ABŞ tərəfindən də dəstəkləndiyi bir məqam­da Ermənistanın təhlükəsizlik şurasının katibi Armen Qriqoryan özünü həyasız yerinə qoyub bildirir ki, Qarabağda er­məni hərbçiləri yoxdur, oradakılar yerli əhalinin təhlükəsizliyinin qayğısına qa­lan “Artsax” sılahlılarıdır. 

Lakin erməni həyasızlığı Qriqorya­nın söylədikləri ilə məhdudlaşmır. Er­mənistanın Xarici İşlər Nazirliyinin rəs­mi nümayəndəsi Ani Badalyan Millerin bəyanatını şərh edərkən bildirib: “Biz hesab edirik və bütün tərəfdaşlarımıza aydın olmalıdır ki, Ermənistanla Azər­baycan arasında münasibətlərin nizam­lanması prosesində Alma-Ata Bəyan­naməsinə əsasən ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşı­lıqlı anlaşma əsasında tanınması, eləcə də Dağlıq Qarabağ əhalisinin hüquq və təhlükəsizliyinin nəzərə alınması əsas əhəmiyyət kəsb edir. Ermənistan XİN-in 29 may tarixli bəyanatında vurğulandığı kimi, Azərbaycanın ərazi bütövlüyünün tanınması “Dağlıq Qarabağ xalqına” qarşı etnik təmizləmə və özbaşınalıq hüququ kimi şərh edilə bilməz”.

Qeyd edək ki, Ermənistan XİN kimi, qurumun rəsmi nümayəndəsi Badalyan da özünü Azərbaycan Prezidentinin söylədiklərindən ABŞ-a şikayət moti­vinə kökləyərək, Vaşinqtona dərs keç­mək xülyasına düşüb. O bildirib ki, ABŞ özünün elan etdiyi demokratiya və in­san hüquqlarının müdafiəsi dəyərlərinə, habelə, regionda davamlı sülhün bərqə­rar olunmasına sadiqliyinə və iştirakına əsaslanaraq, Azərbaycan rəhbərliyinin, guya, Ermənistanın suveren ərazisinə qarşı ekspansionist siyasətinə və Qara­bağda etnik təmizləmə istəyinə adekvat cavab verməlidir. 

Bəli, haylar, necə deyərlər, dincəl­mək bilmirlər. Açıq-aşkar görünür ki, onlar Qarabağ müstəvisindəki mani­pulyasiyalarından əl çəkmək niyyə­tində deyillər. Bu avantüristlər və nə istədiyini anlamayanlar yığını onu da bilmir ki, Birləşmiş Ştatlar və digər güc­lər Azərbaycanın diktə etdiyi reallıqları qəbul edirlər. Bunu dövlətimizin başçısı dəfələrlə vurğulayıb. İndiki məqamda həmin güclər hansısa formada növbətçi bəyanatlar səsləndirib bölgədə sabitlik və sülh çağırışları edirlərsə, bu, heç də o demək deyil ki, Azərbaycanın məcbu­riyyət qarşısında qalıb gücə əl atacağı təqdirdə, ölkəmizin qarşısına çıxacaq­lar. Onlar, sadəcə, 44 günlük müharibə nəticəsində onsuz da acınacaqlı du­ruma düşmüş Ermənistanı, ümumən, rüsvayçılığa düçar olmuş erməni varlı­ğının yeni hərbi toqquşma ilə daha da alçaldılmasını istəmirlər, yazıqları gəlir. Badalyanlar, qriqoryanlar və digər yan­lar isə bunu anlamayacaq dərəcədə iflicdirlər. Amma necə deyərlər, anlama­maq və bilməmək məsuliyyətdən, daha konkret desək, “dəmir yumruğ”un növ­bəti zərbəsindən sığortalamır. Rəsmi Bakı dövlət idarəçiliyində oturub uşaq şıltaqlığı edənlərin nazı ilə oynamaq niyyətində deyil. Belələri reallığın sərt sifətini görməlidirlər və hadisələrin gedi­şatı onu deməyə əsas verir ki, görmələ­rinə az qalıb. Prezident İlham Əliyevin Laçındakı çıxışı bunun anonsu idi. 

Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

Siyasət