İsrail bazarının böyük potensialı var

post-img

Azərbaycan–İsrail əlaqələri müxtəlif sahələrdə dinamik inkişaf edir. Bu dövlətlər arasında ticarət dövriyyəsi getdikcə genişlənir, qeyri-neft məhsullarının payı yüksəlir. Lakin buna baxmayaraq, hazırda ticarət əlaqələrinin şaxələndirilməsinə ciddi zərurət duyulur, çünki ölkəmizin qeyri-neft məhsullarının İsrail bazarına ixracı üçün istifadə olunmayan böyük potensial var. Bundan başqa, investisiya, innovasiya, informasiya, kənd təsərrüfatı, ekologiya, qida, su, enerji texnologiyaları, əczaçılıq və biotexnologiya, ərzaq təhlükəsizliyi, kibertəhlükəsizlik, turizm, kiçik və orta sahibkarlıq kimi sahələrdə əməkdaşlıq üçün geniş perspektivlər mövcuddur. Mütəxəssislərin fikrincə, bu potensialın reallaşdırılması üçün özəl sektorun fəallığı artırılmalıdır. Bu baxımdan, Azərbaycan–İsrail biznes dairələri arasında keçirilən işgüzar tədbirlər xüsusi diqqət çəkir. 

Ümumiyyətlə, son illər Azərbay­can–İsrail arasındakı iqtisadi əlaqələrin güclənməsi müşahidə olunur. Belə ki, ötən il iki ölkə arasındakı ticarət döv­riyyəsinin 85 faiz artaraq 1 milyard 718 milyon dollara çatması, son iki ildə isə ticarət dövriyyəsinin 3,7 dəfə artması bunun bariz ifadəsidir. 

Prezident İlham Əliyev və İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun mayın 30-da mətbuata bəyanatlarla çıxışlarında da iki ölkə arasında iqtisa­di münasibətlər haqqında geniş bəhs edilib. Dövlətimizin başçısı bəyanatın­da bəzi iqtisadi rəqəmləri xatırladaraq ticarət dövriyyəsinin 1,7 milyard ABŞ dollarından çox olduğunu vurğulayıb. Ölkə rəhbəri bu göstəricini yüksək məbləğ kimi dəyərləndirib və növbəti illərdə ticarət dövriyyəsini şaxələndir­məklə onun həcminin daha da artır­mağa nail olunacağını diqqətə çatdı­rıb. Dövlətimizin başçısı daha sonra deyib: “Həyata keçiriləcəyini planlaş­dırdığımız birgə layihələr nəticəsində bizim daha balanslaşdırılmış ticarət dövriyyəmiz olacaq və o, təkcə enerji amilindən asılı olmayacaq. Buna bax­mayaraq, uzun illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir və bu da əslində enerji sahəsində sıx əməkdaşlığı nü­mayiş etdirir”.

Səfər çərçivəsində keçirilən görüş­lərdə iki ölkə arasında enerji sahəsin­də əməkdaşlığın necə genişləndiril­məsi məsələsi də müzakirə edilib. Bu sektorda investisiya layihələri, inter­konnektorların yaradılması və üçün­cü ölkələrdə potensial əməkdaşlıq layihələri üçün böyük imkanların möv­cudluğu xatırladılıb. 

Bu məqamda qeyd edək ki, Azər­baycan İsrailin enerji təhlükəsizliyində mühüm rol oynayır. İsrailin neft idxalı­nın 40 faizə yaxın hissəsini respubli­kamız təmin edir. Bundan əlavə İsrailin Aralıq dənizi sahillərində böyük qaz rezervi–Leviathan və Tamar yataqları kəşf olunub. Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) İsrailin Aşdod neft ya­tağı bölgəsindən 5 faiz pay alıb. 

Dövlətimizin başçısı mətbuata bə­yanatında daha sonra bəzi irriqasiya və kənd təsərrüfatı sahəsində görü­lın işlər və qarşıda duran vəzifələr haqqında ətraflı danışıb. Ölkə rəh­bərinin nitqində İsrailin bu sahələrdə qazandığı uğurların önəmi yüksək dəyərləndirilib və Azərbaycanın bun­dan yararlandığı–kənd təsərrüfatında məhsuldarlığı artırmaq üçün bu müs­bət təcrübədən istifadə etmək və ixrac bazarını şaxələndirmək istəyi diqqətə çatdırılıb. 

Dövlətimizin başçısı bəyanatında Azərbaycanın İsraillə bu yaxınlarda əməkdaşlığa başladığı sahələrdən biri olan kibertəhlükəsizliklə əlaqədar la­yihələrin əhəmiyyətini də vurğulayıb. Ölkə rəhbəri dost dövlətlə bu sahədə fəal təmasların başlanılmasını yüksək dəyərləndirib və bu məsələyə böyük əhəmiyyət verilməsini kibertəhlükə­sizliyin hər bir ölkənin, o cümlədən də Azırbaycanın milli təhlükəsizliyinin mü­hüm hissəsi kimi prioritet xarakter daşı­dığını qeyd edib. 

Yeri gəlmişkən, kibertəhlükəsizliyin tətbiqi sahəsində İsrail şirkətləri böyük təcrübəyə malikdir. Buna görə də Azər­baycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) döst ölkədə ki­bertəhlükəsizlik üzrə mütəxəssisləri­mizin hazırlanmasına böyük maraq göstərir. 

Xatırladaq ki, bir müddət bundan əvvəl ölkələrimizin informasiya texno­logiyaları və kibertəhlükəsizlik sahə­sində qarşılıqlı əməkdaşlıq imkanla­rının genişləndirilməsi “Israil Export Institute” ilə müzakirə edilib. Kibertəh­lükəsizliyin təmin olunmasının hər iki ölkə üçün aktuallığı nəzərə alınaraq, bu cür görüşlərin və qarşılıqlı səfərlərin zəruriliyi xüsusi vurğulanıb. Gələcəkdə tərəflər arasında birgə işlərin görülmə­si üçün danışıqların davam etdirilməsi qərara alınıb.

Azərbaycanda kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi və po­tensialının artırılmasına dəstək ve­rilməsi məqsədilə 2022-ci ildə təsis edilən AKTA özündə informasiya tex­nologiyaları və kibertəhlükəsizlik üzrə ixtisaslaşmış şirkət və təşkilatları bir­ləşdirir.

Azərbaycan–İsrail əlaqələrindən danışarkən müdafiə sənayesi sahə­sində uzunmüddətli əməkdaşlığı da qeyd etmək yerinə düşər. Azərbayca­nın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da ölkəmizin müdafiə qabiliyyətinin müa­sirləşdirilməsini, möhkəmləndirilməsini şərtləndirir. Başqa sözlə, İsrailin mü­dafiə sənayesindən bəhrələnmək Pre­zident İlham Əliyevin vurğuladığı kimi, dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır.

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun ölkəmizə səfəri çərçivəsində iki ölkə arasında qarşılılıqlı turist axı­nı səviyyəsinin necə qaldırılmasını da müzakirə olunub, bu sahədə müəyyən çatışmazlıqlar diqqətə çatdırılıb. Həftə­də yalnız dörd reysin olduğu, belə bir göstəricinin isə yetərli sayılmadığı bil­dirilib. Bu problemin aradan qaldırıl­ması məqsədilə nümayəndə heyətləri üzvlərinə uçuşların sayının artırılması ilə bağlı müvafiq göstərişlər verilib və bunun daimi əsasda gerçəkləşdirilmə­sinin zəruriliyi diqqətə çatdırılıb. Başqa sözlə, iki dövlət tərəfindən qarşılıqlı uçuşların turist mövsüminin qızğın ça­ğında–yay vaxtlarında olduğu kimi, di­gər fəsillərdə də diqqətdə saxlanılma­sının zəruriliyi xatırladılıb. 

Burada bir məqamı da qeyd etmək yerinə düşər. Azərbaycanın İsraildə səfirliyinin açılması ikitərəfli münasi­bətlərin yeni mərhələyə yüksəldiyini göstərir. Azərbaycan Hökuməti ilə İsra­il Dövləti Hökuməti arasında Birgə Ko­missiya, həmçinin Azərbaycanın İsrail­dəki Ticarət nümayəndəliyi ölkələrimiz arasında tərəfdaşlığın inkişafı üçün əhəmiyyətli platformalardır. 

Ölkələrimiz tərəfindən iqtisadi-ti­carət əməkdaşlığının gücləndirilməsi istiqamətində işləri hazırda uğurla da­vam etdirliir. İsrail Azərbaycanın əsas ticarət tərəfdaşları sırasındadır. Bu ölkə qarşılıqlı investisiya, həmçinin, energetika, kənd təsərrüfatı, İT, inno­vasiya, əczaçılıq, turizm və s. sahələr üzrə səmərəli əməkdaşlıq mövcuddur.

Ötən il işgüzar dairələrimiz arasında əlaqələrin genişləndirilməsi istiqamə­tində fəal iş aparılıb. İsrail şirkətləri ilə birgə investisiya layihələrinin reallaş­dırılması uğurla gerçəkləşdirilib. İsrail şirkətləri ilə sənaye zonaları və aqro­parklar, su təsərrüfatı və digər sahələr üzrə də möhkəm tərəfdaşlıq yaradılıb. Ötən müddətdə İsraillə innovativ inki­şaf və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq Azərbaycan üçün xüsusi önəm daşıyıb.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

Siyasət