“Nə hərb, nə sülh”ün sonuna nə qədər qalıb?

post-img

Mayın 25-də Moskvada fiaskoya uğramış üçtərəfli sülh danışıqlarından sonra Aİ-nin bu gün Kişineu formatında təşkil etdiyi dördtərəfli Zirvə görüşünə kövrək ümidlər bəslənilir

Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə Avropa Siyasi Birliyinin (ASB) Sammitində Azərbay­can Prezidenti İlham Əliyev, Ermənis­tanın baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron, Almani­ya kansleri Olaf Şolts barışığın yollarını arayacaqlar. Vasitəçinin “Böyük görüş” kimi dəyərləndirdiyi Aİ formatının Kişi­neu platformasından gözləntilər az deyil. Həm vasitəçi tərəfin, həm də müstəqil ekspertlərin qənaətinə görə, Moldo­va görüşü Vaşinqton və Brüssel plat­formalarında ortaq məxrəcə gəlinmiş məsələlər üzrə anlaşmaların rəsmiləş­dirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Fəqət Hayastanın baş nazıri­nin Azərbaycan və Ermənistan arasın­da yekun sülh sazişinin imzalanmasının mümkün olmayacağını bəyan etməsi prosesin qeyri-müəyyən müddətə qədər uzana biləcəyi kimi pessimist sonluq­dan xəbər verir. “Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Moldovanın paytaxtı Kişineuda keçiriləcək görüşü səbirsizliklə gözləyirik”, – deyən Şarl Mişelin optimizmini də anlayışla qarşı­lamaq lazımdır. Çünki onun optimizmi danışıqlar prosesində hazırda yaranmış vəziyyətlə düz mütənasib sayıla bilər. Paşinyan hakimiyyəti Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlü­yünü tanıdığını bəyan edib. Yəni, ilk baxışda bu faktın özü tərəflərin yekun sülh sazişini imzalaması yolunda əsas əngəl sayıla biləcək maneənin ortadan qalxması kimi görünür. Amma Bakı kimi, sülh yolunda səylərini əsrgəməyən va­sitəçilər də yaxın təcrübədən bilirlər ki, Nikol Paşinyan dünən dediyi sözün, verdiyi vədin bu gün tam əksini bəyan etməyə qadirdir. 

* * *

ASB-nin Kişineu dördtərəfli sam­mitinə okeanın o tayından da reaksiya verildi. ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller görüşün məsələlərin hərbi yolla deyil, sülh da­nışıqları masası arxasında həlli üçün səmərəli addım olacağına ümid et­diklərini açıqlayıb. Təcavüzkarlıq rito­rikasının keçmişin zorakılığını yalnız əbədiləşdirəcəyini, səmərəli, şəffaf dia­loqun isə sülhə, yeni imkanlara və ümid­lərə zəmin olacağını qeyd edən cənab Miller Birləşmiş Ştatların möhkəm və layiqli sülh sazişinin imzalanması üçün hər iki tərəfin səylərini dəstəkləməyə hazır olduğunu da diqqətə çatdırıb. Vaşinqtonla Brüsselin ortaq sülh plat­forması sayılan İrəvan və Bakı arasın­da sülh danışıqlarının Kişineu raundu diqqəti həm də ona görə özünə cəlb edir ki, bu gün iki ölkə arasında mövcud “nə hərb, nə sülh” kimi qeyri-müəyyən duruma aydınlıq gətirilməlidir. Artıq Ba­kının “belə davam edə bilməz” dəmir məntiqini və sülhəgətirmənin mümkün alternativ yollarını göz önünə alan av­ropalılar nəyin bahasına olursa-olsun, prosesdə nəticə əldə etməyə çalışır. Bu da başadüşüləndir. “Prezident Makron və kansler Şoltsla birgə "böyük görüş" olacaq. Bizim üçün əhəmiyyət kəsb edən bu görüşü ciddi səylə hazırlayı­rıq", – deyən Ş.Mişelin səylərinin bu dəfə nə ilə nəticələnəcəyini Moskvada da diqqətlə izləyirlər. Unutmayaq ki, Cə­nubi Qafqazda mövqelərinin zəifləməsi ilə qəti barışmayan Kreml arzuolunmaz şərik-vasitəçilərin ərsəyə gətirəcəyi istənilən razılaşmanın hüquqi təsdiqinin onun əlində olduğunu rəsmən bildirib. Bu amili sanki görməzdən gələn Aİ Şu­rasının sədri Şarl Mişel Moldova gözlən­tilərini kifayət qədər aydın ifadə etdi: “Bu görüş tərəflərin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşdı­ğını yenidən təsdiqləmək və sərhədlərin delimitasiyası üzrə irəliləmək, həmçinin sərhəd bölgələrində riskləri azaltmaq üçün olduqca vacibdir”.

* * * 

İndi yüksək səviyyəli görüşlərdə əsas vasitəçi missiyasını üzərinə götürən Aİ Şurasının rəhbəri üçün danışıqların “axilles dabanı” Bakı ilə Xankəndi və ət­raf bölgədə yaşayan ermənilər arasında dialoqdur. “Dialoqa cəhd etmək və mak­simalist mövqedən yayınmaq vacibdir. Hədəf dialoq olmalıdır. 30 ildən çox da­vam edən münaqişədən sonra yaraların sağalması üçün vaxt lazımdır. Cəsarətli qərarlara ehtiyac var”. Brüssel danı­şıqlarından sonra da oxşar bəyanatla çıxış edən Şarl Mişel Azərbaycandan Qarabağ ermənilərinin hüquq və təh­lükəsizliyinin təmin olunması məqsədilə “beynəlxalq ictimaiyyətlə birlikdə pozi­tiv gündəliyi hazırlamağı” xahiş edib. Amma burada məsələnin Bakı üçün qə­bulolunmaz tərəfləri var. Qarabağdakı silahlı separatçıların yaxın müqəddəratı və bölgədəki erməni sakinlərin seçim imkanı barədə Azərbaycan Prezidenti özünün Laçın tezislərində kifayət qədər birmənalı mövqe ortaya qoydu. Həmin mesajların həm də Kişineu sülh masa­sında əyləşəcək tərəflərə ünvanlandığı şəksiz idi. Bəli, hansı tərəfdən baxsaq, Kişineu danışıqlarının kifayət qədər gər­gin keçəcəyi şübhə doğurmur. Aydındır ki, istər Makron, istərsə də Şolts bu pro­sesə “beynəlxalq mexanizmləri calaq etmək” üçün əllərindən gələni edəcək­lər. Əslində Paşinyanın Kişineu forma­tından ən çox gözlədiyi əsas nəticə elə budur. 

Amma ortada dəyişən və barışılması mümkün olmayan reallıq var. Bu isə on­dan ibarətdir ki, Xankəndi də, onun ət­rafı da suveren Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Rəsmi Bakı daxili işi hesab etdiyi bu məsələni hansısa bey­nəlxalq qurumla müzakirə etməyəcəyini dəfələrlə, həm də birmənalı şəkildə bə­yan edib. Beynəlxalq hüquqa söykənən bu düstur heç bir halda dəyişməyəcək. 

 

Tofiq ZÜLFÜQAROV,
keçmiş xarici işlər naziri, politoloq:

– Bilirsiniz ki, həmin görüşdə təklif olunan format Azərbaycan tərəfindən qəbul olunmayıb. Çünki Bakı bu formatda Fransanın va­sitəçilik missiyasına etirazını bildi­rib. Amma müəyyən müzakirələr üçün imkanlar var. Avropa İttifaqı iqtisadi baxımdan geniş imkanlara malik qurumdur. Bunu nəzərə ala­raq onun maliyyə dəstəyi bölgədə gedən müəyyən proseslərə yardım göstərə bilər. Söhbət, ilk növbədə, Zəngəzur dəhlizindən gedir. Başa düşməliyik ki, həmin ərazidə böyük həcmli, praktiki işlər aparılmalıdır və Azərbaycan öz tərəfində bu işlə­ri artıq tamamlamaq üzrədir. Ermə­nistan isə bir tərəfdən bu məsələni ləngidir, o biri tərəfdən isə səbəb kimi imkanının olmadığını göstə­rir. Bu baxımdan, paradoksal gö­rünsə də, Bakının marağındadır ki, Avropa İttifaqı İrəvana maliyyə yardımı etsin və o, boynuna düşən hissəni inşa edib başa çatdırsın. Ümumiyyətlə, Avropa İttifaqının diqqət mərkəzində duran məsələ kommunikasiyaların açılmasıdır. Sülh sazişinə gəlincə isə, açığı, Ki­şineuda buna real imkanların yara­nacağına inanmıram. Azərbaycan istəməz ki, məsələ Makronun işti­rakı ilə müzakiyə çıxarılsın və han­sısa praktik nəticə əldə olunsun. Gördüyümüz kimi, İrəvan Vaşinq­tonda və Moskvada buna getmədi. Kişineuda da mövcud müstəvidə hansısa irəliləyişə nail olunaca­ğı inandırıcı deyil. Əgər müzakirə baş tutsa, bu, Azərbaycanın Avro­pa İttifaqı ilə ikitərəfli münasibətləri kontekstində olacaq.

 

Yeganə HACIYEVA, 

politoloq:

– Nəhayət, Ermənistan–Azər­baycan münasibətlərində gözlə görünən bir nəticə olmalıdır. Belə nəticələr Avropa İttifaqının Brüs­sel formatı adlanan görüşlərində əldə edilə bilər. Kişineu sammiti Brüssel sülh formatının davamı kimi qəbul edilsə də, danışıqlar bu il artıq Vaşinqton dialoqu müstəvi­sinə də keçdi. Yəni, proses mər­hələli şəkildə gedir. Güman edirik ki, Kişineu görüşünün yekununda gözlə görünən bir sənəd, razılaş­ma ortaya qoyula bilər. Birinci ra­zılaşma Qarabağdakı qondarma rejimin, separatçı qrupun rəhbər­lərinin bölgəni tərk etmələri, ikinci, sərhədlərin delimitasiya və demar­kasiyası, üçüncü isə kommunika­siya xətlərinin açılması məsələlə­rini əhatə etməlidir. Birincini əsas şərt olaraq Azərbaycan Prezidentiİlham Əliyev sammit ərəfəsində irəli sürdü. Burada maraqlı məqam odur ki, Qarabağdakı həmin silahlı separatçılar sülh prosesinin vasitə­çilərindən Bakıdan özlərinə amnis­tiya xahiş ediblər. Amma əvvəlcə həmin silahlı birləşmələrin Qara­bağdan çıxarılmasına dair işçi plan olmalıdır. Yəni, ölkə başçısının Laçından səsləndirdiyi mesajlar ətrafında bir razılaşma gözləyirik. Onu da qeyd edək ki, ABŞ Dövlət Departamenti rəsmisinin bu görüş öncəsi sülh prosesi ilə bağlı açıq­laması cənab Ptrezidentimizin La­çında bəyan etdiyi tezislə, separat­çıların bölgədən çıxarılmasına dair 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 4-cü bəndi ilə üst-üstə düşür. Birləşmiş Ştatlar Cənubi Qafqazda sülh və sabitlik məsələ­sində Azərbaycanla hesablaşır.

P.S. ASB-nin sayca ikinci Sammiti (birinci keçən il oktyabrın 6-7-də Praqada keçirilib) paytaxt Kişineu­dan 40 kilometr aralıda, Bulboaka kəndindəki Mimi Şərabçılıq zavo­dunda baş tutacaq. Moldovanın “Newsmaker” nəşri rəsmi mən­bəyə istinadla yazır ki, Sammitə bütün Avropa ölkələrindən və Aİ institutlarından liderlərin qatılaca­ğı gözlənilir.

 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”





Siyasət