Bizi İsraillə sülh, ümumi rifah, birgə strateji baxışlar və dini dialoq birləşdirir

post-img

Aramızda çox fəal siyasi dialoq var və biz cənab Prezidentlə telefonla əlaqə saxlayırıq. İndi isə, əl­bəttə ki, rəsmi səfər zamanı bizim ikitərəfli gündə­liyimizdə duran önəmli məsələləri müzakirə etmək üçün daha çox imkanımız var. Bu il İsraildə Azərbay­can səfirliyinin açılması, əlbəttə ki, əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yara­dacaq.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti 

Bakı, 30 may 2023-cü il

 

Azərbaycana səfər etmək mənim üçün və millətim üçün həyata keçən arzudur. Bu səfər İsrail xalqı üçün və Azərbaycan xalqı ilə İsrail xalqı arasında birgə əlaqələr baxımından böyük əhəmiyyət kəsb edir... Bizim əlaqələ­rimizin dərin kökləri var. Yəhudilərin bu ölkədəki irsinin kökləri, yeri gəlmişkən, özlüyündə nümunə olan nadir irsi və yəhudi icmalarının 120-130 il əvvəl meydana gəl­məsi ilə Azərbaycanın dünyada yazdığı hekayəsinə öz böyük töhfəsini verib. 

İshaq HERSOQ, 

İsrail Prezidenti 

Bakı, 30 may 2023-cü il

Bəlkə də nə zamansa, hansı­sa başqa dövlət başçısı da dost ölkəyə reallaşdırdığı səfərini belə qiymətləndirib. Ancaq mən ilk dəfə idi ki, güclü bir dövlətin pre­zidentinin başqa ölkəyə səfərini özü və xalqı üçün həyata keçən bir arzu adlandırdığına şahidlik edir­dim. Bu addımı İsrail Prezidenti İshaq Hersoq Bakıdakı görüşlə­rinin nəticəsi olaraq, Azərbaycan Prezidenti ilə mətbuata verdiyi bə­yanatın girişində səsləndirdi. 

Qonaq prezident həmin bəyanat­dan, təxminən bir saat əvvəl – geniş­tərkibli görüşdəki çıxışında da maraqlı məqamlara toxunmuşdu: “İsraillə Azər­baycan arasında tərəfdaşlıq... bizim müzakirə etdiyimiz bir çox sahələrin də təməl nöqtəsidir. Düşünürəm ki, bu, bir çox səviyyələrdə xalqlarımıza mesaj göndərir. İlk növbədə, hesab edirəm ki, bu, elə bir mesaj göndərir ki, yəhudilər və müsəlmanlar birlikdə sülhə doğru addımlasalar, birgə açıq dialoq aparsa­lar, birlikdə dünyanın xeyrinə çalışsalar birlikdə möhtəşəm işlər görə bilərlər. İkincisi, bu, strateji münasibətdir, çünki biz sülh, rifah və inkişaf istiqamətlərin­də bütün regiona öz təsirimizi göstəri­rik”. 

Hər halda, dialoqla bağlı son za­manlar eşitdiyimiz ən dəyərli fikir­lərdəndir. Doğrudur, Azərbaycan Prezidenti İlham Əliyev də “Bakı pro­sesi” çərçivəsində keçirilən beynəlxalq tədbirlərdə millətlər və dini konfes­siyalar arasındakı dialoq məsələsini dəfələrlə qabartmışdır. Ancaq Azər­baycan Prezidentinin qaldırdığı dialoq məsələsi bütün dünya xalqlarını və konfessiyaları əhatə edirdi. Cənab İs­haq Hersoq isə məsələni kifayət qədər lokallaşdırır: “... yəhudilər və müsəl­manlar birlikdə sülhə doğru addımlasa­lar, birgə açıq dialoq aparsalar, birlikdə dünyanın xeyrinə çalışsalar birlikdə möhtəşəm işlər görə bilərlər”.

Bu məqamda xatırladım ki, bu il aprelin 19-da “Xalq qəzeti”ndə Azər­baycan–İsrail əməkdaşlığının geniş­ləndirilməsi barədə verdiyimiz yazının sonunda belə bir cümlə var idi: “Biz inanırıq ki, Təl-Əvivdən gələn növbəti rəsmi nümayəndənin səfəri əməkdaşlı­ğımızın daha da dərinləşdirilməsinə öz töhfəsini verəcəkdir”. Nəticə göz qaba­ğındadır. 

Həm Bakıda, həm də Təl-Əviv­də belə düşünürlər ki, əməkdaşlığın genişləndirilməsinə iqtisadi sferada­kı əlaqələr daha böyük töhfələr verir. Üstəlik, İsrail şirkətləri işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərində fəal iştirak edirlər və bu bizdə məmnunluq yaradır. Elə hərbi-texniki sahədə də ölkələrimiz arasında uzun illərdir uğurlu əməkdaş­lıq davam etdirilir. Bu əməkdaşlığın inkişafında həm Azərbaycanda, həm də İsraildə fəaliyyət göstərən diaspor təşkilatlarının rolu böyükdür. 

Yeri gəlmişkən, cənab İshaq Her­soqun Bakı səfəri çərçivəsində keçi­rilən tədbirlərdən birində Azərbaycan Prezidenti vurğuladı ki, İsrailin Azər­baycandakı diasporu funksiyasını əsrlər boyu burada yaşayan yəhudilər yerinə yetirirlər. Maraqlıdır ki, bizim İsraildəki diasporumuz da məhz vax­tilə Azərbaycanda yaşamış yəhudilər­dən ibarətdir. Bu fakt onu sübut edir ki, xalqlarımızın nümayəndələri əsrlər boyu birgə dostluq şəraitində yaşa­mışlar. Yəhudi icması üzvlərinin birinci və ikinci Ermənistan–Azərbaycan mü­haribələrində iştirak etmələri, şücaət göstərmələri ölkəmizdə ehtiramla qeyd olunur.

Ölkələrarası diplomatik münasibət­lərin tarixinə gəlincə, deyə bilərik ki, Azərbaycanla İsrail dövləti arasında ikitərəfli münasibətlər 1991-ci il dekab­rın 25-də yaranıb. Həmin tarixdə İsrail Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanımışdır. İki ölkə ara­sındakı diplomatik münasibətlər isə 1992-ci il aprelin 7-də qurulmuşdur. Dövlət başçımızın 2016-cı il yanvarın 21-də İsveçrədə keçirilən Davos İqtisa­di Forumu çərçivəsində İsrail Dövləti­nin Baş naziri cənab Benyamin Netan­yahu ilə keçirdiyi görüş əməkdaşlığın genişləndirilməsinə stimul olmuşdur. Həmin il dekabrın 13-də isə İsrail Döv­lətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasında işgüzar səfərdə olmuşdur. 

Zamanın çağırışlarına daha opera­tiv reaksiya verən Azərbaycan və İsra­il dövlətləri təmasları sonrakı dövrdə daha da intensivləşdirmiş və əlaqələr tərəflərin arzuladığı səviyyəyə qaldırıl­mışdır. Nəticədə ölkəmizdə yəhudilərin iyirmiyə yaxın ictimai-mədəni və xey­riyyə təşkilatı fəaliyyət göstərir. 

Ekspertlərin fikrincə, Azərbaycanın İsraillə olan yaxın münasibəti yalnız Azərbaycan–İsrail arasında yox, regi­ondakı digər ölkələrlə də siyasi-iqtisadi əlaqələrin genişləndirilməsinə və inki­şaf etdirilməsinə rəvac verəcək. Azər­baycanla İsrail arasında münasibətlə­rin genişləndirilməsi məsələsində isə Təl-Əvivdə açılan səfirliyimizin xüsusi rolu olacaq. 

Beynəlxalq əməkdaşlıq mütəxəs­sisləri yazırlar ki, tərəflərin hər ikisi bu əməkdaşlığın qorunmasında və inkişaf etdirilməsində maraqlıdır. Təbii ki, mü­nasibətlərin bu səviyyəyə çatması tək­cə Azərbaycanın cəhdləri nəticəsində mümkün olmazdı. Necə ki, regionda­kı bəzi dövlətlərlə səmimi əməkdaşlıq və dostluq etmək səylərimiz cavabsız qalır. İsrail rəhbərliyi isə öz xalqının və dövlətinin maraqlarına cavab verən heç bir təklifi cavabsız qoymur. 

İnanırıq ki, Prezident İshaq Her­soqun Bakı səfəri əməkdaşlığımızın yeni üfüqlərini müəyyən edəcəkdir. 

 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

Siyasət