Hüquqi dövlətin əsaslarını yaradan lider

post-img

Xalqların istiqlaliyyət və milli azadlıq tarixində xilaskar rolunu oynayan dahi insanlar əbədiyyət qazanırlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı müasir dünya tarixinə də parlaq və silinməz iz qoymuş belə böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.

Ümummilli lider Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. Naxçıvanda sadə, zəhmətkeş bir azər­baycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək vəzifələr tutmuş, çiyinlərində ölkənin yükünü daşımışdır. Ulu öndə­rin 1969–1982-ci illərdə Azərbayca­nın rəhbəri kimi gördüyü işlər xalqın yaddaşında daim qalacaqdır. Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi keç­miş SSRİ-nin geridə qalmış respubli­kalarından biri sayılan Azərbaycanda həyat ritmini büsbütün dəyişdi, ölkədə görünməmiş canlanma və yüksəliş, ti­kinti-quruculuq işləri başlandı. 

Məhz Heydər Əliyevin Azərbay­cana rəhbərlik etdiyi o illərdə bugün­kü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycan­çılıq məfkurəsi yüksəlməyə başladı, kadr korpusunun milliləşdirilməsi is­tiqamətində qətiyyətli addımlar atıldı, hər il yüzlərlə gənc müxtəlif mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ən qabaqcıl ali məktəb­lərinə göndərildi, azərbaycanlılar mü­hüm dövlət vəzifələrinə irəli çəkildilər.

Heydər Əliyevin SSRİ kimi nəhəng dövlətin rəhbərliyində Siyasi Büronun üzvü, Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək mövqe və vəzifə tutması qürurverici hadisə oldu. Heydər Əliyevin siyasi elitanın zirvəsinə yüksəlməsi Azərbaycan üçün xüsusilə böyük önəm kəsb etdi.

1991-ci ildə dövlət müstəqilliyini yenicə bərpa etmiş ölkəmiz onu itirmək təhlükəsi qarşısında qalmışdı. Ölkədə müharibə gedirdi. İdarəçilik isə yox dərəcəsində idi. Respublikada xaos, anarxiya hökm sürürdü. Yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırırdı. Xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər. Burada məşhur fransız mütəfəkkiri Volterin “dövlətin xilası üçün bir dahi insan kifayətdir” kəlamı yada düşür. Heydər Əliyev də Tanrının Azərbaycan xalqının taleyinə bəxş etdiyi bir qismət, zamanında millətinin xilaskarı olmaq üçün göndərilən bir dahi insan idi.

Məhz müstəqil Azərbaycanın azad­lığının, dövlətçiliyinin müqəddəratı­nın həll edildiyi ağır günlərdə xalqının iradəsinə tabe olan Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq müstəqil Azərbaycan Respublikasını, Azərbay­can xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv ol­maqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. 

Ümummilli lider daxili və xarici qüv­vələrin dövlət çevrilişi, sui-qəsd və təx­ribat cəhdlərinə baxmayaraq öz həyatı, sağlamlığı bahasına gecəli-gündüz­lü fədakar əməyi hesabına müstəqil Azərbaycan dövlətini qurdu və möh­kəmlətdi. Heydər Əliyev demokratik hüquqi dövlət qurmaq, köklü islahat­lar aparmaq üçün ilk növbədə ölkədə ictimai-siyasi sabitliyi, qanunçuluğu bərqərar etdi, cəmiyyətdə hökm sürən hərc-mərcliyə və özbaşınalığa birdəfə­lik son qoydu. Ulu öndərin 1994-cü ildə imzaladığı cinayətkarlıqla mübarizəyə yönəlmiş tarixi fərmanı qanunçuluğun və hüquq qaydalarının möhkəmləndi­rilməsində əsaslı dönüş yaratdı.

Zəngin dövlətçilik təcrübəsinə ma­lik olan böyük strateq Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini ilk milli konstitusiyanı yaratmaqla ger­çəkləşdirdi. Heydər Əliyevin müəllifi olduğu və 1995-ci ildə ümumxalq səs­verməsi yolu ilə qəbul olunmuş Azər­baycan Respublikasının Konstitusiya­sında hüquqi dövlətin bütün prinsipləri – qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, kons­titusiya nəzarəti prinsipləri təsbit olun­du, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edildi.

Ulu öndər prokurorluq orqanlarının rəhbər işçiləri ilə 2000-ci ilin aprelində keçirdiyi görüşdə hüquqi islahatlarla bağlı deyirdi: “Bu islahatları ona görə aparmırıq ki, kimsə bizə deyir, kimsə bunu bizdən tələb edir. Biz özümüz an­lamalıyıq ki, “hüquqi, demokratik döv­lət qururuq” elan edən prezident gərək onu təmin etsin. Bunu təmin etmək də qanunlarla ola bilər”.

Gərgin fəaliyyət nəticəsində ölkə­mizin bu günü və gələcəyi naminə son dərəcə vacib və əhəmiyyətli, habelə hüquq sisteminin mahiyyətini müəyyən edən tam yeni mütərəqqi qanunlar, o cümlədən "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Vəkillər və və­killik fəaliyyəti haqqında" və digər qa­nunlar, əvvəlkilərdən prinsipcə köklü surətdə fərqlənən Mülki və Mülki-Pro­sessual, Cinayət və Cinayət-Proses­sual, Cəzaların İcrası və s. məcəllələr qəbul edildi. Bu qanunvericilik aktları beynəlxalq səviyyəli mütəxəssislər tərəfindən ekspertizadan keçirilməklə yüksək dəyərləndirildi.

İnsan haqlarının etibarlı qorun­ması dövlətin prioriteti kimi müəyyən edilərək respublikamız insan hüquq və azadlıqlarının təminatı sahəsində bütün əsas beynəlxalq konvensiyalara qoşuldu, 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyuldu, 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növü tamamilə ləğv edildi, əfv və amnistiya institutları geniş tətbiq edilməyə başlandı.

Ölkəmizdə insan haqlarının mü­dafiəsinə dair mühüm normativ aktlar qəbul olundu, bu sahədə xüsusi Döv­lət Proqramı hazırlanaraq həyata ke­çirilməyə başlandı və İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) institutu yaradıldı. Demokratik hüquqi dövlətin təməl daşlarından biri hesab olunan müasir müstəqil məhkəmə hakimiyyəti­nin bərqərar olması da məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Belə məhkəmə hakimiyyətini yaratmaq üçün ölkədə köklü məh­kəmə-hüquq islahatlarının aparılması­nın zəruriliyini nəzərə alan ümummilli liderin təşəbbüsü ilə 1997-ci ildə zən­gin demokratik ənənələri olan ölkələrin təcrübəsinə əsaslanan "Məhkəmələr və hakimlər haqqında" yeni Qanun qə­bul olundu və məhkəmə islahatlarına dair proqram xarakterli fərman imza­landı. Dahi öndərin rəhbərliyi ilə apa­rılan məhkəmə-hüquq islahatı nəticə­sində keçmiş sovet məhkəmə sistemi ləğv edilərək 2000-ci ildən yeni, insan haqlarının müdafiəsinə daha etibarlı təminat verən üçpilləli müstəqil məh­kəmə sistemi fəaliyyətə başladı.

Müstəqilliyimizin on ili – 1993-2003-cü illər ərzində dahi Heydər Əli­yev “siyasət mümkün olanı etmək de­yil, mümkünsüzü bacarmaq sənətidir” məşhur kəlamında söylənildiyi kimi, düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycan üçün, xalqımız üçün mümkünsüz görünən hər şeyin öhdəsindən uğurla gəldi, ölkəmizin müstəqilliyini dönməz, əbədi və daimi etdi, Azərbaycan demokratik hüquqi dövlət quruculuğu yolu ilə əzmlə irəlilə­di və gələcək inkişafın strateji hədəflə­rini müəyyən etdi. O inkişaf ki, sonrakı illərdə müstəqil Azərbaycanın daha da qüdrətlənməsi və tərəqqisi üçün möh­kəm təməl və potensial rolunu oynadı.

Ümummilli lider həm də Azərbay­can tarixində ən görkəmli dövlət xadi­mi kimi əbədi bir milli sərvət – Heydər Əliyev dövlətçilik məktəbini yaratdı. Ulu öndərin 2003-cü ildə tarixi müraciə­tində xalqa müəyyənləşdirdiyi siyasə­ti davam etdirə biləcək dəqiq ünvanı göstərdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələlə­ri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanı­ram və gələcəyinə böyük ümidlər bəs­ləyirəm". Zaman Heydər Əliyevin bu inamını təsdiq edir və ümummilli liderin layiqli davamçısı möhtərəm Preziden­timiz cənab İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir, öz praqmatik və müdrik siyasəti ilə ölkəmizi irəli apa­rır. Dövlətin sükanının etibarlı əllərdə olduğunu görən xalq öz Prezidentinə daim dəstək verir və onun arxasınca inamla gedir.

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi hərtərəfli inkişaf stra­tegiyası ötən dövrdə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğur­la həyata keçirilərək ölkəmizin davamlı inkişafı təmin edilmiş, qarşıya qoyulan əsas məqsəd və hədəflərə nail olun­muşdur. Bu gün hər bir azərbaycanlını qürurlandıran hadisə ümummilli lider Heydər Əliyevin torpaqlarımızın, həm­çinin Azərbaycanın incisi olan Şuşanın işğaldan azad ediləcəyinə, ərazi bü­tövlüyümüzün bərpa ediləcəyinə dair əminlik və ideyalarının Prezidentimiz cənab İlham Əliyevin müdrik siyasəti və Ali Baş Komandanlığı və xalqımızın şanlı oğullarının şücaəti ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsin­də reallaşmasıdır. 

Ümummilli lider haqqında da­nışarkən onun ideyalarını yaşadan Heydər Əliyev Fondunun fəaliyyəti də xüsusilə qeyd edilməlidir. Heydər Əliyev Fondu xeyirxahlıq, sülh, in­sanpərvərlik kimi bəşəri amallar uğ­runda nəcib fəaliyyəti ilə ölkədə həyata keçirilən çoxşaxəli islahatlara dəyərli töhfələr verir, Azərbaycan Respubli­kasının Birinci vitse-prezidenti, fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan çoxsaylı layihələr, həyata keçirilən tədbirlər öz müsbət nəticələrini verməklə xalqımı­zın Heydər Əliyev ocağına olan sevgi­sini daha da gücləndirir.

Azərbaycan zəngin ölkədir, onun istedadlı insanları, tükənməz təbii sər­vətləri var, lakin bizim ən böyük sərvəti­miz Heydər Əliyev siyasi irsidir. Şübhə­siz ki, Heydər Əliyev dühasını, onun xalqımız qarşısında xidmətlərini dərin­dən öyrənmək üçün illər gərəkdir. Ulu öndərimizin böyüklüyü, onun xalqımı­zın rifahı naminə həyata keçirdiyi mü­hüm tədbirlərin mahiyyətini tam dərk etmək üçün böyük zaman tələb olunur. Zaman keçdikcə bu dahi insanın adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər mücəssəməsinə çevrilir.

Azərbaycan xalqı ulu öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yük­sək zirvələr fəth edəcəkdir.

 

Mürvət HƏSƏNOV,
Sumqayıt şəhər prokuroru, baş ədliyyə müşaviri

Siyasət