Oğru elə bağırdı ki...

post-img

Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərinin açarlarını onlara təqdim edib. Dövlət başçısı görüşdə çıxış edib. Çıxış zamanı səsləndirilən fikirlər və edilən çağırışlar Ermənistanda və Qarabağ iqtisadi rayonunun Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında yaşayan ermənilər arasında ciddi rezonans doğurub.

Xatırladaq ki, Prezident İlham Əliyev Qarabağ ermənilərindən separatçılıqdan və düşmənçilikdən əl çəkməyi, silahlı qüvvələri tərksilah etməyi, özünü dövlət elan edən strukturları ləğv etməyi, Azər­baycan qanunvericiliyini tanımağı və bu ölkənin vətəndaşı kimi yaşamağı tələb edib. Əks halda onlara qarşı müvafiq tədbirlər görüləcək: “İki il yarım ərzində bütün planlarımız ardıcıllıqla, tədricən həyata keçdi və biz öz planlarımızın son addımlığındayıq, o addım da atılacaq və buna mən şübhə etmirəm. Buradan - uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından on­lara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. “Miatsum” kitabı bağlandı, se­paratizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibə­si zamanı göndərmişik lazım olan yerə. Ona görə, yeganə yol qalıb - Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dır­naqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq. Guya orada “parlament” fəaliyyət göstə­rir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanı­mız var. Ona görə “parlament” buraxıl­malıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini ar­tıq kənara qoymalıdırlar”.

Cənab İlham Əliyevin çıxışını öyrən­mək və cavab hazırlamaq üçün Ermə­nistan xarici işlər nazirliyinə bir sutkadan artıq vaxt lazım olub. Mayın 29-da ax­şam qurumun bəyanatı yayılıb. Bəya­natda bir gün sonra İrəvan Qarabağın “dövlət strukturları”nın ləğvi və Qarabağ ermənilərinin Azərbaycan vətəndaşlığını qəbul etməsi ilə bağlı tələbləri qəbule­dilməz adlandırıb. Bəyanatda deyilir ki, Azərbaycan Qarabağı blokadaya alıb və Qarabağda ermənilərə qarşı “etnik təmizləmə” həyata keçirməklə hədələyir: “Azərbaycan Qarabağ əhalisini nəinki “soyqırımı” ilə hədələyir, həm də Ermə­nistanın müstəqilliyini və ərazi bütövlüyü­nü şübhə altına alır”.

Azərbaycan XİN-in cavabında qarşı tərəfin növbəti dəfə verdiyi qərəz dolu əsassız bəyanatı qətiyyətlə rədd edi­lib: “Ermənistan tərəfinin bu bəyanatı Azərbaycan ərazilərini 30 il işğal altın­da saxlayan, azərbaycanlılara qarşı et­nik təmizləmə həyata keçirən, şəhər və kəndlərimizi viran qoymuş Ermənistanın, bu yerləri işğaldan azad etdikdən sonra yenidənqurma işləri aparan, dədə-baba yurdlarından kütləvi şəkildə vəhşicəsinə qovulmuş vətəndaşlarımızın geri qayıt­ması üçün bütün şəraiti yaradan Azər­baycanın qısa müddətdə gördüyü işləri həzm edə bilməməsinin təzahürüdür.

Görünür ki, Ermənistan bununla eyni zamanda, işğalına 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq son qoyulduğu Laçından öz qüvvələrini çıxararkən bu ərazilərə dinc sakinlərin geri qayıtmasına mane­çilik törətmək məqsədilə 2700-dən artıq mina yerləşdirməsi və evlərə mina tələlər qoyması kimi əməllərini də ört-basdır et­mək və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq məqsədi daşıyır.

“Azərbaycan Prezidentinin ərazi bü­tövlüyü və suverenliyə hörmət edilməsi­nin zəruri olduğuna, Azərbaycanın daxili işlərinə qarışmağın qəbuledilməzliyinə və bölgədə separatçılığın təşviq edilməsinə xidmət edən addımların qarşısının qə­tiyyətlə alınmasına istiqamətlənən çağı­rışlarının Ermənistan xarici işlər nazirliyi tərəfindən qəsdən təhrif edilməsi onların tarixdən dərs çıxarmadığını nümayiş et­dirir. BMT Nizamnaməsinə və beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycana qarşı təcavüz aktı törədən, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini heçə sayaraq işğala son qoymayan Ermənistanın Azərbaycanın güc tətbiq etməklə hədə törətdiyini iddia etməsi gülüncdür”, – nazirlikdən əlavə edilib.

Öz növbəsində, qondarma rejimin parlamenti də bəyanatla çıxış edərək, Bakını “etnik təmizləmə” hazırlamaqda it­tiham edib. Qeyd olunub ki, bu, Qarabağ ermənilərinin Azərbaycanın tərkibində yaşaya bilməyəcəyini sübut edir. Sepa­ratçılar Rusiyanı və beynəlxalq ictimaiy­yəti Qarabağa qarşı “hərbi təcavüzün” (?) qarşısını almağa çağırıblar.

***

Bu arada Hayastan parlamentinin spi­keri Alen Simonyan dilə gəlib. O, “Tvitter” hesabında Azərbaycanı Laçın şəhərində Böyük Vətən müharibəsi qurbanlarının xatirəsinə ucaldılmış memorial komplek­si yer üzündən silməkdə (?) ittiham edib. Simonyan hay xislətinə uyğun olaraq La­çını “Berdzor” kimi təqdim edib: “Maraq­lıdır, Böyük Vətən müharibəsində həlak olanlara həsr olunmuş abidənin dağıdıl­masına reaksiyalar, reportajlar və ya pat­riotların böyük qələbəmizi ləkələməyə, kəsib atmağa çalışacaqları tok şoular olacaqmı? Yoxsa, tərəfləri təmkinli olma­ğa çağıran bəyanatlar eşidəcəyik, hə? İkili standartlar, axmaqlıq və tamahkarlıq, sonra isə təəccüblü üz ifadəsi... Nə və harada səhv oldu?”

XİN-in mətbuat katibi Ayxan Hacıza­də A.Somonyanın paylaşımına elə “Tvit­ter”dən cavab verib. O, bunu Ermənistan rəhbərliyinin növbəti aqressiv ritorikası və saxtakarlığı adlandırıb: “Birincisi, İkin­ci Dünya müharibəsi abidəsini dağıdan, İkinci Dünya müharibəsinə həsr olunmuş bütün barelyefləri silən və onun yerində Laçının işğalı ilə bağlı yazılar yazan və 1992-ci ilin mayında şəhəri yandıran er­məni terrorçularının siyahısını memorial kompleksə həkk edən Ermənistan olub.

İkincisi, Ermənistan parlamentinin spikeri və Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyan baş nazirin ən yaxın adamı qədim şəhərimiz olan Laçını “Berdzor” adlandıraraq, ölkəmizin suve­renliyinə növbəti dəfə zərbə vurur.

Üçüncüsü, Ermənistan liderləri yalan­çı ritorikadan əl çəkməli və Azərbaycanın suverenliyinə hörmət etməlidirlər!”.

A.Hacızadənin qeyd etdiklərinə yal­nız onu əlavə etmək qalır ki, Nikol Paşin­yanın sələfi Serj Sarkisyanın dövründə faşist əlaltısı və cəllad Qaregin Njdeyə İrəvanın mərkəzində abidə ucaldılmışdı. Onun demontaj olunması ilə bağlı edilən bütün çağırışlara baxmayaraq, abidə ha­zırda da İrəvanın mərkəzində qalmaqda­dır. İndi belə bir varlığa heykəl ucaldan hayların parlamentinin spikeri özündə cürət tapırmış kimi bizi nədəsə ittiham etməyə cəhd göstərir. Uğursuz cəhddir!

Fərhad MƏMMƏDOV,
Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq

– Ermənistan-Azərbaycan münasi­bətlərində hələ də açıq qalan məsələlər var. Bunlar Qarabağda Ermənistan or­dusunun qalıqlarının mövcud olması və Ermənistandan gələn resurs təminatıdır. Bura qaz, işıq, əsas maliyyə təminatı daxildir. Azərbaycan bu açıq məsələləri bağlamağa çalışır. Çünki Laçında sərhəd nəzarət-buraxılış məntəqəsi yaradılan­dan sonra sülh danışıqlarında dinamika yaranıb. İrəvan bu açıq məsələlərdən sui-istifadə etməklə, sülh prosesinə ma­neçilik törədir, yaxud gələcəkdə əlavə nəyəsə nail ola biləcəyi illüziyalarına qapılır. Azərbaycan Prezidentinin bəya­natlarından aydın olur ki, ölkəmiz açıq qalan məsələləri ya beynəlxalq vasitə­çilik yolu ilə, ya da birtərəfli qaydaya məhdudlaşdırmaq və qapatmaq niyyə­tindədir.

Laçında qurulmuş sərhəd nə­zarət-buraxılış məntəqəsi Laçın yolun­dan sui-istifadənin qarşısını aldı. Hazır­da sülh sazişi ilə bağlı gedən danışıqlarda da Ermənistanın Qarabağ erməniləri amilindən sui-istifadə etməməsi üçün Azərbaycan Qarabağdakı silahlılarla bağlı açıq-aşkar mesajlar ötürür. Mesaj­lar həm Azərbaycan Prezidenti, həm də Müdafiə Nazirliyi səviyyəsində verilir. Bu o deməkdir ki, Azərbaycan Ermənis­tana açıq qalan məsələləri sülh yolu ilə bağlamağı təklif edir. Əks təqdirdə yenə birtərəfli qaydada addımlar atılacaq. Bu da öz növbəsində yenidən danışıqlar prosesinə təsir göstərəcək. Ermənistanın sui-istifadə üçün bəhanəsi qalmayacaq.

Səxavət HƏMİD, “Xalq qəzeti”

Siyasət