İctimaiyyət nümayəndələrimiz Türkiyədə mühüm görüşlər keçiriblər

post-img

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə vətəndaş cəmiyyəti nümayəndələrinin qardaş Türkiyəyə işgüzar səfəri çərçivəsində növbəti görüşlər keçirilib.

Azərbaycan nümayəndə heyəti Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Təhlükəsizlik və Fövqəladə Hallar Koordinasiya Mərkəzində (Güvenlik ve Acil Durumlar Koordinasyon Merkezi – GAMER) Vətəndaş Cəmiyyəti ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Ahmet Türkoz, Türkiyə Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin rəhbəri Aygün Attar, Türkiyə Respublikası KAMUSEN (Cəmiyyət İşçiləri Həmkarlar İttifaqı Konfederasiyası) rəhbərinin müavini Talip Geylan, Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədri Serkan Kayalar və digər şəxslərlə görüşlər keçirmişdir.

Görüşlərdə Azərbaycan və Türkiyə arasında dostluq-qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi, iki ölkənin prezidentləri cənab İlham Əliyev və cənab Rəcəp Tayyip Ərdoğanın şəxsi dostluq münasibətlərinin bu prosesi, bu qardaşlığı daha da uğurlu gələcəyə apardığı qeyd edilib. Azərbaycan və Türkiyə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə olan birlik-qardaşlıq münasibətlərinin vətəndaş cəmiyyəti qurumları arasında da mövcud olduğu və bu prosesin davam etdiriləcəyi qeyd edilib.

Anar ƏLİ,
“Xalq qəzeti”

Siyasət