Ötən il Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında bir neçə görüş keçirilib. Dekabrda məhz Ermənistan tərəfi Brüsseldə eyni formatlı görüşdə iştirakdan imtina edib, bununla da prosesə maneçilik törədilib.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin mayın 14-də Brüsseldə, iyunun 1-də isə Avropa Siyasi İcmasının Kişineuda keçiriləcək növbəti görüşündə Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şoltsun iştirakı ilə görüşlərinin planlaşdırılması barədə Avropa İttifaqının məlumatına dair yerli medianın sorğusunu cavablandırarkən bildirib.
Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb ki, Azərbaycan tərəfi ötən il baş tutmamış və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə may ayında yenidən bərpa olunması planlaşdırılan Brüssel görüşünə razılıq verib.
Eyni zamanda, Kişineuda Avropa Siyasi İcmasının növbəti iclası çərçivəsində Fransa Prezidenti və Almaniya Kanslerinin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilməsi təklif olunub. Azərbaycan tərəfi öz növbəsində Brüssel formatını əvəz etməmək və bu formatı dəyişdirməmək şərtilə Kişineuda qeyri-formal görüşdə Azərbaycan tərəfinin iştirakının mümkün olduğunu bildirib. Bununla yanaşı, sözügedən görüşün təfərrüatları barədə müfəssəl məlumat verilmədiyi nəzərə alınaraq, Kişineu görüşündə iştiraka dair yekun razılıq hələlik mövcud deyil.