Vaşinqtondan sonra nəzərlər Brüsselə dikilib

post-img

Mayın 14-də Avropanın siyasi paytaxtı sayılan Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsi nəzərdə tutulub. Görüş Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə baş tutacaq. Bununla bağlı ilk olaraq Böyük Britaniyanın “Financial Times” qəzeti məlumat yayıb.

Qəzet bildirib ki, bu məlumat pro­sesdən yaxşı xəbərdar olan üç mənbə tərəfindən təsdiqlənib. Mənbələrdən biri Brüssel görüşünün mühüm irəliləyişə sə­bəb olacağını qeyd edərək, Vaşinqton və Brüsselin vasitəçilik səylərinin bir-birini tamamladığını bildirib. Nəşrin yazdığına görə, liderlər sərhədlərin demarkasiyası və minalanmış ərazilərlə bağlı fikir müba­diləsi aparacaqlar.

Yayılan bu məlumat daha sonra Aİ Şurasının prezidenti Şarl Mişelin ofisi tərəfindən təsdiqlənib. Bu barədə şura­nın Ermənistan və Azərbaycan üzrə bə­yanatında qeyd olunub. Bildirilib ki, Ş.Mi­şel Cənubi Qafqazda sabitliyi və iki ölkə arasında normallaşmanı təşviq etmək üçün Azərbaycan və Ermənistan liderlə­ri ilə sıx əlaqə saxlayır. Qeyd olunub ki, tərəflər 2023-cü ilin mayın 14-də Brüs­seldə yenidən üçtərəfli görüşün keçiril­məsinə razılaşıblar.

Bəyanatda, həmçinin iyunun 1-də Moldovanın paytaxtı Kişinyovda baş tu­tacaq Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyanın Fransa Prezidenti Em­manuel Makron və Almaniya Kansleri Olaf Şoltsun iştirakı ilə beştərəfli görüş keçirəcəkləri də qeyd olunub.

Liderlər, həmçinin Brüsseldə üçtərəfli görüşləri mümkün qədər tez-tez davam etdirməyə razılaşıblar. Ş.Mişel 2023-cü ilin oktyabrında Avropa Siyasi Birliyinin İspaniyanın Qranada şəhərində keçirilə­cək növbəti sammiti çərçivəsində Azər­baycan, Ermənistan, Fransa və Almani­ya liderlərini ikinci dəfə görüşməyə dəvət etmək niyyətində olduğunu bildirib.

Qeyd edək ki, mayın 14-də Brüsseldə keçirilməsi nəzərdə tutulan görüş fevral ayında Almaniyanın Münxen şəhərində­ki danışıqlardan və iki ölkənin xarici işlər nazirlərinin ötən həftə ABŞ-da apardıqla­rı müzakirələrdən sonra Azərbaycan və Ermənistan liderləri arasında ilk təkbətək görüş olacaq. Yeri gəlmişkən, görüşlə bağlı ABŞ da öz mövqeyini açıqlayıb. Va­şinqton Brüsseldə keçirilməsi planlaşdırı­lan görüşlə bağlı xəbəri alqışladığını bə­yan edib. Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunun “Tviter” səhifəsində yerləşdirilmiş pay­laşımda deyilir: “Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş na­ziri Nikol Paşinyanın mayın 14-də Brüs­seldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə görüşəcəkləri barədə xəbəri alqışlayırıq. Vaşinqtondakı danışıqlardan sonra bu görüş gələcək irəliləyiş üçün zə­min yaradacaq”.

Görüşlə bağlı məlumatı ilk dəfə açıqlayan “Financial Times” qəzetinin mənbələrindən biri görüşün mühüm irə­liləyişə səbəb olacağını qeyd etsə də, reallıq bundan ibarətdir ki, Ermənis­tanın mövqeyi razılaşma əldə etməyə imkan vermir. Xarici işlər naziri Ceyhun Bayramovun bugünlərdə Vilnüsdə litvalı həmkarı Qabrielius Landsberqislə görüş­dən sonra keçirilən brifinqdə səsləndir­diyi fikirlər də bunun göstəricisidir. Nazir qeyd edib ki, münaqişədən sonrakı döv­rdə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasında zəif dinamika müşahidə olunur. Bütün sahələrdə, o cümlədən ikitərəfli müna­sibətlərin əsaslarını müəyyən edən sülh müqaviləsi layihəsi, dövlət sərhədlərinin delimitasiyası, nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası üzrə əldə olunmuş tərəqqi isə qənaətbəxş deyil: “Biz Ermə­nistanı xoş məram nümayiş etdirməyə və ölkələr arasında münasibətlərin normal­laşdırılması ilə bağlı müzakirələrdə daha çox səy göstərməyə çağırırıq”.

Gözlənilən görüş barədə “Xalq qə­zeti”nə açıqlama verən politoloq İlyas Hüseynov bildirib: 

– Brüsseldə cənab İlham Əliyev və Nikol Paşinyan arasında baş tutacaq müzakirələr Qərbin başlatdığı sülh danı­şıqları formatının davamı kimi qiymətlən­dirilir. Onun sözlərinə görə, ötən ilin so­nunda Ermənistan və Fransanın Brüssel formatında görüşlərin keçirilməsinə qarşı çıxdıqlarını da yaddan çıxarmaq olmaz: “Görüşün məhsuldar olacağı ehtimal olu­nur. Çünki Brüssel formatı hər zaman öz səmərəliliyi ilə seçilir. Digər tərəfdən, Er­mənistan-Azərbaycan münasibətlərində cüzi də olsa, yaxınlaşma hiss olunur və bu, təqdirəlayiq haldır”.

Politoloq Brüssel görüşünün uğurlu olacağı halda tərəflərin Kişinyovda keçi­riləcək növbəti danışıqlarda sülh sazişi­nin yol xəritəsinin razılaşdırıla biləcəyini vurğulayıb: “Bu gün Qərb resurslarını səfərbər edib ki, Cənubi Qafqazda sülh olsun. Nə qədər uğurlu olub-olmayacağı­nı qarşıdakı dövr göstərəcək”.

Bu arada Ermənistan təhlükəsizlik şu­rasının katibi Armen Qriqoryan İrəvan və Bakının əsas məsələlərdə hələ irəliləyişə nail olmadıqlarını etiraf edib. “Sputnik Ermənistan” agentliyinin verdiyi xəbərə görə, A.Qriqoryan deyib: “Bəzi məsələlər­də irəliləyiş var, lakin onlar əsas deyil. Biz bir daha qeyd edirik ki, danışıqlar gedir. Brüsseldən sonra Kişinyovda da görüşün keçirilməsi planlaşdırılır. Çalışacağıq ki, yanaşmaların maksimum yaxınlaşması istiqamətində işləyək və irəli gedək”.

Göründüyü kimi, 30 ilə yaxın işğalçı­lıq siyasəti yürüdən Ermənistan rəhbərliyi bu gün də öz xislətindən əl çəkməyərək sülhə doğru real addım atmaqdan ya­yınır. Bu davranış qaydası əvvəllər Er­mənistanda mövcud olan Koçaryan və Sarkisyan rejimlərinə də xas idi. Onlar müzakirələri uzatmaq, işğalı möhkəm­ləndirmək yolunu tutmuşdular. Ancaq beş il öncə – 2018-ci ilin elə bu günlərin­də erməni xalqı Sarkisyan rejimini tarixin arxivinə gömdü. Paşinyan hakimiyyəti sələfinin aqibətini yaşamaq istəmirsə, bu barədə yaxşı-yaxşı düşünməli və ondan dərs çıxarmalıdır.

Fərid ŞƏFİYEV,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri

– Növbəti görüşün Brüsseldə keçirilməsi ABŞ-ın belə deyək, topu Avropaya ötürməsi anlamına gəlmir. Aydındır ki, Rusiya problemi kökün­dən həll etməkdə maraqlı deyil. Ona görə də həmişə prosesi uzadır. Biz Avropa İttifaqı, Şarl Mişelin ofisi və Vaşinqtonla son vaxtlar daha uğurla işləyirik. Onlar bu məsələyə komp­leks yanaşırlar və tərəflərə kömək edirlər. Buna görə də Brüssel görü­şü Vaşinqtondakı müzakirələrin da­vamı olacaq. Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş layihəsinin dəqiq nə vaxt imzalanacağını, ümumiyyət­lə imzalanıb-imzalanmayacağını demək çətindir. Çünki çox şey İrə­vandan asılıdır. Ona görə də proq­noz vermək asan deyil.

Payızda İspaniyada keçirilməsi planlaşdırılan görüşə gəldikdə isə hətta, Ermənistanla yaxın vaxtlarda saziş imzalansa belə iki ölkə ara­sında bir çox məsələlər var ki, onlar müzakirə edilməli və həll olunmalı­dır. Yəni, bir sazişin imzalanması ilə iş bitmir. Ona görə də düşünürəm ki, yüksək səviyyəli görüşlər hələ çox olacaq.

Səxavət NAZİMOĞLU, “Xalq qəzeti”





Siyasət