Türk dövlətləri birliyinin iqtisadi qüdrəti yüksəlir

post-img

ADA Universitetinin təşkilatçılığı ilə Şuşada ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatı (TDT) haqqında danışarkən Azərbaycanın bu qurumun bütün fəaliyyəti dövründə fəal olduğunu vurğulayıb. Dövlət başçısı eyni zamanda, geniş coğrafiyaya, zəngin təbii sərvətlərə, o cümlədən enerji ehtiyatlarına, bəzi ölkələrin, hətta güclü hərbi imkanlara malik olmaları isə yaxın gələcəkdə TDT-yə üzv ölkələr arasında siyasi-iqtisadi əməkdaşlığın daha da möhkəmlənəcəyi əminliyi yaratdığını bildirib. 

Prezident İlham Əliyev çıxışlarında ortaq köklərə, dilə, dinə, ortaq maraqla­ra əsaslanan TDT-nin hər zaman möh­kəmlənməyə zəruri ehtiyacı olduğunu xatırladıb, bu istiqamətdə Azərbaycan tərəfindən bir çox tədbirlər görüldüyünü vurğulayıb, hazırda da bu istiqamətdə daha önəmli addımlar atıldığını diqqətə çatdırıb. Ölkə rəhbəri bu əminliyinin tə­sadüfi olmadığını vurğulayaraq deyib: “Çünki bu təşkilatın təməlində təbii müt­təfiqlər yerləşir və həm tarix, həm mə­dəniyyət, həm bizim ənənələrimiz, bizim adət-ənənələrimiz, bax, bu, birliyi diktə edir...”.

Yeri gəlmişkən, hazırda TDT-nin tər­kibində Azərbaycan, Türkiyə, Qazaxıs­tan, Qırğızıstan və Özbəkistan yer alır. Macarıstan və Türkmənistan isə müşa­hidəçi dövlətlərdir. Quruma üzv ölkələ­rin yerləşdiyi coğrafiyaya nəzər yetirsək görərik ki, onların mövqeyi Şərqdən Qərbə tam bir marşrut təşkil edir. Azər­baycan isə bu marşrutda, necə deyər­lər, açar mövqeyə sahibdir.

Azərbaycanın adları çəkilən bu türkdilli dövlətlərlə genişlənən əlaqələ­ri müvafiq strateji tərəfdaşlıq haqqında bəyannamələr əsasında həyata keçirilir. İkitərəfli kontekstdə möhkəmlənən bu əməkdaşlıq sonda vahid mərkəzdə bir­ləşərək vahid gücə çevrilir. Bütün bun­ların təməlində isə prezidentlər İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla şəxsi təşəbbüsləri və qətiyyəti dayanır. 

Təşkilatda təmsil olunan ölkələr ara­sında həm çoxtərəfli, həm də ikitərəfli formatlarda əməkdaşlıq əlaqələri quru­lub. İndiyədək vaxtaşırı iqtisadi müna­sibətlər çərçivəsində bu birliyə üzv döv­lətlərin müvafiq qurumlarının yüksək səviyyəli rəsmiləri arasında çoxsaylı görüşlər keçirilib, bir neçə biznes forum gerçəkləşdirilib. Bu görüşlər və biznes forumlarda quruma üzv dövlətlərin iq­tisadi imkanları, əməkdaşlıq sahələri təqdim olunub. O cümlədən, investisiya mühitinin yaxşılaşdırılması, iqtisadiyya­tın şaxələndirilməsi və sahibkarlıq üzrə işçi qruplarının yaradılması haqqında qəbul edilən qərarlar müsbət nəticələrlə diqqət çəkib. 

Bütün bunlar statistik göstəricilərdə də öz ifadəsini tapıb. İqtisadi İslahat­ların Təhlili və Kommunikasiya Mərkə­zinin “Türk iqtisadi icmalı”na əsasən 2021-ci il üzrə türk dövlətlərinin ÜDM-i 1 trilyon 383 milyard ABŞ dolları, ticarət dövriyyəsi 855,7 milyard ABŞ dolları təşkil edib. 2022-ci ildə Türkiyə iqtisa­diyyatı 5,6 faiz, Azərbaycan və Macarıs­tan iqtisadiyyatı 4,6 faiz, Türkmənistan iqtisadiyyatı 6,2 faiz, Özbəkistan iqtisa­diyyatı 5,7 faiz, Qırğızıstan iqtisadiyyatı 7 faiz, Qazaxıstan iqtisadiyyatı isə 3,2 faiz böyüyüb. 

Dövlət büdcəsinin gəlirlərinin artımı baxımından isə ən yaxşı göstərici 100,6 faizlə Türkiyədə qeydə alınıb. Qardaş ölkənin dövlət büdcəsinin gəlirləri 147 milyard 122,2 milyon ABŞ dolları olub. Xarici ticarətdə ən yüksək saldoya Qa­zaxıstan (ticarət balansı 34 milyard 350,4 milyon ABŞ dolları) və Azərbay­can (ticarət balansı 27 milyard 132,3 milyon ABŞ dolları) çatıb. Keçən il ər­zində TDT-yə daxil olan bütün ölkələrdə əsas kapitala yönələn vəsaitlərdə artım müşahidə edilib.

Azərbaycan türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsi prosesində aparıcı rola malik ölkələrdəndir. Rəs­mi Bakı türk dövlətlərinin inteqrasiya­sı üçün fəal siyasi təşəbbüslərlə çıxış edir, iqtisadi maraqların uzlaşdırılması məqsədilə koordinasiyanın formalaş­masını gerçəkləşdirir.

Ötən il Azərbaycanın Qazaxıstanla ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 4,4 dəfə artaraq 135 milyon 799 min dollar­dan 598 milyon 486 min dollaradək yüksəlib. Türkmənistanla dövriyyədə 5,1 dəfə artım qeydə alınıb. İki ölkənin qarşılıqlı ticarətinin həcmi 2021-ci ildə­ki 105 milyon 23 min dollardan 2022-ci ildə 535 milyon 397 min dollara çatıb. Özbəkistanla ticarətdəki 64 faizlik ar­tım birgə dövriyyəni 111 milyon 903 min dollardan 2022-ci ildə 183 milyon 307 min dollaradək artırıb. Mərkəzi Asiyanın digər türk dövləti olan Qırğızıstanla da ticarət dövriyyəmizdə artım qeydə alı­nıb. İki dövlət arasındakı dövriyyə ötən il 17 faiz artaraq 9 milyon 18 min dol­lardan 2022-ci ildə 10 milyon 809 min dollaradək yüksəlib. Qardaş Türkiyə ilə ticarət dövriyyəmiz ötən il 6 milyard dol­lara yaxınlaşıb: 2021-ci ildə 4 milyard 661 milyon dollar olan ticarət dövriyyəsi ötən il 5 milyard 842 milyon dollaradək yüksəlib.

Beləliklə, türk dövlətləri arasında qarşılıqlı iqtisadi-siyasi əlaqələrin sürət­lə dərinləşməsi müşahidə olunur. “Türk Dövlətləri Təşkilatının hökumətləri ara­sında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” və “Türk Dövlət­ləri Təşkilatına üzv dövlətlərin hökumət­ləri arasında beynəlxalq kombinə edil­miş yük daşımaları haqqında” sazişlər bu prosesin daha da sürətlənməsinə, türk dövlətlərinin dünyanın ən mühüm ticarət yolunun sahibinə çevrilməsinə təkan verəcək.

Eldəniz ƏMİROV,
iqtisadçı ekspert

Bu gün türk dünyası iqtisadiy­yatının həcmi 1,2 trilyon dollardan çoxdur. Bu, türk dövlətləri arasında əlaqələrin getdikcə güclənməsinə və inteqrasiyasına imkan verir. 

Zəngəzur dəhlizi açıldıqdan son­ra bu inteqrasiya tamamlanacaq. Müxtəlif sazişlərin qəbulu istər göm­rük, istərsə də logistik sahədə əmək­daşlıq imkanlarını genişləndirəcək. Son dövrlər Azərbaycanın bütün türk dövlətləri ilə iqtisadi əlaqələrində, əsasən də ticarət dövriyyəsində cid­di artımlar var. Artımın ən az olduğu ölkə Qırğızıstandır ki, bununla belə, 17 faiz artım var.

Özbəkistanla 64 faiz, Qazaxıs­tanla 135,8 milyon dollarlıq ticarət dövriyyəsi 600 milyon dollara çatıb. Həmçinin Türkmənistanla ticarət dövriyyəsi 5,1 dəfə artıb. Türkiyə ilə 4,6 milyon dollardan 5,8 milyon dolla­ra çatıb. Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsi 7,2 milyard dol­lara yüksəlib.

Bu gün Ələt Beynəlxalq Ticarət Limanının yükdaşıma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona qədər artırılması istiqamətində işlər gedir. Bundan başqa Zəngəzur dəh­lizinin açılması istiqamətində proses davam edir və vahid türk dünyasının inteqrasiyası ilə bağlı layihələr real­laşdırılır. İndi haqqında danışdığımız logistik fəaliyyətin asanlaşdırılması ilə bağlı “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdiril­miş gömrük dəhlizinin yaradılması haqqında” mühüm bir saziş də im­zalanıb. Yəni bütün bunlar kompleks şəklində türk dünyasında vahid iqti­sadi sistemin qurulmasına və ciddi inkişafa öz töhfəsini verəcək.

Vaqif BİNYATOĞLU, “Xalq qəzeti”

 



İqtisadiyyat