ABŞ-ın dünya hegemonluğundan çox danışılır. Mövcud xüsusda müxtəlif paralellər aparılır. Nəticə, həqiqətən, heyrətamizdir. Birləşmiş Ştatlar bütün komponentlərdə üstündür. Ancaq üstünlükdə hansı amillər rol oynayıb, onun zühürü kimi, qürubu da mümkündürmü? Bu sayaq suallar ətrafında düşünərkən, ilk növbədə yada düşən ABŞ-dakı etnik sistemdir. Əslində, məsələyə etnik sistem baxımından yanaşmaq da düzgün deyil. Çünki okeanın o tayındakı baxış üçün “Amerika milləti” anlayışı var. Ancaq reallıqlar da nəzərdən qaçırılmamalıdır. Yazımızda həmin reallıqlardan söz açacaq, “Amerika milləti” anlayışı ilə bağlı incəliklərə varmağa çalışacağıq.
Əvvəla, onu vurğulayaq ki, ABŞ-da əhalinin 1790-cı ilə təsadüf etmiş birinci siyahıyaalınmasında söhbət 4 milyon nəfərdən gedib. İki əsr ərzində Birləşmiş Ştatlara 64 milyon miqrant axını olub. Reallıqda ikinci rəqəm daha böyükdür. Çünki qeydiyyata alınmayanların həddən çox olduğu bildirilir. XXI əsrin ilk onilliyinin tamamında ABŞ əhalisinin sayı 314 milyon 895 min idi. Bu rəqəmi 1910-cu illə müqayisə etsək (həmin vaxtkı rəqəm 92 milyon 228 mindir), bir əsr ərzindəki artım çox yüksək alınır - 3,4 dəfə. Bu mümkündürmü və ya necə mümkünləşib?
Qeyd edək ki, hələ lap başlanğıcdan ABŞ-ın etnik sistemi, əsasən, Avropa substratı üzərində formalaşmağa başlayıb. Yerli hindu əhalini sıxışdıran və ya tamamilə məhv edən avropalı miqrantlar Şimali Amerika məkanını ələ keçiriblər. Onlar ciddi şəkildə, özü də uzun müddətə hesablanmış məskunlaşmanı reallaşdırıblar. Bu, Amerikadakı Avropa müstəmləkələşdirilməsini rusların Sibirdəki mövcudiyyətindən fərqləndirən başlıca xüsusiyyətdir.
İlk dönəmlərdə avropalılar hindu etnogenetik matriçanı sıxışdıraraq, yerini təmiz avropalılarla doldururdular. Onlar çox nadir hallarda hindularla izdivaclara gedirdilər. Bir məsələyə də diqqət yetirmək lazımdır ki, Amerikanın etnik sistemi, əslində, Avropanınkının təbii davamıdır. Əgər Sibir subetnosu hələ də öz daxili semantik təsirini qoruyursa, Amerikada ana matriçadan erkən uzaqlaşma hadisəsi baş vermişdi. Hindular məhv edilmişdir. Hətta iş o yerə çatmışdı ki, işçi qüvvəsinə ehtiyac duyulmuş və Afrikadan zənci qullar gətirilmişdir. Ardınca Meksikadan, Mərkəzi Amerikadan və Cənub-Şərqi Asiyadan miqrant axınları baş vermişdi. Nəticədə irqi rəng öz ağlığını itirmiş və belə demək mümkünsə, irqin təmizliyinə “xələl” gəlmişdir. Əlbəttə, amerikalılar bu barədə danışmağı sevmirlər. Görünür, mövcud səbəbdəndir ki, onların hazırkı etnik tərkibi ilə bağlı dəqiq bilgilər əldə etmək nəinki çətindir, ümumiyyətlə mümkünsüzdür.
Vəziyyətin düzgün anlaşılması üçün bir neçə vacib şərtə diqqət yetirmək zərurəti yaranır. Məsələn, ABŞ-dakı etnogenetik durumu qiymətləndirmək istəyiriksə, ilk növbədə, etnoloji anlayışlara söykənmək vacibdir. Amerika siyasi elitasının ölkənin mənfəətləri naminə irəli sürdüyü mülahizələrin təsirindən uzaq durulmalıdır. Çünki amerikalıların milli tərkibinin dəqiq fiksasiyasından boyun qaçırılır. “Amerika milləti” adı altında, dünyanı xilas edəcək qüvvənin mövcudluğu məfkurəsinin yeridilməsi, əslində, amerikalıların özlərini də etnosun dərkində çətinliklərlə uzləşdirir. Baxın, öz kimliyini qavramaq qabiliyyətindən məhrum toplum hansısa qlobal xeyirxahlıq missiyasının yerinə yetirilməsinə qol çırmayır. Xeyirxahlığın isə nədən ibarət olduğunu istər Əfqanıstan və İraqda, istərsə də “ərəb baharı” ssenarisinin gerçəkləşdiyi məmləkətlərdə yaxşı gördük…
ABŞ-ın yarandığı ilk dövrlərdə miqrantların əksəriyyətini ingilislər, irlandlar və şotlandlar təşkil edirdi. Buna görə etniklər arasında ünsiyyət vasitəsi kimi ingilis dili seçilirdi. Bununla yanaşı, ölkədə inzibati qaydada bir sıra dolaşıq vəziyyət yaradan terminlərdən də istifadə olunur. Məsələn, ispan dilli latın amerikallarla ispan mənşəlilər arasında fərqlər müəyyənləşdirilir və aydın görünür ki, bu cür təsnifat, əslində, məsələ barədə araşdırma aparmağı hədəfləyənləri, bir növ, çətinliyə salmağı hədəf götürüb. Təbii, problemin mahiyyətinə varılması üçün, əslində, belə qəlizliklərə deyil, düzgün anlayışlara müraciət olunmalıdır.
Əlbəttə, etnosun nədən ibarət olduğuna diqqət yetirilməlidir. Nəzərə alınmalıdır ki, birgə yaşam, ilk növbədə, qan qohumluğuna söykənir. Etnosun əsasını ailə, nəsil və tayfa təşkil edir. Burada sosial və iqtisadi xarakteristika yolverilməzdir və mövcud halda çox sayda böyük və kiçik etnik qruplardan söz açmaq mümkündür. Onlardan daha böyüyü və güclüsü almanlar, irlandlar, ingilislər, meksikalılar, italyanlar və fransızlardır. İrqi nöqteyi-nəzərdən isə ağ amerikalılar, belə desək, latınlar (Meksika, Mərkəzi və Cənubi Amerika mənşəli amerikalılar), afro-amerikalılar və Asiya mənşəli amerikalılar fərqlənirlər. Maraqlıdır ki, heç yerdə və heç vaxt qarışıq nikahlardan törəyənlərin sayı nəzərə alınmır. Onlar özlərinin etnik identifikasiyalarına görə ikili səciyyə daşımaqdadırlar və məhz belələri üçün “Amerika milləti”nın ilahi rolu barədə deyilənlər cəfəngiyyatdan o tərəfə getmir.
Amerikalıların etnogenetik statuslarına diqqət yetirək. Bununla bağlı müvafiq xarakteristikalarda etnogen əlaqə sıxlığı deyil, subetnik əlamətlər baxımından bölgü əsas götürülərək subetniklər arasındakı daxili zəif əlaqələrdən söhbət açılır. Bu isə böyüklərin özünüdərkinin zəiflədilməsinə, kiçiklərin vahidləşərək bir məqsədə çatma ideyalarının formalaşmasına yönəlib. “Amerika milləti” məfkurəsi də elə buradan qaynaqlanır.
ABŞ diplomatiyasının görkəmli nümayəndələrindən sayılan Henri Kissincerin “Diplomatiya”sını diqqətlə oxuyanda haradasa sirlərin üzərini açmaq mümkündür. Əlbəttə, bu, yanaşmadan da asılıdır. Çünki kitab adamı amerikapərəst də edə bilər. Axı, müəllif elə lap başlanğıcdan əsərini yüksək notlara – “Amerika milləti”nin şərəfli obrazına kökləyir. Təbiidir ki, mübahisə etmək olmaz, amerikalılar beynəlxalq siyasətə böyük təsir göstəriblər. 200 il əvvəl yalnız etnik sistem kimi yaranaraq, sonradan bütün dünyaya geosiyasi iddialar irəli sürmək adi məsələ deyil. Amerika geosiyasətinin strateji məqsədi həm də Qərb yarımkürəsində birmənalı hökmranlığa yönəlmişdi və bu istək baş tutdu. Birinci dünya müharibəsi Avropa dövlətlərini və Rusiyanı zəiflətdi ki, həmin vəziyyət ABŞ üçün əlverişli mühit formalaşdırdı. Ortaya Vudro Vilson (1913-1921-ci illərdə ABŞ Prezidenti olub) kimi adam çıxdı və o, özünün “14 maddə”lik prinsipi ilə əslində, dünyanın bu gün üçün də prioritet saydığı siyasi dəyərlər sisteminin əsasını qoydu.
Vilsonun “14 maddə”sində daxili işlərə qarışmağın yolverilməzliyi də bir prinsip kimi əksini tapmışdı. Amma istər XX əsrin iyirminci illərindən sonrakı, istərsə də həmin vaxtdan xeyli əvvəlki Amerika davranış tərzi bunu tamamilə inkar edən hərəkətlərə baş vurdu. Başqalarının şəxsi dəyərlərinin universallığı Birləşmiş Ştatların baxış ölçüsünə ya tamamilə uyğun gə(tiri)lmədi, ya da sanki kif atmış məhsul kimi dəyərləndirildi. Nəticədə ABŞ Cənubi Amerikada və Afrikada çevrilişlər hazırladı, heç bir diskonfort keçirmədən beynəlxalq məsələlərdə ikili standartlardan çıxış etdi, Quantanamoda həbsxana saxladı, işgəncələr verdi və sair.
Əslində, indi “Amerika milləti” ilə “Sovet xalqı” deyimi də haradasa oxşarlıq təşkil edir. Maraqlıdır, SSRİ-nin daha demokratik olduğu nəzərə çarpır. Çünki Sovetlər Birliyində millət anlayışına yanaşmada tolerantlıq nisbətən yüksək idi. ABŞ-da sanki millət yoxdur. Görünür, Amerika elitası millətlərin öz müqəddaratını təyin etməsi prinsipindən uzaqdır. Hesab edir ki, bu təcrübədən yalnız dağıdıcı siyasi məqsədlər naminə bəhrələnmək mümkündür. Bu yanaşmanı haqlı saymaq olar. Amma, necə deyərlər, öz ölkənə nə cür yanaşırsansa, kənara da elə münasibət göstər. Belə münasibət varmı?..
Digər tərəfdən, etnogenez tarixin gedişatını dəyişdirmək və ona təsir göstərmək imkanlarına malik deyil. Tarixin gedişatı etnik sistemin sadədən mürəkkəbə gedən yolu, daha doğrusu, bifurkasiyaya (bölünmə) aparan böhranları kimi inkişafın qaçılmazlığından irəli gəlir. Bundan çıxış edərək məntiqi surətdə ehtimal etmək olar ki, ABŞ etnogenezinin birinci mərhələsinin başa çatması ilə “bifurkasiya nöqtəsi” adlandırılmış hadisə baş verəcək. Həmin proses sistemin və mühitin dezinteqrasiyasını doğura bilər. Nəticədə Birləşmiş Ştatlarda indi də kiçik etnoslar arasında müşahidə edilən ziddiyyətlərin subetnosların bir-birilə qarşıdurması qiyafəsinə bürünərək, daha da güclənməsi mümkündür.
Təbii ki, bu sayaq versiyalar Kissincerin ABŞ üçün təsvir etdiyi etnogenetik və sosial-iqtisadi mühitə yaddır. Amma dünyanı başına almış böhranın Birləşmiş Ştatlarda da bir sıra xoşagəlməz hallar doğurduğunu gördük. Böhran cəmiyyətdəki sosial gərginlikləri həm üzə çıxardı, həm də daha böyük fazada özünü göstərməsinə şərait yaratdı. Məlum oldu ki, yüksək gəlir gətirən iş yerlərinin əksəriyyəti ağ vətəndaşlara məxsusdur. Sabiq Prezident Barak Obamanın qaradərililərin işə götürülərkən üstünlüyə malik olmalarını təsdiqləyən fərmanı meydana çıxdı və bu, ağlarda narazılıq doğurdu. Ağ əhali içərisində vətənpərvər şüarlar irəli sürən təşkilatlar və ittifaqlar fəaliyyətlərini gücləndirməyə başladılar. Belələrinin, mahiyyət etibarilə, tarixi kalloabolosionistlərdən (quldarlığın saxlanması tərəfdarları, abolosionistlər isə quldarlığın ləğvi tərəfdarları olublar) fərqlənmədikləri nəzərə çarpdı.
Gələk indiki dövrə. Qeyd edək ki, populyar kluar ideoloji təbliğatları ağ vətəndaşları vətənpərvər kimi birləşdirməkdə öz sözünü desə də, ABŞ-dakı demoqrafik vəziyyət heç də “ağların” xeyrinə deyil. Bu gün “rənglilər” daha çox artım xüsusiyyətinə malikdirlər. Ölkənin qərbində və cənubundakı məktəblərin kiçik yaş qruplarında onların sayının çoxluğu aşkar nəzərə çarpır. Cənubda elə yerlər var ki, orada qara dərililərin hərəkətləri ağ əhalini şimala doğru üz tutmaq məcburiyyətində qoyur.
Bütün bunlara görə XXI əsrin Amerika xalqı və dövlətçiliyi üçün də dönüş əsri olacağını söyləyənlər çoxluq təşkil edir. Yeri gəlmişkən, dönüşlərdən biri artıq yaşandı - yeni əsrdə Birləşmiş Ştatlar özünə tarixində ilk dəfə olaraq qaradərili prezident seçdi.
R.AMİN

