Azərbaycanlı ekofəalların və qeyri-hökumət təşkilatları təmsilçilərinin Laçın–Xankəndi yolunda ötən ilin dekabrın 12-də başlamış aksiyası 2023-cü il aprelin 28-də başa çatdı. Daha doğrusu, müvəqqəti dayandırıldı. Bir halda ki, Laçın–Xankəndi yolunun başlanğıcında, Azərbaycan–Ermənistan şərti sərhədində ölkəmizə məxsus nəzarət-buraxılışı məntəqəsi qurulur, deməli, aksiyanın qarşısına qoyduğu məqsədin reallaşması üçün ciddi təminat mövcuddur.
Bəs, 138 gün davam etmiş etirazın nə kimi əhəmiyyəti oldu? Söhbətimiz bu barədədir. İnsanlarımız arasında böyük aksiya kimi qiymətləndirilmiş hadisənin doğurduğu reallıqlar haqqında da bəzi məqamları vurğulayacağıq.
Əvvəla ondan başlayaq ki, ölkəmizin nəinki müstəqillik dövründə, ümumən, tarixində analoqu olmayan bu aksiya, həm də unikal dirəniş forması idi. Dirənişin konkret məqsədi var idi: Azərbaycan torpaqlarında ekoloji terrora, talançılığa son qoyulsun! “Qızılbulaq” və “Dəmirli” yataqlarının qanunsuz istismarı dayandırılsın! Dövlət qurumlarımızın təmsilçilərinin, mütəxəssislərimizin sözügedən mədənlərdə monitorinq aparmalarına şərait yaradılsın! Hər şey bu qədər sadə idi. Ancaq sadəlikdə xeyli mürəkkəbliklər də var.
Birincisi, 138 gün davam etmiş etiraz aksiyası göstərdi ki, Azərbaycan dövləti və cəmiyyəti eyni amal uğrunda mübarizə aparmaq əzmindədir. Bu, xalq-hakimiyyət birliyinin, vəhdətinin müstəsna təcəssümü idi. Xalq hakimiyyətə dəstək verdi, hakimiyyət isə xalqa.
İkincisi, Laçın–Xankəndi yolundakı aksiya 44 günlük müharibədən sonra Azərbaycan cəmiyyətinin Qarabağ əzmini ifadə edən son dərəcə böyük hadisə idi. Sübut olundu ki, bu əzm böyük hədəfləri və uzaq məsafələri də aşmağa qadirdir.
Üçüncüsü, aksiya cəmiyyətimizin Qarabağ müstəvisindəki siyasi spekulyasiyalara münasibətdə barışmazlığının ifadəsinə çevrildi. Ölkəmizdə hər kəsin qəlbi Laçın–Xankəndi yolundakı aksiya ilə bağlı döyündü. Hər bir azərbaycanlı əraziyə can atdı.
Dördüncüsü, bu aksiya Azərbaycanın Qarabağa sahiblənmək istəyindəki hərtərəfliliyi nümayiş etdirdi. Yəni, “torpaq mənimdir!” ənənəvi klişesindən uzaqlıq əsas götürüldü. Nəzərə alaq ki, torpağın, yurdun xalqa, topluma məxsusluğunun təsdiqlənməsi, həm də həmin əraziyə münasibət amilini doğurur. Biz dünyaya sübut etdik ki, bölgəmizin problemlərinə–ekoloji durumuna biganə deyilik.
Onu da nəzərə alaq ki, ekologiyanın qorunması və ətraf mühitin mühafizəsi bəşəri məsələdir. Xalqımız göstərdi ki, bu məsələyə yanaşmamızda bütövlüyümüz, həssaslığımız var və bu xarakterimizdən irəli gələn tədbirləri, həm də müqəddəs vəzifə kimi qəbul edirik.
Beşincisi, aksiyaya qədər Azərbaycan cəmiyyətində, ictimiyyətin müxtəlif təbəqələri arasında Ermənistan hakimiyyəti, Qarabağdakı separatçı rejim və bölgəyə, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtlərinə əsasən, yerləşdirilmiş Rusiya sülhməramlıları arasında bir bağın olduğuna dair təsəvvür var idi. Bu birləşmə 44 günlük müharibədən sonra Azərbaycanın regionda formalaşdırdığı reallıqlara münasibətdə, bir növ, demarş xəttini tutmuşdu. Yəni, müəyyən mənada, belə bir görüntü var idi.
Təbii, bu qənaət insanlarımızda hiddət doğururdu. Laçın–Xankəndi yolundakı aksiya belə mənfi stereotipləri sıradan çıxardı. Çünki, ilk növbədə, yuxarıda vurğuladığımız “işbirliyinə” kökündən zərbə vuruldu. Azərbaycanlı fəalların açıq-açığına, soyuq, şaxta, qar demədən, etiraz bildirmələri haylara tutarlı cavab idi. Onlar məcbur qalıb başlarını samanlıqdan çıxardılar.
Altıncısı, böyük aksiya Qarabağ həqiqətlərinin dünyaya çatdırılması baxımından əhəmiyyətli missiya daşıdı. Ancaq proses bir qədər fərqli getdi. Məlum olduğu kimi, Ermənistan Laçın yolunun blokadası, Qarabağ erməniləri üçün humanitar fəlakət, etnik təmizləmə “məntiqinə” baş vurdu və dünyaya bu sayaq cəfəng baxışlarla car çəkdi. Məhz mövcud xüsusda ölkəmiz tərəfindən atılmış əks addımlar, Qarabağ mövzusuna, Azərbaycan–Ermənistan münaqişəsinin nizamlanmasına beynəlxalq diqqətin güclənməsini şərtləndirdi. Nəticədə erməni yalanlarının ifşası istiqamətində əlavə platformalar qazandıq.
Yeddinci məqam. Böyük aksiyanın doğurduğu ictimai nəzarət mühiti nəticəsində Ermənistan, necə deyərlər, əlindəki kartları açmağa məcbur qaldı. Əgər aksiyayadək İrəvan separatçı rejimə dəstək məqsədilə Laçın–Xankəndi yolu vasitəsilə qanunsuz daşımalar reallaşdırırdısa, fəallarımızın etirazı nəticəsində bu çəmbər daraldı. Kartlar isə qanunsuz daşınmalar üçün alternativ torpaq yollar axtarışı zamanı açıldı. Deməli, İrəvanın üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməkdən boyun qaçırmaq naminə etdiyi hərəkətlər də çılpaqlığı ilə üzə çıxdı.
Səkkizinci məqam birbaşa Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlıdır. Məlumdur ki, aksiyanın tələblərindən biri də rus sülhməramlı kontingentinin komandanı Andrey Volkovla görüş idi. O da məlumdur ki, Volkov separatçılarla əlbir idi və buna görə ikincilər dövlət qurumlarımızın nümayəndələrini, o cümlədən, ekologiya üzrə mütəxəssislərimizi “Qızılbulaq” və “Dəmirli” yataqlarına buraxmayanda, onların yollarını kəsəndə hər hansı tədbir görməmişdi. Bu fəaliyyətsizlik, heç şübhəsiz, vardanyanlara və onun başıpozuqlarına birbaşa dəstək idi. Aksiya bu sayaq “dəstək” cəhdlərini faş etdi. 138 gün davam edən etiraz onu da göstərdi ki, Qarabağ kimi həssas bölgədə sülhməramlı missiyası yerinə yetirməyə mükəlləf tərəf öz məsuliyyətini anlamalıdır.
Bəli, məsuliyyətini anlamayan Volkov komandanlıqdan uzaqlaşdırıldı. Onun yerinə gələn Aleksandr Lentsov nə ilə yadda qalacaq, bunu zaman göstərəcək. Hər bir halda, Rusiya sülhməramlıları fəaliyyətlərinə çəki-düzən verməlidirlər. Nəzərə alınmalıdır ki, Qarabağdakı separatçılıq üçün çəmbər daraldıqca, onlar üçün də eyni aqibət görünməkdədir.
Doqquzuncu məqama keçid alaq. Əlbəttə, Laçın–Xankəndi yolundakı aksiya Qarabağ mövzusunda bir sıra gedişatlara təsir göstərdiyi kimi, mövcud müstəvidəki oyunları da pozdu. Məlum olduğu kimi, ötən ilin sentyabrında Qarabağda qəflətən Ruben Vardanyan adlı keçmişi və indisi kriminal olan bir ünsür peyda oldu. Bu ünsür separatçı rejimdə “dövlət naziri” kimi oyuncaq posta gətirildi. O, “səlahiyyət” əldə edər-etməz, Azərbaycan–Ermənistan danışıqlarının Qarabağ seqmenti nöqteyi-nəzərdən, öz aləmində, yeni qaydalar qoymağa başladı.
“Qarabağ xalqı” deyimini gündəmə gətirən Ruben bəyanatları ilə elə görüntü formalaşdırdı ki, sanki, danışıqlarda qazanılmış bütün nəticələri təhdid etmək potensialına malikdir. Bir sözlə, qənaət bu idi ki, Vardanyan hərbə-zorbalığına salıb heç nəyi qəbul etməyə bilər. Bir halda ki, “qladiator Vardanyan” həyasızlıqla qurşaqdan aşağı davranmağı məqbul sayırsa, “Qarabağ xalqının iradəsi”ni populizm predmetinə çevirib siyasi manipulyasiya yolu tutursa, ona qarşı əsl xalq müqavimətinin necə olmasını göstərmək lazım idi. Sual olunur: aksiyaya toplaşanlar daha qüdrətli oldu, yoxsa Vardanyanın başıpozuqları? Sualımız ritorikdir. Çünki qalib tərəf birincilərdir. Birincilər həm də ona görə qalibdirlər ki, onlar, məhz, Moskvada hazırlanmış “planı” pozdular. Vardanyanın onsuz da çirkli reputasiyası daha da zədələndi, onun siyasətçiyə çevrilmək cəhdləri bambılılıq elementləri ilə müşayiət olunmağa başlandı. Nəhayət, Vardanyan da tutduğu oyuncaq postla üzülüşməli oldu.
Onuncu və sonuncu məqamdan söz açaq. Əvvəldə də bildirdik ki, böyük aksiya müvəqqəti dayandırılıb. Əlbəttə, Laçın–Xankəndi yolundakı sərhəddə nəzarət-buraxılış məntəqəmiz varsa, bu dayanma müvəqqəti olmaya da bilərdi. Ancaq bölgədə Rusiya sülhməramlıları da qalmaqdadır. Nəzərə alsaq ki, Qarabağda qanunsuz erməni hərbi birləşmələri də var, o zaman torpaqlarımızda ekoloji terrorun davam etmə təhlükəsi də sovuşmayıb. Risk ehtimalının olmaması üçün həmin qanunsuz birləşmələr ərazini tərk etməlidirlər ki, bunun qarantı rolunda çıxış edəcək qüvvə, məhz, sülhməramlılardır. Deməli, Qarabağın ekoloji durumuna cavabdeh də məhz onlardır. Və belə düşünmək mümkündür ki, ikinci dəfə aksiya başlasa, bu dəfə tələb Rusiya sülhməramlılarının bölgədən çıxarılması olacaq. Erməni terrorçularını Qarabağdan çıxarmağın yolunu özümüz də bilirik.
Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

