Məlum olduğu kimi, aprelin əvvəllərində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində dumanlı havada ordumuzun iki əsgəri – 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov itkin düşüb. Hadisədən qısa müddət sonra hər iki hərbçimiz ermənilər tərəfindən əsir götürülüb, onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.
Əsir götürüldükləri ilk gündən erməni mediasında yer alan fotolardan hərbçilərimizə ağır işgəncələr verildiyi məlum oldu. Bu, Azərbaycanla yanaşı, bəzi dövlətlər və beynəlxalq qurumlar tərəfindən də sərt qınaqla qarşılandı. Lakin hadisənin üstündən xeyli keçməsinə baxmayaraq, rəsmi İrəvan əsirlərin azad edilməsi ilə bağlı heç bir addım atmayıb. Əksinə, əsirlərimizə qarşı açılan qurama cinayət işləri İrəvanın yeni məkirli planlarından xəbər verir.
Qanunsuz həbsə hüquqi don geyindirmək cəhdi
Hər iki hərbçimizin Ermənistan ərazisinə dumanlı hava səbəbi ilə yolu azaraq keçməsi faktı ortada olsa da, İrəvan bu hadisəyə cinayət donu geyindirməyə, əsgərlərimizə “diversant” damğası vurmağa çalışır. Təsadüfü deyil ki, hadisədən qısa müddət sonra Ermənistan tərəfi hərbçilərimiz barədə dövlət sərhədini qanunsuz keçmək və odlu silah-sursat daşımaqda ittiham edərək onlara qarşı cinayət işi qaldırıb.
Bəs Ermənistanın aydın həqiqəti görməzdən gələrək hərbçilərimizə qarşı qondarma cinayət işi açmaqda məqsədi nədir? Aydındır ki, məqsəd hərbçilərimizin qanunsuz həbsini hüquqi baxımdan əsaslandırmağa çalışmaq, etdikləri cinayətə qanuni don geyindirmək arzusudur. Halbuki, bu cinayət işinin qurama olduğu, siyasi amillərə əsaslandığı ortadadır.
Əsirlərimizin durumu necədir?
İndiki məqamda Azərbaycanı narahat edən əsas məqamlardan biri əsirlərimizin sağlamlıq vəziyyəti, onlara göstərilən münasibətdir. Təəssüflər olsun ki, vəhşi erməni xisləti, hərbçilərimizin əsir götürüldüyü zaman gördükləri işgəncələr bu məsələdə optimist olmağa əsas vermir. Doğrudur, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri əsir hərbçilərimizlə görüşə biliblər. Əsirlərdən Hüseyn Axundovun məktubu da Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən onun ailəsinə çatdırılıb. Lakin bu faktın özü də Ermənistanın əsir hərbçilərimizlə beynəlxalq qanun və konvensiyalar çərçivəsində davranması məsələsində nikbin olmaq üçün yetərli deyil. Çünki Beynəlxalq Qırmızı Xaç Komitəsinin prosedurlarına əsasən, əsirlərə baş çəkən zaman saxlanma şəraiti və onlara göstərilən rəftarla bağlı müşahidə və tövsiyələr yalnız əsirin saxlandığı dövlətin nümayəndələrinə bildirilir. Bu baxımdan, əsirlərimizin yeni işgəncələrə məruz qalıb-qalmadıqlarını Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə də müəyyənləşdirmək mümkün deyil. Ermənistan ombudsmanının azərbaycanlı əsirlərin saxlanma şəraiti ilə bağlı səsləndirdiyi “tərifnamə”yə gəlincə, bu gülünc açıqlamanı İrəvanın özünüifşası kimi də qiymətləndirmək mümkündür. Çünki Ermənistan ombudsmanı azərbaycanlı əsirlərin saxlanma şəraiti və onlara olan münasibəti elə ideallaşdırıb ki, onun təqdim etdiyi mənzərə, sadəcə, bu gün deyil, onillər sonra da erməni əsgərləri üçün xəyal olaraq qalacaq.
Hökmən azad ediləcəklər
Ermənistanın əsir əsgərlərimizlə bağlı hansı niyyət güdməsindən, onları hansı maddələrlə şərləməyə çalışmasından asılı olmayaraq, Azərbaycanın öz hərbçilərini erməni əsirliyindən azad edəcəyi şəksizdir. İndiki məqamda bu, dövlətimizin, əlaqədar qurumların qarşısında duran ən ümdə vəzifələrdən biridir. Xatırladaq ki, Azərbaycan Ombudsmanı Səbinə Əliyeva əsir hərbçilərin valideynləri ilə görüşündə bildirib ki, hərbi qulluqçuların qanunsuz həbsi, eləcə də onların qeyri-insani rəftarla üzləşməsi faktı ilə bağlı bütün aidiyyati qurumlara müraciət edilib. S.Əliyeva onu da qeyd edib ki, əsir hərbçilərimizin azad edilərək Azərbaycana qaytarılması istiqamətində zəruri tədbirlər görülür. Bu fakt bir daha sübut edir ki, Azərbaycan dövləti əsir hərbçilərin Vətənə qaytarılması istiqamətində bütün imkanlardan istifadə edir və yaxın gələcəkdə öz məqsədinə nail olacağı şübhəsizdir.
Seymur ƏLİYEV

