Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər təkcə regionda yeni reallıqlar yaratmayıb, həm də dünya dövlətlərinin ictimai-siyasi, akademik dairələrində, ekspertlər, parlament üzvləri arasında ölkəmizin haqq işini dəstəkləyənlərin sayının artmasına səbəb olub. Son vaxtlar beynəlxalq mediada ölkəmizlə bağlı pozitiv ruhlu məqalələrin sayında da artım nəzərə çarpır. Ermənistanın hərbi cinayətlərinə həsr olunmuş belə bir məqalə bu günlərdə Kolumbiyanın “Al Press” xəbər agentliyində dərc olunub.
“Alçaqlığın cəzasız qalması” başlıqlı məqalədə sosial şəbəkələrdə silahsız Azərbaycan əsgərinin işgəncəyə məruz qoyulmasını göstərən video və fotogörüntülər yayılmasının hiddət doğurduğu bildirilir. Qeyd olunur ki, insanlıqdan çıxmış erməni quldurlarının əlverişsiz hava şəraitində yolu azaraq əsir düşmüş azərbaycanlı hərbi qulluqçulara qarşı törətdikləri beynəlxalq humanitar hüquqazidd belə vəhşi əməllər qəbuledilməzdir və dünya ictimaiyyəti tərəfindən birmənalı şəkildə pislənilməlidir.
Məqalədə İşgəncə və digər qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın müddəalarını kobud şəkildə pozan erməni canilərinin cəzasız qalmalarının onları daha da cəsarətləndirdiyi və azərbaycanlılara qarşı etnik nifrət və irqi ayrı-seçkiliyin ən yüksək həddə çatdığı təəssüflə bildirilir. Həmçinin erməni vəhşiliyinin cəzasız qalması nəticəsində bu gün də hərbçilərin və dinc insanların mina terrorunun qurbanına çevrildiyinə diqqət çəkilir. Xüsusi vurğulanır ki, beynəlxalq ictimaiyyət sülhə can atan Azərbaycana qarşı ermənilər tərəfindən törədilmiş hüquqazidd əməllərin cəzasız qalmasına son qoyulmasını tələb etməlidir.
***
Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan informasiya blokadasında idi. Ölkəmizin ərazi bütövlüyü təcavüzə məruz qalmaqla, bir milyon qaçqın və məcburi köçkünün olması ilə yanaşı, həm də erməni lobbisinin apardığı kampaniya nəticəsində beynəlxalq mediada gedən qərəzli yazıların hədəfinə çevrilmişdi. Tam bir informasiya blokadası hökm sürürdü. Məhz bu blokadanın nəticəsi kimi ABŞ Konqresi erməni lobbisinin təşəbbüsü ilə 1992-ci ildə Azadlığa Dəstək Aktına 907-ci düzəlişi qəbul etmişdi. Bununla da iqtisadi imkanları zəif olan, üstəlik, böyük qaçqın və məcburi köçkün “ordusu” ilə üzləşmiş ölkəmiz ABŞ-ın birbaşa dövlət yardımından məhrum olmuşdu. Ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində də mühüm addımlar atıldı. Ulu öndər səfər etdiyi ölkələrin hamısında rəsmi görüşlərdən əlavə, o ölkələrin media subyektləri ilə də görüşlərə xüsusi önəm verir, çıxış etdiyi auditoriyalarda işğal xəritəsini nümayiş etdirərək, əslində, təcavüzə məruz qalan tərəfin Azərbaycan olduğunu diqqətə çatdırırdı. Ümummilli lider bu məsələdə mətbuatın rolunu yüksək qiymətləndirirdi.
Prezident İlham Əliyevin göstərişi ilə 2004-cü ildən informasiya müharibəsində müdafiədən hücum diplomatiyasına keçilməsi vəzifəsinin irəli sürülməsi bu sahədə əsaslı dönüşün baş verməsinə gətirib çıxardı. Məhz hücum diplomatiyasının elan olunması sayəsində 1993-cü ildən sonrakı dövrdə ilk dəfə 2009-cu ilin martın 30-da BMT Baş katibinin Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı hesabatı yayıldı. Bundan əlavə, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, Avropa Şurasında, Avropa İttifaqında, NATO-da, İqtisadi Əməkdaşlıq Təşkilatında, Türk Dövlətləri Təşkilatında və Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatda (GUAM) Azərbaycanın haqq işini dəstəkləyən sənədlər qəbul edildi.
Prezident İlham Əliyev müxtəlif beynəlxalq təşkilatların bütün sammitlərində Azərbaycanın haqlı səsinin dünyaya çatdırılmasında, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunmasında böyük xidmətlər göstərib. Davos İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı, Valday Diskussiya Klubu və digər beynəlxalq tədbirlərdə, debatlarda Azərbaycanın ərazi bütövlüyünün ermənilər tərəfindən pozulduğunu və ölkəmizin bununla heç vaxt barışmayacağını iştirakçıların diqqətinə çatdırıb. Cənab İlham Əliyev rəsmi Bakının həmişə sülh tərəfdarı olduğunu, ancaq torpaqlarımızın dinc yolla qaytarılmayacağı təqdirdə müharibəni də istisna etmədiyini dəfələrlə vurğulayıb. Bütün bu gərgin fəaliyyətlər nəticəsində, hücum diplomatiyası sayəsində informasiya savaşında vəziyyətin Azərbaycanın xeyrinə dəyişməsinə nail olunub. Azərbaycandan 12,5 min kilometr uzaqda yerləşən Cənubi Amerikada – Kolumbiya mediasında bugünlərdə dərc olunan məqalə də bunun bariz göstəricisidir. Bu xüsusda aprelin 24-də Rusiyanın nüfuzlu “Kommersant” qəzetində dərc olunmuş məqaləni də yaddan çıxarmaq olmaz. Azərbaycanın Laçın–Xankəndi yolunda yaratdığı sərhəd nəzarət-buraxılış məntəqəsi ilə bağlı “Ermənistan fakt qarşısında qoyuldu” sərlövhəli məqalə erməni diaspor və lobbisinin üstünlük təşkil etdiyi Rusiya mediasında haqq işimizin çatdırılması baxımından önəm daşıyır. Həm Rusiyanın nüfuzlu qəzetində, həm də Kolumbiya mediasında dərc olunan məqalə ölkəmizin mövqelərinin güclənməsinin daha bir sübutudur.
Müşfiq ƏLƏSGƏRLİ,
Jurnalistlərin Həmkarlar İttifaqının sədri
–2020-ci ilədək dünyada əsasən erməni şəbəkəsi tərəfindən verilən informasiyalara istinad olunub. Yəni, tendensiya bundan ibarət olub. Ermənilərin yaydığı informasiyalar yalan da olsa, diqqətə alınıb və transmilli media subyektlərində tirajlanıb. 2020-ci ildən sonra tendensiya dəyişib. Həmin il Azərbaycan təkcə döyüş meydanında deyil, həm də informasiya savaşında Ermənistana qalib gəlib. Bundan sonra dünyada ictimai rəy formalaşdıran transmilli media informasiya paylaşanda balansı qorumağa üstünlük verir. Düzdür, burada balansı pozanlar da var. Azərbaycana qarşı birmənalı şəkildə qərəzli siyasət aparan ölkələrin mediası adətən bu cür davranır.
Azərbaycanla, ümumiyyətlə, regionla bağlı balanslı informasiyanın verilməsi tendensiyası 2022-ci ildən sonra daha da güclənib. 2023-cü ildə baş verən hadisələr göstərdi ki, dünya mediası nəinki balanslı informasiya təqdim etməyə, artıq həqiqəti verməyə çalışır. Məsələn, Dığ kəndində baş verən erməni təxribatına, İrəvanda Azərbaycan Bayrağının yandırılmasına, nəhayət, əsir düşmüş azərbaycanlı hərbçilərlə qarşı qəddar davranış məsələsinə, yaxud Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin qoyulması ilə bağlı informasiyalara baxdıqda görürik ki, burada dünya mediası nəinki balanslı, əksinə, Azərbaycanın xeyrinə informasiyalar verməyə çalışdı. Bu baxımdan, Kolumbiya mediasında dərc olunan yazıda Azərbaycanın haqlı mövqeyinin ifadə olunması mövcud reallığın əksidir. Yəni, Azərbaycan son illərdə informasiya savaşında da erməni şəbəkəsini üstələyir. Beləliklə, son hadisəni Azərbaycanın informasiya siyasətində növbəti uğurlu addımı kimi qiymətləndirmək olar. Kolumbiya mediasında dərc olunan məqaləni son beş ildə Azərbaycanda informasiya sahəsində aparılan ciddi islahatlar kontekstində də izah etmək mümkündür.
Səxavət HƏMİD, “Xalq qəzeti”


