Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra respublikamızda bir müddət sanki durğunluq, çaşqınlıq yarandı. Uzun illər SSRİ-nin əsarətində qalmış respublikalar, o cümlədən, Azərbaycan istiqlaliyyət əldə etdikdən sonra yeni həyata nədən və necə başlamaq sualına cavab tapmaqda aciz qalan o vaxtkı ölkə rəhbərliyi hələ də sovet qanunlarından, köhnə rejimdən əl çəkə bilmirdi. Dövlət idarəçiliyindəki naşılıq özünü açıq şəkildə büruzə verirdi. Respublikada yaranmış özbaşınalıq və getdikcə baş alıb gedən anarxiyadan istifadə edən bəzi oliqarxlar ətraflarına topladıqları qeyri-qanuni silahlı birləşmələr vasitəsilə hakimiyyəti ələ keçirmək üçün min bir fitnə-fəsada əl atırdılar. Mərd oğul və qızlarımızın canı, qanı bahasına qazanılmış müstəqiliyimiz məhv olmaq həddinə çatırdı. Bir tərəfdən də Azərbaycanın müstəqilliyini gözü götürməyən qüvvəllər daxili qruplaşmalarla əlbir olub öz çirkin niyyətlərini həyata keçirməklə, ölkəmizi özlərindən asılı vəziyyətə salmaq istəyirdilər.
Belə çətin və ağır məqamda gündən-günə dərinləşən siyasi böhranın qarşısının alınması və müstəqiliyimizin qorunub saxlanılması üçün xalq ulu öndər Heydər Əliyevə müraciət etdi. Ulu öndər xalqın müraciətinə hörmətlə yanaşdı və Vətənə, xalqa, millətə olan sonsuz sevgisi sayəsində ömrünün qalan hissəsini Azərbaycanın tərəqqisinə sərf etdi. Ölkə ziyalıları, tanınmış ictimai-siyasi, mədəniyyət və incəsənət xadimləri çox yaxşı bilirdilər ki, respublikanı düçar olduğu bəladan yalnız Heydər Əliyev xilas edə bilər. Çünki dahi şəxsiyyət dünyada çox böyük nüfuz sahibi idi, eyni zamanda, dövlət idarəçiliyində zəngin təcrübəsi var idi.
Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı respublikada müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına, hüquqi, sivil, dünyəvi dövlətin yaradılmasına şərait yaratdı. Ulu öndərin qarşıya qoyduğu prioritet vəzifələrdən biri də Azərbaycanın düşünülmüş xarici siyasəti, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək və həmin qurumların üzvü olmaq idi. Heydər Əliyev bu məqsədini reallaşdırmaq üçün Azərbaycanın xarici siyasət kursunda əsaslı dəyişiklik etdi.
Müstəqilliyin ilk illərində Azərbaycanda hakimiyyətdə olan dairələr bu istiqamətdə heç bir iş görə bilməmiş,vəziyyəti daha da pisləşdirmişdilər. Heydər Əliyevin xarici siyasətində Azərbaycanın elmini, mədəniyyətini, tarixini dünyada tanıtmaq, xarici dövlətlərlə bərabərhüquqlu Azərbaycanın mənafeyinə xidmət edən əlaqələr yaratmaq mühüm yer tuturdu. Heydər Əliyev öncə, qonşu ölkələrlə münasibətləri qaydaya salmaq məqsədi ilə qarşılıqlı iqtisadi, siyasi cəhətdən sıx əməkdaşlıq yaratmağa başladı. Təbii ki, bu, gənc, müstəqil Azərbaycanın xarici siyasətində çox zəruri məsələ idi.
1993-cü il sentyabrın 20-də Azərbaycanın MDB-yə daxil olması, Alma-Ata Bəyənnaməsi, Kollektivlik təhlükəsizlik haqqında müqavilə imzalanması mühüm əhəmiyyət kəsb edirdi. O zaman MDB-yə daxil olmaq, çox düzgün və zəruri qərar idi. Çünki bu birlik Azərbaycanı həmin dövlətlərlə iqtisadi, siyasi, mədəni inkişafda irəliyə aparacaq əməkdaşlığı genişləndirəcəkdi.
Heydər Əliyevin siyasəti nəticəsində Rusiya ilə olan münasibətlər yenidən bərpa olundu. Artıq Rusiya Azərbaycana bir çox məsələlərdə dəstək olurdu. Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri və ölkələrimiz arasında iqtisadi, mədəni inkişafı bərpa etmək üçün imzalanmış bir sıra sənədlər bu siyasətin uğurundan xəbər verirdi. İki ölkə arasındakı dostluq münasibətləri getdikcə bütün sahələri əhatə edirdi. Bunun nəticəsi olaraq, 2003-cü ildə Vladimir Putin Heydər Əliyevi Azərbaycan və Rusiya arasındakı münasibətlərin inkişafındakı xidmətlərinə görə Rusiyanın ən yüksək dövlət mükaftı – “Andrey Pervozvannı” ordeni ilə təltif etdi.
Azərbaycanın Cənub qonşusu İranla da münasibətlərin yaxşılaşdırılmasında da imkanlardan istifadə edildi. 1993–1994-cü illər Heydər Əliyevin Tehrana, İran Prezidentinin Azərbaycana rəsmi səfərləri ölkələrimiz arasında iqtisadi, siyasi və mədəni əlaqələrin möhkəmləndirilməsində böyük rol oynadı. Bu danışıqlarda Xəzərin status məsələsi öz əksini tapmışdır.
Azərbaycan və Türkiyə münasibətləri də getdikcə yeni mərhələyə qədəm qoyurdu. 1994-cü ilin fevralında Heydər Əliyev Türkiyəyə səfəri zamanı iki ölkə arasında münasibətlərin yaxşılaşdırılmasını vacib hesab edərək demişdir: “Türkiyə və Azərbaycan qardaş dövlətdir”. Azərbaycan müstəqillik qazanan zaman, bu müstəqilliyi ilk tanıyan dövlət Türkiyə olmuşdur. Heydər Əliyevin apardığı siyasətdə Türkiyə ilə münasibətlər “Bir millət, iki dövlət” prinsipinə əsaslanmışdır.
Ulu öndərin xarici siyasətində əsas istiqamətlərdən biri də Azərbaycanın dünyanın mötəbər təşkilatları ilə əməkdaşlıq etməsi və həmin qurumların üzvü olması idi. Bununla da Azərbaycan öz mövqeyini – demokratik dövlət qurmaq niyyətini dünyaya bəyan etdi. Heydər Əliyevin sayəsində Azərbaycan bir sıra nüfuzlu təşkilatlara üzv seçildi. 1992-ci il martın 2-də Azərbaycan dünyanın ən mötəbər təşkilatı olan BMT-yə üzv seçilsə də, bu qurumla əməkdaşlıq istənilən səviyyədə deyildi. 1994 və 1995-ci illərdə BMT Baş Assambleyasının 49-cu və 50-ci sessiyasında Heydər Əliyev Azərbaycan Respublikasının nümayəndə heyətinə başçılıq etdi. O, həmçinin 2000-ci il sentyabr ayında BMT-nin Minillik Zirvə toplantısında iştirak etdi. Ulu öndərin rəhbərliyi ilə Azərbaycan BMT-nin bir çox xüsusi qurum və orqanları ilə fəal və səmərəli əməkdaşlığa başladı. Onların sırasında BMT-nin İnkişaf Proqramı (BMT İP), BMT-nin Qaçqınlar üzrə Ali Komissarı, BMT-nin uşaq Fondu, BMT-nin Təhsil, Elm, və Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması Haqqında Müqavilə Təşkilatı və digərləri var idi.
Azərbaycanın üzv seçildiyi təşkilatlardan biri də ATƏT idi.1995-ci ilə yanvarın 1-ə qədər bu qurumun adı ATƏM olub. Sonra adı dəyişdirilərək bu təşkilat ATƏT oldu. Bu, Azərbaycanın ilk qəbul olunduğu Avropa təşkilatı idi. Azərbaycanın xarici siyasətinin əsas üstünlüklərindən birini Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq təşkil edir. Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın strateji mövqeyi Aİ-nın üzv dövlətlərinin Azərbaycanla siyasi və iqtisadi münasibətləri inkişaf etdirmə marağını artırır. Əsası ulu öndər tərəfindən qoyulan bu əməkdaşlıq bu gün də davam etdirilir.
Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığı sırasında NATO-nun da olması ölkəmizin demokratik prinsiplərin inkişafına xüsusi önəm verməsindən irəli gəlirdi. 1994-cü il mayın 3-4 də Belçikaya rəsmi səfəri zamanı ulu öndər Heydər Əliyev NATO-nun Brüsseldəki Mənzil Qərargahında bu qurumun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulmaq haqda sənədi imzaladı. Bununla Azərbaycan NATO ilə genişmiqiyaslı əməkdaşlığı nəzərdə tutan Sülh Naminə Tərəfdaşlıq Proqramını imzalamış 15 dövlətdən biri oldu.
Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı Ermənistanın işğalçılıq siyasətinin dünyaya nümayiş etdirlməsində mühüm rol oynayırdı. Heydər Əliyev beynəlxalq təşkilatların tədbirlərində, həmçinin həmin qurumların nümayəndələri ilə görüşlərində Ermənistanın hərbi təcavüzü barədə geniş məlumat verir, erməni yalanlarını ifşa edir, düşmənin informasiya blokadasını yarırdı. Bundan başqa, müxtəlif ölkələrdə Azərbaycanın səfirliklərinin açılması da xarici siyasətin uğurları idi.
Azərbaycan Avropanın bir hissəsi olaraq, dünyada gedən demokratik proseslərdən kənarda qala bilməzdi. Məhz bu baxımdan ulu öndər siyasi islahatları heç də Avropa Şurasına üzv olmaq üçün həyata keçirmirdi. Heydər Əliyev bu islahatlarla xalqın iradəsinə uyğun siyasət aparırdı. Bu da Avropanın diqqətini cəlb etməyə bilməzdi. Bu islahatlardan sonra Azərbaycan dünya dövlətləri tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilirdi. 1996-cı ilin iyununda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bürosu rəsmi Bakının demokratiya yolunda atdığı addımları dəyərləndirərək, Azərbaycana “xüsusi dəvət edilmiş qonaq” statusu verilməsi haqqında qərar qəbul etdi. Azərbaycan bununla da bu qurumun sessiyalarında iştirak edərək keçmiş Dağlıq Qarabağ problemini qaldırmaq imkanı qazandı.
1996-cı ilin iyul ayında Prezident Heydər Əliyev Avropa Şurası baş katibinin adına məktub göndərərək, Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi İnsan Hüquqları və Azadlıqları Haqqında Avropa Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirdi. Avropa Şurası Nazirlər Komitəsinin 2001-ci il yanvarın 17-də nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edildi. Bu qərar Heydər Əliyevin uzaqgörən siyasətinin və bu istiqamətdə aparılmış məqsədyönlü fəaliyyətinin nəticəsi idi. Həmin il yanvarın 25-də ulu öndərin iştirakı ilə Strasburqda ölkəmizin bu təşkilata üzv qəbul edilməsi münasibətilə rəsmi mərasim keçirildi və dövlətimizin üçrəngli bayrağı inkişaf etmiş demokratik dövlətlərin bayrağı ilə bir sırada dalğalandı. Heydər Əliyev bu qürurverici mənzərəni yüksək qiymətləndirərək demişdir: “Azərbaycanın Avropa Şurasına qəbul edilməsi onun nəinki müstəqil, suveren, demokratik, dünyəvi dövlət kimi tanınmasıdır, həm də Avropa ailəsinin bərabərhüquqlu üzvü kimi Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin başlanğıcıdır”.
Azərbaycanın Qərbə inteqrasiyası istiqamətində Avropa Şurasının bərabərhüquqlu üzvü olması respublikamızın mühüm problemlərinin dünya ictimaiyyətinin diqqətinə obyektiv çatdırılması üçün yeni və çox mötəbər tribuna vermiş oldu.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan xarici siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı dünyada söz sahibinə çevirib. Hazırda regionda və dünyada baş verən siyasi-iqtisadi proseslərdə Azərbaycan dövləti layiqincə təmsil olunur, öz mövqeyini bildirir və mənafelərini qoruyur. Məhz bu siyasətin uğurudur ki, bu gün dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların diqqəti Azərbaycana yönəlib. Bu da beynəlxalq hüquq normalarına uyğun qarşılıqlı faydalı əməkdaşlığın yaranmasına və inkişafına əlverişli zəmin yaradıb. Bu gün Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət Azərbaycanın regionda və dünyada müttəfiqlərinin sayını xeyli artırıb. 2020-ci il noyabrın 10-da Ermənistan üzərindəki qazandığımız tarixi Qələbədən sonra Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı daha da artıb. Bütün bunlar onu deməyə əsas verir ki, ümummilli lider Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilməsi Azərbaycanı dünyanın qabaqcıl dövlətləri sırasına qoşub.
Havva MƏMMƏDOVA,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, tarix elmləri doktoru

