Ümummilli lider Heydər Əliyev Azərbaycanla yanaşı, dünya siyasətində silinməz izlər qoymuş nadir şəxsiyyətlərdəndir. Ulu öndər ömrünün sonunadək Azərbaycan üçün çalışmış, xalqımızın tərəqqisi yolunda misilsiz xidmətlər göstərmişdir. Son yarım əsrdə ölkəmizdə həyatın bütün sahələrində baş vermiş tarixi irəliləyişin banisi də məhz ulu öndər olmuşdur.
Novator lider və qurucu şəxsiyyət kimi Heydər Əliyev Azərbaycanın ədliyyə sahəsində də ciddi yeniliklərə imza atmış, müasir məhkəmə sisteminin qurulub ərsəyə gəlməsinə zəmin yaratmışdır. Xatırladaq ki, müstəqilliyin ilk vaxtlarında dövlətimiz çətin sınaqlarla üz-üzə qalmışdı. Daxili hərc-mərclik və xarici təzyiqlər nəticəsində Azərbaycan yeni qazandığı suverenliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Lakin dövlətimizin xilaskarı ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə gəlməsi nəticəsində Azərbaycan düşdüyü bu ağır böhrandan üzüağ çıxa bildi. Ölkəmizin müstəqilliyi möhkəm və etibarlı bünövrə üzərinə qoyuldu, yenilənməyə və tərəqqiyə xidmət edən islahatlar həyata keçirildi.
Həmin dövrdə ən mühüm demokratik tələblərdən biri də qanunun aliliyinin təmin edilməsi idi. O zaman Prezident Heydər Əliyev demişdir: “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”. Müstəqil Azərbaycan dövlətinin qurucusu olan ulu öndər zaman keçdikcə qeyd etdiyi bütün sahələrdə uğurlu inkişafa nail oldu. Prezident Heydər Əliyev Azərbaycanın ilk demokratik Konstitusiya layihəsinin hazırlanmasına rəhbərlik edərək mükəmməl Əsas Qanunumuzun hazırlanmasını təmin etdi. 1995-ci ilin noyabrında ümumxalq səsverməsi ilə müstəqil dövlətin ilk Konstitusiyası qəbul olundu.
Əsas hüquqi-demokratik missiyanı uğurla tamamladıqdan sonra Heydər Əliyev müstəqil məhkəmə hakimiyyətinin formalaşması üçün tədbirlər gördü. Ümummilli liderin rəhbərliyi ilə çevik ədliyyə sisteminin inkişafına şərait yaradan ardıcıl islahatlar həyata keçirildi. Ulu öndərin təşəbbüsü ilə 1997-ci ildə “Məhkəmələr və hakimlər haqqında” Qanun qəbul edildi. Hakim korpusunun formalaşması yolunda addımlar atıldı, 1998-ci ildə Məhkəmə-Hüquq Şurası təsis olundu. Şuraya məhkəmələrin təşkil edilməsi, hakim vəzifəsinə namizədlərin seçilməsi, məhkəmələr və hakimlərlə bağlı digər məsələləri öz səlahiyyətləri dairəsində həll etmək vəzifəsi həvalə olundu. Ulu öndərin məhkəmə sahəsində gerçəkləşdirdiyi islahatlar nəticəsində üçpilləli məhkəmə sistemi formalaşdırıldı. Test üsulu ilə keçirilən şəffaf müsabiqə əsasında hakim korpusunun seçilməsinə start verildi.
Qeyd edək ki, məhkəmə sistemindəki islahatlar müasir dövrdə də davam etməkdədir. Ulu öndər Heydər Əliyevin irsini və siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev məhkəmə sistemini müasir dövrün tələblərinə uyğunlaşdırmaq və cəmiyyətdə yüksək nüfuza malik olan ədalət mühakiməsinin formalaşdırılmasında mühüm rol oynayan daha bir sənəd – “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalamışdır. 3 aprel 2019-cu il tarixli həmin sənəd məhkəmə-hüquq sitemində yeni bir başlanğıc oldu. Fərmana əsasən məhkəməyə müraciət imkanının genişləndirilməsi, onun fəaliyyətində şəffaflığın artırılması, qərarların tam və vaxtında icrasının təmin olunması ilə bağlı tədbirlər, eləcə də hakimlərin və məhkəmə işçilərinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Ən əsası isə müasir dövrün tələblərinə uyğun olaraq Elektron Məhkəmə İnformasiya Sistemi yaradılmışdır.
Beləliklə, ulu öndər Heydər Əliyevin hakimiyyətinin ikinci dövründə ədliyyə sahəsi yeni inkişaf yoluna qədəm qoydu. Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri, normativ aktların qeydiyyatı və uçotu, ekspertizası, notariat və qeydiyyat, məhkəmə ekspertizası sahəsində işlər yenidən quruldu. Cəzaların icrası sistemi təkmilləşdirilərək penitensiar müəssisələr Daxili İşlər Nazirliyinin tabeliyindən çıxarılaraq Ədliyyə Nazirliyinə verildi.
Ümummilli liderin ədliyyə işçilərinə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq 11 noyabr 2000-ci il tarixli sərəncamla 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis olundu. Bu tarixin seçilməsi isə təsadüfi deyildi. Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1918-ci il noyabrın 22-də Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmişdir. Bu, müstəqilliyimizin bərpasından sonra tarixi irsə sədaqət rəmzi oldu.
Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan tarixində ilk dəfə 1999-cu ildə bələdiyyə seçkiləri keçirildi. Yerli özünüidarəetmə orqanı olan bələdiyyələrin fəaliyyətinin müasir tələblərə uyğun təşkil edilməsinə kömək göstərilməsi məqsədilə ulu öndərin sərəncamı ilə Ədliyyə Nazirliynin nəzdində Bələdiyyələrlə İş və Bələdiyyələrə Metodoloji Yardım Mərkəzi yaradıldı. Bununla da, bələdiyyələrə inzibati nəzarətin həyata keçirilməsi də Ədliyyə Nazirliyinə həvalə edildi.
2001-ci il avqustun 16-da Azərbaycanın ədliyyə tarixi ilə bağlı muzeyin yaradılması da dövlət başçısı tərəfindən ədliyyəyə verilən dəyərin göstərici idi. Ümummilli liderin təşəbbüsü əsasında yaradılan muzey Xalq Cümhuriyyəti zamanından bu günə qədər ədliyyəmizin tarixi ənənəsinə varisliyin nümunəsidir.
Ulu öndərin ədliyyə sahəsində də siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev yeni tələbləri cavablandıran sənədlərə imza atdı. 2006-cı ildə Ədliyyə Nazirliyinin yeni Əsasnaməsi qəbul edilərək ona hüquq-mühafizə orqanı statusu verildi.
Ölkəmizdə müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin inkişaf etdirilməsi, hüquqi dəyərlərimizin qorunub saxlanması, vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinin mükəmməl əsaslarının yaradılması Prezident Heydər Əliyevin misilsiz xidmətidir.
Azərbaycanda müasir ədliyyə və məhkəmə sisteminin inkişafı dahi lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin davamlı səyləri ilə ölkəmizdə ədliyyə, məhkəmə, prokurorluq və digər hüquq-mühafizə orqanlarının fəaliyyəti yenidən qurulmuş, onların inkişafının təməli qoyulmuşdur.
Ədliyyə işçiləri ulu öndərin formalaşdırdığı müasir ədliyyə sisteminin səmərəli fəaliyyətinə çalışır, demokrtatik-hüquqi dövlət quruculuğu, insan hüquqlarının qorunması, qanunun aliliyi naminə bilik və bacarıqlarını əsirgəmirlər.
Ümummilli liderin anadan olmasının 100 illiyi ilə əlaqədar ədliyyə orqanlarında keçirilən silsilə tədbirlərlə unudulmaz rəhbərin müstəqil dövlətin hüquq sisteminin qurulmasında tarixi xidmətləri qədirbilənlik və minnətdarlıqla qeyd olunur.
Faiq ƏKBƏROV,
Ədliyyə Nazirliyi İcra Baş İdarəsi Binəqədi rayon şöbəsinin əməkdaşı

