Rusiyalı ekspert: Fransa anladı ki, Azərbaycana münasibətdə “qamçı metodu” işləmir, bu dəfə daş qayaya rast gəlib

post-img

Regionda maraqları olan Fransa tərəfindən Azərbaycanla münaqişə axmaqlıq olardı, Bakı ilə “qamçı metodu” isə işləmir, bu dəfə daş qayaya rast gəlib. Sevindirici haldır ki, Parisdə bunu baş düşüblər.

Bu fikirləri AZƏRTAC-la Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonnanın bu yaxınlarda Bakıya səfərinin və burada onun bəyanatlarını şərh edən rusiyalı politoloq, “PolitRus” ekspert-analitika şəbəkəsinin rəhbəri Vitali Arkov bölüşüb.

Onun sözlərinə görə, Emmanuel Makronun rəhbərlik etdiyi Fransa yenilənmiş Avropa İttifaqında liderliyə iddia edir. Olaf Şoltsun Almaniyası isə Ukrayna münaqişəsi səbəbindən Rusiya ilə əsas əlaqələri kəsərək liderliyini itirir. Bunun arzusunda olan Polşa ya gəldikdə, bu ölkə açıq-aşkar zəifdir. Həmin məqsədə nail olmaq üçün zəruri olan amillər sırasında birincisi, mümkün olan qədər hamı ilə konstruktiv münasibətlər qurmaq (təkcə Avropa İttifaqı perimetri üzrə deyil) və ikincisi, ABŞ-ın timsalında olduğu kimi, imkan daxilində daha çox münaqişələrdə maksimum vasitəçi roluna malik olmaq və bununla da dünya arenasında özünün xəyali əhəmiyyətini və çəkisini artırmaqdır.

Ekspert əlavə edib: “Azərbaycan Cənubi Qafqaz regionunun lideri, karbohidrogen ehtiyatlarının ciddi tədarükçüsü (Avropanı bürüyən energetika böhranı fonunda bunun əhəmiyyəti dəfələrlə artıb), həmçinin ərazi və cəmiyyət etibarilə Fransa üçün mühüm beynəlxalq aktorlar olan Rusiya, Türkiyə və İranla coğrafi və tarixi bağları olan ölkədir. Bakının rəyi və mövqeyi Moskva, Ankara və Tehranda böyük çəkiyə malikdir. Regionda maraqları olan Fransa tərəfindən Azərbaycanla münaqişə axmaqlıq olardı, Bakı ilə “qamçı metodu” isə işləmir. Bu dəfə daş qayaya rast gəlib. Sevindirici haldır ki, Parisdə bunu baş düşüblər. Necə deyərlər, gec olsa da ...”

Fransanın ehtiyatla və daha çox kuluar arxasında hərəkət edən, əsil yumşaq güc tətbiq etməklə ölkələrdə və regionlarda öz təsirini gücləndirmək istiqamətində mühüm nəticələrə nail olan Britaniya ilə müqayisə olunmayacağını vurğulayan ekspert bildirib ki, Azərbaycan və Türkiyə də Dumanlı Albionun prioritetləri arasında yer alır. Əgər London tarixən burada olan Moskva ilə yenə də kuluar arxasında kompromis tapa bilirsə, o, burada Parisin təsirinin artmasına imkan verməyəcək.

Rusiyalı politoloq vurğulayıb: “Fransa isə yenə də ABŞ-ın timsalında olduğu kimi, ənənəvi pafos və tamaşa səviyyəsinə enir, bütün danışıqlar prosesində (hətta qarşı qoyulması lazım olmayan yerlərdə belə) özünəvurğunluq nümayiş etdirərək və öz mövqeyini sırıyaraq məsələlərə birtərəfli yanaşır. Bu, bir çox hallarda Parisin ciddi problemlərlə üzləşməsinə səbəb olur. Biz Fransanın tarixən sanki güclü olduğu ölkə və regionları məcburi tərk etməsini və təsirini itirməsinin şahidi oluruq. Məsələn, Afrika və ya Cənub-Şərqi Asiyanı göstərmək olar. Bu səbəbdən Makronun Fransasının Cənubi Qafqazda teatr effekti ilə meydana çıxması Paris üçün kifayət qədər səmərəsiz nəticələrlə yekunlaşacaq. Azərbaycanın müdrik rəhbərliyi Beşinci respublika ilə özünə faydalı olan istiqamətlərdə iqtisadi əməkdaşlığı genişləndirəcək, cənab Makronun əvvəlcədən reallaşması mümkün olmayan təşəbbüslərini heyrətlə izləyəcək, eyni zamanda, öz siyasi iradəsini yeridəcək. Rəsmi Bakı bu zaman heç də Parisə istiqamət götürməyəcək və onunla məsləhətləşməyəcək”.

Ermənistanda getdikcə artan Rusiya əleyhinə əhvali-ruhiyyə ilə bağlı sualı cavablandıran V.Arkov bildirib ki, bu gün müşahidə edilənlər bu ölkəni başına almış qərbyönümlü təşkilatların və baş nazir Nikol Paşinyanın iki ağanın nökəri olmaq cəhdlərinin nəticəsidir. O əlavə edib: “Qüdrətli Nikol” yanlışlıqla qərara gəlib ki, Kreml Ukrayna böhranında ilişib qalıb və onun “kollektiv Qərblə”, xüsusən, Avropa İttifaqı ilə münasibətləri o dərəcədə pisləşib ki, artıq Ermənistanı Rusiyanın təsiri altından çıxarmaq üçün uyğun vaxt gəlib çatıb. Paşinyan o qədər də pis piarçı deyil, xüsusən öz şəxsinə münasibətdə. O, yaxşı populist və demaqoqdur, lakin praktika göstərir ki, heç də strateq deyil. Ola bilər ki, o, özü və korrupsiyaya bulaşmış ailəsi və ətrafı üçün Qərbdə yaxşı gələcəyi təmin edib, amma bütün Ermənistanı oraya aparmağa Paşinyana heç kim imkan verməyəcək”. Ekspert onu da qeyd edib ki, ümumiyyətlə, bu gün Ermənistanda müşahidə olunan proseslərin bir çoxu əvvəllər bu və ya başqa dərəcədə qonşu Gürcüstanda, Ukraynada və Moldovada reallaşıb.

Ekspert sonda deyib: “Bu ssenari konkret “siyasi teatra” bir az uyğun gəlsə də, onun bazası əvvəlki kimidir. Belə ki, “quruluşçu rejissorlar” ABŞ-ın Dövlət Departamenti və Mərkəzi Kəşfiyyat İdarəsinin “səhnə arxasında” yerləşir.

Siyasət