General Lentsovun “startı” uğursuz oldu

post-img

Xəbər verildiyi kimi, Aleksandr Lentsov Azərbaycanın Qarabağ iqtisadi rayonundakı Rusiya sülhməramlı kontingentinin (RSK) komandanı təyin edilib. RSK Qarabağ iqtisadi rayonuna 9 noyabr 2020-ci ildə Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli Bəyanata əsasən yerləşdirilib. Bəyanatda qeyd edilir ki, Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 nəfər odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir. Sənəddə RSK-nın bölgədə qalma müddətinin 5 il olduğu qeyd edilir. Müddətin bitməsinə 6 ay qalmış tərəflərdən hansısa biri ona xitam verilməsi niyyəti ilə çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 il də uzadılır.

Aleksandr Lentsov sülhməramlı­ların yerləşdirilməsindən sonra Rusi­yanın Qarabağdakı hərbi kontingen­tinin sayca beşinci komandanıdır. İlk komandan general-leytenant Rüstəm Muradov olub, ondan sonra bu vəzifəni general-mayor Mixail Kosobokov, gene­ral-leytenant Gennadi Anaşkin və gene­ral-mayor Andrey Volkovu tutublar. An­caq A.Lentsov indiyədək heç bir RSK komandanının imza atmadığı yumşaq desək, xoşagəlməz akta imza atıb: o, aprelin 27-də Qarabağ iqtisadi rayo­nunda yaşayan erməni separatçılarının “qlavar”ı ilə görüşüb. Görüşlə bağlı fo­tolara baxarkən hiddətlənməmək olmur. Biz, RSK-nın əvvəlki komandanlarının da separatçılarla görüşdüyünü istisna etmirik. Ancaq hər halda bu görüşlər bağlı qapılar arxasında olub. Onlar bu görüşləri nümayişkəranə şəkildə həya­ta keçirməyiblər. Yeni komandan isə bu mənada sələflərindən xeyli “irəli” gedib. Görüşdə Rusiyanın dövlət bayrağının olmadığı, salonda yalnız separatçıların əski parçasının mövcudluğu diqqətdən yayınmır. Divardan isə onların “gerb” adlandırdıqları svastikaya bənzər ey­bəcər emblem nəzərə çarpır. A.Lentsov separatçıların başçısı ilə görüşə nü­mayəndə heyətilə gedib. Onlar üzbəüz əyləşərək bərabərhüquqlu tərəflər kimi danışıqlar aparıblar. Onu da qeyd edək ki, bu, A.Lentsovun RSK-nın komanda­nı kimi keçirdiyi ilk görüşdür.

***

Bu görüşlə bağlı olduqca incə nüans var. Məsələ ondadır ki, qondarma reji­mi, daha doğrusu, onun tör-töküntülə­rini nəinki Rusiya, heç bir ölkə, hətta Ermənistanın özü də tanımayıb. Qon­darma rejim tarixin heç bir anında bey­nəlxalq hüququn subyekti olmayıb, ola da bilməz. Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə ən yük­sək səviyyədə bəyan edib. Belə olan təqdirdə RSK-nın yeni komandanının qondarma rejimin başçısı ilə görüşü heç bir əndazəyə sığmır və anlaşılmır. Sual yaranır: A.Lentsov hansı statusla rejim mənsubları ilə görüşüb? Məgər o bilmir­mi ki, bu addımı elə öz ölkəsinin rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir? Rusi­ya federativ dövlət quruluşuna malikdir, onun ərazisində nə az, nə çox düz 85 bərabərhüquqlu subyekt var. Həmçinin Rusiya çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada 200-dən çox xalqın nü­mayəndələri yaşayırlar. General Lent­sov etnik separatizmi qızışdırmağa xid­mət edən bu cür görüşlər keçirmədən öncə bu amili də nəzərə almalıdır. Necə deyərlər, şüşə evlərdə əyləşib, başqa­sının dəmir qapısını daşlamaq olmaz! Başqasının ərazisində etnik separatiz­mi qızışdırmaq sonda bumeranq effekti verə bilər.

***

Hərbi sistemdə zabit şərəfi deyilən bir anlayış var. Bu psixoloji anlayış tarix boyu yazılmamış qanun olaraq, dünya ordularında qəbul edilib və ona hör­mətlə yanaşılıb. Üzləşdikləri çətinliklərə baxmayaraq, ömrünü hərb sənətinə bağlayanlar alçaldılmanı, əsarəti, rüt­bələrinin aşağı salınmasını öz şərəf­lərinə sığışdırmayıblar. A.Lentsov da yüksək rütbəli hərbçidir. O, bundan əv­vəl (2013-2020-ci illərdə) Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunları koman­danının müavini olub, general-polkov-nik hərbi rütbəsinə malikdir. General Lentsov 2016-cı ildən Beynəlxalq Tank Biatlonu Federasiyasının prezidentidir. 2020-ci ilin yanvarında isə Rusiya mü­dafiə nazirinin müşaviri təyin olunub. Belə titullu şəxsin heç kimin tanımadığı, qəbul etmədiyi separatçı rejim başçısı­nın ayağına getməsi zabit şərəfi ilə bir araya sığmayan hərəkət hesab oluna bilər. Ümid edək ki, Lentsovun yaxın ətrafından bunu ona xatırladacaq kimsə tapılacaq və bir daha belə əməllər tək­rarlanmayacaq.

Züriyə QARAYEVA,
politoloq

– Qarabağda müvəqqəti yerləş­dirilmiş sülhməramlıların komanda­nı, general-mayor Andrey Volkovun vəzifəsindən məhz indi geri çağ­rılması hesab edirəm ki, təsadüfi deyil. Volkovun sülhməramlılıq adı altında missiyası bölgədə biznesini genişləndirməkdən, separatçıların Qarabağa daşıdıqları silah-sursat­la dolu hər bir nəqliyyat vasitəsinə görə, külli miqdarda qeyri-rəsmi rüsum almaqdan ibarət idi. Laçın yolunda Dövlət Sərhəd Xidmətinin, ardınca isə Dövlət Gömrük Ko­mitəsinin sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulması bu missi­yanın icrası mümkünsüz idi. Gö­rünür, yeni general bölgəyə başqa missiya ilə göndərilib.

Unutmaq olmaz ki, Lentsov 1990-cı ildə SSRİ Silahlı Qüvvələ­rinin 98-ci diviziyasına daxil olan 331-ci qvardiya hava-desant ala­yının komandiri olub. Həmin ilin yanvarında bu diviziya Bakının və Azərbaycanın digər rayonlarının dinc əhalisinin qırğınında iştirak edib. Üstəlik, Lentsovun ermənilə­rin sıx yaşadığı Krasnodarda do­ğulması, həyat yoldaşının isə er­məni olması göstərir ki, Rusiyanın məqsədi ermənilərlə korlanan mü­nasibətin bərpa olunmasıdır. Çünki Rusiya tərəfi postun yaradılmasına faktiki surətdə mane ola bilmədi.

Lentsovun təyinatından dər­hal sonra qondarma rejim başçısı ilə görüş keçirməsi də göstərir ki, yeni generalın bölgədəki vəziyyəti daha da gərginləşdirməklə bağlı təlimatları var. Qondarma bayraq əhatəsində danışıqlar ölkəmizin suverenliyinə açıq-aşkar hörmət­sizlik edilməsinin göstəricisidir. Bü­tün bunlar heç də adi vaxtda baş vermir. Sərhəd nəzarət-buraxılış məntəqəsinin olması separatçıların nəfəsliyinin bağlanması deməkdir. Bölgədə separatçılara dəstək “öh­dəliyi” olan Rusiyanın onlar qarşı­sında imici də tamamilə sarsılmış vəziyyətdədir. Digər tərəfdən, pos­tun yaradılması yaxın zamanda Xankəndidə də Azərbaycan Bay­rağının dalğalanması deməkdir. Bu durumda rus sülhməramlılarına bölgədə heç bir ehtiyac qalmaya­caq. Demək, məhz indiki vaxtda bu təyinat Moskvanın Qarabağda da­yaqlarını mümkün qədər möhkəm­ləndirməyə hesablanıb. Həmçinin Rusiya ermənilərə bölgədə Azər­baycan Ordusunun irəliləməsinə görə general Volkovu cəzalandırdı­ğı mesajını da vermiş ola bilər. Sə­bəbdən asılı olmayaraq, birmənalı olan yalnız odur ki, Rusiya hazırkı durumda çox narahatdır.

Səxavət HƏMİD, “Xalq qəzeti”



Siyasət