Son vaxtlar Ermənistan baş naziri Nikol Paşinyana qarşı sui-qəsd ehtimalının artması ilə bağlı informasiyalar çoxalmaqdadır. Hələlik bu barədə rəsmi məlumatlar mövcud olmasa da, proseslərin gedişatı, xüsusilə də sadə vətəndaşların sui-qəsdçi kimi polis nəzarətinə götürülməsi bu ehtimalın kifayət qədər real olduğunu göstərir.
Kremlin hədəfində
Hazırda Ermənistan baş nazirini narahat edən ən böyük amil Rusiyanın onu qətlə yetirməkdə maraqlı ola biləcəyi ehtimalıdır. Əslində, Paşinyanın Rusiya faktorundan bunca narahat olmasına kifayət qədər əsas var. Təkcə onu xatılrlatmaq kifayətdir ki, məhz Paşinyanın səyi ilə Avropa İttifaqının yarıhərbi, yarımülki missiyası Ermənistanda yerləşib və bütün bölgə ilə bağlı müşahidələr aparmaqdadır.
Paşinyanın 44 günlük müharibədəki məğlubiyyətə görə Rusiyanı ittiham etməsi, onu “satqın” adlandırması, Rusiya sülhməramlılarının fəaliyyətini “yarıtmaz” hesab etməsi, habelə, hər addımda Kremlin regiondakı nüfuzuna zərbə vurması da erməni baş nazirini Rusiya üçün arzuedilməz şəxslər sırasına daxil edir. Məhz bu səbədən də Paşinyan yaxın keçmişdə Rusiyaya qarşı səsləndirdiyi “cəsarətli” çıxışlara görə qorxuya düşməkdə, sui-qəsd ehtimalından ciddi narahatlıq keçirməkdədir.
Bu baxımdan, aprelin 7-də Paşinyanın Putinə zəng etməsi, regionla bağlı müzakirələr aparması Ermənistanın baş nazirinin yenidən Moskvaya yarınmaq cəhdi kimi qiymətləndirilə bilər. Çox güman ki, Paşinyan söhbət əsnasında özünü bu gün də Rusiyanın bölgədəki ən sadiq tərəfdaşı kimi təqdim etməyə, bundan sonra da Moskvaya lazım ola biləcəyi təəssüratı formalaşdırmağa çalışıb. Halbuki, bütün fakt və sübutlar bu gün Cənubi Qafqazda Rusiya üçün ən böyük problemin məhz Ermənistan olduğunu göstərir.
“Generallar xofu”
Ermənistan baş nazirinin suq-qəsdlə bağlı təlaşının digər bir səbəbi orduda böyük nüfuza malik olan və Moskva ilə yaxınlığına görə seçilən generallarla bağlıdır.
Xatırladaq ki, 44 günlük müharibədən sonra Ermənistan ordusundakı generalların bir qismi müxtəlif ittihamlarla həbs edilib, bir qisim general isə istefaya göndərilib. Paşinyan müharibədəki məğlubiyyəti bəhanə edərək ordu daxilində öz maraqları konteksində bəzi “təmizlik işləri” həyata keçirsə də, Ermənistan ordusunda Rusiyaya rəğbət bəsləyən generallar bu gün də öz mövcudluğunu qoruyub saxlamaqdadırlar. Paşinyana görə, sui-qəsd təşəbbüsünün bu generallardan gəlmək ehtimalı kifayət qədər böyükdür.
Paşinyanın ruspərəst generallara güzəştə getməsinin iki əsas səbəbi var ki, bunlardan biri həmin generalların ordudan qovulacağı təqdirdə Rusiya ilə münasibətlərin daha da kəskinləşəcəyi ehtimalıdır. Hansı ki, Paşinyan aşkar anti-Rusiya siyasətinə rəğmən, Moskva ilə bütün körpüləri yandırmaqdan çəkinməkdədir. Digər səbəb isə həmin generalların orduda böyük nüfuza malik olması, istənilən an hansısa hərbi insident törədə biləcəyi ilə bağlıdır. Məhz bu səbəbdən də Paşinyan məlum generallara qarşı sərt tədbirlər görməyə tələsmir. Ermənistan baş naziri bu generalları nəzarətdə saxlamaqla proseslərin bundan sonrakı gedişatını izləməyi daha məqsədəuyğun hesab edir. Ancaq Ermənistan ordusunda çox tez-tez baş verən silahlı insidentlər göstərir ki, xaos və intriqaların hökm sürdüyü bu orduda hansısa generalı tam olaraq nəzarətdə saxlamaq mümkün deyil.
Xalqdan gələn qorxu
Nikol Paşinyanın sui-qəsd qorxusunun arxasında duran əsas nüanslardan biri də, onun xalq tərəfindən də lənətlənməsi, lider kimi qəbul edilməməsidir. Xüsusilə də, Paşinyanın 44 günlük müharibədən sonra ac Ermənistana, həm də “məğlub” etiketi əlavə etməsi erməni ictimaiyyətinin, xüsusilə də millətçi kəsimin ciddi narazılığına səbəb olub. Paşinyanı qorxaq sərkərdə, bacarıqsız diplomat hesab edən erməni millətçiləri onun yeni, “daha cəsur” və “səriştəli” liderlə əvəzlənməsini vacib hesab edir. Bu baxımdan, indiki məqamda Paşinyanın qətli və siyasi hakimiyyətin yeni fiqurla əvəzlənməsi millətçi kəsimin maraqları baxımından sosial sifariş kimi meydana çıxır. Bu səbəbdən də Paşinyan, haqlı olaraq, hesab edir ki, ona qarşı sui-qəsd cəhdi sadəcə xaricdən deyil, eyni zamanda, ölkə daxilindən də qaynaqlana bilər. Bu isə Paşinyan üçün ikiqat risk və təhlükə deməkdir. Başqa sözlə desək, Paşinyan davamlı olaraq özünü öz xalqından qorumağa məcburdur.
Özünə qarşı sui-qəsd ehtimalını kifayət qədər yüksək qiymətləndirən Nikol Paşinyan, bu təhlükədən mümkün qədər sığortalanmaq üçün ölkənin bütün hüquq-mühafizə orqanlarını ayağa qaldırıb. İştirak etdiyi hər bir toplantıda təhlükəsizlik tədbirlərinin maksimum səviyyədə təşkilinə diqqət yetirən Paşinyan, sadə vətəndaşları belə özü üçün təhdid mənbəyi hesab etməkdədir. Bu il martın 9-da Paşinyana məxsus avtomobil korteji hökumət binasına daxil olan zaman polislərin iki nəfər sıravi şəxsə hücum edərək, onları “neytrallaşdırması” buna sübutdur. Bu fakt bir daha sübut edir ki, vaxti ilə Bakını yeni işğallarla hədələyən Paşinyan, bu gün kölgəsindən qorxan, öz xalqının intiqamından ehtiyat edən “lider” vəziyyətinə düşüb. Bu isə Paşinyanla yanaşı, həm də Ermənistanın gələcəyi ilə bağlı bədbin proqnozları aktuallaşdırır. Çünki hər hansı dövlətin öz xalqını təhdid və təhlükə mənbəyi hesab edən bir “lider”lə hansısa uğura nail olması absurddur və bunu isbatlamaq üçün əlavə arqumentə ehtiyac da yoxdur.
Seymur ƏLİYEV, “Xalq qəzeti”