Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana rəsmi səfəri bir sıra vacib dövlət sənədlərinin imzalanması, mühüm məsələlərin razılaşdırılması ilə yanaşı, daha çox hər iki ölkənin əməkdaşlığının dostluq və qardaşlıq əsaslarının yüksək səslə bəyan edilməsi ilə yadda qaldı. Atalarımız yaxşı deyib ki, dost dar gündə tanınar. Yaxın tariximizdə Azərbaycan üçün dar günlər az olmayıb. Ümumiləşdirmə aparsaq, bu baxımdan, Ermənistanın otuz ilə yaxın müddətdə davam etmiş işğalını göstərə bilərik. Qazaxıstanın işğala münasibəti necə olub, Azərbaycanı necə dəstəkləyib, hazırkı mövqeyi nədən ibarətdir, bu barədə söz açacağıq.
Əvvəla, bu obyektiv məqamı vurğulamağa ehtiyac var ki, Qazaxıstanın postsovet ölkəsi olaraq, Qarabağ münaqişəsində Türkiyə kimi tam açıq şəkildə Azərbaycanın maraq və mənafelərinin müdafiəçisi qismində çıxış etməsi mümkün deyildi. Burada söhbət yalnız ondan getmirdi ki, rəsmi Astana Ermənistanla münasibətlərini gərginləşdirmək istəməyib. Məsələ problemin daha çox Rusiyanın orbitinə daxil olması kontekstində izah edilə bilər və Qazaxıstan mövzunu kifayət qədər soyuq tərzdə qiymətləndirib. Ancaq ölkə bu reallığa rəğmən, Azərbaycanı yetərincə dəstəkləməyi də bacarıb.
Rəsmi Astana münaqişənin nizamlanması üçün dəfələrlə çağırış edib. Qazaxıstan Azərbaycan ərazilərinin Ermənistan qoşunları tərəfindən işğalına qarşı çıxmaq üçün siyasi addımlar atıb. Məsələn, Azərbaycanla ərazi ziddiyyətlərini hələ də həll etməməsi səbəbindən, vaxtilə Ermənistanın Avrasiya İqtisadi İttifaqına qəbuluna maneçilik törədib. Bundan sonra İrəvan və Astana arasında daim diplomatik gərginlik yaşanıb. Bir ara erməni siyasətçilər, hətta, Ermənistanla eyni hərbi qurumda olan və daha çox Azərbaycanla əməkdaşlıq edən, Bakıya dəstək nümayiş etdirən Qazaxıstanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxarmağa çağırışlar da səsləndiriblər.
Bəli, Qazaxıstan hər zaman bəyan edib ki, Azərbaycan və Ermənistan arasındakı münaqişəli durum beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini tapmalıdır. Beynəlxalq hüquq isə təbii ki, Azərbaycanın tərəfində olub. Ümumən, hələ ötən əsrin 90-cı illərindən Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünün bərpasının tərəfdarı olduğunu bəyan etməsi ilə diqqət çəkib. Yəni, sözümüz ondadır ki, rəsmi Astana ölkəmizə dəstək baxımından üzərinə düşən hər şeyi edib.
***
Tarixə nəzər salaraq Prezident İlham Əliyevlə Qazaxıstanın o zamankı dövlət başçısı Nursultan Nazarbayevin 2011-ci ildə keçirilmiş görüşünü xatırlayaq. Həmin görüşdə N.Nazarbayev bildirmişdi ki, Ermənistan–Azərbaycan münaqişəsi, Qarabağ problemi, 1 milyon qaçqın, məcburu köçkün, ərazilərinin işğalı ilə əlaqədar yaranmış bütün çətinliklərə baxmayaraq, ötən iyirmi il ərzində Azərbaycan nailiyyətlər qazanıb. Burada vurğu “ərazilərin işğalı” ifadəsinin işlənməsi üzərinə qoyulmalıdır. Nəzərə alaq ki, ölkəmizdə müsbət qiymətləndirilmiş bu ifadə də Ermənistanın siyasi dairələrində kifayət qədər geniş mənfi rezonans doğurmuşdu.
Bundan əvvəl, yəni 2010-cu ildə isə ATƏT-ə sədrlik etməyə başlayan Qazaxıstan "dondurulmuş münaqişələr"in həllinə xüsusi diqqət yetirmişdi. Təşkilatın fəaliyyətdə olan o zamankı yeni sədri, Qazaxıstanın Xarici İşlər naziri Kanat Saudabayev regiona səfəri çərçivəsində, ilk olaraq, Azərbaycana baş çəkmiş, səfərin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirmişdi ki, 2010-cu il Qarabağ münaqişəsinin həllində dönüş ili olacaq. Əlbəttə, heç də hər şey cənab Saudabayevin arzuladığı kimi baş verməsə də, burada əsas məsələ niyyətin ifadəsidir. Başqa sözlə desək, Qazaxıstanın ATƏT-ə sədrliyinin verdiyi imtiyazı ölkəmizin haqq işi naminə istifadə etmək məramına söykənməsi bizim üçün çox önəmli idi. Həmin an konkret nəticənin əldə edilib-edilməməsi bir o qədər əhəmiyyətli deyildi.
Ümumən, onu da vurğulamaq yerinə düşər ki, Qazaxıstan üçün ərazi bütövlüyü, separatizm problemi aktual əhəmiyyət daşıyıb. Nəzərə alaq ki, müxtəlif illərdə bəzi marjinal rus siyasətçiləri tez-tez Qazaxıstana qarşı da ərazi iddiaları irəli sürüblər. Ona görə Astana üçün sərhədlərin toxunulmazlığı prinsipləri ilə əlaqəli olan dəyişməz beynəlxalq hüquq son dərəcə önəmli faktora çevrilib.
Qazaxıstanın 44 günlük müharibəyə qədərki Qarabağ mövqeyindən bəhs edərkən, ölkənin münaqişə zonasında atəşkəs rejiminin pozulması hallarına münasibətini də yada salmalıyıq. Bu baxımdan, 2016-cı ilin Aprel döyüşləri dövrünü xüsusi qeyd etməyə ehtiyac var. Həmin vaxt Qazaxıstanın Xarici İşlər Nazirliyi bəyanatla çıxış etmişdi. Sənəddə tərəflər təmkin nümayişinə və atəşin dayandırılması haqqında razılaşmaya ciddi riayət etməyə çağırılmaqla yanaşı, bildirilmişdi ki, rəsmi Astana ATƏT-in (artıq keçmiş olan) Minsk qrupunun Qarabağ probleminin nizama salınması üzrə səylərini dəstəkləyir, münaqişənin yalnız sülh yolu ilə həllinin zəruriliyini təsdiqləyir.
Qeyd etmək lazımdır ki, 2016-cı ilin Aprel döyüşləri Azərbaycanın öz torpaqlarını işğaldan qurtarmaq naminə hərbi güc amilini işə sala bilməsinin ilk böyük nümayiş meydanı idi. O vaxtadək erməni siyasi dairələri hesab edirdilər ki, Bakı hərbi yola üstünlük verə bilməz. Lakin 2016-cı ildən sonra onlar bu qənaətin yanlışlığını anladılar. Bu anlayış isə istər-istəməz, özlərinə hami axtarışına çıxmaq zərurətini yetişdirdi. Məhz həmin dönəmdə Azərbaycanın hərbi yola əl atacağı təqdirdə, KTMT-nin Ermənistana dəstək verməsi ilə bağlı diskussiyalar başladı. Yəni, İrəvanın KTMT-ni Azərbaycana qarşı hərbi müdaxiləyə cəlb etmək istəyi yalnız 44 günlük müharibədən sonrakı dövrün mənzərəsi deyil.
Müharibədən əvvəlki zaman kəsiyinə diqqət yetirərkən, 2017-ci ilin iyulunda Qazaxıstanın Ermənistandakı o zamankı səfiri Timur Urazayevin açıqlamasını xatırlamaq zərurəti yaranır. Səfir kifayət qədər açıq tekstlə bildirmişdi ki, Qarabağ münaqişəsinin KTMT-yə aidiyyəti yoxdur və münaqişə beynəlxalq hüquqa uyğun olaraq danışıqlar yolu ilə həllini tapmalıdır: “Qazaxıstanın mövqeyi belədir: biz Dağlıq Qarabağı qeyd edilən təşkilatla əlaqələndirmirik, çünki bu, regional münaqişədir və beynəlxalq hüquqa uyğun olaraq həll edilməlidir”.
***
Artıq Azərbaycan torpaqlarının işğalı başa çatıb və Qazaxıstan işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirak edir. Bu baxımdan, Prezident İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata bəyanatlarla çıxış edərkən, səsləndirdiyi bir fikrin üzərində dayanmaq istərdik: “Mən, həmçinin Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsünə görə təşəkkürümü bildirmək istərdim. Mərkəzin tikintisi artıq başlanıb. Bu, Qazaxıstanın Azərbaycana hədiyyəsidir, Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq”.
Qeyd edək ki, Azərbaycan Prezidenti eyni fikirləri, bir qədər də əhatəli şəkildə, ötən il avqustun 24-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəmizdə səfərdə olarkən mətbuata bəyanatında da bildirmişdi: “Fürsətdən istifadə edib Qazaxıstan Prezidentinə işğaldan azad edilmiş Füzuli şəhərində Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin yaradılması təşəbbüsünə görə bir daha təşəkkürümü bildirmək istərdim. Bu gün həmin mərkəzin təqdimatı keçirildi və biz Qazaxıstanda keçmiş məcburi köçkünlərin qayıtması probleminə nə dərəcədə səmimi münasibət bəsləndiyini, bu problemin Qazaxıstan üçün də nə dərəcədə aktual olduğunu bir daha gördük. Bu təşəbbüsə görə çox təşəkkür edirik. Bu, dostluğun, qardaşlığın, həmrəyliyin təzahürüdür. Əminəm ki, qazax xalqının böyük oğlu Kurmanqazının adını daşıyacaq Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzi həm də Qazaxıstan–Azərbaycan dostluğu mərkəzi olacaq”.
Bəli, işğaldan azad edilmiş Azərbaycan torpaqlarının bərpasına töhfə verməyin özü ölkəmizin mövqeyinin müdafiəsidir ki, Qazaxıstan bunun tam təmənnasız, özü də xeyli dərəcədə rəmzi anlam daşıyacaq nümunəsini də ortaya qoymaqdadır. Amma, Prezident Tokayevin də bildirdiyi kimi, Qazaxıstan və Azərbaycan müxtəlif çoxtərəfli strukturlar çərçivəsində səmərəli qarşılıqlı fəaliyyət göstərir, bir sıra aktual beynəlxalq və regional məsələlərdə oxşar mövqelər tuturlar: “Bu baxımdan, qeyd etmək istəyirəm ki, Qazaxıstan ənənəvi olaraq Azərbaycan ilə Ermənistan arasında qarşılıqlı münasibətlərin diplomatik yollarla nizamlanmasının tərəfdarıdır, habelə tezliklə sülh müqaviləsi bağlanmasına dair səyləri alqışlayır. Bütövlükdə regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi üçün qarşılıqlı dəstəyin davam etdirilməsinin və birgə tədbirlər görülməsinin zəruriliyi eyni qaydada anlaşılır”.
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması məsələsində Qazaxıstanın mövqeyinə görə Prezident Tokayevə təşəkkür edən Prezident İlham Əliyevin mətbuata bəyantında bildirdikləri Qazaxıstanın bölgədə dayanıqlı sülhün təminatında maraqlı olması reallığına adekvatdır. Burada bir məqam da ayrıca qeyd edilməlidir. Dövlətimizin başçısı Qazaxıstanın beynəlxalq arenada nüfuzunu, ən mühüm qlobal məsələlərə dair ölçülüb-biçilmiş, prinsipial mövqeyini xüsusi vurğulayır. Cənab İlham Əliyev, məhz bu baxımdan, mətbuata bəyanatında Azərbaycan və Ermənistan arasındakı danışıqlar prosesinin indiki statusu barədə həmkarını məlumatlandırır: “Biz normallaşma əzmindəyik və İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağı təklif etdi. Praktiki olaraq bu iş başlanıb, amma bizim istədiyimiz kimi rəvan getmir. Lakin bunun alternativi yoxdur. Hətta 30 illik işğala və Azərbaycan xalqının məruz qaldığı məhrumiyyətlərə, hazırda bərpa etməli olduğumuz dağıntılara baxmayaraq, qonşular arasında münasibətlər normal olmalıdır. Bununla belə, biz gələcəyə baxırıq və hesab edirik ki, suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, BMT-nin Nizamnaməsi, beynəlxalq hüququn bütün əsas normaları və prinsipləri əsasında sülh müqaviləsinə nail olmaq mümkündür, bu müqavilə çoxillik düşmənçilik səhifəsini çevirəcək”.
Əlbəttə, Cənubi Qafqazda dayanıqlı sülh üçün düşmənçiliyə son qoyulması vacibdir. Amma 44 günlük müharibədən ötən müddət göstərir ki, Ermənistan sülh istəmir. 2022-ci ilin sentyabrında baş vermiş irimiqyaslı hərbi toqquşma da bunun təsdiqi idi. Yeri gəlmişkən, qeyd edək ki, o vaxt Ermənistanın xahişi ilə Qazaxıstanın da üzv olduğu KTMT-nin vəziyyətlə bağlı onlayn toplantısı çağrılmışdı. Sentyabrın 13-də keçirilmiş toplantıda çıxış edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəflərə güc tətbiqindən əl çəkməyə və danışıqlara başlamağa çağırış etmişdi.
Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanın, guya, suveren Ermənistanın ərazi bütövlüyünü pozması iddiasını irəli sürərək, KTMT-ni ölkəmizə qarşı qaldırmaq cəhdlərinə cavab olaraq, Qazaxıstanın dövlət başçısı son dərəcə prinsipial məqama toxunmuşdu. Bildirmişdi ki, iki Cənubi Qafqaz ölkəsi arasında sərhədlər dəqiqləşmədiyindən, KTMT-nin təsir dairəsini müəyyənləşdirmək qeyri-mümkündür. Faktiki olaraq, bu mövqe də real müstəvidə Azərbaycana dəstəyin ifadə olunması idi.
Göründüyü kimi, Qazaxıstan Azərbaycanla dost və qardaşlığa sadiqlik xəttini son dərəcə düşünülmüş şəkildə ifadə və müdafiə etməyin bariz nümunəsini yaratmış ölkə olduğunu göstərməkdədir. Bu, həm də ortaq türk mədəniyyətinə, türk milli kimliyinə bağlılıqdan irəli gələn bənzərsiz örnəkdir. Ümid edək ki, Azərbaycan–Qazaxıstan əlaqələri perspektivdə daha ciddi uğurlara imza atacaqdır. Bunun üçün Azərbaycan və qazax xalqlarının yüksək iradəsi, aralarında dərin səmimiyyət mühiti var. Bu mühitin mövcudluğu isə hər iki dövlətin və xalqın misilsiz sərvətidir.
Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”