“Fransızsayağı” test, yaxud təxribatçı “sülh karvanı”

post-img

Fransanın Overn-Rona-Alplar bölgəsinin regional şurasının sədri Loran Vokye İrəvanda qondarma rejimin “xarici işlər naziri” Sergey Kazaryanla görüşündə təxribatçı fikirlər səsləndirib. Loran Vokye bildirib ki, təmsil etdiyi regionun dəstəyi və Fransadakı erməni icmasının təşkilatçılığı ilə Xankəndiyə “humanitar yardım” aparacaq. O, bu konvoyu Laçın yolundan keçirəcəyini bildirib. 

Loran Vokyenin bu açıqlaması rəsmi Bakının sərt etirazına səbəb olub. Azər­baycan XİN-nin mətbuat katibi Ayxan Hacızadə Loran Vokyenin məlum açıq­lamasını ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı fəaliyyət kimi dəyər­ləndirib.

Fransa Azərbaycanı təxribata çəkir

Loran Vokyenin Fransadakı erməni icması və Overn-Rona-Alplar bölgəsinin Xankəndi ermənilərinə “göndərdiyi” yar­dımı Laçın yolundan keçirəcəyi ilə bağlı açıqlaması Fransanın növbəti təxribata hazırlaşdığını göstərir. Açıqlamanın məz­mun və formasından aydın hiss olunur ki, əslində, belə bir “humanitar missiya”­nın təşkilində məqsəd heç də Xankəndi ermənilərinə yardım göstərmək deyil. Məqsəd məlum karvanı Fransa bayrağı altında Laçın yolundan keçirməklə bu yo­lun humanitar yüklərə açıq olub-olmadı­ğını test etmək, bu zaman süni gərginlik yaratmaqla Xankəndinin blokadada ol­ması yalanına dəstək verməkdir. 

“Humanitar yardım” karvanının Fran­sa bayrağı altında hərəkət etməsinin özü də rəsmi Parisin Bakı ilə bilavasitə toqquşma və gərginliyə girməyə can atdı­ğını göstərir. Məqsəd Azərbaycan tərəfi­nin Fransa bayraqlı konvoyun hərəkətinə mane olduğu, Xankəndi ermənilərinin “ağır blokada” şəraitində yaşadığı, Ba­kının erməniləri “beynəlxalq aləmin yar­dımından məhrum etməsi” ilə bağlı yeni yalanlar uydurmaq üçün bəhanə forma­laşdırmaqdır. Bu mənada, Fransanın Xankəndiyə göndərməyi planlaşdırdığı “sülh karvanı” toqquşma və gərginliyə, təxribat və qarşıdurmaya hesablanıb. 

Xankəndiyə yol Bakının razılığından keçir

L.Vokyenin “humanitar karvanı”nı ekoaksiyaçıların nəzarətində olan Laçın yolu ilə Xankəndiyə aparmaq niyyəti, bu niyyətin nümayişkaranə şəkildə elanı Fransanın siyasi mədəniyyət və hüquqi etikadan uzaq olduğunu göstərir. 

Regional şura sədri konvoyu Laçın yolundan keçirəcəklərini elə əmin şəkildə dilə gətirir ki, sanki, bu yol, bu torpaqlar Fransanın Cənubi Qafqazdakı mülkiy­yətidir və Paris bundan istifadəyə görə kimdənsə razılıq almağa ehtiyac duymur. Halbuki, Laçın yolu kimi fransızların get­mək istədikləri Xankəndi torpağı da Azər­baycan ərazisidir və bu ərazidə hər hansı fəaliyyətə görə Fransanın rəsmi Bakını məlumatlandırması, ondan razılıq alma­sı vacibdir. Bunu həm beynəlxalq hüquq, həm də elementar diplomatik mədəniyyət tələb edir. Ancaq görünən budur ki, Fran­sa beynəlxalq hüququ heçə saymaqla yanaşı, adi diplomatik mədəniyyətin tələ­bini də yerinə yetirmək niyyətində deyil. 

Loran Vokyenin məlum açıqlaması Fransanın başqa dövlətlərin ərazi bütöv­lüyünə, xalqların suverenliyinə hörmət etmədiyini, öz məqsəd və mənafeyi na­minə beynəlxalq qanunları belə asanlıqla tapdaladığını göstərir. 

Şübhəsiz, cənab Vokyenin nə demə­yindən, separatçılar qarşısında hansı öhdəlik götürməsindən, aparacağı yü­kün təyintından asılı olmayaraq, istənilən karvanın Xankəndiyə daxil olması yalnız Azərbaycan tərəfinin razılığı ilə mümkün­dür və bu, heç vaxt dəyişməyəcək.

Terrorçuya humanitar dəstək

Fransanın Xankəndiyə göndərməyi planlaşdırdığı yardımın təyinatı da şübhə doğuran məqamlardan biridir. Buna səbəb bu “yardım”ın ordumuzun tarixin zibilliyinə atdığı separatçı rejimin “xarici işlər naziri” Sergey Kazaryanla görüşdə elan edilməsi, terrorçulara ünvanlanma­sıdır. 

Məlum olduğu kimi, Azərbaycan Res­publikası və sivil dünya mövcud olduğu on illər ərzində separatçıların Qarabağ­da yaratdığı qurama “dövlət”i heç vaxt tanımayıb. 44 günlük Vətən müharibə­sinin nəticəsində Qarabağdakı qondar­ma “dövlət”in də varlığına son qoyulub. Qarabağın işğaldan azad edildiyi, dövlə­timizin ərazi bütövlüyünün təmin edildiyi bir vaxtda Fransanın olmayan dövlətin “naziri” ilə görüş keçirməsi, ona yardım vəd etməsi Loran Vokyenin məkrli niyyə­tindən xəbər verir. Bu fakt onu göstərir ki, Fransa olmayan terror dövlətini tanımaq, onu dirçəltmək, ona yenidən həyat ver­mək üçün hər cür avantüraya hazırdır. Bu baxımdan, Fransanın Xankəndiyə göndərəcəyi yardımın, həqiqətən də, hu­manitar təyinatlı olacağı inandırıcı deyil. 

Bundan başqa, unutmaq olmaz ki, beynəlxalq qanunvericilik və normal əx­laq terrorçu ilə hər hansı təması, o cüm­lədən, ona humanitar yardım göstərməyi də qəbuledilməz hesab edir. Belə olan halda, Fransanın maşın konvoyunun, həqiqətən, humanitar yardımdan ibarət olması belə, rəsmi Parisin terrorçu ilə əməkdaşlıq faktından, bunun doğurduğu məsuliyyətdən heç nə azaltmayacaq. 

 

Seymur ƏLİYEV, “Xalq qəzeti”

Siyasət