Ölkəmizdə köhnə avtomobillərin sonu çatır

post-img

Hazırda dünyanın inkişaf etmiş ölkələrində nəqliyyat parkının yenilənməsi məqsədilə istismar müddəti keçmiş avtomobillər utilizasiya prosesinə cəlb edilir. Artıq bu sahədə beynəlxalq təcrübə də formalaşıb. Hətta köhnə avtomobillərin utilizasiyası ilə məşğul olan iri şirkətlərin sayı 200-ü ötüb. 

Amerika Birləşmiş Ştatlarında bu fəa­liyyətlə məşğul olan minlərlə müəssisə mövcuddur. Bu sahədə çalışanların sayı isə 40 min nəfərdən artıqdır. Məhz bunun nəticəsidir ki, bu ölkədə hər il 15 milyon­dan çox avtomobil utilizasiya edilir. Artıq bu proses Avropanın qabaqcıl ölkələrini də əhatə edib.

Son illər ölkəmizdə də bu məsələ get­dikcə aktuallığını artırır. Belə ki, “Azər­baycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda ölkəmizdə yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, ekoloji vəziyyəti yaxşılaş­dırmaq, eləcə də yerli avtomobil isteh­salını stimullaşdırmaq məqsədilə köhnə, texniki-təhlükəsizlik və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin utilizasi­ya proqramının hazırlanması və tətbiqi nəzərdə tutulub. Bundan əlavə, “Azərbay­can Respublikasının 2022–2026-cı illər­də sosial-iqtisadi inkişaf Strategiyası”nda istismarı ekoloji cəhətdən zərərli sayılan fiziki və mənəvi cəhətdən köhnəlmiş nəq­liyyat vasitələrinin idxalının və istifadəsi­nin məhdudlaşdırılmasına dair tədbirlərin görülməsi qeyd olunur. 

Artıq bu məqsədlə bir neçə dövlət qu­rumu tərəfindən birgə layihə hazırlanıb. Layihədə yol hərəkəti və ekologiya üçün təhlükəli hesab edilən istismara yararsız nəqliyyat vasitələrinin utilizasiyası, yollar­da şütüyən köhnə avtomobillərin mərhələ­li şəkildə yeniləri ilə əvəzlənməsi nəzərdə tutulur. Yeri gəlmişkən, istismar müddəti­ni başa vurmuş, ekoloji cəhətdən zərərli hesab edilən nəqliyyat vasitəsini utiliza­siyaya göndərən avtomobil sahiblərinə müəyyən güzəştlərin tətbiqi məsələləri də istisna olunmur. Bu məqsədlə İqtisadiyyat Nazirliyi tərəfindən köhnə nəqliyyat va­sitələrinin utilizasiyası ilə bağlı proqramın hazırlanması və tətbiqi istiqamətində işlər davam etdirilir.

Yeri gəlmişkən, son araşdırmalara əsasən, Azərbaycanda istismarda olan avtomobillərin 80 faizindən çoxunun isteh­sal tarixi 10 ili ötüb. Hətta bu gün ölkənin avtomobil yollarında ötən əsrin 70-80-ci illərində istehsal olunmuş nəqliyyat va­sitələrinə də rast gəlmək mümkündür. Bü­tövlükdə isə, hazırda Azərbaycanda hər 20 avtomobildən biri həddindən artıq köh­nəldiyindən istismara yararsız hesab olu­nur. Ekspertlər bildirirlər ki, istehsal tarixi ötən əsrin 90-cı illərinə təsadüf edən avto­mobillər belə, nasazlıq ucbatından tez-tez təmir sexlərinə gətirilir. Həmin maşınlar təmir olunsa da, onlar ölkənin nəqliyyat parkının yenilənməsinə əngəl törətmək­lə yanaşı, ekoloji tarazlığın pozulması­na, eləcə də yol-nəqliyyat hadisələrinin artmasına səbəb olur. Elə nəqliyyat üzrə ekspertlər də son illər köhnə avtomobillər­də yaranan texniki nasazlıq səbəbindən qəzaların sayının artdığını deyirlər. Döv­lət Statistika Komitəsinin açıqlamasına əsasən, 2022-ci ildə Azərbaycanda 1668 yol-nəqliyyat hadisəsi baş verib ki, bu da əvvəlki illə müqayisədə 1,2 faiz çoxdur. Bu hadisələr nəticəsində zərər çəkən şəxslə­rin sayı 6,1 faiz artaraq 2290 nəfər təşkil edib. Onlardan 834-ü həlak olub, 1456-sı isə yaralanıb.

Qeyd etdiyimiz kimi, avtomobillərin istismar müddəti artdıqca onların ətraf mühitə atdığı zərərli qazların həcmi də çoxalır. Elə ekoloqlar da atmosfer hava­sının çirklənməsində köhnə avtonəqliyyat vasitələrinin əsas rol oynadığını bildirirlər. Onu da qeyd etmək lazımdır ki, Paris İq­lim Sazişinin tələblərindən biri də karbon emissiyalarının azaldılması ilə bağlıdır. 2016-cı ildə bu sazişə qoşulan Azərbay­can Respublikası da 2030-cu ilə qədər is­tixana qazlarının emissiyalarının səviyyə­sinin 35 faiz azaldılmasını qarşıya mühüm hədəf kimi qoyub. Bu məqsədə çatmağın yollarından biri isə, heç şübhəsiz, ölkənin nəqliyyat parkının yenilənməsi, ekoloji cəhətdən təmiz avtomobillərin sayının ar­tırılmasına nail olmaqdan ibarətdir.

Eldəniz CƏFƏROV,
avtomobil nəqliyyatı üzrə ekspert:

– Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illəri əhatə edən Dövlət Proqramında köhnə, istismara yarar­sız avtomobillərin utilizasiyası məsələ­sinə xüsusi yer ayrılıb. Eyni zamanda proqramda utilizasiyanın məcburi xa­rakter daşımaması qeyd olunub. Bu, o deməkdir ki, proses könüllü həyata keçiriləcək. Yəni hər hansı bir vətənda­şın istifadəsində olan nəqliyyat vasitəsi onun əlindən məcburi şəkildə alınma­yacaq. 

Bu zaman köhnə maşınını könüllü olaraq utilizasiyaya verən vətəndaşa onun avtomobilinin məbləğinə uyğun vauçer təqdim olunacaq. Vətəndaş isə həmin vauçer əsasında rəsmi diler və ya distributora yaxınlaşaraq yeni av­tomobil almaq imkanı qazanacaq. Bu­nunla yanaşı, bu zaman dövlət biznesi də utilizasiya proqramına cəlb ediləcək. Bu isə dövlət-biznes dialoqu əsasın­da həyata keçiriləcək. Eyni zamanda rəsmi diler və ya distributorlar avto­mobilini utilizasiyaya verən vətəndaşa ona təqdim olunan vauçerlə müəyyən güzəştlər verə biləcəklər. Bununla da, vətəndaşın yeni avtomobilə sahib çıx­maq imkanı xeyli asanlaşacaq.

Bir məqamı da qeyd edim ki, utili­zasiya prosesi 2019–2023-cü illər üçün nəzərdə tutulan proqramda təsbit olun­sa da, bu proqramın bir layihə olaraq həyata keçirilməsi 2022–2026-ci illəri əhatə edən sosial-iqtisadi inkişaf stra­tegiyasında öz əksini tapıb. 

Yeri gəlmişkən, utilizasiya proqramı olduqca böyük sosial və iqtisadi bir la­yihədir. Hər bir ölkə isə belə bir layihəni həyata keçirmək iqtidarında deyil. Yal­nız iqtisadiyyatı dayanıqlı olan, inkişaf etmiş ölkələr utilizasiya proqramını re­allaşdıra bilirlər. Bu gün Azərbaycanın iqtisadi qüdrəti utilizasiya proqramına getməyə tam imkan verir. Sadəcə, bu proqrama getməzdən öncə müəyyən mərhələlərdən keçilməlidir. İlk növbə­də, vətəndaşlar üçün yeni avtomobillə­rin əlçatmazlığı təmin edilməlidir. Artıq bu sahədə dövlət müəyyən addımlar atıb. Digər tərəfdən, utilizasiya proq­ramını uğurla həll etmək üçün ölkədə müvafiq sənaye yaradılmadır. Çünki utilizasiya olunan nəqliyyat vasitələrin­dən alınan metal, şüşə, plastik, rezin və s. materialların təkrar emala yönəl­diləcəyi, yaxud da onların ixrac edilə­cəyi ilə bağlı bir konsepsiya olmalıdır. Bu konsepsiya isə utilizasiya sənayesi­ni özündə əks etdirməlidir. 

Məlum olduğu kimi, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Mil­li Prioritetlər”də ölkəmizin təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çeviril­məsi nəzərdə tutulur. Bunun üçün isə atmosferə buraxılan zərərli qazların miqdarının azaldılması və ekosistemin yaxşılaşdırılması istiqamətində müəy­yən işlər görülməlidir. Göründüyü kimi, atmosferin çirklənməsinə səbəb olan köhnə nəqliyyat vasitələrindən qurtul­mağın zamanı çatıb.

 

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

eld1.jpg

İqtisadiyyat