Hərbçilərinin dörddəbiri fərarilik edən dövlət hansı üzlə revanşdan danışır?

post-img

Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev həm 44 günlük İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə, həm də şanlı Qələbəmizdən sonrakı çıxış, nitq, müsahibə və müraciətlərində dəfələrlə demişdi ki, bizim əsgərlərimiz aslanlar kimi vuruşurlar. Çünki onlar öz torpaqları, Vətənləri naminə döyüşdüklərini bilirlər. Ermənistan ordusunun on min hərbçisinin fərarilik etməsinin səbəbi də məlumdur. Onlar bilirdilər ki, özgə torpaqlarında, işğalçılıq müharibəsində iştirak edirlər. 

Dövlət başçımız bu il martın 19-da Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində xalqa müra­ciətində isə dedi: “Biz 44 gün ərzində döyüş meydanında Azərbaycan xalqı­nın gücünü və yüksək mənəvi key­fiyyətlərini göstərmişdik. Bir nəfər də olsun bizim ordumuzdan qaçan olma­mışdır. Ermənistan ordusunda son mə­lumata görə 10 min yox, 11 min fərari olmuşdur. İkinci Qarabağ müharibəsi­nin nəticələrini heç kim yaddan çıxar­masın. Yeni reallıqları hər kəs qəbul etməlidir”.

Təkcə Ermənistanda deyil, onlara havadarlıq edən ölkələrdə də dövlət başçımızın həm 2020-ci ilin payızında söylədiyi fikirləri, həm də, təxminən, 20 gün əvvəlki arqumentlərini təkzib etməyə çalışanlar tapılmışdı. Ancaq “cidanı çuvalda gizlətmək olmur”. Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanın eti­rafları həqiqəti çuvaldan çıxarıb.

İşğalçı ölkənin mətbuat vasitələ­ri yazırlar ki, son müharibə zamanı ölən erməni hərbi qulluqçu David Şah­nazaryanın anadan olmasının 23-cü ildönümünə həsr olunmuş tədbirdə çıxış edən Akopyan deyib ki, 44 gün­lük müharibədə Ermənistan ordusunda fərarilərin sayı 11 min nəfər təşkil edib: “11 min fərarimiz var idi. 11 min hərbçi, könüllü, zabit... Bu isə ordumuzun 25 faizi deməkdir”. 

Bu ilin yanvarında başqa bir erməni isə kinayə ilə demişdi ki, biz ordudakı fərarilərin sayının artmaması üçün bir çox hərbçimizi səngərlərə zəncirləyən komandirlərə minnətdarıq. Sonra təəs­süflə əlavə edirdi ki, səngərə bağlanan­lar fərarilərin sayının artmasına səbəb olmasa da, ölən və əsir götürülənlərin sayını kifayət qədər artırmışdı.

Xatırladaq ki, bu fakt Anna Akop­yanın müasir Ermənistanın eybəcərlik­lərini ifşa edən ilk etirafı deyil. O, ötən il dekabrın son günlərində başqa bir erməni iyrəncliyini də lənətləmişdi. Gö­rünür, ixtisasca jurnalist olması onun dilini dinc qoymur. 

Ermənistan mətbuatı yeni il qaba­ğı yazırdı ki, Anna Akopyan Qarabağ ermənilərinə “Uşaqların arxasında giz­lənməyə son qoyun!” – deyə çağırış etmişdir. Qeyd edilirdi ki, Xankəndidə uşaqların bayram tədbiri keçirməsi üçün Anna Akopyanın fondu tərəfindən quraşdırılan çadırlar və milad yolkası sökülüb. Baş nazirin arvadı isə özü­nün “Facebook” səhifəsində yazırdı ki, həqiqətən də, yolka və uşaq pavilyon­larını sökdülər, tədbir ləğv olundu: “Ki­çik qəlblərinə müharibənin bütün qəd­darlıqlarını sığdıran uşaqları, üçgünlük də olsa, acı həqiqətdən qopmağa qoymadılar. Göründüyü kimi, böyüklər ürəksiz, qəlbsizdir. Özü də onlardan, bu, heç tələb də olunmurdu”.

Akopyan yazırdı ki, təşkil olunmuş tədbir böyüklər üçün deyildi: “Onlar nə plastilindən evciklər qurmalı, nə kim­yəvi təcrübələr aparmalı, nə də nağıl­lar danışmalı idilər... Heç bir konsertin planlaşdırılmamasına baxmayaraq, Qarabağ erməniləri uşaqlara qarşı eqoistcəsinə davranıb. İndi isə həmin böyüklər eyni uşaqların əlinə ürəkağrı­dan yazılar verir, yolkaların qarşısına qoyur, şəkil çəkdirirlər. Onlar uşaqlara kədərli mətnləri əzbərlədir və videolar çəkir, onların iştirakı ilə müxtəlif aksiya­lar təşkil edir, mərhəmət hissini oyat­maq və çadırları sökmək üçün dünya­nın hər yerinə aparırlar”.

Qarabağ ermənilərinin körpə uşaq­ların beynini düşmənçilik düşüncəsi ilə doldurmasına etiraz edən Akop­yan əlavə edirdi ki, uşaqların ərazi məsələlərindən başı çıxmır və mütləq onlarda suallar ortaya çıxacaq: “Uşaq­lar heç vaxt başa düşməyəcəklər ki, Xankəndinin mərkəzində onlar üçün qurulmuş çadırlar necə oldu ki, atalar və anaları tərəfindən bu qədər asan­lıqla söküldü. Bu sual, şübhəsiz ki, böyüklərə ünvanlanacaq və çətin ki, təsəlliverici cavab tapa bilsinlər”.

Baş nazirin arvadı sonda Qarabağ ermənilərinə müraciət edirdi: “Nə vaxt­sa uşaqların, 18-20 yaşlı əsgərlərin arxasında gizlənməyə son qoymalıyıq. Və o gün nə qədər tez gəlsə, faciələri­miz bir o qədər tez bitəcək”. 

Bəlkə də, Akopyanın son etirafının əsas məqsədi 44 gündə hərbçilərinin dörddəbirinin fərarilik etdiyi ölkənin revanş və ya yeni müharibələr barədə düşünməsinin absurd və gülünc oldu­ğunu bəyan etməkdir. Ancaq mən bu sətirlərdə onun etiraflarına şərh ver­mək yox, erməni xəstəliyinin, rəzaləti­nin bəzi detallarının məhz Ermənistan dövlətinin təmsilçisi tərəfindən ifşa olunduğunu söyləmək istədim. 

 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

Siyasət