Azərbaycana güc nümayişi əbəsdir, İran!

post-img

Molla rejimi Arazqırağına qoşun yığmaqla, Təbrizdəki konsulluğumuz qarşısında piket keçirməklə nə demək istəyir?

Yarandığı 1979-cu ildən etibarən öz məqsədlərinə nail olmaq üçün əli çatan, ünü yetən hər yerdə terrorizmdən vasitə kimi istifadə edən İran İslam Respublikasının həmlələrinə Azərbaycan da zaman-zaman məruz qalıb. Buna misal kimi 1997-ci ildə akademik Ziya Bünyadovun, 2011-ci ildə yazıçı Rafiq Tağının qətlini, “Avroviziya-2012” mahnı müsabiqəsi zamanı sözügedən ölkənin Bakıda terror aktları planlaşdırmasını, 2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı Qum və Məşhəddə dini təhsil alan azərbaycanlı tələbələrdən formalaşan “Hüseyniyyun” (Hüseynçilər) adlı silahlı dəstənin üzvü Yunis Səfərovun törətdiyi sui-qəsd cəhdini, bundan az sonra – iyulun 10-da icra hakimiyyətinin inzibati binasının önündəki meydanda baş vermiş iğtişaşlar zamanı Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyevin və Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasovun kəsici-deşici alətlərlə qətlə yetirilməsini göstərmək olar. 

Nəzərə almaq lazımdır ki, Azər­baycan müstəqillik əldə etdikdən son­ra xüsusi xidmət və hüquq-mühafizə orqanları əməkdaşlarının ayıq-sayıqlı­ğı nəticəsində İranın ölkəmizdə həyata keçirmək istədiyi kəşfiyyat-pozuculuq, terror-diversiya hərəkətlərinin qarşısı dəfələrlə alınıb. Əminliklə demək olar ki, vaxtında aşkarlanan, qarşısı alınan bu əməliyyatlar olmasaydı, o zaman İranın terror aktları nəticəsində daha böyük mənəvi itkilərə məruz qalardıq.

***

Hər tərəfdən sanksiya məngənəsin­də sıxılan İran üçün Azərbaycan bir növ nəfəslik idi. Təkcə onu qeyd edək ki, Azərbaycan hələ İranın nüvə proqramı­nın inkişafının sürətləndirildiyi Mahmud Əhmədinejadın prezidentliyi dövründə (2005-2013-cü illər) öz ərazisindən üçün­cü dövlətlərə, o cümlədən, İrana qarşı istifadəyə icazə verməyəcəyini dəfələrlə bəyan etmişdi. Həmin illərdə Azərbayca­nı formalaşdırılacaq anti-İran koalisiyası­na cəlb etmək üçün ölkəmizə Qərbdən çox ciddi təzyiqlər olunurdu. Azərbaycan isə bu təzyiqlərə mətinliklə sinə gərir, İra­nın ərazi bütövlüyünün qorunub saxla­nılması prinsipindən çıxış edir, mümkün toqquşmaların baş verməməsinə çalışır, məsələnin danışıqlar yolu ilə həllinə ça­ğırışlar edirdi. Rəsmi Bakı İranla müna­sibətlərdə tarixi, mənəvi-dini bağlılığı, Güney Azərbaycanda 40 milyonadək soydaşımızın yaşamasını, 765 kilometr­lik ortaq sərhəd xəttinə malik olmağımızı, həmçinin ehtimal edilən hərbi əməliy­yatların Azərbayacan Respublikasında humanitar böhrana gətirib çıxara biləcə­yini əsas götürürdü. İran isə Azərbayca­nın müstəqil siyasətini, özünün cənub qonşusu əleyhinə heç zaman hansısa qüvvə və dövlətlə separat razılaşmalara getməməsini qiymətləndirmək əvəzinə, ölkəmizlə münasibətləri gərginləşdirmək yolunu tutdu. Molla rejiminin özfəaliyyə­ti nəticəsində yuxarıda qeyd etdiyimiz nəfəslik artıq qapanıb. Bu gün əminliklə onu da deyə bilərik ki, İran–Azərbaycan münasibətlərinin gərgin həddə çatması rəsmi Tehranın əməlidir!

***

“İran” və “terror” sözləri əvvəllər əsasən Qərb ölkələrində sinonim kimi işlənirdi. İndi isə Azərbaycanda da İran ictimai şüurda bu cür assosiasiya olun­mağa başlayıb. 2022-ci ilin avqustunda Londondakı səfirliyimizə hücum edən şəxslərin İran təhlükəsizlik xidmətlərinə bağlılığının, yanvarın 27-də Tehrandakı səfirliyimizə hücumun birbaşa İran haki­miyyətinin göstərişi ilə həyata keçirilmə­sinin, martın 28-də deputat Fazil Musta­fanın həyatına sui-qəsd cəhdinin bunun üçün əsaslar yaratdığını qeyd edə bilərik.

İranın Azərbaycana münasibətdə yol verdiyi təxribatlar onun dövlət terrorizmi siyasəti yürütdüyünü təsdiqləyir. 1987-ci ildə Cenevrədə terrorizmlə bağlı keçirilən konfransın sonunda qəbul olunan bəyan­namə (ingiliscə adı “The Geneva Decla­ration on Terrorism”) dövlət terrorizminin əlamətlərini 10 bənd üzrə müəyyən edib. Aşağıda həmin bəndlərdən beşini qeyd edirik:

– Digər dövlətin sərhədləri yaxınlı­ğında keçirilən və onun müstəqilliyinə və ərazi bütövlüyünə təhlükə yaradan hərbi manevrlər və təlimlər;

– digər dövlətin suverenitetini məhv etmək üçün muzdlulardan ibarət silahlı dəstələrin yaradılması və dəstəklənməsi;

– istər hərbi zərbələr, istər xüsusi əməliyyatlar, istərsə də agentlərin cəlb olunması yolu ilə həyata keçirilən başqa ölkələrin dövlət xadimlərinə, ictimai və siyasi xadimlərə qarşı sui-qəsdlər və sui-qəsd cəhdləri;

– digər dövlətlərin sabitliyini pozmağa yönəlmiş dezinformasiya kampaniyaları;

– regional müharibələrin davam etdi­rilməsinə dəstək verən və münaqişələrin siyasi həllini gecikdirən silah satışı.

Əminik ki, hadisələri izləyən diqqət­li oxucular bu sətirləri oxuyarkən İranın Azərbaycana münasibətdə xüsusilə son vaxtlar analoji hərəkətlərə yol verdiyini öz düşüncələrində canlandırdılar. Canlan­dıra bilməyənlər üçün onların hər birinə uyğun aşağıdakıları qeyd etməyi zəruri hesab edirik:

İran son vaxtlar Azərbaycan sərhəd­ləri yaxınlığında iki dəfə hərbi təlim keçi­rib;

İran Azərbaycanın dünyəvi dövlət modelini dəyişdirmək üçün “Hüseyniy­yun” adlı silahlı dəstə yaradıb, molla re­jimi hər zaman Azərbaycanın öz suve­renliyini bərpa etməsinə qarşı çıxıb. İran silahlı qüvvələri 44 günlük Vətən mühari­bəsi dövründə Azərbaycanın ərazi bütöv­lüyünü kobud şəkildə pozaraq, ölkəmizin suveren ərazisinə (Cəbrayıl rayonuna) daxil olub, nəticədə ordumuzun Zəngila­na daxil olması bir neçə gün gecikib. Bu isə Ermənistan ordusuna yenidən cəm­ləşmək üçün əlavə vaxt qazandırıb;

Azərbaycanın dövlət və ictimai xa­dimlərinə qarşı terror aktları törədib;

Rəsmi Tehran Azərbaycanla bağlı məkrli niyyətinə çatmaq üçün geniş de­zinformasiya kampaniyasından istifadə edir. Bu kampaniyada terrorizmə xas me­todlardan istifadə olunur, əsas məqsəd əhali arasında xof yaratmaqdır;

Nəhayət, Tehran bölgədə destruktiv rol oynamaqla Ermənistan və Azərbaycan arasında sülhün yaranmasına mane olur. Müharibədən sonra İrandan Ermənistana verilən dəstək, Ermənistanın sərhədinin “qırmızı xətt” elan edilməsi, Qarabağa İran TIR-larının, terrorçu qruplarının daxil olması bunun bariz nümunəsidir.

***

İranın Azərbaycanla bağlı son hiyləsi Azərbaycan sərhədinə texnika və hərbi qüvvə göndərməsi olub. Məlumata görə, Bu haqda SEPAH-ın xüsusi təyinatlı “Qüds” qüvvələrinə məxsus “Teleqram” kanalı məlumat yayıb. Hərbi texnikanın Azərbaycana yaxın sərhəd bölgələrində yerləşdiriləcəyi güman edilir. Həmçinin, dünən Təbrizdəki baş konsulluğumuz önündə etiraz aksiyasının keçirilməsi barədə məlumat yayılıb.

Ancaq bütün bunlar Azərbaycanı qorxutmur və qorxuda da bilməz. İran atdığı hər bir addımla bağlı bütün səviy­yələrdə cavabını alır və alacaq. Görünür ki, İrandakı bəzi qüvvələr xam xəyallarla yaşayırlar. Onlar hələ də Azərbaycana “şiə inqilabı” ixrac edəcəkləri potensial məkan kimi baxırlar. Ancaq unudurlar ki, Azərbaycan artıq 90-cı illərdəki zəif döv­lət deyil. Ölkəmiz istənilən təhdidə bun­dan sonra da qətiyyətlə cavab verəcək.

Asim MOLLAZADƏ,
Milli Məclisin deputatı:

– Tehranın Azərbaycanla bağ­lı bu mövqeyinin əsas səbəbi İran İslam Respublikası adlanan döv­lətin riyakar rəhbərliyinin əməllə­ridir. Onlar qardaş adlandırdıqları Ermənistanın müdafiəsi üçün dəri­dən-qabıqdan çıxır. Bəyan ediblər ki, İran Ermənistanla dostluq düs­turu ilə yaşayır. Buna görə də İran Ermənistana müxtəlif formalarda dəstək verir. Tehran Ermənistanın müdafiəsini faktiki olaraq öz üzə­rinə götürüb. İranla Ermənistan əvvəllər də Yaxın Şərqdə terror əməliyyatları həyata keçiriblər. Bu tandem Azərbaycana qarşı birgə çalışırlar. İstisna deyil ki, Rusiya da beynəlxalq arenada İrana dəstək verdiyi üçün Tehran özünü arxayın hiss edir. Ancaq Azərbaycan və onun dostları şeytana xidmət edən bu terrorçu qüvvələrin qarşısını çox asanlıqla almağa qadirdir. Azər­baycana qarşı aqressiv hərəkətlər müəyyən qədər diqqəti daxili prob­lemlərdən yayındıqmaq, hansısa xarici düşmənə yönəltmək məqsədi daşıyır. Fars rejimi anlamalıdır ki, Azərbaycana qarşı hədə-qorxular əbəsdir. İran təkcə Azərbaycandan deyil, müttəfiqlərimizdən də elə zərbələr ala bilər ki, heç vaxt özünə gəlməz. Azərbaycan öz ərazi bü­tövlüyünü pozmağa cəhd edənlərə layiqli cavab verməyə qadirdir.

 

Səxavət HƏMİD, “Xalq qəzeti”

Siyasət